Məhkəmə qərarları › İş №2-1(112)-10492/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10492/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10492/2024 13.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, ona 2023-cü ilin oktyabr ayından, müraciət etdiyi tarixdən 01 iyul 2024-cü il tarixə qədər ünvanlı dövlət sosial yardımın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul olumasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehə müraciət etmiş və aztəminatlı ailə olaraq ünvanlı dövlət sosial yardımın verilməsini xahiş etmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə «Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi» əsas tutulmuş və xahişinə əməl edilməmişdir. Hazırda nikahı pozulmuşdur, iki azyaşlı - 3 və 5 yaşlı övladı onun himayəsindədir. Aliment ödənişindən əlavə ailəsinin gəliri yoxdur. İşləmir, ancaq övladlarının tərbiyəsi ilə məşğuldur. Qeyd olunan məlumatları cavabdehin tabeçiliyində olan qurumların alt sisteminə yerləşdirmiş və imtinanın səbəbi olaraq gəlirləri barədə hansı məlumat düzgün qeyd edilmədiyini cavabdeh və onun tabeliyində olan qurumlar nə şifahi, nə də yazılı açıqlamır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, mövcud vəziyyətdə ailənin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda, sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər birbaşa təmsilçinin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın çıxarılmasında həmin məlumatlardan istifadə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən "Ərizə-bəyannamə"də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Eyni zamanda sözügedən məsələ ilə bağlı analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi-məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) əsasən: - maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; - maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. - maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. - maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. - maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. - maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. - maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. - maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. - maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən: - bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. -bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. - bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X3 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. - bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. - bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. - bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. - bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə, sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. İş materiallarından görünür ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı ilk dəfə xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən ailə üzvü X2 ailə tərkibində qeyd edilməməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı daha sonra xx.xx.2024-cü ildə yenidən cavabdehə müraciət etmiş, cavabdeh abonent kodu barədə məlumatın gizlədilməsi və ailənin gəlirləri barədə məlumatin düzgün göstərilməməsi əsası ilə iddiaçıya imtina cavabı vermişdir. İddiaçının xx.xx.2024-cü ildə ünvanlı dövlət sosial yardımın təyini ilə bağlı müraciəti cavabdeh tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı növbəti dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh eyni əsasla, yəni ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə yenidən iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İşdən görünür ki, iddiaçı sonuncu dəfə 2024-cü ilin iyun ayında cavabdehə müraciət etmiş və ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İddiaçı hazırda cavabdehə etdiyi ilk müraciət tarixindən, yəni 2023-cü ilin oktyabr ayından mürcaiətinin təmin olduğu 01 iyul 2024-cü il tarixə kimi olan dövrə görə ona ünvanlı sosial yardımın verilməsini, daha doğrusu, ona ünvanlı dövlət sosial yardımının xx.xx.2023-cü il tarixdən təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2). Qeyd edilməlidir ki, cavabdehin iddiaçının müraciətinə verilən imtina cavabları iddiaçı tərəfindən İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətdə məhkəmə qaydasında mübahisələndirilməmiş, bununla da cavabdehin həmin qərarları qüvvəyə minmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, həmin imtinalar, inzibati akt olaraq ləğv edilməmişdir (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və hazırda da qüvvədədir, bu səbəbdən iddiaçıya ünvanlı sosial yardım xx.xx.2023-cü il tarixdən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından əsaslı deyildir. Bundan əlavə, işdən görünür ki, iddiaçının xx.xx.2024-ci il tarixli, **********36101 nömrəli müraciətinə təmsilçi tərəfindən qaz abonent kodunun qeyd olunmaması və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsasları ilə imtina verilmişdir. Belə ki, müraciətin araşdırılması zamanı keçirilmiş maddi-məişət şəraitinin müayinəsində təmsilçinin ərizə-bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda uyğunsuzluq aşkar edilmiş, maddi-məişət şəraitinin müayinəsində müvafiq ünvanda qaz sayğacı və evə qaz xətti gəlməsi aşkarlanmışdır. Həmçinin iddiaçı ərizə- bəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1280 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı ona atası tərəfindən son bir ilin 8 ayında 200-300 manat arası maddi yardım olunduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan onun gəlirləri ərizə- bəyannamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin 700-800 manat olmasını bildirmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli **********36102 nömrəli müraciətinə baxılarkən, iddiaçının qeyd etdiyi ünvanda maddi-məişət şəraitinin müayinəsi zamanı 2023-cü ilin avqust ayından iki uşağa görə 440 manat və əlavə 100 manat olmaqla, 540 manat aliment təyin edilmiş və 2520 manat ödənildiyini bildirmişdir. Həmçinin iddiaçı ərizəbəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1500 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı ona atası tərəfindən 2023-cü ilin sentyabr ayınadək 300 manat maddi yardım olunduğunu bildirmiş və nəticədə məbləğlər arasında uyğunsuzluq yaranmışdır. Bundan başqa, müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan (nikahın pozulması barədə məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir) onun gəlirləri ərizə-bəyannamədə ailənin gəlirlərində öz əksini tapmamış, lakin maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı keçmiş ərinin tikintidə çalışması və aylıq gəlirinin təqribi 800 manat olmasını bildirmişdir. Buna görə də həmin müraciətə isə təmsilçi tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə imtina verilmişdir. xx.xx.2024-cü il tarixli **********36103 nömrəli müraciətə baxılması nəticəsində aşkar edilmişdir ki, iddiaçının qeyd etdiyi ünvanda maddi-məişət şəraitinin müayinəsi zamanı xx.xx.2023-cü il tarixdə nikahı pozulmuşdur, həmin ilin avqust ayında 540 manat aliment təyin edilmiş və oktyabr ayından ödənilir, lakin ərizə-bəyannamənin aliment hissəsində 3200 manat bəyan edilmişdir. Həmçinin iddiaçı ərizə-bəyannamənin digər ailələrdən alınmış gəlirlər bölməsində 1800 manat bəyan etsə də, maddi-məişət şəraitinin müayinəsi zamanı iddiaçı ona atası tərəfindən 2023-cü ilin oktyabr ayınadək 300 manat maddi yardım olunduğunu bildirmişdir. Bundan başqa müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində iddiaçının keçmiş əri onun ailə üzvü hesab olunduğundan onun gəlirləri ərizəbəyannamədə ailənin gəlirlərində öz əksini tapmamışdır. Buna görə də müraciətə təmsilçi tərəfindən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi əsası ilə imtina verilmişdir. Məhkəmə ailənin gəlirlərinin tam və düzgün olaraq müəyyən edilmədən ünvanlı sosial yardımın təyin edilməsinin qanunvericiliklə mümkün olmadığını və məlumatlardakı uyğunsuzluğun müraciətin təmin edilməsindən imtina əsası kimi müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, cavabdeh bu imtinaları əsaslı olmuşdur. Lakin işdən o da görünür ki, iddiaçı sonuncu dəfə cavabdehə iyun 2024-cü il tarixdə müraciət etsə də, ona ünvanlı dövlət sosial yardımı xx.xx.2024-cü il tarixdən təyin edilmişdir. Halbuki Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, ona xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar