Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10477/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının İddiaçı və vəkili Vəkil Akif qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə müvafiq quruma sorğu göndərilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Dmanisi rayonu Muğanlı kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuşdur. X7 Ermənistanın Kirovakan rayonunun Gözəldərə kəndində anadan olub. O, 1979-cu ildə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində vəfat edib. X2 1931-ci ildə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olub. Atası Gürcüstan SSR-nin vətəndaşı olub. xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikasının Göygöl rayonunun Şəhriyar kəndində vəfat edib. 1977-ci ildə Dmanisi rayon Muğanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1987-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1987-1988-ci illərdə Qardabani rayonunda 47 nömrəli orta texniki peşə məktəbində təhsil almış və orada qaynaqçı peşəsinə yiyələnmişdir. Həmin müddətdə eyni zamanda 10 nömrəli sürücülük məktəbində sürücülük kursuna getmiş və orada “sürücülük” peşəsi üzrə 3 ay oxumuşdur. 47 nömrəli orta texniki peşə məktəbində təhsil aldığı zaman Dmanisi rayonunda yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq həmin peşə məktəbinin yataqxanasında xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər yaşayış yeri üzrə müvəqqəti qeydiyyata alındı. xx.xx.1987-ci il tarixdə Dmanisi rayon İcraiyyə Komitəsinin daxili işlər orqanı tərəfindən XV-Tİ (Tİ) seriyalı, 573812 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edildi. 1988-ci ildə Dmanisi rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və hərbi xidməti Rusiyanın Amur vilayətinin Beloqorsk şəhərində keçmişdir. 1990-cı ildə hərbi xidmətdən tərxis olunmuşdur. Hərbi xidmətdə olduğu zaman ailə üzvləri daimi yaşamaq üçün Azərbaycana gəlmişdi. Bu səbəbdən də hərbi xidmətdən tərxis olunduqdan sonra daimi yaşamaq üçün Azərbaycanın Göygöl rayonunda yaşayan ailə üzvlərinin yanına gəldi. Təxminən bir-iki aydan sonra işləmək məqsədilə Rusiya Federasiyasının Smolensk vilayətinin Smolensk rayonuna getdi. Orada Rusilovo kənd sovxozunda sürücü vəzifəsində çalışmışdır. xx.xx.1991-ci il tarixdə Rusilovo kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır, xx.xx.1992-ci il tarixdə isə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Rusiyada yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqdan sonra Azərbaycana gəldi. 1992-ci ilin aprel ayında işləmək məqsədilə Qazaxıstana getdi. X15 rayonunun Mamlyut rayonunun Minkeser kəndində xx.xx.1992-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata alınmış, Minkeser və Voskresenovka kənd sovxozunda tikintidə fəhlə vəzifəsində çalışmışdı. xx.xx.1998-ci il tarixdə Minkeser kəndində yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Elə həmin tarixdə də Mamlyut rayonunun Voskresenovka kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Həmin ünvanda xx.xx.2001-ci il tarixədək yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. xx.xx.2001-ci il tarixdə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxmışdır. Qazaxıstanda mövsümü işdə çalışdığı üçün yay aylarında Qazaxıstana gedirdi, qışda mövsüm bitəndə Azərbaycana qayıdırdı. 2001-ci ilin dekabr ayında Azərbaycana qayıtdı və bir daha Azərbaycan Respublikasının ərazisini tərk etmədi. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. X1 1968-ci ildə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olub. Bacısının hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. O, xx.xx.2003-cü il tarixdə Göygöl rayonunun Şəhriyar kəndində vəfat edib. Ögey qardaşı X13 xx.xx.1951-ci il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşı olub, xx.xx.2011-ci il tarixdə Bakı şəhərində vəfat edib. Ögey qardaşı X9 xx.xx.1956-cı il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşı olub. xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat edib. Ögey qardaşı X14 xx.xx.1953-cü il tarixdə Ermənistanın Stepanavan rayonunda anadan olub. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Abşeron rayonun Ceyranbatan qəsəbəsi, Yeni məhəllə adlanan ünvanda yaşayır, pensiyaçıdır. Azərbaycanda olduğu müddətdə doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. 2001-ci ilin dekabr ayından daimi olaraq Azərbaycanda yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir, Gürcüstan dövləti tərəfindən də şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı hesab olunmur. Hazırda onun 53 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. xx.xx.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etdi. Həmin müraciətinə DMX cavab olaraq bildirdi ki, onun 2001-ci il tarixdən daimi olaraq Azərbaycanda yaşamağı və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün DMX-yə müraciət edə bilər. Bundan sonra 2022-ci ilin oktyabr ayında Gürcüstanın Azərbaycandakı Səfirliyinə müraciət edərək Gürcüstan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsini xahiş etsə də, ərizə baxılmamış saxlanıldı. Səbəb olaraq bildirildi ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumat bazasında saxlanılan doğum haqqında akt qeydində adı “Elburus” deyil. “Elburs” kimi qeyd edilib. Lakin Səfirliyə təqdim etdiyi SSRİ nümunəli pasportunda, sürücülük vəsiqəsində, “ünvandan getmə vərəqəsi“ndə adı “Elburus" kimi göstərilib. Bu səbəbdən də əlavə olaraq doğum haqqında şəhadətnamənin təqdim olunması tələb olundu. Lakin yuxarıda qeyd etdiyi kimi, doğum haqqında şəhadətnaməni Azərbaycanda olduğu müddətdə naməlum şəraitdə itirdiyindən həmin sənədi təqdim edə bilmədi. Buna görə də, hazırda doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda ünvan 3 ünvanında yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinə müraciət edərək şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Dmanisi rayonu Muğanlı kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının miivafiq qurumlarına sorğu göndərilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 15-824/2024 nömrəli məktubla (həmin cavab məktubu ona rəsmi şəkildə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: “ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə doğum şəhadətnamələri verilə bilər. Şəxsiyyətinizi təsdiq edən sənədiniz olmadığından hazırda ərizənizi təmin etmək mümkün deyildir”. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi məhkəməyə ünvanlanan məktubunda iddiaya qarşı etiraz edərək işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
4. Cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir: ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd şəxsiyyət vəsiqəsidir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 nömrəli qərarı ilə təsdiq edilmiş '‘Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 9.7.-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və faəliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında şəhadətnamələri valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə doğum şəhadətnamələri verilə bilər. Şəxsiyyətinizi təsdiq edən sənədiniz olmadığından hazırda ərizənizi təmin etmək mümkün deyildir.”
5. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdilər.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın növü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyi tərəfindən iddiaçının adına xx.xx.2024-cü il tarixdə verilmiş “Himayə sənədi”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı BMT QAK-ın mandatı altında olan şəxsdir.
11. Dövlət Miqrasiya Xidmətinin X3 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, verilir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (himayə sənədi № ***-*******61) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 1 fevral 2024-cü il tarixindən 31 yanvar 2025-ci il tarixinədək ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.
12. XV-Tİ seriyalı 573812 nömrəli SSRİ nümunəli pasporta əsasən X6 xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuşdur. Pasportun verilmə tarixi xx.xx.1987-ci ildir.
13. Gürcüstan Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişaf Agentliyinin xx.xx.2022-ci il tarixli ********** nömrəli qərarı ilə qərara alınmışdır Elburus Abdullayevin (xx.xx.1970-ci il təvəllüdlü) Gürcüstanla hüquqi əlaqəsinin müəyyən edilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli ********** saylı ərizəsi baxılmadan saxlanılsın. Hazırkı qərar Dövlət xidmətlərinin inkişaf agentliyinin sda.gov.ge internet səhifəsində yerləşdirilsin. IV. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı: - 4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. - 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: - 9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. - 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; - 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; - 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.
16. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh doğum təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir.
17. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması və təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlıdır.
18. Bu imtinanı mübahisələndirərkən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin doğum haqqında şəhadətnamə ilə Türkmənistanda təmin edildiyi üçün onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə: "Doğum haqqında” akt qeydin bərpa edilməsi, və “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur.
19. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
20. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.
21. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.
22. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır.
23. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir.
24. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır.
25. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.
26. İddia tələbin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir:
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. - 14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar doğum haqqında akt qeydinin bərpası üçün kifayət edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur.
30. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması iş materillarında mövcud olan SSR nümunəli qüvvədən düşmüş pasportla öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür.
31. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.
32. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
34. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiası əsaslı olduğu üçün təmin edilməli, iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuş İddiaçı - doğum faktının Gürcüstan Respublikasının Dmanisi rayonu Muğanlı kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi cavabdeh Binəqədi rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçının - xx.xx.1970-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saatlo kəndində anadan olmuş İddiaçı doğum faktının Gürcüstan Respublikasının Dmanisi rayonu Muğanlı kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva