Məhkəmə qərarları › İş №2-1(112)-10473/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10473/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10473/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi və.s” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “iddiaçının “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı” cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrinin ləğv edilməsi və cavabdehin üzərinə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi, xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmr ləğv edilənə qədər olan müddət üçün məcburi iş buraxma üçün əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Qüdərt oğlu xx.xx.1991-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. İddiaçı 2014-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini bitirdikdən sonra tibb xidməti leytenantı rütbəsinə yiyələnmiş və xidmətini davam etdirmək üçün Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinə göndərilmişdir. N may 2017-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatla çıxış etmişdir. Bəyanatda göstərilmişdir ki, : “Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin həyata keçirilməsinin planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində müəyyən olunub ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə zidd olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”. Sonradan mətbuatda və sosial şəbəkələrdə çoxsaylı hərbi qulluqçuların və onların ailə üzvlərinin şərti olaraq “Tərtər işi” adlandırılan və yuxarıda qeyd edilən bəyanatda nəzərdə tutulmuş cinayət işlərinin gedişində ağır işgəncələrə, qeyri-insani rəftara, qanunsuz və əsassız dindirmələrə və digər qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayətləri yayılmağa başlamış, müxtəlif hüquq-mühafizə orqanlarına və dövlət qurumlarına ərizələr ünvanlanmış, ictimai etirazlar təşkil olunmuşdur. 18 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti birgə məlumatla çıxış etmişdir. Həmin məlumatda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində yol verilmiş qanunazidd əməllərlə bağlı icraat təzələnmişdir. Bununla da, şərti olaraq “Tərtər işi” adlandırılan hadisələrin yenidən araşdırılmasına başlanılmışdır. Aparılmış istintaq hərəkətləri nəticəsində çoxsaylı hərbi qulluqçular, o cümlədən hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Bakı Hərbi Məhkəməsinin l-l(093)-58/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X3 xx.xx.2017-ci ildən etibarən Müdafiə Nazirliyinin Ordu Birləşməsinin tərkibində olan N nömrəli hərbi hissənin komandiri vəzifəsində, polkovnik hərbi rütbəsinidə həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi vəzifəli şəxs olaraq yaradılmış mütəşəkkil dəstəyə yuxarı komandanlıq tərəfindən cəlb olunaraq X1, X4 və digərləri ilə mütəşəkkil dəstədə birləşib dövlətə xəyanət faktları üzrə təhqiqat apararaq təşkilati sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmaqla əvvəlcədən hazırlanmış plana və vəzifə bölgüsünə uyğun olaraq Müdafiə Nazirliyinin Tərtər rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin düşmənlə təmas xəttində yerləşən bölmələrinin hərbi qulluqçularının qanunsuz erməni silahlı birləşmələrinin hərbi qulluqçuları və ya xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq edə biləcəyinə dair şübhələrin olması ilə bağlı sorğu-sual etmək kimi faktiki vəzifələrini icra edərkən heç bir halda onlara qarşı fiziki və psixi zor tətbiq etmək səlahiyyətlərinin olmamasına baxmayaraq, 5 may 2017-ci il tarixdə gündüz saatlarında özü və dəstənin digər üzvləri tərəfindən fiziki və psixi zor tətbiq edilərək işgəncə verilməklə sorğu-sual edilməsi üçün N nömrəli hərbi hissənin Tərtər rayonu Şıxarx qəsəbəsində yerləşən köhnə qərargah binasına gətirilərək 2-ci mərtəbədə otaqlardan birinə yerləşdirilmiş, həmin hərbi hissənin 2-ci taborunun tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı İddiaçı barəsində düşmənlə əməkdaşlıq şübhəsi ilə bağlı təhqiqata qanunvericiliklə qadağan olunmayan qaydada aparmalı olduğu halda İddiaçı əllərini və gözlərini yapışqan lent və əski parçası ilə bağlamaqla onda psixoloji qorxu yaratmaqdan ötrü əxlaq və mənəviyyat normalarına zidd formada hərbi geyimləri soyundurub onun düşmənlə əməkdaşlıq etməsinə əsaslı şübhələr olmadığı halda ondan düşmən tərəfindən kimin vasitəsilə, hansı şəraitdə, nə vaxtdan məxfi əməkdaşlığa cəlb edilməsi, düşmənlə əlaqələri, onun özünün hansı hərbi qulluqçuların düşmən tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsini təşkil etməsi, düşmənlə əməkdaşlıq edən digər hərbi qulluqçular barədə məlumatlar verməsini tələb edərək mütəşəkkil dəstənin əvvəlcədən müəyyən olunmuş məqsədinə nail ola bilmədikdə İddiaçı düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər, yəni günün müxtəlif saatlarında, müəyyən fasilələr verilməklə, davamlı şəkildə, qeyd edilən yerdə, əllərini arxadan, habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb lentlə bağlamaqla sərbəst hərəkət etməsini məhdudlaşdıraraq bədəninin müxtəlif nahiyələrinə yumruq, sillə və təpiklə dəstənin üzvləri ilə birlikdə çoxsaylı zərbələr vurmuş, əvvəlcədən müəyyən olunmuş cinayətkar məqsədə nail ola bilmədikdə, qanunsuz əməllərini davam etdirərək dəstənin məqsədlərinə xidmət edən həqiqətə uyğun olmayan əlavə məlumatlar almaq, daha çox “vətən xaini” ifşa etmək, habelə törətdiyi əməllərə görə ondan qisas alınmasından ötrü mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada ona qarşı qeyd edilən qanunsuz hərəkətləri davam etdirib vəzifəli şəxs kimi dəstə üzvləri ilə birlikdə xidməti silahlardan istifadə edərək silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan mütəşəkkil dəstə tərkibində təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin cinayətkar məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Bakı qarnizonu haupvaxtmda, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Ağcabədi rayonu Sancalı kəndində yerləşən 056 nömrəli hərbi hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov 3 ünvanında yerləşən Silahlı Qüvvələrin Baş klinik hospitalında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Yevlax rayonu Aran qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin köhnə inzibati binasında, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Bakı qarnizonu hospitalında mütəşəkkil dəstənin üzvləri ilə birlikdə eyni qaydada fiziki zor tətbiq edərək güclu fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “hər iki kürək nahiyəsində sağalmış qançır izləri olan piqmentasiyalar, burun belində, sol bel nahiyəsində, hər iki aşağı ətraflarda çoxsaylı yaralarının sağalmış izləri olan çapıq toxumalar” xəsarətləri yetirib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə mütəşəkkil dəstə tərkibində təkrarən işgəncə verib 44 gün müddətində iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir. Qanuni qüvvəsini alaraq preyudisial xarakterə malik məhkəmə hökmünə əsasən qanunsuz sorğu-sual və işgəncələrə məruz qalmış iddiaçı həmin hadisələrin davam etdiyi dövrdə, özünün ağır işgəncələrə, məhdudiyyət və məhrumiyyətlərə məruz qaldığı vaxtda xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrlə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Beləliklə, çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da faktiki olaraq öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) ərizə ilə müraciət edərək işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmədiyin bildirmiş, həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmrin qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsini, onun ehtiyata buraxılma əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ona ödənilməli olan əmək haqqının hesablanaraq kompensasiya formasında ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən poçt vasitəsilə göndərilmiş ərizə xx.xx.2024-cü il tarixdə cavabdehə çatdırılsa da, qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə cavabdeh tərəfindən heç bir cavab məktubu daxil olmamışdır. Bununla da, cavabdeh faktiki olaraq iddiaçının ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair cavabdehin əmri qanunsuz və əsassız olduğundan əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanaraq pul kompensasiyası formasında ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. İddiaçı iddia ərizəsi ilə eyni vaxtda məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Prosessual müddətin bərpa edilməsinə dair ərizə belə əsaslandırılmışdır ki, iddiaçı 2017ci ilin may ayında şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğusuala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində heç bir əsas olmadan “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “c” bəndinə (xidməti uyğımsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalması, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)- 58/2023 saylı, 29 noyabr 2023-cü il tarixli hökmündə də öz təsdiqini tapmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız ona qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması da öz təsdiqini tapmışdır. Ehtiyata buraxıldığı 2017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi barədə Müdafiə Nazirliyinə müraciəti ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. 2017-ci ilin may ayında cinayət əməllərinə məruz qalması Bakı Hərbi Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə təsdiq olunduğundan və həmin hökm iddiaçıya 2024-cü ilin aprel ayında çatdırıldığından, yalnız bundan sonra, 13 aprel 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəsində xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsini, ehtiyata buraxılmasının əsasının dəyişdirilməsini və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsini istəmişdir, lakin müracətinə baxılmamışdır. Odur ki, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Lakin mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün müddət ötürüldüyü üçün hazırda müddətin bərpa edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, mohkomo həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunan əsaslardan görünür ki, iddiaçı barəsində ehtiyata buraxılması ilə bağlı qanunsuz və əsassız əmrdən şikayət vermək imkanı qarşısıalınmaz hal nəticəsində, yəni şərti olaraq “Tərtər işi” adlanan proses baş verdiyindən mümkün olmamışdır. Həmin iş üzrə icraatın təzələnməsi qərarı yalnız 2021-ci ilin dekabrında verilib və bu icraatın çərçivəsində iddiaçının həmin dövrdə hüquqlarının pozulması tanınaraq zərərçəkmiş şəxs qismində tanınmışdır. İş üzrə istintaq aparıldıqdan sonra iş Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin məhkəmənin 29 noyabr 2023-cü il tarixli hökmü ilə onun zərərçəkmiş şəxs statusu, məhz 2017-ci ilin may-iyun aylarında qanunsuzluğa məruz qalaraq hüquqlarının pozulması dövlətin adından çıxarılmış məhkəmə aktı ilə təsdiq olunmuşdur. İddiaçı hökmü aldıqdan dərhal sonra həmin hökmə istinad edərək cavabdeh Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab verilmədiyi üçün hazırda məhkəməyə müraciət edir. Bütün bunları nəzərə alaraq, hesab edir ki, cavabdeh Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında bağlı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin xidmət illərinə əlavə edilməsi, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb mənə ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair mübahisələndirmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməsi və pozulmuş hüquqlarının bərpası üçün müddətin ötürülməsi üzrlü sayılmalı və müddət bərpa edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlük məsələsinin müzakirə edilməsini zəruri saymış və iddiaçı tərəfin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, prosessual müddətin bərpa edilməsinə dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair xx.xx.2017-ci il tarixli, 0529 nömrəli əmrini və onun nəticələrini mübahisələndirir. İddiaçının nümayəndə-vəkili məhkəmə iclasında verdiyi izahatda iddiaçının mübahisələndirilən inzibati aktdan qəbul edildiyi vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən məlumatlı olmasını inkar etməmişdir. Bununla belə, iddiaçı indiki tələbi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş və hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edən inzibati aktın qəbul edilməsindən təkzibedilməz şəkildə məlumatlı olduğu halda məhkəmədə 6 il 10 ay 27 gün (altı il on ay iyirmi yeddi gün) sonra iddia irəli sürmüşdür. İnzibati prosessual qanunvericilik isə şəxsə inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırmaq imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkünsüzlüyü ilə bağlı qeyd edir ki, İPM-in 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə hesab edir ki, iddia tələbinin digər hissələri (məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi və s.) əsas tələbdən asılı olduğundan tələb həmin hissələrdə də mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından, həmçinin iddia müddətinin ötürülməsindən bir ildən artıq vaxt keçdiyindən prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar