Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10487/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X2 oglunun Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1954-cü il təvəllüdlü iddiaçı əmək fəaliyyətinə 1976-cı ildə "Kirovneft" Neft və Qazçıxarma idarəsində başlamışdır. 1984-cü ildən isə həqiqi hərbi xidmətə keçmiş və 21 fevral 2014-cü il tarixdə hərbi qulluqçu kimi yaşa görə təqaüdə çıxmışdır. Pensiyaçı olsa da, sonradan əmək fəaliyyətini mülki sahədə davam etdirmiş və müxtəlif şirkət və müəssisələrdə 5 il 3 ay 16 gün çalışmışdır. "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən, iddiaçı pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının müraciətlərinə imtina vermişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. İddiaçı xx.xx.2014-cü il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 2668,87 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: Əmək pensiyasının sığorta hissəsi - 807,66 manat; qulluq stajına görə əmək pensiyasına əlavə - 1861,21 manat. İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyasının yenidən hesablanması ilə bağlı xx.xx.2022-ci il tarixdəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanmışdır. Belə ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 138535,40 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə hazırda iddiaçıya təyin edilmiş əmək pensiyasının sığorta hissəsi 2456,89 manat, qulluq stajına görə əmək pensiyasına əlavə məbləği isə 211,98 manat təşkil etmişdir. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı İddiaçı müraciətinə əsasən istifadə olunub. Bu səbəbdən də, iddiaçının topladığı pensiya sığorta kapitalına uyğun olaraq Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən onun əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. X3 mövcud olan məlumatlara əsasən İddiaçı əmək pensiyaçısı kimi işləmədiyindən əmək pensiyasının sonuncu dəfə işdən azad olunduğu tarixə topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün hesab edilmir. İddiaçıya təyin edilmiş əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 2935,76 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 3367,32 manata artırılaraq ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Qanunun 29.2-ci maddəsinin ləğvi Azərbaycan Respublikasının 149-cu maddəsində nəzərdə tutulan hüquqi vəziyyəti yaxşılaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, Qanunda edilmiş dəyişiklik şəxslərin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olmayıb. Bu dəyişikliklər sadəcə maddi vəziyyəti yaxşılaşdırmağa xidmət edir. Sözügedən dəyişiklik sadəcə hesablanma qaydasındadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair" 2014-cü il 28 yanvar tarixli Qərarına əsasən, "hüquqi vəziyyət (status)" kateqoriyası qanun nöqteyi-nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. Hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar" dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləliklə, Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Qeyd edilən səbəbdən, pensiya kapitalına əsasən pensiyanın sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz. Göstərilənlərə əsasən müəyyən olunur ki, Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsinin həmin tarixdən əvvəlki münasibətlərə tətbiqinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlardan aydın görünür ki, iddiaçının fərdi hesabında toplanmış pensiya kapitalı əsasında onun əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Yəni iddiaçının fərdi hesabının sığorta hissəsində toplahmış pensiya kapitalı artıq onun pensiyasının yenidən hesablanması məqsədilə istifadə olunub. Odur ki, hazırda onun fərdi hesabında istifadə olunmamış pensiya kapitalı qalmadığından iddia tələbində göstərilən qaydada pensiyanın yenidən hesablanması istər nəzəri-hüquqi, istərsə də praktiki-proqram təminatının imkanları baxımından mümkün deyil. Göstərilənlərə əsasən İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin Mərkəzi Filiala müraciət etdiyi tarixdə qüvvədə olan tələblərinə uyğun qaydada, yəni qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği sığorta hissəsindəki artımlar qədər azaldılmaqla yenidən hesablanmışdır. İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2022-cü il tarixli **********6 saylı məktubu ilə iddiaçıya etirazda göstərilənlər bildirilmişdir etirazda göstərilənlər bildirilmişdir. - İddiaçıya aid pensiya işindən görünür ki, ona ilk dəfə xx.xx.2014-cü il tarixdə tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - İddiaçıya aid pensiya işində olan cavabdehin “əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixdə pensiya təyin edilmişdir. Yenidən hesablanmanın səbəbi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-1 maddəsinin tələbləri göstərilmişdir. Yenidən hesablanma nəticəsində 2668,87 manat məbləğində pensiya hesablanmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38. Sosial təminat hüququ I. Hər kəsin sosial təminat hüququ vardır. ... II. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin xx.xx.2023-cü il tarixə olan redaksiyasına əsasən: Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il Qanununa əsasən: 1.12.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 29.2-ci maddə ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
2. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciətlərə baxılması 2.4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə və ya onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə əmək pensiyası təyin edilməsi barədə İdarəyə müraciət olunur. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin hallarına görə iş üzrə tərəflərin arasında yaranmış mübahisə, iddiaçıya təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması üzrə yaranmasıdır. Məhkəmə hesab edir ki, bu münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin müddəaları ilə tənzimlənir. Belə ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********2 nömrəli qərarla “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun iddiaçıya 2668,87 manat məbləğində yeni pensiya məbləği hesablanmışdır. Lakin həmin hesablama zamanı o zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmışdır. Hazırda həmin maddə qüvvədə olmadığı üçün iddiaçı haqlı olaraq, ona təyin edilmiş pensiya məbləğinin yenidən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmasını tələb etmək haqlıdır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 37.3, 37.3.1 və 45-ci maddələrinin əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (İşləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli 2017-ci il 11 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən Qanunun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə, həmçinin, cavabdehin “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin xüsusi rütbəli şəxslərə münasibətdə tətbiq oluna bilmədiyi, buna görə də onun hər hansı hüququnun pozulmadığı barədə dəlilini qəbul etmir və mövqeyini onunla əsaslandırır ki, iddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. Qanunvericiliyə uyğun olaraq iddiaçı xüsusi rütbəli şəxs kimi əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. Mübahisə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunub-olunmaması ilə bağlıdır. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmiş və bu hal cavabdeh tərəfindən təkzib olunmur. Cavabdeh hesab edir ki, qeyd edilən norma iddiaçıya şamil edilməməlidir. Halbuki, iddiaçının istinad etdiyi norma əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və İV hissələri, 38-ci maddəsinin İ və İİİ hissələri, 149-cu maddəsinin İ və İİİ hissələri ilə ziddiyyət təşkil etmir. Beləliklə, məhkəmə iş hesab edir ki, cavabdehin iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməsi qanunsuz və əsassız olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). Lakin eyni zamanda Məhkəmə qeyd edir ki, legitim gözlənti sadə ümiddən daha konkret xarakterə malik olmalıdır və hüquqi müddəaya və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır. Uzun müddət ləğv edilmiş əmlak hüququnun yenidən bərpa ediləcəyinə ümid “mülkiyyət” kimi qəbul edilə bilməz; nə də şərtin baş verməməsi nəticəsində əldən buraxılmış şərti tələb bu cür qəbul edilə bilməz. Habelə, milli hüququn düzgün təfsiri və tətbiqi barəsində mübahisənin mövcud olduğu və nəticədə ərizəçinin müraciətlərinin milli məhkəmələr tərəfindən rədd edildiyi yerdə “legitim gözlənti”nin əmələ gəlməsindən söhbət gedə bilməz (Béláné Nagy Macarıstana qarşı iş üzrə Böyük Palatanın 13 dekabr 2016-cı il tarixli Qərarı). Dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir (“Andreyeva Latviyaya qarşı” məhkəmə işi 18 fevral 2009-cu il tarixli qərar). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinin müddəaları tətbiq edilməklə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Mehriban Qarayeva