Məhkəmə qərarları › İş №2-1(112)-10471/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10471/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10471/2025 01.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdən etibarən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə təqdim edərək ona altmış yaşının tamam olduğu 10 noyabr 2023-cü il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X2 (hazırkı”Holcim Azərbaycan” ASC-də) “X1” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. Nəticədə həmin müəssisədə zərərli peşələr üzrə ümumi iş stajı xx.xx.2025-ci il tarixli arayışa əsasən 20 il 11 ay 21 gün təşkil edir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli arayışlarında onun “Qaradağ Sement” zavodunda xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixədək X1, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixədək isə həmin müəssisədə teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 19 noyabr 1984-cü il tarixli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü ildə X2 “qatar daxiledicisinin köməkçisi” vəzifəsində işləmiş, xx.xx.1985-ci ildə 3-cü dərəcəyə keçirilmiş, xx.xx.1985-ci ildə isə 4-cü dərəcəyə keçirilmişdir. İddiaçı X2 xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “X1” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. O, xx.xx.2009-cu il tarixdə işdən azad edilmişdir. HЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. “Holcim (Azərbaycan)” ASC tərəfindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən o, həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il tarixədək X2 (hazırkı "xxxx" ASC-də) “X1” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarına uyğun 2 saylı siyahıya əsasən aşağıdakı peşələr güzəştli şərtlərlə pensiyaya gedir: X1 – 23001000-16878 və Teplovoz Maşinisti – 23001000-14241. Güzəştli stajın müddəti 20 il 11 ay 21 gündür. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ********** saylı qeydiyyatı əsasında X3 20 aprel 2012-ci il tarixdən "xxxx" (Azərbaycan) ASC-yə çevrilmişdir. “Holcim (Azərbaycan)” ASC-nin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, teplovoz maşinisti və X1 vəzifə üzrə işin xüsusiyyəti teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edliməsini, vaqonların tərəzidə çəkilməsini, sonra həmin vaqonların yüklənməsi və boşaldılması üçün lazımi məntəqələrə verilməsini həyata keçirilməsindən və sairədən ibarətdir. Həmçinin iş yerlərinin attestasiyası aparılan zaman həmin teplovoz maşinisti, həm də X1 peşələrində ziyanlı faktorların olması öz əksini tapmışdır. Bu səbəbdəndir ki, teplovoz maşinisti və X1 peşələrində işləyən hər bir işçiyə bu ziyanlı faktorlara görə əmək haqlarına 8 % miqdarında əlavə məvacib ödənilir. Bundan başqa bu vəzifə daşıyanlara əmək funksiyasının zərərli xüsusiyyətlərinə görə 6 təqvim günü əlavə məzuniyyət və hər növbəyə 0,5 L süd məhsulu verilir. İddiaçının cavabdehin müraciətinə xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, xx.xx.2021-ci ildən sonra kişilər üçün əmək pensiyası hüququ verən yaş həddi 65 yaş müəyyən edilir. Əgər kişilər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş işlərdə 12 il 6 ay işləmiş olsalar, onlara pensiya yaşı 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı onun 60 yaşının tamam olduğu 10 noyabr 2023-cü il tarixində 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq isə güzəştli stajı olduğunu iddia edərək ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda iddiaçının həmin tarixə qədər 25 il ümumi stajı olmalı həmin stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Cavabdeh tərəfindən iddiaçının ümumi stajının 25 ildən artıq olması mübahisələndirilmir. Lakin cavabdeh iddiaçının tələbindən imtinasını onunla əsaslandırır ki, iddiaçının cavabdehə təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli arayışlarında onun “Qaradağ Sement” zavodunda xx.xx.1988-ci il tarixindən xx.xx.2003-cü il tarixədək X1, xx.xx.2003-cü il tarixindən xx.xx.2009-cu il tarixədək isə həmin müəssisədə teplovoz maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi müəssisənin fəaliyyət sahəsi sözügedən arayışda istinad edilən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Göstərilən səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Cavabdehin imtina əsaslarına münasibətdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 21.4 bəndində “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” cədvəlinə “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələri aid edilmişdir. Məhkəmə qeyd edir ki, “Holcim (Azərbaycan)” ASC (keçmiş X3) tərəfindən göndərilmiş məhkəmə sorğusuna cavab məktubunda teplovoz maşinisti və X1nin vəzifə üzrə işin xüsusiyyətinin teplovoz vasitəsi ilə boş vaqonların zavodun 15 km-də yerləşən əhəng daşı və gil karxanalarına verilməsi, dolu vaqonların zavod ərazisinə gətirilməsi və boşaldılması, müxtəlif yönümlü yüklə dolu vaqonların Qaradağ dəmiryolu stansiyasına təhvil verilməsi, boş və müxtəlif yönümlü yüklə dolu vaqonların onlardan qəbul edliməsini, vaqonların tərəzidə çəkilməsini, sonra həmin vaqonların yüklənməsi və boşaldılması üçün lazımi məntəqələrə verilməsini həyata keçirilməsindən və sairədən ibarət olduğu qeyd edilmişdir. Göründüyü kimi “Holcim (Azərbaycan)” ASC-nin (keçmiş X3) fəaliyyət istiqaməti tikinti materialları istehsalı olsa da, iddiaçının icra etdiyi işin vəzifə funksiyaları və təlimatlarına əsasən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1-ci bölməsinin 21.4 bəndində “Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” cədvəlinə “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” vəzifələrindən fərqlənmədiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X2 xx.xx.1984-cü ildə işə başlamış, xx.xx.2009-cu il tarixdə vəzifəsindən azad edilmişdir. Onun ümumi iş stajı 25 ildən çoxdur. O, xx.xx.1988-ci il tarixdən xx.xx.2003-cü il həmin zavodda “X1” vəzifəsində, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “teplovoz maşinisti” vəzifəsində işləmişdir ki, həmin müddət də güzəştli iş stajı 12 il 6 aydan artıqdır (20 il 11 ay 21 gün). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə, yəni 60 yaşının tamam olduğu 10 noyabr 2023-cü il tarixinə kimi 25 ildən artıq ümumi stajı olmuş və həmin stajın 12 il 06 aydan artıq hissəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrdə çalışmışdır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçıya 60 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar