Məhkəmə qərarları › İş №2-1(112)-10489/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10489/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10489/2023 01.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 2505 nömrəli 01 sentyabr 1995-ci il tarixli sərəncamına əsasən ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində bağ sahəsinin sənədləşdirilməsi barədə Səbail rayon İcra Hakimiyyəti başçısının 2505 nömrəli 1 sentyabr 195-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsində fərdi evlər tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhər İcra Hakimiyyətinin 3/104 nömrəli xx.xx.1991-ci il tarixli sərəncamına və rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmuş akt və yerləşmə-cizgisinə əsasən ona “Köhnə bağ” sahəsinin sənədləşdirilməsi və orada fərdi ev tikintisinə icazə verilmişdir. İcra Hakimiyyəti başçısının Badamdar qəsəbəsindəki nümayəndəliyi tərəfindən tərtib olunmş cizgiyə əsasən ona torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ümumi sahəsi 0.21 ha olmuşdur. Hazırda həmin torpaq sahəsinin 0.10 hektarı onun istifadəsindədir. Həmin torpaq sahəsni sənədləşdirmək üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müxtəlif bəhanələr gətirilərək fərqli imtinalar verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2505 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinad və məsafələri qeyd edilməmişdir, faktiki göstərilən sahənin cizgidə göstərilən sahəyə aidiyyəti yoxdur. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əlmaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1160.0 kv.m təşkil edir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023cü il tarixli **********11 3-21-3-30/2-14-0482-8/2023 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” məktuba əsasən bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli 2505 saylı sərəncamında torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, təqdim olunmuş yerləşmə cizgisində dəqiq istinad və istinad məsafələri qeyd edilməmiş, cizgidə göstərilən sahəyə aidiyyatı yoxdur. Bundan əlavə, elektron kadastrı məlumatına əsasən göstərilən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir.

8. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 31 iyul 2023-cü il tarixli 3-48-2F/2-05321/2023 nömrəli məktubla Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1995-ci il tarixli 2505 saylı sərəncamının təsdiq edilmiş surəti təqdim edilmişdir. Həmin sərəncama əsasən İddiaçı adına “Köhnə bağ” sahəsinin sənədləşdirilməsi və fərdi evin tikintisinə icazə verilmişdir.

9. Həmin sərəncam əsasında iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Səbail rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Cizgidə bağ sahəsinin ölçüsü 70 m × 30 m göstərilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli 13-13/2-1/16-7675/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşmir.

11. Notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2013-cü il tarixli ilkin müqavilələrə əsasən İddiaçı ona məxsus “Köhnə bağlar” ərazisi bağ sahəsi ünvanda yerləşən 0.21 ha torpaq sahəsindən 0.0555 ha və 0.0560 ha ölçüdə bitişik olan hissələrini X4 və Əli-X1.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüuqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-36404/2023 **********04 nömrəli məktubla ünvan 2 ünvanında yerləşən X3 mülkiyyətində olan ümumi sahəsinə 407.5 kv.m olan torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olmuş bütün sənədlər təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 2505 saylı sərəncamına əsasən “Köhnə bağ” sahəsi İddiaçı adına sənədləşdirilmiş və fərdi evin tikintisinə icazə verilmişdir. Sərəncamda torpaq sahəsinin ölçüsü göstərilməsə də, torpaq sahəsinin yerləşmə cizgisində torpaq sahəsinin ölçüsü 70 m × 30 m ölçüdə göstərilmişdir. "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq verilmiş məktuba əsasən torpaq sahəsi elektrik xəttinin mühafizə zonasında yerləşmir. Torpaq sahəsinin bir hissəsi müxtəlif vaxtlarda 0.0555 ha və 0.0560 ha ölçülərdə olmaqla onun tərəfindən digər şəxslərə satılmışdır. Hazırda faktiki istifadəsində olan 0.10 ha ölçüdə torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir.

20. Göründüyü kimi, mübahisəli torpaq sahəsi qanuni olaraq iddiaçının istifadəsində olmuşdur.

21. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmış hesab olunmalıdır.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

23. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün qanunvericiliyin tələbləri tam təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

26. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində ayrılmış torpaq sahəsindən hazırda İddiaçı faktiki istifadəsində olan 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin 0.10 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar