Məhkəmə qərarları › İş №2-1(112)-1049/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1049/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1049/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X3, üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən əldə etdiyi Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən və ümumi sahəsi 870 kv. metr olan torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin üzərində hüquqların onun adına dövlət qediyyatına alınaraq, bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin həcminin azaldılması) dair ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 414 saylı sərəncamına əsasən Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən və ümumi sahəsi 870 kv. metr olan ona ayrılmış torpaq sahəsi üzərində hüquqların onun adına dövlət qeydiyyatına alınaraq, torpaq sahəsinə dair plan və ölçünün və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən “Torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüquqların dövlət qediyyatına alınaraq bu barədə Çıxarışın və texniki sənədlərin verilməsinə dair" müraciətinə imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, torpağın alqı-satqı aktında Bələdiyyə Sərəncamına istinad edilməmiş, torpağın bələdiyyə mülkiyyətində olmasnda dair məlumat aşkar edilməmiş, təqdim edilmiş cizgi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olmuş və bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Halbuki, cavabdehin gətirdiyi dəlillər əsassız olmaqla qanuna ziddir və bu formal əsaslarla hüquqların qeydiyyatından imtina olunması qanunda nəzərdə tutulmamışdır. İnzibati orqan olaraq, cavabdeh həmin uyğunsuzluqların səbəbini araşdırmalı və vətəndaşın mənafeyini nəzərə alaraq, məsələni müsbət həllinə nail olmalıdır. Cavabdeh isə formal mülahizələrlə ona imtina vermişdir ki, bu da qanunsuzdur. Əlavə olunmuş Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində sxemdə göstərilən ümumi sahəsi 870 kv. metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır; 23 dekabr 2006-cı il tarixli alqı-satqı aktına əsasən 870 kv. metr torpaq sahəsinin dəyəri tam olaraq, 1.113 manat ödənilmişdir; 30 dekabr 2006-cı il tarixli mədaxil qəbzinə əsasən sözü gedən torpaq sahəsinin dəyərinin ödənildiyi təsdiq olunmuşdur. Həmin torpaq sahəsində eskiz layihəsinə uyğun olaraq, fərdi yaşayış evi tikilmişdir. Artıq 15 ildir ki, torpaq sahəsi və fərdi yaşayış evi onun qanuni istifadəsindədir. Tərəfindən həmin ünvana qaz, su və işıq da çəkilmişdir. Buzovna Bələdiyyəsinin 05 oktyabr 2018-ci il tarixli 22 saylı məktubuna əsasən Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində sxemdə göstərilən ümumi sahəsi 870 kv. metr olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrıldığı təsdiq olunmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 21 iyun 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1049/2022 saylı qərardadı ilə Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, torpağın alqı-satqı aktında Bələdiyyə sərəncamına istinad edilməmiş və keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin bildiririlir ki, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bununla yanaşı təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və sözügedən torpaq sahəsi qanunvericilikdə göstərilən normadan artıq ayrılmışdır. Bu barədə iddiaçıya **********08 qeydiyyat nömrəli xx.xx.2021ci il və **********51 qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli məktublar ünvanlanmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X5 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin nümayəndəsi X8 məhkəmə iclasında verdiyi izahatında bələdiyyə tərəfindən iddiaçıya mübahisəli torpaq sahəsinin qanuni əsaslarla ayrıldığını, həmin sahənin 10-cu zonaya daxil olmaqla və qəsəbə daxili ərazilərin bələdiyyə torpaqarı hesab olunmaqla, bələdiyyə tərəfindən həmin torpaq sahələrinin fiziki və hüquqi şəxslərə ayrılmasının qanunla tənzimləndiyini göstərərək, məhkəmən iddianın təmin olunmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona özünə məxsus torpaq sahəsinə dair plan və ölçünün, dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı 05033797 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Quba rayonu, Uzunmeşə kəndində qeydiyyatdadır. Torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Quba rayonu Uzunmeşə kəndində yaşayan İddiaçı tərəfindən Əzizbəyov rayon Buzovna Bələdiyyəsinə 23 dekabr 2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Buzovna bələdiyyəsi ərazisində 870 kv. metr torpaq sahəsinin satılması qərara alınmışdır. Bunun müqabilində İddiaçı tərəfindən Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin xəzinəsinə əvvəlcədən 1113 manat haqq ödənilmişdir. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, “Torpaq Məcəlləsi”, “Torpaq islahatı haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunlarını, “Torpaqların alqı-satqısı qaydalan”nı rəhbər tutaraq və vətəndaş X1 xx.xx.2006-cı il tarixli ərizəsi nəzərə alınaraq aşağıdakılar qərara alınmışdır: - Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 870 kv. metr torpaq sahəsi “Torpaq Məcəlləsi”nin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq vətəndaş X2 (ünvan: Quba ray, Uzunmeşə kəndi, xx.xx.2006-cı il tarixli ərizəsi) 1 kv. metrinin qiyməti 1 manat 28 qəpik hesabı ilə satılsın. - Vətəndaş ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqı-satqı aktı tərtib edilsin. - Vətəndaş AR Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 24-cü maddəsinə riayət etməklə tikinti işlərini aparmalıdır. - Bağ evinin layihəsi və tikinti işləri müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. - Kommunal xidmətlərin təşkili və icrası məqsədilə vətəndaş aidiyyatı təşkilatlar ilə ikitərəfli müqavilə bağlamalıdır. - Vətəndaş torpaq və əmlak hüququ əldə etdikdən sonra bələdiyyənin vergi orqanında qeydiyyata düşməlidir. - Ayrılmış torpaq sahəsinin naturada vətəndaşa təhvil verilməsi, sahədə tikintinin layihə üzrə aparılmasına və torpağın təyinatına görə istifadə olunmasına nəzarət bələdiyyənin “Ərazi idarəetmə və planlaşdırma” şöbəsinə tapşırılsın. Buzovna Bələdiyyəsi tərəfindən Buzovna qəsəbəsində İddiaçı ayrılmış torpaq sahəsinə dair sxem və xəritədən çıxarış verilmişdir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi idarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.02006-cı il tarixli 414 saylı Buzovna Bələdiyyəsi sədrinin sərəncamına əsasən alqı-satqı yolu ilə 870 kv. metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi bələdiyyə hüdudları daxilində yerləşir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətlərə cavab olaraq; - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********51 №li xx.xx.2019-ci il tarixli məktubla bildirilmişdir ki, torpağın alqı-satqı aktında Bələdiyyə sərəncamına istinad edilməmiş və keçmiş DTXK tərəfindən təsdiq edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bununla yanaşı təqdim edilmiş yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur və sözügedən torpaq sahəsi qanunvericilikdə göstərilən normadan artıq ayrılmışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********8 №li xx.xx.2021-ci il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən məsələ ilə bağiı müraciətə **********51 nömrəli xx.xx.2019-cu il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. Təqdim edilən sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Mübahisənin həlli ilə bağlı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikas Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin, Yerquruluşu, Layihə-Tədqiqat Mərkəzinin mütəxəssisləri cəlb olunmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (alqı-satqı əsasında mülkiyyətinə verilmiş) Buzovna qəsəbəsi Neftçilər küçəsində 870 kv. metr torpaq sahəsinin yerləşdiyi ərazi Bakı şəhəri, Buzovna Bələdiyyəsinin mülkiyyətinə aid olan torpaqlardırmı? Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (alqı-satqı əsasında mülkiyyətinə verilmiş) Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən 870 kv. metr torpaq sahəsinin faktiki istifadədə olan ölçüləri nə qədərdir? Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (alqı-satqı əsasında mülkiyyətinə verilmiş) Buzovna qəsəbəsi Neftçilər küçəsində yerləşən 870 kv. metr torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddurmu? Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsi Neftçilər küçəsində ayrılmış (alqı-satqı əsasında mülkiyyətinə verilmiş) 870 kv metr olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və Azərbaycan Respublikası Tikinti Normalarının tələblərinə uyğun inşa olunmuşdurmu? Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********25 saylı, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində elektron kadastr baza məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmadığı, faktiki torpaq sahəsi 870,0 kv. metr təşkil etdiyi, yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin yerləşmə mövqeyində fərq olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3807 saylı ekspert rəyində də ekspert 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən elektron kadastr baza məlumatında Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış (alqı-satqı əsasında mülkiyyətə verilmiş) Buzovna qəsəbəsi Neftçilər küçəsində 870 kv. metr torpaq sahəsinin yerləşdiyi ərazinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmadığının müəyyən edildiyi, sözügedən torpaq sahəsinin faktiki olaraq 870 kv. metr təşkil etdiyi və yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin yerləşmə mövqeyində fərq olduğunun müəyyən edildiyi nəticəsinə gəlmiş və Bakı şəhəri, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 414 saylı Sərəncamına əsasən İddiaçı Buzovna qəsəbəsi Neftçilər küçəsində ayrılmış (alqı-satqı əsasında mülkiyyətinə verilmiş) 870 kv. m. olan torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə dair tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlər təqdim edildikdən sonra həmin tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən edilə biləcəyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək (maddə 8.0.1) Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin xx.xx.2006-cı il tarixli 414 nömrəli sərəncamına əsasən Buzovna qəsəbəsi ərazisində bağ evinin tikilməsi üçün 870 kv. metr torpaq sahəsinin iddiaçıya bazar qiyməti ilə satılması, iddiaçı ilə torpağın satın alınmasına dair müvafiq qaydada alqısatqı aktının tərtib edilməsi qeyd edilmişdir. Lakin bu zaman sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamışdır. Eyni zamanda iddiaçı ilə Bələdiyyə arasında imzalanmış Torpaqların alqısatqısına dair akt torpaq şöbəsinin müdiri tərəfindən imzalanmamış və möhürlə təsdiq edilməmişdir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Lakin, bununla yanaşı iş materiallarından görünür ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış (10-cu zonada) mübahisəli torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olması müəyyən olunmamış, torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq olduğu və sözügedən torpaq sahəsinin qanunvericilikdə göstərilən normadan (9-12-ci zonalar üzrə - 0,06 hektaradək nəzərdə tutulmuşdur) artıq (870 kv. m.) ayrıldığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət və onun növləri aşağıdakı kimidir: - Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. - Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. - Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər (Maddə 48.2). Həmin Məcəlləyə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər (Maddə 83.1). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (Maddə 65.5.). Həmin Məcəlləyə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (Maddə 65.8). Həmin Məcəlləyə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Maddə 68). ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tərəflərin və 3-cü şəxsin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar