Məhkəmə qərarları › İş №2-1(112)-1048/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1048/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1048/2024 28.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı azərbaycanlı olduğuna görə 1999-cu ildə nənəsi ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. ÖM- Mənzilə dair 150559 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən göründüyü kimi, Türkmənistandakı evin satışından əldə olunan vəsait və əlavə qoyulan digər vəsait hesabina hazırda iddiaçı yaşadığı Bakı şəhəri, Süleyman Tağızadə küçəsi, 56 saylı evin 20 saylı mənzilini mülkiyyət hüququ əsasında əldə etmişdir. İddiaçının atası 12 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Anası Türkiyə Respublikasının vətəndaşı ilə nikaha daxil olmaqla ailə qurmuş və öz ailəsi ilə həmin ölkədə yaşayır. İddiaçı Azərbaycan Respublikasında 1 yaşından etibarən nənəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikasına gələn kimi nənəsinə Azərbaycan Respublikasının vətəndaşlığı verilmişdir. 2003-cü ildə Bakı şəhərinin Yasamal rayonunda yerləşən 27 saylı uşaq baxcasına gəbul olunmuş, 2004-cü ildə Respublika İncəsənət Gimnaziyasinda orta təhsilinə başlamış, orada milli rəgslərlə məşqul olaraq, bir çox tədbirlərdə iştirak etmişdir. A-313631 nömrəli şəhadətnamənin (ümumi orta təhsil haqqında) və A-430505 nömrəli attestatın (tam orta təhsil haqqında) surətlərindən göründüyü kimi, 2015-ci ildə orta təhsilini başa çatdırmışdır. Baki Slavyan Universiteti tərəfindən verilmiş 25 dekabr 2017-ci il tarixli 0128 nəmrəli arayışının və 1314/2767/16 nömrəli tələbə biletinin sürətlərindən göründüyü kimi, 2016-cı ildə Baki Slavyan Universitetinə qəbul olaraq, beynalxalq münasibətlər və regionşunaslıq fakültəsinin tələbəsi olmuşdur. Universitetin 4-cü kursunu bitirdikdən sonra istehsalat təcrübəsinin (praktika) müddəti məlum pandemiya dövrünə təsadüf etdiyi üçün digər tələbələr kimi, iddiaçı da praktika dövrünü evdə keçirməli olmuşdur. Pandemiya dövrü bitdikdən sonra istehsalat təcrübəsinin bərpa olunması barədə Universitet tərəfindən, iddiaçıya məlum olmayan səbəblərdən xəbərdar edilmədiyi üçün, arada tədris davamiyyətinin qənaətbəxş olmaması nəticəsində Universiteti bitirə bilməmişdir. Hazırda təhsilinin bərpa olunmasını istəsə də, sənədləri tam hazır deyil. DYİ-0001550 və DYİ- 0014996 nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqələrinin surətlərindən göründüyü kimi, Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçıya iki dəfə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vərəqəsi verilmişdir: DYİ-0001550 (xx.xx.2010 - xx.xx.2016) DYİ-0014996 (xx.xx.2015 xx.xx.2020). Növbəti üçüncü 5 illik müddətli icazə vərəqəsinin iddiaçıya verilməsi üçün yaşı ilə əlaqədar olaraq ondan Türkmənistan Pespublikasının pasportu tələb olunmuşdur. Lakin körpə yaşlarından etibarən hazırkı vaxtadək Azərbaycan Respublikasında yaşayıb, buranı bir dəfə də olsun tərk etmədiyi üçün Türkmənistan Respublikasının pasportu yoxdur. Bununla bağlı Türkmənistan Respublikasının Səfirliyinə (Konsulluğuna) dəfələrlə müraciət etməsinə baxmayaraq, iddiaçıya heç bir köməklik göstərilmədən, hər dəfə şifahi olaraq imtina cavabı verilmişdir. O, azərbaycanlıdır, burada dünyaya göz açmış və bura onun vətənidir. Türkmənistandakı rejimi və oradan qayıda bilməmək ehtimalının 90% olduğun bilib, hazırda himayəsində olan və ona ehtiyacı olan nənəsini burada tək qoyaraq axırı və nəticəsi bilinməyən bu yolçuluğun iddiaçı üçün mümkün olmadığını bildirdi. Səfirliyin iddiaçıya qarşı münasibəti də müsbət olmamışdır. Hazırda sərt rejimlə əlaqədar cavan adamların əksəriyyəti Türkmənistanı tərk etmək niyyətindədir. İddiaçının orada bir nəfər də olsun qohumu, dostu və tanışı yoxdur. Türkmən dilini ümumiyyətlə bilmir. Ailəsi ilə oradan çıxanda iddiaçı hələ bir körpə yaşlı uşaq idi. 13 mart 2023-cü il tarixli İQ-24/1 nömrəli qərarda onun 1999-cu ildə anası ilə birlikdə Azərbaycan Respublikasına gəldiyi qeyd olunsa da, həqiqətdə iddiaçı bu ölkəyə anası ilə deyil, nənəsi ilə gəlmişdir. Daha sonra qərarda hazırda işsiz olduğu göstərilsə də, iddiaçının heç vaxt işsiz qalmamışdır, peşəkar aşbazdır, sadəcə olaraq sənədləri qaydasında olmadığından rəsmi iş yeri olmamışdır. Daha sonra qərarda qaçqın statusunun alınmasında məqsəd kimi qısa olaraq iddiaçının sənədləşməyə ehtiyacı olduğu qeyd edilmişdir, lakin həqiqətdə bu statusu almaqda onun əsas məqsədi milliyyətinə görə təqib olunmaqdan və himayəsində olan yeganə ailə üzvündən ayrı düşməkdən ehtiyatlandığı üçün Türkmənistana getmək istəməməsi, ona doğma olan yerlər və insanların Azərbaycanda olması, burada yaşamağa davam etmək istəyi, bunun üçün də şəxsyyətini təsdiq edən qaçqın sənədinin olması zərurəti, həmçinin, rəsmi əmək fəaliyyəti ilə məşqul olmaq imkanlarının olmaması hallarının aradan qalxmasıdır. Daha sonra qərarda iddiaçının söylədiyi məlumatların bir qisminin öz təsdiqini tapması qeyd olunsa da, söylədiyi hansı məlumatların öz təsdiqini tapmamağı bildirilməmişdir. Qərarda iddiaçının öz pasportunu təqdim etməyi qeyd olunmuş, lakin bu belə deyil və bildirilir ki, iddiaçının yuxarıda qeyd etdiyi səbəblərdən pasportu yoxdur. Qərarda ərizəçinin Türkmənistanda təhdid və təqib olunmadığının müəyyən olunması göstərilmişdir. Lakin iddiaçı cavabdeh təşkilata olan müraciətində Türkmənistanda təhdid və ya təqib olunduğunu deyil, məhz milliyyətimə görə orada təqib olunmaqdan və himayəsində olan yeganə ailə üzvündən ayrı düşməkdən ehtiyat etdiyini bildirmişdir. İddiaçı hazırda cavabdehin qərarının əsassız olduğunu hesab edərək on mübahisələndirir. Göstərilənlərə və «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsaslanaraq, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti 13 mart 2023-cü il tarixli İQ-24/1 nömrəli “Qaçqın statusnun verilməsindən imtina edilməsi haqqında” qərarının ləğvi edilməsi və İddiaçı qaçqın statusunun verilməsi vəzifəsinin cavabdehə havalə edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddia tələbinin hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Belə ki, iddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında 13 mart 2023-cü il tarixli İQ-24/1 nömrəli qərar qəbul edilmişdir. Hesab olunur ki, Dövlət Miqrasiya Xidməti onunla bağlı düzgün nəticəyə gəlmişdir. X3 Xidmətinə təqdim etdiyi vəsatətindən görünür ki, o, Türkmənistan, yəni dövlət tərəfindən «Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsaslanaraq, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı Quliyev X1 Respublikasının vətəndaşıdır və 22 dekabr 2022-ci il tarixdə qaçqın statusunun verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatətlə əlaqədar cavabdeh inzibati orqan tərəfindən araşdırma aparılmış və iddiaçı ilə müsahibə keçirilmişdir. İnzibati icraatın nəticələri üzrə cavabdeh inzibati orqan iddiaçının ona qaçqın statusunun verilməsi barədə vəsatətinin təmin edilməməsinə dair 13 mart 2023-cü il tarixli İQ-24/1 nömrəli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının ərizə-anket məlumatları ilə müsahibə zamanı bildirdikləri arasında ziddiyyətli məqamlar və uyğunsuzluzluqlar mövcuddur, həmin ölkədə yaşadığı şəhərdə ciddi təhdidlərə məruz qaldığını təsdiq olunmur. İddiaçı hazırda cavabdehin imtina barədə həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Məhkəmə qeyd edir ki, İddiaçı İrzaqulu oğlunun ona “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Qanunla) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də iddiaçı vətəndaşı olduğu ölkədə ciddi təqiblərə məruz qalmasını təsdiqləyən heç tutarlı sübutu nə inzibati icraat çərçivəsində, nə də hazırkı məhkəmə icraatında təqdim etməmişdir, onun gətirdiyi dəlillər isə mülahizələrə söykənir. Məhkəmə qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin iddiaçıya “qaçqın” statusunun verilməsindən imtina olunması barədə İQ-24/1 saylı 13 mart 2023-cü il tarixli qərarı qanuna zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar