Məhkəmə qərarları › İş №2-1(112)-10484/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10484/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10484/2024 07.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 Əmir oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların qanuni nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar X10 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunun və buna uyğun vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X10 ilə X7 25 yanvar 2005-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur (nikah Səbail rayon VVADQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 № ilə qeydiyyata alınmışdır.) və birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 doğulmuşdur. Zəngilan Rayon Qeydiyyat şöbəsi tərəfindən 06 dekabr 1972-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən bəlli olur ki, X7 03 dekabr 1972-ci il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş 6687 nömrəli vəsiqədən bəlli olur ki, X7 Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir və müharibə veteranları üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Zəngilan Rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.2000-ci il tarixdə verilmiş 041213 №-li vəsiqədən bəlli olur ki, X7 müharibə veteranı vəsiqəsinə malik olmuşdur və vəsiqə müddətsiz verilmişdir. Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 035643 №-li məcburi köçkün vəsiqəsindən bəlli olur ki, X7 1993-cü il tarixdən doğulduğu daim yaşayış yeri olan Zəngilan rayonunu tərk etmişdir. xx.xx.1992-ci il tarixli ******* №-li Hərbi biletdən məlum olur ki, X1 Rayon Hərbi Komissarlığında qeydiyyata alınmışdır. Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən bəlli olur ki, X7 xx.xx.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir və ölüm faktı Nizami Rayon Qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqədən bəlli olur ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 AR SHXÇDX-nin Zəngilan rayonu üzrə hərbi qeydiyyatdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İlkin Hərbi Qeydiyyata Alınma haqqında vəsiqədən bəlli olur ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 AR SHXÇDX-nin Zəngilan rayonu üzrə hərbi qeydiyyatdadır. İddiaçı X10 Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə müraciət edərək övladları - xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etsə də, həmin qurum tərəfindən cavab məktubu ünvanlanmaqla imtina edilmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 ərizəsi nəzərə alınaraq iddiaçılardan X10 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

4. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıların qanuni nümayəndəsi (anası) X8 ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubda qeyd edilir: “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”nın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, 16 yaşı tamam olub Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, qeydiyyatınız ünvan 1 ünvanında olduğundan, övladlarınız xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir.

5. Cavabdeh orqan yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıların anası X3 qeydiyyatı ünvan 1 ünvanında olduğundan övladlarının xx.xx.2005-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı2 və İddiaçı1 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçıların atası mərhum X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmuşdur; X1 şəhəri, Mirbəşir küçəsi, ev 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçıların anası X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X10 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2 və İddiaçı1 anası X3 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Nizami rayonu” olduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir.

6. İş materiallarında olan AZ-İ 617450 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, anası X9r.

7. İş materiallarında olan AZ-İ 996713 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X7, anası X9r.

8. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2001-ci il tarixdə verilmiş AA seriyalı 035643 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, X7 (1972-ci il təvəllüdlü, Zəngilan rayonunda doğulmuşdur.) 1993-cü ildə Zəngilan rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malik olmuş və Səbail rayonunda məskunlaşmışdır.

9. İş materiallarında olan AZ-İİ 122710 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X10 arasında xx.xx.2005-ci ildə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədova, arvada Əliyeva soyadı verilmişdir.

10. İş materiallarında olan AZ-İİ 158223 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüşdür.

11. Məhkəmənin sorğusuna cavab olaraq Zəngilan Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 5-83/2-401/2024 nömrəli məktubla bildirmişdir ki, Zəngilan rayonunun Zəngilan şəhər sakinləri İddiaçı1 və qardaşı Məmmədov X6 şəhərində daimi qeydiyyatda olmaqla məcburi köçkündürlər, vahid aylıq müavinət alırlar.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi xx.xx.2024-cü il tarixli 3-21-3-02/2-9754/2024 nömrəli məktubla bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən sorğuda qeyd edilən şəxsin adına hal-hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi X10 iddia tələbinin təmin olunmasını xahiş etdilər.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır.

II. İddianın növü və mümkünlüyü

15. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir.

16. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

17. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər.

18. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

19. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

22. Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. 4.2.6. “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına.

23. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçıların qanuni nümayəndəsi (anası) övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə istinad edilməklə məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.

24. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçılara məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir.

25. Qaydaların istinad edilən bəndinə görə o, uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Hazırkı işdə iddiaçıya münasibətdə 1-ci və 3-cü şərtlərin ödənilməsi mübahisəsizdir. Cavabdeh də bunu mübahisələndirmir. Belə ki, iddiaçıların atası X2 (1972-ci il təvəllüdlü, Zəngilan rayonunda doğulmuş və xx.xx.2021-ci il tarixdə ölmüşdür) xx.xx.2001-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir və o, Zəngilan rayonundan məcburi köçkün olmuşdur. Bu halı cavabdeh də mübahisələndirmir və iddiaya yazılı etirazında bildirir.

26. Cavabdehin imtinasının dəlili iddiaçılara münasibətdə Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan 2-ci şərtin ödənilməməsi ilə bağlıdır. Yəni, cavabdeh bildirir ki, iddiaçıların atasının qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsa da, anasının qeydiyyatı Bakı şəhərindədir.

27. Bununla bağlı məhkəmə bildirir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb və ya ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdüyü halda müvafiq hüquqdan məhrum olmaya dair tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət, eləcə də “ayrıca yaşayış sahəsi əldə edildiyi təqdirdə” həmin hüququn itirilməsi halını müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır.

28. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir.

29. İddiaçıların atası xx.xx.2021-ci il tarixdə ölmüş X7 məcburi köçkün statusuna malik olmuşdur.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının müvafif bəndinə əsasən:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); Məhkəmənin sorğusuna cavab olaraq Zəngilan Rayon İcra Hakimiyyəti xx.xx.2024cü il tarixli 5-83/2-401/2024 nömrəli məktubla bildirmişdir ki, Zəngilan rayonunun Zəngilan şəhər sakinləri İddiaçı1 və qardaşı Məmmədov X6 şəhərində daimi qeydiyyatda olmaqla məcburi köçkündürlər, vahid aylıq müavinət alırlar.

31. Göründüyü kimi, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçılar məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçılar məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş vahid aylıq müavinət almış, hazırda da alırlar. İddiaçılar məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onların vahid aylıq müavinət almaq hüququna təminat vermişdir.

32. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də iddia əsaslı hesab edilməli və təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar