Məhkəmə qərarları › İş №2-1(112)-10497/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10497/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10497/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyinat tarixinin dəyişdirilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək sosial müavinətinin ödənilməsi, yəni 2022-ci ilin mart ayının 29-dan həmin ilin dekabr ayının 31-dək olan 9 (doqquz) aylıq dövr üçün ödənilməli olan 1.365 manat sosial müavinət məbləği olan pul vəsaitinin iddiaçıya bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 2004-cü il tarixdə Lənkəran şəhərində anadan olmuş, hal-hazırda da ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kursunda əyani yolla ali təhsil alır. Doğuş travması ilə dünyaya gəlmişdir. Anadangəlmə gözdən xəstədir, bir gözü ümumiyyətlə görmür, digər gözü isə çox zəif görür. Doğulduqdan sonra valideynləri 3 il gözünü müalicə etdirmiş, onu demək olar ki, bütün aidiyyatı xəstəxana və həkimlərin miüayinələrindən keçirmiş, lakin artıq, ən peşəkar həkimlərin qoyduqları diaqnozla məlum olmuşdur ki, hazırki anda tibb elmində sözügedən xəstəliyin müalicəsi yoxdur və yaxın gələcəkdə də bu mümkün deyildir. Beləliklə, doğulduqdan 3 il sonra, müvafiq aidiyyatı qurumun və ya həkimlərin məsləhəti, həmçinin TSEK-ə göndərişi ilə "OD-Göz almasının subatrofıyası, DZU nahiyəsində koloboma, torlu qişanın qopması, anadangəlmə katarakta" diaqnozu qoyulmuş və yalnız bundan sonra, sağlamlıq imkanları məhdud uşaq olaraq DSMF-dən xx.xx.2007-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (yəni, 18 yaşına çatanadək) sağlamlıq imkanları məhdud uşaqlara verilən sosial müavinəti, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü qanuni nümayəndəsi (anası) almışdır... xx.xx.2022-ci il tarixdə 18 yaşı tamam olan kimi sağlamlıq imkanları məhdud məhdud uşaqlara verilən sosial müavinətin, həmçinin Prezident təqaüdünün ödənilməsinin dayandırılacağını bildiyi üçün öncədən mart ayının əvvəllərindən bununla bağlı tədbirlər görülməsi üçün X10 1 nömrəli Poliklinikasına müraciət etmişdir. Poliklinikada onu aidiyyəti üzrə Zülfiyyə xanım adlı göz həkiminin yanına göndərmişlər. Həmin həkim iddiaçını müayinə etmiş, müvafiq sənədlər tələb etmiş və müvafiq sənədlər tələb edilmiş, uşaqlıqdan aldığı müalicələrə dair əksər sənədlərin surətləri təqdim edilmişdir. Həkim iddiaçıda saxlanılması tələb olunmayan və onlara təqdim edilməyən tibbi sosialekspert komissiyasının TSEK-də müayinə aktını, daha sonra, hansı dövrdən hansı dövrədək hansı məbləğdə müavinət və Prezident təqaüdü almağı ilə bağlı arayış və bir sıra digər sənədlər tələb etmiş, iddiaçı həmin sənədlərin aidiyyəti müvafiq qurumların elektronbaza sistemində mövcud olduğunu bildirib bürokratik əngəllərə son qoyulmasını xahiş etmiş, lakin həkim tələb etdiyi sənədlər təqdim edilməyincə ona tibbi ekspert komissiyasına göndəriş verilməyəcəyini bildirmişdir. İddiaçı tərəf lazımi sənədləri müxtəlif vasitələrlə əldə edərək poliklinikaya təqdim etmişlər. Bundan sonra, müvafiq həkim müayinələrindən keçməklə və müvafiq göndəriş almaqla, 23 may 2022-ci il tarixdə X9 adma Milli Oftolmologiya Mərkəzində yerləşən tibbi ekspert komissiyasından keçməklə, həmin komissiyanın xx.xx.2022-ci il tarixli, 5324 saylı tibbi rəyini alıb gətirib Zülfiyyə xanıma təqdim etmiş, poliklinikaya təqdim etmişdir. Həkim yaxın günlərdə iddiaçını çağıracağını bildirirərək qeyd etmişdir ki, poliklinikada komissiyadan keçməklə əlilliyinin qiymətləndirilməsi məqsədilə elektron sənəd altsistem üzərindən dərhal TSEK-ə göndəriləcək, TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında iddiaçının məlum əlilliyini qiymətləndirərək, əlilliyinin müəyyən olunmasına dair qərar qəbul edəcək və beləliklə ən qısa müddət ərzində onun sosial müavinətinin ödənişi bərpa olunacaqdır. Lakin iddiaçı müraciətinin üzərindən müəyyən müddət keçdikdən sonra hər hansı bir addım atılmadığını görüb şikayətlər etməyə başlamış, ötən müddət ərzində iddiaçı şəxsən özü, həm atası dəfələrlə X10 1 nömrəli Poliklinikasına get-gəl etmiş, həkimə zənglər etmiş, onun məsələsinin həlli istiqamətində addım atmasını, qanuna müvafiq hərəkət etməsini xahiş etmiş, lakin həkimdən ancaq laqeydlik, biganəlik, süründürməçilik və kobud rəftar görmüşdür. 2022-ci ilin sentyabr ayında sonuncu zəngi zamanı həkimdən şəxsən şikayət edəcəyini bildirdikdə həkim artıq qaydaların dəyişildiyini, əvvəllər işi çox olduğu üçün vaxt məhdudluğundan səhlənkarlıq etdiyini, hazırda təqsirinin olmadığını, şikayətləri dayandırmağı, yenidən müvafiq həkim müayinlərindən keçməklə ondan göndəriş almaqla X9 adına Milli Oftolmologiya Mərkəzində yerləşən tibbi ekspert komissiyasından keçməklə, həmin komissiyanın tibbi rəyini yenidən alıb gətirib ona təqdim etməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı yenidən şikayətlər etməyə başlamış, sonuncu, xx.xx.2022-ci il tarixli şikayətinin X10 1 nğmrəli Poliklinikasına şəxsən təqdim edilməsindən 1 gün sonra, həmin Poliklinikaya yeni təyin edilmiş müdir tərəfindən onlarla əlaqə saxlanılaraq şikayətlərinin haqlı olduğunu, barəsində şikayət olunan Zülfiyyə adlı həkimin qanunsuz hərəkətləri ilə bağlı ondan izahat alındığını, onun barəsində qanuna müvafiq tədbirlər görüləcəyini bildirdi və 1 nömrəli Poliklinikaya dəvət olunmaqla, həkimin səhvindən də olsa artıq həmin vaxtdan xeyli müddət keçdiyindən və bəzi prosedur qaydaları dəyişilməklə yenidən Z.Əliyeva adına MOM-a getməklə müvafiq müayinədən keçməyinə zərurət yarandığını bu prosedurları yenidən həyata keçirməyə zərurət yarandığını bildirmişdir. Xahişi nəzərə alaraq müvafiq yoxlamalardan keçib, sənədləri yenidən əldə edərək 1 nömrəli Poliklinikaya təqdim etmiş, poliklinikadan isə ona ən qısa müddət ərzində göndərişin doldurularaq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiyinə təqdim ediləcəyi bildirilmişdir. 10 gündən çox gözlədikdən və ona heç bir məlumat verilmədiyini gördükdən sonra ərazi üzrə DOST mərkəzinə yaxınlaşıb məlumat əldə etmək istədikdə isə ona məlum oldu ki, Tibbi Sosial Ekspertiza və X4, Dövlət səhiyyə müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilməklə ünvanlanmış göndərişə natamam doldurulması səbəbi ilə xx.xx.2022-ci il tarixdə imtina cavabı verilmişdir. İmtinanın səbəbi isə "Dövlət səhiyyə müəssisəsi tərəfindən göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Z.Əliyeva adına MOM-dan “tibbi rəy SN-nin revestrində tapılmadı" olaraq qeyd edilmişdir... Daha sonra etdiyi şikayətdə konkret tədbir görülməsini və qanunsuzluqlara yol vermiş şəxslərin müəyyən edilərək cəzalandırılmasını tələb etmişdir. Təkrarən müvafiq qaydada ona qarşı məqsədli süründürməçilik hərəkətlərinə yol verməklə, əlilliyinin qiymətləndirilməsinə və bununla bağlı sosial müavinətinin alınmasına mane olmuş müvafiq qurumların səlahiyyətli şəxslərinin və məsul əməkdaşının barəsində qanuna müvafiq surətdə tədbir görülməsindən, təqdim etdiyi sənədlərə və keçirilmiş müayinəlarin nəticələrinə, o cümlədən tibbi ekspert komissiyasının müvafiq tibbi rəyinə əsasən, əlillik dərəcəsinin müəyyən olunmaqla, 2022-ci ilin aprel ayından hazırkı vaxtadək ödənilməli olan sosial müavinətlərinin hesablanmaqla tam şəkildə ona ödənilməsindən ötrü sərəncam verilməsini xahiş etmişdir. Nəhayət 9 aydan sonra, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şikayətləri qismən təmin edilərək, gözdən əlilliyi təsdiqlənərək, ona, "QD-Torlu qişanın qopması. Mikrokornea. VtSOD=0(sıfır). VİSOS-0.8k/e(onda səkkiz) diaqnozu ilə əlillik və va sağlamlıq imkanlarımın miiddətsiz məhdudluğu təyin edildi. Ərazi aidiyyatı üzrə Nərimanov rayonunun ərazisində yerləşən DOST mərkəzi tərəfindən iddiaçıya bununla bağlı 23 fevral 2023-cü il tarixdə müvafiq pensiya kartı verildi. Pensiyanı alan zaman iddiaçıya bəlli olmuşdur ki, iddiaçıya yalnız, 2 ayın, 2023-cü ilin yanvar və fevral aylarının pensiya məbləği ödənilmiş, 2022-ci ilin aprel ayından həmin ilin dekabr ayının sonunadək 9 aylıq dövr üçiln ödənilməli olan pensiya məbləği olan pul ödənilməmişdir. Bundan sonra, 16 mart 2023-cü il tarixli təkrar və ən sonuncu şikayət ərizəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və həmin nazirliyin tabeliyindəki digər müvafiq səlahiyyətli qurumlara, o cümlədən Ombudsmana müraciət edərək, yuxarıda qeyd edilən xüsusatları da qeyd etməklə, nəticə etibarı ilə, pozulmuş hüquqlarının bərpa edilməsini, 2022-ci ilin aprel ayının 1-dən həmin ilin dekabr avının 21dək olan 9 (doqquz) aylıq dövr ücün ödənilməli olan 1.350 manat pensiva məbləği olan pul vəsaitinin ona ödənilməsi ilə bağlı sərəncam verilməsini xahiş etmişdir...xx.xx.2021-ci il tarixindən əlilliyin təkra qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir... İnzibati orqanın istinad etdiyi, yuxarıda qeyd etdiyi məqamla bağlı iddiaçı bildirir ki, həmin qurum sözü gedən nüanslara istinad edərkən ciddi qanun pozuntusuna yol vermişdir. Çünki, elə məhz, inzibati orqanın özünə və tabeliyində olan, hazırki inzibati iş üzrə digər cavabdehlərə onlarla ərizə, məktub, şikayət və müraciətləri mövcuddur ki, həmin müraciətlərilə də sübut olunur ki, iddiaçı məhz intizamlı şəkildə əlilliyinin müddətinin xx.xx.2022-ci il tarixində bitməsindən öncə müvafiq quruma və ya tibb müəssisəsinə müraciət etmiş, müvafiq həkim müayinələrindən keçməklə və müvafiq göndəriş almaqla, 23 may 2022-ci il tarixdə X9 adına Milli Oftolmologiya Mərkəzində yerləşən tibbi ekspert komissiyasından keçmişdir ki, bununla bağlı həmin komssiyanın xx.xx.2022-ci il tarixli, 5324 saylı tibbi rəyi mövcuddur və müvafiq tibb müəssisəsinə təqdim edilmişdir. Əlilliyimin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi müvafiq tibb müəsisəsinin və bilavasitə hazırki inzibati mübahisə üzrə cababdehin qanunsuz hərəkətlərinin nəticəsində baş vermişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçı, 23 may 2022-ci il tarixdə X9 adma Milli Oftolmologiya Mərkəzində yerləşən tibbi ekspert komissiyasından keçmişdir ki, bununla bağlı həmin komssiyanın xx.xx.2022-ci il tarixli, 5324 saylı tibbi rəyi mövcuddur və həmin rəylə də onun əlilliyi təsdiq olunmuşdur. İddiaçı hesab edir ki, iddiaçının ərizəsinə baxılması ilə əlaqədar cavabdeh - inzibati orqan tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh-inzibati orqan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarı qəbul etməyə borclu olduğu halda bunu etməmiş, “qərar” hesab etdiyi qanunsuz və şablon məktubunu isə kifayət qədər və ya ümumiyyətlə əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin - mənim şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Sonradan iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlərin sırasından xaric edilməsi, eyni zamanda iddia tələbinin “əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixdən, əlilliyinin bitdiyi xx.xx.2022-ci il tarixinə dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iş üzrə cavabdeh kimi prosessual iştiraklarına xitam verilmişdir. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə X5 xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “Diaqnozun mətni: Torlu qişanın qopması və cırılması, Tor qişanın seroz qopması (H33.2) OD-Torlu qişanın qopması. Mikrokornea. xx.xx.2022 Tibbi rəy N 5324 MOf.M.VİSOD=0(sıfır).VİSOS-0.8 k/e (onda səkkiz); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Z.Əliyeva adına MOM-dan tibbi rəy SN-nin reyestrində tapılmadı” əsası ilə Mərkəzə geri göndərilmişdir. Daha sonra X5 xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə baxılaraq müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Göründüyü kimi İddiaçı qızının X7 xx.xx.2022-ci il tarixli göndərişi əsasında əlilliyinin qiymətləndirilməsi zamanı “Göndərişin natamam doldurulması - Səbəb: Z.Əliyeva adına MOM-dan tibbi rəy SN-nin reyestrində tapılmadı” əsası ilə göndəriş geri göndərilmiş, yəni həmin vaxt üçün göstərilən səbəbə görə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirmə göstərilən səbəb aradan qalxdıqdan sonra isə ona tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında həmin tarixdən müddətsiz əlillik dərəcəsi verilmişdir. Bu səbəbdən də, iddiaçının əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixdən qeyd olunması tələbi əsassız və qanunsuzdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddiaçı bununla bağlı əvvəlcə cavabdeh inzibati orqan da daxil olmaqla, müxtəlif dövlət orqanalrına müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2004-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası vətəndaşıdır. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli, **********3 saylı arayışından görünür ki, iddiaçı X8 “Sosial ödənişlər” altsisteminə əsasən, Nazirliyin tabeliyində X11 Fondundan xx.xx.2007-ci ildən xx.xx.2022-ci il tarixə kimi sağlamlıq imkanları məhdud uşaqlara verilən sosial müavinəti, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixə kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. -X9 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5324 nömrəli tibbi rəyin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı müayinə edilmiş və onun xəstəlikləri müəyyən edilmişdir. -Tibbi Sosial Ekspertiza və X3 çıxarışın surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, G00042728XLC nömrəli Forma 88 asasında iddiaçının əlillik vəziyyəti yoxlanılmış və xx.xx.2022-cı il tarixli qərarla “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Z.Əliyeva adına MOM-dan tibbi rəy SNnin reyestrində tapılmadı” səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasının 13 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, İddiaçı orqanizmin 50% funksiyasının pozulması, diaqnoz: OD-Torlu qişanın qopması. Mikrokornea. VİSOD=0(sıfır). VİSOS-0.8 k/e (onda səkkiz); əlilliyin ümumi səbəbi: ümumi xəstəlik=>gözdən əlil, əlillik meyarı: 8.1.4. gözün və gözün əlavə aparatının xəstəlikləri =>görmə itiliiyi=>görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,5, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik müəyyən edilmişdir. Hazırkı iddia üzrə işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı və məqsədi ona təyin edilmiş əlilliyin təyinat tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilməsi və nəticədə əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək sosial müavinəti almaqdan ibarətdir. İddiaçı ona əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən əlillik təyin edilməsini istəyir və tələbinin hüquqi əsası kimi X9 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli, 5324 nömrəli tibbi rəyinə istinad edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanundan: -3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”ndan: -1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: -1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. -2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. -2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Göründüyü kimi, qanunvericilik əlilliyin qiymətləndirilməsi, müəyyən edilməsi və ya imtina edilməsini səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş göndəriş əsasında həyata keçirilməli olması ilə şərtləndirmiş, həmçinin müvafiq göndərişi verə bilən tibb müəssisələrinin siyahılarını, o cümlədən göndərişin tərtib edilmə prosedurunu müəyyən etmişdir. Belə ki, qanunverici şəxsin əlilliyinin qiymətləndirilməsi barədə yekun qərarın qəbulu səlahiyyətini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə aid etsə də, əlilliyin qiymətləndirilməsini tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən müvafiq formada tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsini məcburi sayır. Həmçinin, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu baxımdan hazırkı tələb üzrə iddiaçıya yalnız müvafiq tibb müəssisəsinin göndərişi əsasında əlillik vəziyyəti qiymətləndirildiyi halda əlillik dərəcəsi verilə bilərdi. Lakin işin araşdırılan və mübahisələndirilməyən halları ilə müəyyən edilmişdir ki, iddiaçının barəsində müvafiq həkim-məsləhət komissiyası tərəfindən müayinənin nəticələrinə dair tibbi-sosial ekspertiza müayinəsinə göndəriş xx.xx.2022-ci il tarixdən sonra ilk dəfə 8 ay sonra, yəni xx.xx.2022ci il tarixdə tərtib edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində fəaliyyət göstərən TSEK-ə təqdim olunmuş, şəxsin əlilliyi həmin göndəriş əsasında qiymətləndirilərək “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Z.Əliyeva adına MOM-dan tibbi rəy SN-nin reyestrində tapılmadı” əsası ilə imtina verilmiş, növbəti göndəriş üzrə müayinə nəticəsində isə ona xx.xx.2022-ci il tarixdə əlillik dərəcəsi təyin edilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi X9 adına Milli Oftamologiya Mərkəzi tərəfindən verilmiş 23 may 2022-ci il tarixli tibbi rəy əlilliyin müəyyən edilməsinə imkan verən sənəd (tibb müəssisəsinin göndərişi) hesab edilmədiyindən, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı hüquqlarının pozulmasında cavabdehin hər hansı hərəkəti müəyyən edilmir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar