Məhkəmə qərarları › İş №2-1(112)-10476/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10476/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10476/2024 24.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X34 İdarəsinə “hərəkətin qanunsuz hesab edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 07.06.24-cü il tarixli, 531 nömrəli protokol əsasında Bakı şəhəri Baş Polis İdarəsinin X34 İdarəsinin Badamdar ərazisində yerləşən duracağında saxlanılan İddiaçı mülkiyyətində olan X32 minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin duracaqda yerləşdirilməsinə dair hərəkətin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Asəm Əhmədov borclu İddiaçı mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması, üzərinə həbs qoyulmuş nəqliyyat vasitəsinin müvafiq cərimə duracağında saxlanması və tələbin nəqliyyat vasitəsinə yönəldilməsi barədə təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən borclular X7, X8 və İddiaçı MMC-dən müştərək qaydada 391891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X10, 389974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X15, 135800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X4, 193465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X16, 193909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X2, 324866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X9, 115083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X12, 107804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq tələbkar X6 ödənilməlidir. İş üzrə borclu hüquqi şəxs İddiaçı MMC iş üzrə tələbkarlar (zərərçəkənlər) X13, X17, X4, X18, X2, X9, X12 və X6 olan icra sənədi üzrə dəymiş ziyan məbləğlərini tam şəkildə ödəməmiş və hazırda tələbkarlara olan qalıq borc məbləği 602927 manat təşkil edir. Borclu hüquqi şəxs İddiaçı MMC-nin əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aidiyyəti qurumlara sorğular edilmişdir. Elektron baza məlumatlarından məlum olur ki, borclu İddiaçı MMC-nin mülkiyyətində 99AF009 dövlət qeydiyyat nişanlı, X32 minik markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə borclu İddiaçı mülkiyyətində olan X32 minik markalı, 99- AF-009 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmiş, qərardadın icrası Binəqədi Rayon İcra şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinə həvalə edilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən,borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindəndir. Həmin Qanunun 44.1-ci maddəsinə müvafiq olaraq, məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 50.2-ci maddəsinə görə, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Lakin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinin X34 İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq məhkəmə qərardadı təhrif edilərək İddiaçı mülkiyyətində olan X32 minik markalı, **-AF-*** dövlət qeydiyyat nişanlı avtomobili 531 nömrəli protokol əsasında Badamdar ərazisində yerləşən duracağa yerləşdirilmişdir. Göründüyü kimi məhkəmə qərardadı yalnız avotomobilin üzərinə həbs qoyulması hissəsində təmin edilmiş olsa da, Bakı şəhəri Baş Polis İdarəsinin X34 İdarəsi qanunsuz olaraq nqliyyat vasitəsini duracağa yerləşdirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, qeydiyyat işi aparılması məqsədilə xx.xx.2023-cü ildə BDYPİ Qİİ-də texniki müayinə zamanı X3 mülkiyyətində olan DAF-105.460T yük markalı, WGM53179 Polşa dövlət qeydiyat nişanlı, yəhərli dartıcı tipli, A126857 mühərrik nömrəli, XLRTE47MS0E967482 şassi nömrəsi, ağ rəngli 2012-ci il buraxılışlı avtomobildə şassi nömrəsi qeyri-zavod üsulu ilə vurulması faktına dair material araşdırma aparılması üçün Yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilməklə icraatına daxil olmuşdur. DAF-105.460T yük markalı, yəhərli dartıcı tipli, A126857 mühərrik nömrəli, XLRTE47MS0E967482 şassi nömrəli avtomobil uçot göstəricildəri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Avtomobilə baxış zamanı şassi nömrəsi qeyri-zavod üsulu ilə vurulması müəyyən edilmişdir. DİN KTİ-dən alınmış xx.xx.2023-cü il tarixli, 23/409 №-li tədqiqat arayışı ilə müəyyən edilmişdir ki, DAF-105.460T yük markalı, yəhərli dartıcı tipli avtomobildə şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «XLRTE47MS0E967482» hərf və rəqəmləri qeri-zavod üsulu ilə həkk edilmiş hərf və rəqəmlərə xarakterikdir. Avtomobildə şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş «XLRTE47MS0E967482» hərf və rəqəmlərin səthi boyadan metal səthədək təmizlənən zaman həkk edilmiş «XLRTE47MS0E967482» hərf və rəqəmlər aşkar edilmişdir. Həmin hərf və rəqəmlər zavod üsulu ilə həkk edilmiş hərf və rəqəmlərə xarakterikdir. Həmçinin həmin hissənin qismən korroziyaya uğraması nəticəsində ilkin həkk edilmiş şassi nömrəsinin hərf və rəqəm göstəriciləri nisbətən zəif oxunur. Araşdırma zamanı X5 izahatında göstərmişdir ki, DAF-105.460T yük markalı, yəhərli dartıcı tipli, A126857 mühərrik nömrəli, XLRTE47MS0E967482 şassi nömrəli avtomobili Polşada satın almışdır və üzərində heç bir dəyişiklik aparmamışdır. Avtomobildə mühərrik, şassi və ban nömrəsi stasionar olmaqla vurulur ki, bu da digər izlənilən detalların eyniləşdirilməsində, həmçinin qaçırılmış və ya oğurlanmış avtomobillərin aşkar edilməsində əsas rol oynayır. Odur ki, bu hal nəzərə alınaraq nəqliyyat vasitəsinin qeydiyyata alınması məqsədəmüvafıq hesab edilmir.

3. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi 8(001)-144/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra sənədinin icrasının təmin olunması məqsədilə borclu İddiaçı mülkiyyətində olan X32 minik markalı, 99AF009 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, təqdimat qalan hissədə təmin edilməmiş, qərardadın icrası Binəqədi Rayon İcra şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X33 İdarəsinə həvalə edilmişdir.

4. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək (elektron məhkəmə sistemi vasitəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

5. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

7. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

8. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

10. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

11. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X20 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

17. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

18. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

19. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar