Məhkəmə qərarları › İş №2-1(112)-10479/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10479/2022

30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10479/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi 261 ünvanında, 399002,08; 4467031,04 coğrafi koordinatlarda yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) “Bibiheybətneft” NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış torpaq sahələrinin 0,0228 ha hissəsinə dair X3 adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2019-cu il tarixli, **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli olan RX ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İddiaçı (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahələrinin, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261 ünvanında, 399002,08; 4467031,04 coğrafi koordinatlarda yerləşən 0,0228 ha-dan ibarət bir hissəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq vətəndaş X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixli **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli olan RX ******* nömrəli çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində vətəndaş X6 tərəfindən təxminən 6x30 metr ölçülərdə, 9 metr hündürlüyündə tikinti-inşaat işləri aparılmış və hal-hazırda tikinti işləri davam etdirilir. Tikinti işləri aparılan 0,0228 ha torpaq sahəsinin mühafizə zolağında 119, 156, 2618 və 2619 saylı neft-qaz quyuları mövcuddur. Mühafizə zonası daxilində aparılan tikinti-inşaat işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yaxınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaşa izah edilmiş, əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq vətəndaş sözügedən torpaq sahəsinə dair hüquqtəsdiqedici sənədlərin olduğunu əsas gətirərək tikinti işlərinin dayandırılmasından imtina etmişdir. Mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə iddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin idarə əsassız olaraq idduaçının xahişini təmin etməmişdir. Göründüyü kimi, məqsədli təyinatı və “Azneft” İB-nin daimi istifadəsində olması nəzərə alınmadan həmin torpaq sahəsi qeyri yaşayış sahəsi kimi qanunsuz olaraq vətəndaşın mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin zəbt edilməsi İB-nin həmin sahədəki qanuni fəaliyyətinə maneçilik törətməklə yanaşı, həm də neft-qaz quyularının mühafizə zonalarında yerləşdiyindən potensial olaraq insanların həyat və sağlamlığı üçün yüksək təhlükə yaradır. Həmçinin cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Belə ki, neft-qaz quyularından şəxsi tikililərə qədər 300 metr, təsərrüfat obyektlərinə qədər 500 metr, kənd təsərrüfatı obyektlərinə isə 100 metr minimum məsafələr mühafizə zonaları kimi təyin olunmuşdur ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10479/2022 saylı qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Eyni zamanda İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçıya tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım məktubu göndərilərək bunun üçün müddət təyin edilmiş, lakin iddiaçının tələbini dəqiqləşdirməsi ilə bağlı ərizəsi məhkəməyə daxil olmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın qeyri mümkün hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, sahə 261 ünvanında yerləşən ölçüsü 0.0228 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 880 nömrəli sərəncamı əsasında X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, daha sonra alqı-satqı müqaviləsi əsasında torpaq X3 mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün müəyyən edilmiş sənədlər əsasında həmin ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi X1. Daha sonra daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi X5 bağışlanılmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 13-cü bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi vəonun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkmə iclasında iştirak etməmiş (nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş), gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsində dair verilən etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə əsasən, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddia tələbi üzrə iddiaçı tikinti işləri aparılan 0,0228 ha torpaq sahəsinin mühafizə zolağında yerləşdiyinə, həmin sahədə neft-qaz quyularının mövcud olduğuna istinad edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X3 adına mülkiyyət hüquqları üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan xx.xx.2019-cu il tarixli **********32 reyestr nömrəli, ********** qeydiyyat nömrəli olan RX ******* nömrəli çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması zamanı tələb edilən sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şossesi, 261 saylı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Badamdar şosesi, 261 saylı torpaq sahəsinin üzərində inşa edilmiş 261 saylı fərdi yaşayış evi vahid əmlak kimi xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 53 saylı DNK-nın 4Ə/1931 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia yuxarıda istinad olunan Plenumun mövcud Qərarının tələbləri baxımından mümkünlük şərtlərini ödəmir. Belə ki, dövlət qeydiyyatı mübahisələndirilən torpaq sahəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 880 nömrəli sərəncamı əsasında X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş, sonradan alqı-satqı müqaviləsi əsasında torpaq X3 mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, sözügedən torpaq sahəsində fərdi yaşayış evi inşa edilərək onun üzərində mülkiyyət hüquqları X3 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyat aparılmışdır. Sonradan bağışlama müqavilələri əsasında fərdi yaşayış evi başqa fiziki şəxslərin mülkiyyətinə keçmişdir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarına əsasən: Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Baxılan iddia tələbi üzrə işin hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsaslar Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 880 nömrəli sərəncamı, sonradan isə ayrı-ayrı fiziki şəxslər tərəfindən bağlanmış mülki-hüquqi əqdlər (alqı-satqı, bağışlama müqavilələri) olmuşdur. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq ilk növbədə yuxarıda adıçəkilən inzibati aktı mübahisələndirməklə onu qəbul etmiş inzibati orqana qarşı aidiyyəti inzibati məhkəmədə, mülki hüquqi əqdləri isə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) mübahisələndirərək iddia qaldırmaq hüququ vardır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, iddianın mümkün sayılmamasını nəzərə alaraq cavabdehin işə üçüncü şəxslərin cəlb edilməsi ilə əlaqədar vəsatətinə münasibət bildirməyə zərurət görmür. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar