Məhkəmə qərarları › İş №2-1(112)-10482/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10482/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10482/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun "Doğum haqqında şəhadətnamə”sində ananın soyadı sətrində “Şahbazova” əvəzinə “Eyvazova” soyadı yazılması haqqında öhdəliyin Maraqlı şəxs üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1959-cu ildə Sabirabad rayonunun Moranlı kəndində anadan olmuşdur. Atası vəfat etdikdən sonra ailə vəziyyəti ilə əlaqədar olaraq Salyan rayonunun Aşağı Noxudlu (Noxudlu) kəndinə köçmüş və hal-hazırda orada yaşayır və təsərrüfata rəhbərlik edir. X3 1924-cü ildə Salyan rayonunun Aşağı Noxudlu (Noxudlu) kəndində anadan olub və xx.xx.2005-ci ildə Salyan rayonunun Aşağı Noxudlu (Noxudlu) kəndində vəfat etmişdir. xx.xx.1959-cu ildə Moranlı kənd sovetliyindən iddiaçı üçün “Doğum haqqında Şəhadətnamə” alanda anasının soyadı səhvən Şahbazova yazılmışdır. Halbuki, iddiaçının anasının soyadı Eyvazova olmalı idi. Çünki xx.xx.1954-cü ildə anadan olmuş, hal- hazırda Salyan rayonunda yaşayan ana bir, ata ayrı olan bacısının “Doğum haqqında Şəhadətnamə”sində və anasının “Ölüm haqqında Şəhadətnamə”sində soyadı Eyvazova kimi qeyd olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası X12 filyalının 393 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışın 781 saylı şəxsi hesab vərəqəsi də bunu təsdiq edir. İddiaçı bu texniki səhvi düzəltmək üçün Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsinin rəhbərliyi isə bu məsələnin məhkəmə qaydasında həll olunduğunu bildirərək imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun doğum haqqında akt qeydində ananın soyadı sətrində dəyişiklik edilərək “Şahbazova” əvəzinə “Eyvazova” soyadı yazılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 verdiyi izahatında bildirmişdir ki, iddiaçı mərhum Sona Eyvazova onun anasıdır. İddiaçı başqa qardaşı yoxdur. Analarının soyadı Eyvazova olub. Hamı anasının soyadını Eyvazova kimi bilib. Qardaşının doğum haqqında şəhadətnaməsində anasının soyadının Şahbazova kimi yazılması texniki səhvdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Sabunçu rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İrəli sürülmüş iddia öhdəliyin icrası növündə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1959-cu il tarixli 6 saylı doğum akt qeydində ana qrafasında- anasının soyadı Şahbazova, bacısı X6 Salyan rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1970-ci il tarixli 29 saylı doğum akt qeydində ana qrafasında ananın soyadı Eyvazova və Salyan rayonu Arbatan kənd üzrə ərazi nümayəndəliyində qeydə alınmış xx.xx.2005-ci il tarixli 51 saylı ölüm akt qeydində anasının soyadı Eyvazova yazıldığından eyni şəxs olması ilə bağlı aidiyyətı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. -Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli, 331427 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X1r. -xx.xx.1970-ci il tarixli, ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. X2r. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş məktuba X12 filialında mühafizə olunan Salyan rayon Arbatan kənd ZDS İcraiyyə Komitəsinin arxiv sənədlərində (Noxudlu kəndi üzrə), o cümlədən 1969-1971-ci ilin 487 №li; 1972-1974-cü ilin 432 №li; 1974-1976-cı ilin 424 №li; 1977-1979-cu ilin 781 №li təsərrüfatbaşına kitablarında X5 təsərrüfatlarının surəti əlavə edilmişdir. Sənədlərin surətlərindən görünür ki, X5 (ailə başçısı) ailə üzvlərinin siyahısı belədir: X9 (qızı,1954-cü il təvəllüdlü), X11 (oğlu, 1957-ci il təvəllüdlü) -Salyan rayon Arbatan kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 159556 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. -Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli, 51 №-li ölüm haqqında akt qeydinin surətindən görünür ki, 1924-cü il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdə Salyan rayonunun Noxudlu kəndində vəfat etmişdir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas Müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilməsi əsaslarından biri də vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilməsidir. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması və aidiyyəti şəxslər arasında mübahisə olmaması halı ilə səciyyələndirmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərdə saxlamaqla hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər, habelə şahid ifadəsi ilə müəyyən edilmiş hallar iddiaçının anasının soyadının “Eyvazova” olduğu qənaətinə gəlməyə əsas verdiyindən və aidiyyəti şəxslər arasında hər hansı ziddiyyət olmadığından, iddiaçının doğum haqqında akt qeydində dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, iddiaçıdoğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli, 6 №-li doğum haqqında akt qeydində ananın soyadı sətrində dəyişiklik edilərək “Şahbazova” əvəzinə “Eyvazova” soyadı yazılması cavabdeh Sabunçu rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar