Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10489/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil və Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi dövrün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsində pensiya təyin edən komissiyanın 19 iyun 2020-ci il 49 nömrəli qərarını ləğv edərək, onun 1966-cı ildən 1974-cü və 1976-cı ildən 1996-cı ilə kimi keçmiş “Engels” adına kolxozda işlədiyi dövrün sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iş məhkəmənin dəftərxanasına daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1955-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndində anadan olmuşdur. 1971-ci ildə Göyçay 106 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və maldar mexanizator peşəsi üzrə ümumi orta təhsil almışdır. 14 noyabr 1974-cü il tarixindən 10 dekabr 1976-cı il tarixinədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci il tarixindən Qutqaşen (indiki Qəbələ) rayonu, Tüntül kəndindəki “Engels” (A.Hüseynzadə) adına kolxozda elektrik mexanizatorçu vəzifəsinə qəbul olunmuş və “A.Hüseynzadə” (Engels) adına kolxozda 1996-cı ilin axırına kimi fasiləsiz həmin vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda işlədiyi dövrlərə görə həmin kolxozun məsul vəzifəli şəxsi tərəfindən adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qeyd etdikləri müraciəti əsasında Qəbələ rayon Dövlət Arxivindən 12.08.2021-ci il tarixli arxiv arayışında –“Engels” (A.Hüseynzadə) adına kolxozda 1977-ci ilin əvvəlindən 1996-cı il də daxil olmaqla iş günləri öz əksini tapmışdır. Həmçinin 01.02.1977-08.12.1996-cı illərdə kolxozda işləməyi faktını keçmiş “Engels” (A.Hüseynzadə) adına kolxozda onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Həmçinin 1999-2004-cü illərdə "xxxx" MMC-nin Şəki Ərazi Elektrik X2 rayonunun Fərdi abonentlərə Enerji satış şöbəsinə enerji müfəttişi və 2005-2010-cu illərdə Qəbələ rayonu Tüntül bələdiyyəsində vergi müfəttişi vəzifələrində işləmişdir. Ona 30.03.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsinə görə verilməli olan pensiyanın ona verilməsi üçün isə sənədlərini AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 saylı regional ərazi filialına təqdim etmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 04 avqust 2021-ci il tarixli, **********7 saylı məktubu ilə iş stajının məhkəmə qaydasında tanınması üçün məhkəməyə şikayət edə biləcəyi izah olunmuşdur. İddiaçı tərəfindən 26.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsi ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddia tələbində yol verilmiş xətanı aradan qaldıraraq iddia ərizəsinin ikinci səhifəsinin “xahiş edirəm” hissəsində “Onun 01.02.1977-ci il tarixindən 08.12.1996-cı il tarixinə kimi keçmiş “Engels” adına kolxozda mexanizatorçu vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edəsiniz” kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sığorta stajının tələb olunan müddətdən az olduğu, yəni əmək kitabçasında qeyd olunan 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək Engels adına kolxozda işləməyi barədə məlumat Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edildiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmayacağı yazılı şəkildə bildirilmişdir. Bundan sonra, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 1977-ci il tarixdən 1996cı il tarixədək Qutqaşen (Qəbələ) rayonu, Tüntül kəndindəki “Engels” (A.Hüseynzadə) adına kolxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin əmək kitabçasında iddiaçının 01.02.1977-ci il tarixdə Engels adına kolxozda işə qəbul edilməsi ilə bağlı məlumatlar kiril əlifbası ilə deyil, latın qrafikalı əlifba ilə qeyd olunmuşdur. Bununla yanaşı, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır, iddiaçıya məxsus əmək kitabçasında isə qanunvericiliyin yuxarıda qeyd olunmuş tələblərinə riayət edilməmişdir Bu hal, əmək kitabçasının mötəbərliyinə şübhə doğurur. Beləliklə, İddiaçı ümumi iş stajı 6 il 16 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu və 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək Engels adına kolxozda işlədiyini iddia etdiyi dövrlər arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddətlər sosial sığorta stajına daxil edilməmişdir.Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İcraatda oan 2-1(112)-10489/2021 nömrəli inzibati iş üzrə İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı və iddiaçının vəkili şifahi məhkəmə baxışı ilə bağlı iclasda iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mümkün iddia olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. İş materiallarında olan: - Qəbələ RPŞ tərəfindən 06.01.2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qəbələ rayonu, Tüntül kəndində doğulmuş və Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatdadır. - İddiaçıya məxsus ******* nömrəli 15.09.2003-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 01.02.1977-ci il tarixdən 08.12.1996-cı il tarixədək “Engels” adına kolxozda, 09.10.2003-cü il tarixdən 01.12.2004-cü il tarixədək BAYVA-Qərb enerji MMC Şəki Ərazi Elektrik X2 rayonunun Fərdi abonentlərə Enerji satış şöbəsinə enerji müfəttişi vəzifəsində və 15.01.2005-01.2010-cu illərdə Qəbələ rayon Tüntül bələdiyyəsində vergi müfəttişi işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 111 nömrəli arxiv arayışından görünür ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan “Engels” (A.Hüseynzadə) adına kolxozun staj və şəxsi hesab kitablarına əsasən İddiaçı aşağıda göstərilən qaydada iş günləri qazanmışdır. 1977-ci ildə 315 adam günü, 1978-ci ildə 340 ada günü, 1979-cu ildə 360 günü, 1980-ci ildə 340 adam günü, 1981-ci ildə 359 adam günü, 1982-ci ildə 360 adam günü, 1983-cü ildə 359 adam günü, 1984-cü ildə 363 adam günü, 1985-ci ildə 359 adam günü, 1986-cı ildə 319 adam günü, 1987-ci ildə 362 adam günü, 1988-ci ildə 365 adam günü, 1989-cu ildə 331 adam günü, 1990-cı ildə 332 adam günü, 1991-ci ildə 361 adam günü, 1992-ci ildə 304 adam günü, 1993-cü ildə 364 adam günü, 1994-cü ildə 349 adam günü, 1995-ci ildə 269 adam günü və 1996-cı ildə 345 adam günü. - 087594 nömrəli, 25 iyul 1974-cü il tarixli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1971-ci ildə Göyçay 106 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1974-cü ildə bu məktəbin tam kursunu bitirərək maldar mexanizator peşəsi və ümumi orta təhsil almışdır. - НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 14 noyabr 1974-cü il tarixdən 10 dekabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 04 avqust 2021-ci il tarixli **********7 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubundan görünür ki, təqdim etdiyi 15.09.2003-cü il tarixində tərtib edilmiş ******* nömrəli əmək kitabçasına, hərbi biletin və diplomun surətlərinə əsasən onun ümumi sığorta stajı 6 il olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 4335,12 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əmək kitabçasında qeyd olunan 01.02.1977-ci il tarixindən 08.12.1996-cı il tarixinə kimi Engels adına kolxozda işləməyi barədə məlumat Qəbələ rayon Tüntül kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq edildiyi üçün həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 04.10.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Engels” (A.Hüseynzadə) adına kolxozun 1980-1991-ci illərini əhatə edən staj kitabında 1980-1982-ci illərin iş günü norması 230, sonrakı illərdə isə 210 yazılmışdır. Beləliklə, Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən olunmuşdur ki, o, xx.xx.1955-ci il tarixdə doğulmuş və 21.03.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İddiaçı əmək stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçının əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən ümumi sığorta stajının 6 il olmaqla, tələb olunan 25 ildən az olduğunu əsas gətirərək, ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa görə əmək pensiyasının təyin olunması üçün təhsil, hərbi xidmət və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi müəyyən edilməlidir. İşin cavabdeh tərəfindən mübahisələndirən halı iddiaçıya məxsus əmək kitabçasında onun 01.02.1977-08.12.1996-cı illərdə “Engels” adına kolxozda işləməsinə dair qeydlərin qanunvericiliyin tələblərinə riayət edilmədən doldurulmasıdır. İddiaçının təhsil və hərbi xidmət dövrünün sığorta stajına daxil edilməsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan iş stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 1971-1974-cü illərdə Göyçay 106 №-li orta texniki peşə məktəbində “dülgər” ixtisası üzrə əyani təhsili almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin iddiaçıya əmək pensiyası təyin edilərkən, onun 14.11.1974-cü il tarixdən 10.12.1976-cı il tarixədək hərbi xidmət dövrü də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş 09.10.2003-cü il tarixdən 01.12.2004-cü il tarixədək BAYVA-Qərb enerji MMC Şəki Ərazi Elektrik X2 rayonunun Fərdi abonentlərə Enerji satış şöbəsinə enerji müfəttişi vəzifəsində işlədiyi dövr sosial sığorta stajı qəbul edilmiş, 01.02.1977-08.12.1996-cı illərdə “Engels” adına kolxozda işlədiyi dövr isə sığorta stajı kimi qəbul edilməmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, iddiaçının 1977-1996-cı illərdə “Engels” (A.Hüseynzadə) adına kolxozda işlədiyi dövr Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 111 nömrəli arxiv arayışında da öz əskini tapmışdır. Məhkəmə cavabdehin iddiaçının 1977-1996-cı illərdə “Engels” (A.Hüseynzadə) adına kolxozda işləməsini təsdiq Qəbələ Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12.08.2021-ci il tarixli 111 nömrəli arxiv arayışını onun sığorta stajını təsdiq edən sənəd kimi qəbul etməməsi ilə bağlı bildirir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin arxiv arayışında iddiaçının işlədiyi faktiki adam günü qeyd olunmuşdur. Əmək günü normaları üzrə araşdırma aparılanda müəyyən olunur ki, “Engels” (A.Hüseynzadə) adına kolxozun 1980-1991-ci illərini əhatə edən stajı kitabında 1980- 1982-ci illər üzrə minimum əmək günü norması 230 gün, sonrakı illər üzrə 210 gün olmuşdur. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivi tərəfindən verilmiş 04.10.2021-ci il tarixli 135 nömrəli məktubda qeyd olunan məlumatları nəzərə alındıqda müəyyən edilir ki, tələb olunan minimum əmək iştirakı norması 1980-1982-cı illərdə 230, 1983-1991-ci illərdə illərdə 210 gün olmuşdur. Buna qarşılıq iddiaçı 1977-ci ildə 315 gün, 1978-ci ildə 340 gün, 1979-cu ildə 360 gün, 1980-ci ildə 340 gün, 1981-ci ildə 359 gün, 1982-ci ildə 360 gün, 1983-cü ildə 359 gün, 1984-cü ildə 363 gün, 1985-ci ildə 359 gün, 1986-cı ildə 319 gün, 1987-ci ildə 362 gün, 1988-ci ildə 365 gün, 1989-cu ildə 331 gün, 1990-cı ildə 332 gün, 1991-ci ildə 361 gün, 1992-ci ildə 304 gün, 1993-cü ildə 364 gün, 1994-cü ildə 349 gün, 1995-ci ildə 269 gün və 1996-cı ildə 345 gün işləmişdir. Beləliklə, iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1977-1996-cı illərdə tam ödənilmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. Məhkəmə iddiaçının Qəbələ rayonu “Engels” adına kolxozdakı əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Qəbələ rayonu “Engels” adına kolxozda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, iddiaçının 1971-1974-cü illərdə Göyçay 106 №-li orta texniki peşə məktəbində, təhsil aldığı, 14.11.1974-10.12.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr, həmçinin 09.10.2003-01.12.2004-cü illərdə BAYVA-Qərb enerji MMC Şəki Ərazi Elektrik X2 rayonunun Fərdi abonentlərə Enerji satış şöbəsində və 1977-1996-cı il tarixlərdə Qəbələ rayonu “Engels” adına kolxozda işlədiyi dövr nəzərə alındıqda onun 25 ildən artıq sosial sığorta stajı müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya (64 yaşdan) 21.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 21.03.2019-cu il tarixdən, 64 yaşından yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-10489/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10489/2021
21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver