Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10473/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndə Tural Hacıyevin kimlərlə əlbir olub ona qarşı qanuna zidd hərəkətlərinin ciddi araşdıraraq cəzalandırılması, bu barədə məhkəmə prosesinin obyektiv aparılması məqsədi ilə Tural Hacıyev tərəfindən 30.07.2021-ci il tarixdən etibarən onunla barəsində aparılan telefon danışıqlarının çıxarılması və bu kimi şəxsi qərəzçilik aparan vəzifəli şəxsin olduğu vəzifədən azad edilməsi öhdəliyinin Əmək və Əhali Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edəsiniz. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini cavabdehlikdən çıxarılmasını, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyini cavabdeh kimi məhkəməyə cəlb edilməsi və əlilliyin təyin edilməsi (forma 88), əlilliyin 09.07.2026-cı il tarixədək 5 il müddətinə müəyyən edilməsi, səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması X1 Əlillik Altsistemində bərpa edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20.12.2021-ci il tarixli qərardadı ilə cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsi, iddiaçının “əlilliyin təyin edilməsi (forma 88), əlilliyin 09.07.2026-cı il tarixədək 5 il müddətinə müəyyən edilməsi, səbəbinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olması X1 Əlillik Altsistemində bərpa edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” formasında icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi iki hissədən ibarətdir:
1. 09.07.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin təyin edilməsi;
2. əlilliyin 09.07.2026-cı il tarixədək 5 il müddətinə müəyyən edilməsi;
3. səbəbli əlaqənin dəyişdirilməsi. Məhkəmə ilk öncə iddia tələbinin birinci və üçüncü hissəsinə münasibət bildirir. Belə ki, İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 15.6-cı bəndinin tələbinə görə qeyd olunan maddələrdə təsbit olunmuş hallar müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 22.10.2021-ci il tarixli qərarından da göründüyü kimi iddiaçının eyni cavabdehə qarşı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə dair eyni iddia tələbinə məhkəmə tərəfindən baxılmış və iddia tələbinin təmin edilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə bununla bağlı olaraq qeyd etməyi zəruri hesab edir ki, qərarın qüvvəyə minib-minməməsi hazırkı iddianın mümkün hesab edilib-edilməməsinin araşdırılması üçün zəruri hesab edilmir. Belə ki, İPM-nin 45.5, 45.5.1 və 78-ci maddələri adıçəkilən Plenum Qərarının 15.6-cı bəndinin tələbləri də nəzərə alınmaqla iddiaya mahiyyəti üzrə baxılmasını istisna etməklə, iddianın mümkün sayılmaması üçün əsas yaratmışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə iddiaçının hüquqi marağını müəyyən etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, iddiaçının hazırda əlilliyinin 5 il müddətinə müəyyən edilməsini tələb etməsi, əksinə onun ziyanınadır. Çünki, hər nə qədər ki iddiaçı hazırki tələblə ikinci dərəcəli əlilliyin 5 il müddətinə müəyyən edilməsini xahiş etsə də, onun əlilliyi məhkəmə qərarı əsasında müddətsiz təyin olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. İddiaçı isə, artıq məhkəmə qərarı ilə qiymətləndirilmiş müddətsiz əlilliyin təyin edilməsi barədə tələbə alternativ kimi ayrıca iddia qaldıraraq əlilliyin 5 illik müddətli təyin edilməsinə çalışır. Halbuki, məhkəmənin müddətsiz təyin edilmə barədə qərarı mövcuddur. Həmin qərar iddiaçının hüquq və mənafelərinin qorunmasına yönəlmiş qərardır. Hazırkı halda iddianın göstərilən formada təmini isə müddətsiz əlillik müddətinə müddətlilik xarakteri ilə nəticələnəcəkdir ki, təbii haldır ki, burada iddianın təminin iddiaçının ziyanına nəticələnməsi halından söhbət gedə bilməz. Belə ki, bir iddia təmin ediləcəyi təqdirdə iddiaçının ziyanına, təmin edilməyəcəyi təqdirdə xeyrinə olacaqsa burada iddianın mümkünlüyündən, onun iddiaya hüquqi marağından söhbət gedə bilməz. Halbuki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli iddia da mümkünsüzdür. Belə ki, iddiaçı müddətlə bağlı əlilliyin təyini ilə əlaqədar ona ən əlverişli nəticəyə, yəni müddətsiz təyininə məhkəmə qərarı ilə nail olmuşdur ki, hazırkı iddia üzrə daha əlverişli formanın müəyyən edilməsi mümkünsüzdür. Başqa sözlə, iddianın təmin edilməməsi, hazırkı halda iddiaçının xeyrinədir. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həsənov Orxan