Məhkəmə qərarları › İş №2-1(112)-10476/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10476/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10476/2023 20.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 dekabr 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) X2 ilə xx.xx.1999-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar (nikah haqqında şəhadətnamə xx.xx.2018-ci il tarixdə verilmişdir). Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 40892 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 0,05 ha, 3/221 saylı bağ sahəsi İlqar Hüseynovun istifadəsinə verilmişdir. X1, xx.xx.2015-ci ildə “Hüseynov”dan “Hüseynli”yə, xx.xx.2018-ci il tarixdə isə “Hüseynli”dən “Məmmədhüseynli”yə dəyişdirilmişdir. X2 xx.xx.2020-ci ildə ölmüşdür. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir. Həmçinin təqdim edilən sənədlərdə mərhum hüquq sahibinin soyadında uyğunsuzluq mövcuddur. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X8 və İstismarı Birliyinin 40892 nömrəli müqavilə əsasında Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 3/221 saylı, 0,05 ha bağ sahəsinin mərhum X6 (X2) mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsinə dair mərhum həyat yoldaşı ilə “bağın istifadəyə verilməsinə dair” müqavilə bağlanmışdır. Uzun müddətdir ki, həmin bağ sahəsi onların istifadəsindədir. Cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur.. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, torpaq sahəsi heç bir bağçılığın ayrıc aktı daxilində yerləşmir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının hüquq sahibinin arvadı, başqa sözlə qanun üzrə birinci növbəli vərəsəsi olmaqla, eyni zamanda göstərilən bağ sahəsi birgə nikah dövründə əldə edildiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, X8 və İstismarı Birliyi ilə iddiaçının mərhum əri X9 arasında bağlanmış, xx.xx.2007-ci il tarixli, 40892 saylı “bağın istifadəyə verilməsi haqqında” müqaviləyə əsasən Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 0,05 ha 3/221 saylı bağ sahəsi İ.Hüseynovun istifadəsinə verilmişdir. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum ərinə məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum ərinin adına olan müqaviləni təqdim edir. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda həmin müqavilənin İdarənin arxivində mövcud olması bildirilmişdir. Sadalanan normaların məzmununa əsasən, mərhum İ.Hüseynov mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. İddiaçın da mərhum ərinin birinci növbəli vərəsəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) vahid elektron kadastr baza məlumatlarına əsasən göstətrilən bağ sahəsi ayrıc aktından kənarda yerləşir. 2) Hüquq sahibinin soyadında uyğunsuzluq var. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh imtina məktubunda və etiraz ərizəsində torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini qeyd etsə də, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubunda, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmədiyini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin heç bir bağçılığın ayrıc aktı daxilində yerləşməməsi hüququn qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə qeyd edir ki, əgər iddia edilən torpaq sahəsi konkret olaraq hər hansı bağçılıq-yoldaşlığa ayrılmış torpaq sahələrindən (konkret olaraq hər hansısa BTK), o zaman cavabdehin imtinasını əsaslı hesab edilə bilərdi. Belə ki, hər hansı bir bağçılıq yoldaşlığa müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə müəyyən ölçüdə torpaq sahəlari ayrılır və həmin bağçılıq-yoldaşlıq isə ona ayrılmış torpaq sahələrinin hüdudlarından bağçılığın üzvlərinə torpaq sahələri ayırır. Bu zaman bağçılığa ayrılmış ayrıc aktı olur və həmin bağçılıq yalnız həmin ayrıc aktı daxilində olan torpaq sahələri barədə Sərəncam vermək səlahiyyətinə malikdir. Baxılan işdə isə iddia edilən torpaq sahəsi hər hansı bağçılıq yoldaşlığın (BTK) nəzdində deyildir. Göstərilən torpaq sahəsi Qaradağ rayonu, Səngəçal bağlar sahəsi adlanan ərazidə yerləşməklə iddiaçının əri ilə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və İstismarı Birliyi arasında bağlanmış müqviləyə əsasən ayrılmışdır. Torpaq sahəsinin bağlar sahəsində yerləşməsi və X8 və İstismarı Birliyi tərəfindən ayrılması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, bağ sahəsinin heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməsi barədə cavabdehin imtinası əsassızdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən göstərilən sahədə yerləşən 3 bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmiş və məhkəmə tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin verilməsinə əsas olmuş sənədlər sorğu edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, göstərilən torpaq sahələrinə də hüququn dövlət reyestrində qeydə alınmasına əsas, X8 və İstismarı Birliyi ilə bağlanmış müqavilələr təşkil etmişdir. Həmçinin qeyd edilən torpaq sahələri də heç bir bağçılığın ayrıc aktı daxilində yerləşmir. Göründüyü kimi, cavabdeh idarə eyni faktiki və hüquqi əsaslara söykənən hallarla bağlı fərqli yanaşma sərgiləyərək bərabərlik prinsipiinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə cavabdehin imtinasında qeyd edilən 2-ci dəlili də əsassız hesab edir. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının ərinin soyadı əvvəllər “Hüseynov” olmuş, sonradan “Hüseynli”yə, daha sonra isə “Məmmədhüseynli” yə dəyişdirilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri X8 və İstismarı Birliyinin 40892 nömrəli müqaviləsi əsasında Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 3/221 saylı, 0,05 ha bağ sahəsinin mərhum X6 (X2) mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar