Məhkəmə qərarları › İş №2-1(112)-1049/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1049/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1049/2024 14.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrində mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması, evə və torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (**********45-05101-093001 reyestr nömrəli) əsasən Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan daşınmaz əmlak ilkin olaraq mənzil kimi qeydiyyata alınsa da, faktiki olaraq fərdi yaşayış evidir. X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 30/143 reyestr nömrəsi ilə verilmiş 25 fevral 1999-cu il tarixli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”nda da daşınmaz əmlak fərdi yaşayış evi kimi nəzərdə tutulmuşdur. Həmçinin, texniki pasportda torpaq sahəsinin ölçüsü (24.4x45m) qeyd olunmuşdur. Lakin həmin reyestrdən çıxarışda yanlış olaraq daşınmaz əmlakın növü fərdi yaşayış evi kimi deyil, mənzil kimi qeydiyyata alınmışdır. İddiaçı 10 yanvar 2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, torpaq sahəsinin (24.4x45metr, yəni 1098 kv.m) isə xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh 2 mart 2023-cü il tarixli məktubu ilə məsələnin həllindən əsassız olaraq imtina etmişdir. Həmin imtina məktubu rəsmi olaraq poçt vasitəsilə 27 mart 2023-cü il tarixdə iddiaçıya çatdırılmışdır. Cavabdehin imtinasının əsası kimi bildirilmişdir ki, mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə əlaqədar torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müraciət olunan torpaq sahəsində yerləşən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Daşınmaz əmlakın mövcud vəziyyətinə və texniki pasportuna əsasən də müəyyən edilir ki, iddiaçının müəlkiyyətində olan əmlak mənzil deyil, fərdi yaşayış evidir. Həmin əmlak otaqlardan, habelə yaşayış ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir və çoxmənzilli bina ilə hər hansı bir əlaqəsi yoxdur. Hesab olunur ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş həmin Siyahının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn əldə edilməsi üçün əsas hesab olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, 60, 71-ci maddələrinə, Azərbaycan Respulikası Mülki Məcəlləsinin 139, 140, 146, 152, 154, 157-ci maddələrinə, Mənzil Məcəlləsinin 13-cü maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2, 8.0.8, 12.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, İPM-in müddəalarına əsaslanaraq, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2 ünvanında yerləşən 175 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi kimi, həmin ünvandakı torpaq sahəsinin (24.4x45metr, yəni 1098 kv.m) xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim edilmiş yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən mənzilə dair dövlət reyestrində cari dəyişikliklərin edilməsi və yerləşdiyi torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 11 yanvar 2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ««Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport hüquqmüəyyənedici sənəd qismində qeyd olunmuş, müraciət olunan torpaq sahəsində yerləşən əmlak isə daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyata alınmışdır. Bu səbəbdən tərəfimizdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 2 mart 2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. İdarərənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, müvafiq daşınmaz əmlakda rekonstruksiya işləri aparılmış, arakəsmələr dəyişdirilmişdir. İdarədə mövcud olan arxiv məlumatlarına əsasən Bakı ŞİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı ilə X1 adına 18 avqust 1995-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin Bakı ŞİH-in 592 saylı 10 sentyabr 2001-ci il tarixli sərəncamı ilə qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Bakı ŞİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı və sözgedən qeydiyyat vəsiqəsinə əsasən mənzilə dair tərtib edilmiş 30/143 nömrəli 25 fevral 1999-cu il tarixli texniki pasport ləğv edilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.1.1) icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Həmin Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: (8.0.10.2) məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddianın təmin olunmasını xahiş etdi. O, bildirdi ki, cavabdeh imtinasını evin əvvəlcədən mənzil kimi qeydiyyata alınması ilə əsaslandırır. Ziddiyyətli hal var, çıxarışda mənzil qeyd olunsa da, texniki pasportda əmlak fərdi yaşayış evi kimi göstərilmişdir. Eyni zamanda texniki pasportda torpaq sahəsinin ölçüləri də əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdi qedilmiş siyahıda 2001-ci il yanvar ayının 1-dən texniki inventarlaşdırma büroları tərəfindən tərtib olunmuş texniki pasport həmin sənəddə torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüququ əldə olunması üçün əsasdır. Həmçinin, iş üzrə ekspertiza rəyi alınmışdır ki, əmlak mənzil deyil, fərdi yaşayış evidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etiraza əsaslanaraq iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci madfdəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Bakı ŞİH başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, ünvan 2 ünvanındakı daşınmaz əmlak X2 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır və bu barədə müvafiq reyestr kitabının 121-ci səhifəsində 18651 qeydalma ilə (30 nömrə, 13201) 18 avqust 1995-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, Bakı ŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 3 ünvanına dair X2 adına 25 fevral 1999-cu il tarixdə texniki paspor verilmiş, texniki pasportda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli məktubuna, Bakı şəhəri Nəsimi RİH başçısının 272a nömrəli 31 may 1995-ci il tarixli sərəncamına və 474-Ə saylı 23 fevral 1999-cu il tarixli ərizəyə əsasən tərtib olunduğu qeyd edilmiş, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüsü 1.098 kv.m göstərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən 5 iyul 1948-ci il tarixdə Laçın rayonunda doğulmuş X2 adının “Telli”dən “Zülfiyyə”yə dəyişdirilməsi barədə 25 aprel 2000-ci il tarixdə akt qeydi aparılmış və İ-ЖГ seriyalı 271683 nömrəli “Familiyanın, adın, ata adının dəyişdirilməsi haqında şəhadətnamə” verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında faşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanındakı daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlkaın dövlət reyestrində 10 mart 2021-ci il tarixdə qeydiyyata alınmışdır (********** nömrə ilə). Məhkəmənin 7 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış məktubu ilə hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/93 nömrəli 23 fevral 1995-ci il tarixli məktubunun və ona əlavə edilmiş sənədlərin təsdiqlənmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məhkəməyə ünvanlanmış 3-35/2-710/2024 nömrəli 24 yanvar 2024-cü il tarixli cavab məktubunda bildirilir ki, «Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2018ci il tarixli Fərmanı ilə Bakı ŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın icrası çərçivəsində arxivə təhvil verilən sənədlərə baxış zamanı Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli 18/03- 8/93 nömrəli məktubu Dövlət Şəhərsalma vəı Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində aşkar edilməmişdir. Məhkəmənin 7 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına ünvanlanmış məktubu ilə hazırkı iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, məhkəməyə Bakı şəhəri Nəsimi RİH-in 31 may 1995-ci il tarixli 272a saylı sərəncamı və ona əlavə olunmuş sənədlərin təqdim edilməsi, həmin sərəncamın qüvvədə olubolmamasına dair məlumatın verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə ünvanlanmış 18 yanvar 2024-cü il tarixli 3-48-2F/2-255/2024 nömrəli məktubu ilə Dövlət Arxivinin Bakı Filialında saxlanılan Bakı şəhəri Nəsimi RİH-in arxiv fondu üzrə 31 may 1995-ci il tarixli 272a saylı sərəncamının və ona əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim olunmuş və bildirilmişdir ki, həmin sərəncamın qüvvədə olub-olmaması barədə Dövlət Arxivinin Bakı Filialında hər hansı bir məlumat saxlanılmır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 272a nömrəli 31 may 1995-ci il tarixli sərəncamı ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 fevral 1995-ci il tarixli 18/03-8/93 nömrəli razılıq məktubu və təsdiq olunmuş layihə əsas götürülərək, İnqilab küçəsi, 2 saylı evin 175 saylı mənzilində yaşayan R.Hüseynova mənzilinin yararsız və yaşayış üçün təhlükəli olduğu nəzərə alınaraq, mənzilini rekonstruksiya etməsinə icazə verilmişdir. Bakı şəhəri Nəsimi RİH-in 272a saylı 31 may 1995-ci il tarixli sərəncamına əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakı şəhəri Nəsimi RİH başçısına ünvanlanmış 23 fevral 1995-ci il tarixli 18/03-8/93 nömrəli məktubunda qeyd olunmuşdur ki, Memarlıq və Şəhərsalma Baş İdarəsinə İnqilab küçəsi, 2 saylı evin 175 saylı mənzilində yaşayan vətəndaş R.Hüseynov müraciət edərək, yaşadığı mənzilin yararsız və yaşayış üçün təhlükəli olduğunu nəzərə alaraq sökülüb yenidən layihə əsasında tikintisinə icazə verilməsini xahiş etmişdir. Memarlıq və Şəhərsalma Baş İdarəsi vətəndaş R.Hüseynovun evinin sökülüb yenidən tikilməsinə etiraz etmir. Yaşayış evinin sahəsi gələcəkdə əsas məqsədlə istifadə edildikdə tikintiyə çəkilən xərclər ödənilməyəcəkdir. Bakı şəhəri Nəsimi RİH-in 272a saylı 31 may 1995-ci il tarixli sərəncamına əlavə edilmiş Nəsimi Rayon 59 saylı MİS tərəfindən təsdiq edilmiş 28 mart 1995-ci il tarixli aktda qeyd olunmuşdur ki, MİS əməkdaşları tərəfindən h/ş 144-də 175 nömrəli mənzildə vətəndaş X3 mənzilində yoxlama işi aparıldı və aşağıdakılar aydın oldu: - h/ş 144, mənzil 175 özəlləşdirilmiş mənzildir. Evin sahibi vətəndaş X6r. Onun mənzili 2 otaqdan 26 kv.m-dən ibarətdir. Ev köhnə tikilidir, taxta “fin” tipli evdir. Texniki baxış vaxtı aydın oldu ki, evin təmirə ehtiyacı vardır. Belə ki, ev taxta olduğundan, bütün taxtalar çürümüş, sökülmüş və dağılmışdır, qapılar və pıncərələr tam çürümüş və yararsız hala düşmüşdür. Evin damı uçmaq üzrədir, çünki bütün balkalar da çürümüşdür. H/ş 144 evin 175 nömrəli mənzilinin ümumi sahəsi 25m x 45m-dir. Bu evdə vətəndaş X3 əsaslı tikinti aparması üçün icazə verilməsi xahiş olunur. Akt RİH-ə təqdim edilməsi məqsədi ilə tərtib edildi. Məhkəmənin 17 avqust 2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC-dən aşağıdakı məsələ üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır: - Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binanın əlamətlərinə görə “mənzil” və ya “fərdi yaşayış evi” olmasının müəyyən edilməsi (mərtəbəliyi, giriş-çıxış imkanları, həyətyanı sahəsi və s. göstərilməklə). "xxxx" MMC-nin məhkəməyə təqdim olunmuş MB-16/1396 nömrəli rəyində aşağıdakılar qeyd olunmuşdur ki, - Ekspert qarşısında qoyulmuş sual üzrə Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 2, mənzil 175 ünvanında yerləşən binaya baxış keçirilmiş və müəyyən edilmişdur ki, yaşayış binası 4+zirzəmi mərtəbədən ibarətdir. Yaşayış binasının həyətyanı sahəsi, həyətyanı sahəyə ayrıca çıxışı var. Torpaq sahəsi texniki pasportda da öz əksini tapmışdır (24,4m x 45 m). Yaşayış binası hasara alınmışdır və dəmir darvazası var. Bu xüsusiyyətləri nəzərə alaraq, qanunvericiliyin tələblərinə, eləcə də daşınmaz əmlakın mövcud vəziyyətinə əsasən yaşayış binasının çoxmənzilli yaşayış binasına heç bir əlaqəsinin olmadığı, fərdi yaşayış evi olduğu müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 63-cü maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Torpaq islahatı haqqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş səınədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. İşin faktiki hallarından görünür ki, hazırkı İddiaçı ünvan 8 ünvanındakı daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlakın həmin qeydiyyatı “mənzil” kimi aparıldığından, iddiaçı həmin qeydiyyatda düzəliş olunaraq, əmlakın “fərdi yaşayış evi” qismində əks olunmasını və bununla yanaşı evin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun da qeydiyyata alınmasını istəyir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçıya məxsus əmlakın ünvanı “H.Əliyev küçəsi, ev 2, mənzil 175” göstərilsə də, məhkəmənin həmin ünvanda (H.Əliyev küçəsi 2) neçə mənzilin mövcud olması (qeydiyyata alınması) barədə məlumatın verilməsinə dair sorğusunu qeydiyyatı və ünvan reyestrini aparmaqda səlahiyyətli orqan kimi çıxış edən hazırkı cavabdeh cavablandırmamışdır. Bu isə belə nəticə yaradır ki, həmin ünvanda digər mənzillərin olması müəyyən edilmir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin əmlakın texniki pasportunda əmlak mənzil kimi deyil, fərdi ev kimi göstərilmiş, həmçinin onun yerləşdiyi torpaq sahəsi də əks olunmuşdur. Bu isə, qeydiyyatın əvvəlcədən mənzil qismində aparılmasının səhv addım olması ehtimalını daha da artırır. Nəzərə alınmalıdır ki, iş üzrə icraatda əmlakın qiymətləndirilməsi üzrə ixtisaslaşmış qurum kimi "xxxx" MMC-dən alınmış MB-16/1396 nömrəli rəyində yaşayış evinin həyətyanı sahəsinin, ayrıca çıxışının olması, hasara alınması və dəmir darvazasının mövcudluğu, bu xüsusatlar nəzərə alınaraq, onun mövcud vəziyyətinə əsasən çoxmənzilli yaşayış binasına aidiyyətinin olmadığı və fərdi yaşayış evi olduğunun müəyyən edildiyi bildirilmişdir. Məhkəmə həmçinin vurğulayır ki, İddiaçı mülkiyyətində olan daşınmaz əmlak (H.Əliyev küçəsi, ev 2, mənzil 175) göstəricilərinə görə Mənzil Məcəlləsində təsbit olunmuş “mənzil” anlayışı ilə deyil, “yaşayış evi (fərdi ev)”lə uzlaşır. Məhkəmə icraatında "xxxx" MMC-dən alınmış MB-16/1396 nömrəli rəydə qeyd olunanların təkzib olunması ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, məhkəmə həmin rəylə razılaşır və onu mötəbər sübut qismində qiymətləndirir. Sadalananların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında düzəliş olunaraq, həmin əmlak reyestrdə fərdi yaşayış evi qismində qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan 1.098 kv.m ölçüdə həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçının mülkiyyətinə keçmiş olur və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, fərdi yaşayış evinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1.098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verlməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi, həmin evin altındakı torpaq sahəsinin (1.098 kv.m) iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verlməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar