Məhkəmə qərarları › İş №2-1(112)-10475/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10475/2022

07.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10475/2022 07.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “abonent kodunun adına keçirilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi (Ə.Əzimzadə) küçəsində yerləşən fərdi yaşayış evində mövcud olan sayğacın-**********10086 nömrəli abunə kodunun adına keçirilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri,Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-3084/2019 saylı qətnaməsi ilə oğlu X3 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Saratov küçəsi (indiki Ə.Əzimzadə) küçəsindəki fərdi yaşayış evi olan özbaşına tikiliyə köçürülüb. Cavabdeh tərəfindən apellyasiya və kassasiya instansiyasına verilən şikayətlər təmin edilməmiş və Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşin icrası Sabunçu rayon İcra şöbəsinə həvalə edilmişdir. Sabunçu rayon İcra Şöbəsi İcra sənədini icra edərək xx.xx.2022-ci il tarixdə o və oğlu X1 həmin fərdi yaşayış evinə köçürtmüşdür. Lakin fərdi yaşayış evinə köçdükdən sonra fərdi yaşayış evinə gələn elektirikin verilməsi Azərİşıq MMC tərəfindən dayandırılmışdır. Çoxsaylı şikayətlərinə baxmayaraq 4 aydır ki, elektirik enerjisinin yaşadığı evə verilməsi təmin edilməmişdir. Məlum olmuşdur ki, məhkəmə mübahisələri gedən vaxtda tanımadığı Əmrahov Ramin adlı şəxs işıq sayğacını öz adına keçirmişdir. Həmin şəxsin icazəsi olmadan elektirik enerjisinin verilməsini işıq idarəsi mümkünsüz hesab edir. Aidiyyəti işıq idarələri bildirir ki, işıq sayğacının öz adına keçirilməsi üçün Əmrahov Raminin rəsmi icazəsi lazımdır. Qeyd edir ki, işıq sayğacı 2018-ci il tarixdə vəfat edən həyat yoldaşı X2 adına olmuşdur. Məhkəmə iclaslarının davam etdiyi müddətlərdə Azərişıq ASC-nin əməkdaşları tanımadığı şəxs olan Əmrahov Raminin adına işıq sayğacını hansı əsaslara və qanuna əsasən onun keçirtməsi isə bəlli deyildir. Saxta yollarla həmin mənzildə yaşamamış və qeydiyyatda olmayan bir şəxsin adına Azərişıq idarəsinin işçiləri elektrin sayğacının keçirtmişdir. Lakin onda bütün məhkəmə instansiyalarının qətnaməsi olmasına baxmayaraq sayğacı adına rəsmiləşdirməkdən imtina edir. Azərişıq ASC-yə müraciətinə xx.xx.2022-ci il tarixdə imtina vermişdir.

3. İddiaçının müraciətinə cavab olaraq "xxxx" ASC tərəfindən bildirilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2022-ci il tarixli, A-256 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Bildirilmişdir ki, "xxxx" ASC-nin elektron informasiya bazasındakı.abonent kodunda ad dəyişmə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları” ilə tənzimlənir. Qaydalara uyğun olaraq, “Azərişıq" ASC və “ASAN xidmət"-in birgə hazırladığı reqlamentə əsasən, müvafiq sənədlər vətəndaşlar tərəfindən “ASAN Kommunal” mərkəzinə təqdim edilir. Təqdim edilmiş sənədlər Səhmdar Cəmiyyət tərəfindən yoxlanıldıqdan sonra abonent koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. Mövcud reqlamentə uyğun olaraq elektron məlumat bazasında abonent məlumatlarına düzəliş edilməsi üçün “ASAN Kommunal" mərkəzinə, “ASAN Kommunal” mərkəzi olmayan bölgələrdə isə “ASAN xidmət” mərkəzlərinə təqdim olunacaq sənədlər barədə məlumat verilməklə sözügedən yaşayış sahəsinin **********10086 nömrəli abunə kodunda ad dəyişmə edilməsi üçün reqlamentə uyğun sənədlərinizi təqdim etməklə “ASAN xidmət” və yaxud “ASAN Kommunal" mərkəzlərinə müraciət etməyinizi tövsiyə edilmişdir.

4. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək bildirilmişdir ki “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli 890 nömrəli Fərmanın 2-ci bəndinə əsasən “ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edir: 2.1. kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini; 2.2. göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini; 2.3. vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını. 3-cü bəndində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsünlər. Göründüyü kimi, fərmanla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan xidmətlərin, o cümlədən elektrik enerjisinin alqı-satqı müqaviləsinin, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi xidməti “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsi tapşırılmışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq bildirir ki, hazırkı işdə iddia tələbinin əsasını təşkil edən yaşayış evlərinə münasibətdə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət edilməlidir.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etmir.

6. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirdi ki, hazırki iddia mülki xarakterlidir, iddiaçı məqsədinə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın: 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yaz-maq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). 8.21. Elektrik enerjisinin alqı-satqı müqaviləsini, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi onların müraciətlərinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən beş gün ərzində baxılır və həll edilir. Elektrik şəbəkəsinə əvvəllər qoşulmuş yaşayış binasındakı mənzilə yeni kirayəçi, yaxud mülkiyyətçi və ya xüsusi yaşayış evinə yeni mülkiyyətçi köçdükdə, həmin məişət abonenti ilə enerjitəchizatı müəssisəsi arasında beş gün müddətində elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılmalıdır və enerjitəchizatı müəssisəsi onun adına şəxsi hesab açır və istifadə edilən elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçasını verir (özünəxidmət üsulu). 8.22. Məişət abonenti mənzildən və ya xüsusi yaşayış evindən köçərkən, həmin mənzilin və ya xüsusi yaşayış evİnin yeni mülkiyyətçisi, yaxud kirayəçisi ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməlidir. 8.23. Məişət abonenti mənzildən köçdükdən sonra, yeni sakin mənzilə köçənə qədər, mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacının qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı cavabdehlik daşıyır. 8.26. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. 8.27. Özünəxidmət üsulu tətbiq edildikdə xüsusi hesablaşma kitabçasında enerjitəchizatı müəssisəsinin göstərdiyi hesablaşma dövründə sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması məişət abonentinin özü tərəfindən aparılır (6 nömrəli əlavə). 8.28. Məişət abonenti özünəxidmət üsuluna keçmədiyi halda, hesablaşma sayğacının göstərişinin qeyd edilməsi və elektrik enerjisi sərfinə görə ödəniş sənədinin yazılması enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yerinə yetirilir (7 nömrəli əlavə). Səlahiyyətli nümayəndələr mənzilə gələrkən sakinlərin tələbi ilə xidməti vəsiqələrini təqdim etməyə borcludurlar. Məişət abonenti mənzilində olmadıqda ödəniş sənədi bildiriş, qəbz, onunla birgə yaşayan başqa sakinə təqdim edilir. Elektrik enerjisi sərfinə görə ödəniş sənədləri, bildirişlər və qəbzlər məişət abonentinin təqdim etdiyi elektron poçt ünvanına və (və ya) mobil nömrəyə SMS-lə göndərilə bilər.

11. “ASAN Kommunal” mərkəzlərinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2016-cı il tarixli 890 nömrəli Fərmanın: 2-ci bəndinə əsasən “ASAN Kommunal” mərkəzləri aşağıdakıları təmin edir: 2.1. kommunal və digər müştəri xidmətlərinin həyata keçirilməsini; 2.2. göstərilən xidmətlərin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə təşkilini, xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiq edilməsini; 2.3. vətəndaşların telefon və ya internet müraciətlərinin “Çağrı xidməti” vasitəsilə qəbulu və cavablandırılmasını... 3-cü bəndində göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi fiziki və hüquqi şəxslərə xidmət göstərilməsi sahəsində olan xidmətlərinin “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün tədbirlər görsünlər.

12. Göründüyü kimi, Fərmanla "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan xidmətlərin, o cümlədən elektrik enerjisinin alqı-satqı müqaviləsinin, şəxsi hesabın digər məişət abonentinin adına keçirilməsi xidməti “ASAN Kommunal” mərkəzlərində həyata keçirilməsi tapşırılmışdır. Hazırkı işdə iddia tələbinin əsasını təşkil edən iddiaçının xüsusi mülkiyyətində olan yaşayış evlərinə münasibətdə elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə müraciət etməsi müəyyən edilmir.

13. İnzibati orqanın müraciətdən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə inzibati məhkəməyə müraciət etmək hüququ vardır

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından: - 13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar inzibati-iqtisadi məhkəmələr kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. - 14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

15. Məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail ola bilər. İddiaçının hüquqi marağına uyğun olan səmərəli hüquqi müdafiə vasitəsi borcun silinməsi və elektrik enerjisinin alqı-satqı müqaviləsinin və şəxsi hesabın iddiaçının adına keçirilməsi tələbi ilə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə müraciət etməsi, imtina edildikdə müvafiq tələblə ümumi məhkəməyə müraciət etməkdir.

16. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar