Məhkəmə qərarları › İş №2-1(112)-105/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-105/2020

28.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-105/2020 28.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, 3-cü şəxsin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Səbail rayonu, C.Hasilov küçəsi ev 89, mənzil 3; ixtisası: ali; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi, Kadrlar bölməsinin inspektoru ədliyyə baş leytenantı) iştirakı ilə, iddiaçı -İddiaçı cavabdeh -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (3-cü şəxs - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi) qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya İ və ya İİ qrup ömürlük əlillik öhdəliyi ilə cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1919/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. (hakim A.Abdullayeva) “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş materiallarından görünür ki, məhkəmə İPM-in 13-cü maddəsini rəhbər tutaraq iddiaçıya hüquqi yardım məktubu göndərərək, iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan müvafiq iddia növünə uyğun (konkret göstərilən cavabdehin üzərinə hansı öhdəliyin qoyulması barədə qərar qəbul edilməsi kimi) dəqiqləşdirməyi təklif etmişdir. Daha sonra iş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli yazılı vəsatətləri nəzərə alınaraq iddia tələbinin “İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi və əlilliyin birinci göndərişdən, xx.xx.2019-cu il tarixdən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı diffuz toksiki ur, ağır zəhərli zob diaqnozu ilə iddiaçı 2014-cü il may ayından əziyyət çəkirdi və 2014-cü ilin may ayından iyulun sonunadək ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müalicə müəssisəsində birinci dəfə müalicə və müayinə olunmuşdur. Axırıncı dəfə 2017-ci ilin avqustundan 2018-ci ilin may ayınadək xəstəxanada müalicə almış və həmin dövrdə yəni fevral ayında cərahiyyə əməliyyatı ilə həyati vacib orqan (qalxanabənzər vəz) tamamilə götürülmüşdür və artıq diffuz toksiki ur qalxanabənzər vəz orqanının olmaması ilə əlaqədar həkimlər tərəfindən həmin orqanı əvəz edən ömürlük dərman preparatları təyin edilmişdir. İddiaçı müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir, lakin cavabdeh imtina etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını (münasibətini) onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 4449003AAA5E saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4449003AAA5E saylı göndərişin təhlili göstərdi ki, xəstəliyi xx.xx.2013-cü il tarixdə başlamışdır. Göndərişdə əsas xəstəlik kimi “Yod çatmamazlığı ilə bağlı diffuz (endemik) ur, diffuz toksiki ur” xəstəliyi qeyd edilmişdir. Ağırlaşma kimi isə “Dərmanların və digər ekzogen maddələrin təsiri nəticəsində əmələ gəlmiş hipotireoz, strukektomiya cərrahi əməliyyatından sonrakı hipotireoz” xəstəliyi qeyd edilmişdir. Lakin nə diaqnozda, nə göndərişin “TSEK-ə göndərilərkən xəstənin vəziyyəti” bölməsində hipotireozun ağırlıq dərəsi barədə məlumat qeyd edilmir, orqanizmdə törətdiyi funksional pozuntular əks etdirilmir. Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.7. bəndinə əsasən "endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər" olduğu hallar ikinci dərəcə əlilliyin təyininə əsas verir. Lakin İddiaçı rəsmiləşdirilmiş göndərişdə “strumektomiya əməliyyatından sonrakı hipotireoz”un orqanizmdə törətdiyi funksional dəyişikliklər əksim tapmadığı üçün əlilliyin təyinatı mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1 (81)-1919/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 17 nömrəli TSEK-in həkim ekspert terapevti Arzu Teymurova və 18 saylı TSEK-in həkim ekspert terapevti tərəfindən İddiaçı ƏN Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində müayinə olundu. Müayinənin nəticəsində ekspert qarşısında qoyulan suala cavab olaraq bildirilir ki, hazırda göndərişdə qeyd edilmiş hipotirioz üçün xas olan klinik əlamətlərin tam olmaması, hiporireozun ağırlıq dərəcəsi, törətdiyi funksional dəyişiklər müəyyənləşdirilmədiyinə görə əlillik dərəcəsinin təyini mümkün deyil. İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 4449003AAA8D saylı göndərişi əsasında xx.xx.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4449003AAA8D saylı göndərişin təhlili göstərdi ki, göndərişdə əsas xəstəlik kimi “Tireotoksikoz [hipertireoz], diffuz toksiki ur” xəstəliyi qeyd edilmişdir. Ağırlaşma kimi isə “Digər cərrahi əməliyyatlar, total strumektomiyadan sonrakı vəziyyət, entroid" xəstəliyi qeyd edilmişdir. Göndərişin status lokalis bölməsində və köməkçi diaqnostik müayinələr və laborator müayinələrin nəticələrində qeyd edilmiş məlumatlar xəstədə total strumektomiyadan sonra əlilliyin təyininə əsas verən ağırlaşmaların olmadığını göstərir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və xəstəliyin ağırlaşmaları əlilik dərəcəsini qiymətləndirmək üçün yetərsiz olduğundan əsaslı olaraq imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarı ilə, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə dəyişiklər edilmişdir. Həmin dəyişiklərə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Həmin Əsasnamənin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə "Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş hər iki göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir. Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarı verilmişdir.Qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, İddiaçı əlilliyin təyini istiqamətində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və tabeli tibbi-sosial ekspert komissiyaları tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 3-cü şəxs iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Penitensiar müəssisədə cəza çəkdiyi dövrdə məhkum İddiaçı tibbi xidmət daim əlçatan olmuş, hər bir müraciəti zamanı şikayətlərinə uyğun olaraq tibbi yardım göstərilmişdir. İddiaçı xx.xx.2012-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olmuş, cəza müddəti təyin edildikdən sonra xx.xx.2013-cü il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsinə, xx.xx.2016-cı il tarixdə Şəki penitensiar müəssisəsinə köçürülmüşdür. Azadlıqda düçar olduğu ağciyərin xroniki xəstəliyi ilə bağlı İddiaçı dispanser nəzarətinə götürülmüş və mütəmadi olaraq ambulator müayinə və müalicələrə cəlb edilmişdir. 2014-cü ilin may ayında İddiaçı ürək döyünmə, təngnəfəslik yarandığı üçün Müalicə müəssisəsinə (MM) köçürülmüş və “diffuz toksiki ur” xəstəliyi ilk dəfə aşkar edilmişdir. O, həkim-endokrinoloqda konsultasiya olunmuş, qalxanabənzər vəz instrumental müayinədən keçirilmiş və endokrinoloqun təyinatı ilə müalicə aparılmışdır. Sonrakı dövrdə İddiaçı səhhətinə Tibb-sanitar hissəsində (TSH) və 2015- 2017-ci illərdə MM-də olduğu 3 (üç) halda aparılan müayinələrlə nəzarət edilmiş, bir neçə dəfə endokrinoloqun konsultasiyası olmuş, təyinatlarına korreksiyalar edilmişdir. Qalxanabənzər vəzin funksiyası ilə bağlı narahatçılığı yenidən təzahür etdiyinə görə 2017-ci ilin avqust ayında İddiaçı MM-nə köçürülmüş, endokrinoloqun nəzarəti altında müalicə kursu həyata keçirilmiş, lakin qalxanabənzər vəzin funksiyasını tənzimləmək mümkün olmadığından 2017-ci ilin noyabr ayında Səhiyyə Nazirliyi X4 endokrinologiya şöbəsinin rəisi ilə konsultasiya edilmiş və o, İddiaçı müalicə kursu təyin etmişdir. Həmin ilin dekabr ayının ikinci on günlüyündə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı cərrah-endokrinoloq İddiaçı bir daha konsultasiya edilərək müalicənin gedişini və nəticələrini qiymətləndirilmiş və konservativ müalicənin gözlənilən effekt vermədiyi səbəbindən cərrahi müdaxilə məqsədəuyğun saymışdır. Məhkum cərrahi əməliyyat öncəsi ümumi möhkəmləndirici müalicələrə cəlb edilmiş və xx.xx.2018-ci il tarixdə cərrahendokrinoloq tərəfindən “Total tireoidektomiya” (qalxanabənzər vəzin cərrahi əməliyyatla çıxarılması) əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyat və ondan sonrakı dövr fəsadsız keçmiş, yaralar tam sağalmışdır. Sonrakı müddətlərdə İddiaçı səhhətinə həkim nəzarəti davam etdirilmiş, digər xroniki xəstəlikləri ilə bağlı verilmiş mülaicələrlə yanaşı endokrinoloqun təyinatı icra edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayının ortalarına qədər MM-də olduğu dövrdə İddiaçı əlilliyi ilə bağlı məsələ qaldırmış və səhhətinin hazırki durumu, müayinələrin nəticələri Tibbi Sosial Ekspertiza X2 (TSERAS) daxil edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası (TSEK) məsələyə baxaraq əlavə müalicəyə ehtiyacın olmasını əsas götürmüş, ətraflı ixtisaslı müalicə və müayinələrin aparılmasını tövsiyə etmiş, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Göründüyü kimi İddiaçı penitensiar müəssisələrdə olduğu müddətdə tibbi xidmətlə tam əhatə olunmuş, onun müayinə və müalicələrinə SN-nin yüksək ixtisaslı endokrinoloqu cəlb edilmiş, onların təyinatı əsasında tibbi təyinatlar həyata keçirilmiş, cərrah- endokrinoloqun tövsiyəsi ilə onun tərəfindən cərrahi əməliyyat icra edilərək qalxanabənzər vəzi çıxarılmış, səhhəti stabilləşmişdir.Əlillik dərəcəsinin təyini ilə bağlı müraciəti zamanı da normativ hüquqi sənədlərin tələblərinə uyğun işlər görülmüşdür. Bununla yanaşı iddiaçının ərizəsində qeyd etdiyi Tibb Baş İdarəsinə aid suallarla bağlı aşağıdakılar bildirilir: Sual 4.1.1: Mənim "Qalxanabənzər vəz” orqanın əməliyyatla tam (total) olaraq götürülməyibmi? Cavab: Qalxanabənzər vəz İddiaçı total götürülmüşdür. Sual 4.1.2: “Qalxanabənzər vəz” orqanı hədəf orqanı sayılır yoxsa yox? Cavab: Qalxanabənzər vəz hədəf orqanı sayılmır. Sual 4.1.3: Endokrinolojı olaraq nəzarət funksiyasını orqanizmdə “Qalxanabənzər vəz” orqanı yerinə yetirirmi? Cavab: Qalxanabənzər vəz öz hormonları ilə maddələr mübadiləsində iştirak edir, endokrinolojı vəzdir, lakin orqanizmin digər endokrinolojı vəzilərinin funksiyalarına nəzarət etmir. Sual 4.1.4: “L-Troksin” dərman preparatını qəbul etməsəm bu hal ölümlə nəticələnə bilərmi? Cavab: “L-Troksin” dərmanı qalxanabənzər vəzin hormonudur. Qalxanabənzər vəz olmadıqda qanda tələb olunan vəzin hormonlarını əvəzləyir. Uzun müddət bu tablet qəbul edilmədikdə müəyyən fəsadlar yarana bilər, lakin qəfləti ölüm halı baş verə bilməz. Sual 4.1.5: MM-nin baş həkimi Nicat Cəlilov vitekə niyə “toksiki ur” diaqnozu göndərib və bu doğrudurmu? Baş həkimin hərəkində qərəz və qıcıq yoxdurmu? Cavab: Beynəlxalq təbabətdə xəstəliklərin diaqnozu xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı ilə (sonuncu XBT 2012-ci il) müəyyən edilir. Xəstəliyin diaqnozu “Diffuz toksiki ur” kimi qeyd olunur. Bəzi təsnifatlarda həmin diaqnoz kliniki olaraq “Diffuz toksiki zob” kimi qeyd olunur. Yəni TSEK-ə göndərilən diaqnoz İddiaçı mövcud patalogiyanın diaqnozudur. Əlilliyin müəyyən edilməsi barədə məlumat bazaya (TSEK-ə) yalnız XBT-dəki diaqnozlara uyğun olaraq daxil edilir. Bu N.Cəlilovun iradəsindən asılı deyil, həmçinin diaqnoz təkcə N.Cəlilov tərəfindən deyil, MMdə faliyyət göstərən X3 (HKM) tərəfindən müəyyənləşdirilir. Sual 4.1.6: 2014-cü ilin may ayından 2018-ci ilin fevral ayına qədər “ağır toksiki zob", “aretmiya” “taxikardiya” ilə müalicə olunmamışammı? Əməliyyat niyə gecikdirilib? 4 il mən bu xəctəliklərlə niyə iztirab çəkmişəm? Bu gün bu orqan əhəmiyyətsiz görülürsə niyə vaxtında görtürülmürdü? Cavab: İddiaçı cərrahi əməliyyat gecikdirilməmişdir. Yuxarıda qeyd edildiyi kimi onun müalicəsi endokrinoloq tərəfindən tənzimlənmişdir. Hətta 2017-ci ildə MM-də olarkən ona baxış keçirilmiş cərrah-endokrinoloq növbəti bir cəhd kimi bir kurs konservativ müalicə təyin etmiş, müsbət nəticə əldə edilmədikdən sonra cərrahi müdaxiləyə əl atılmışdır. Çünki qalxanabənzər vəzin bu cür patalogiyalarında həkim endokrinoloqlar konservativ müalicələrlə vəzi saxlamağı, fəaliyyəti tənzimləməyi məqsədəmüvafiq sayırlar. Orqanın cərrahi yolla çıxarılması sonuncu tibbi tədbirdir və bundan sonra orqanizmdə həmin orqanı bərpa etmək mümkün deyildir, hormonun əvəzləyici preparatlarının qəbuluna möhtacdır. Sual 4.1.7: Əməliyyat edən Ramiz həkim çoxdan əməliyyat olunmalı idin demədimi?Cavab: Yuxarıda qeyd edilmişdir ki, Ramiz həkimdən bir ay öncə yüksək ixtisaslı endokrinoloq X4 endokrinolojı şöbəsinin rəisi İddiaçı baxaraq ona cərrahi müdaxiləni məsləhət görməmiş, mülaicə kursu təyin etmişdir. Həmin müalicə kursu effekt vermədiyi üçün Ramiz həkim radikal cərrahi əməliyyatı məsləhət görmüşdür. Sual 4.1.8: 4 il müddətində əməliyyat olunana qədər “ağır toksiki zob”, “aretmiya”, “taxikardiya” ilə Tibbi komissiyaya əlilliklə bağlı niyə forma 88 göndərilməyib? Mən 3 il o puldan niyə məhrum olmuşam? Bu hərəkət qanuna uyğundurmu? Cavab: Xəstələrdə əlillik dərəcəsinin təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyyarlarına dair” Əsasnamənin meyarlarıyla təsdiq edilir. İddiaçı xəstəliklər 2014-cü ildə aşkar olunmuşdur Bununla bağlı o, müalicə kursuna cəlb olunmuşdur. Onda müəyyən edilən diaqnozlar heç bir zaman meyarlardakı tələblərə uyğun olmamışdır. Bununla yanaşı o, özü də heç vaxt normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq əlilliklə bağlı müraciət etməmişdir. Sual 4.1.9: Məhkumlar mənə dərmanlara yardım etməsəydi və borc verməsəydi mən ölməzmiydim? Cavab: Penitensiar müəsssisələrin bütün TSH-ri tələbnamələr əsasında dərmanla təchiz olunmuşdur. Tibbi sənədlərdə İddiaçı təyinatların icra edilməsi barədə məlumatlar mövcuddur. İddiaçı bu müddət ərzində dərmanlarla təmin edilməsi barədə yazılı şikayəti və müraciətinin olmaması onun dərmanlarla təmin edildiyini öz növbəsində təsdiq edir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, 2014-cü ilin may ayında İddiaçı ürək döyünmə, təngnəfəslik yarandığı üçün Müalicə müəssisəsinə (MM) köçürülmüş və “diffuz toksiki ur” xəstəliyi ilk dəfə aşkar edilmişdir. O, həkim-endokrinoloqda konsultasiya olunmuş, qalxanabənzər vəz instrumental müayinədən keçirilmiş və endokrinoloqun təyinatı ilə müalicə aparılmışdır. Sonrakı dövrdə İddiaçı səhhətinə Tibb-sanitar hissəsində (TSH) və 2015- 2017-ci illərdə MM-də olduğu 3 (üç) halda aparılan müayinələrlə nəzarət edilmiş, bir neçə dəfə endokrinoloqun konsultasiyası olmuş, təyinatlarına korreksiyalar edilmişdir. Qalxanabənzər vəzin funksiyası ilə bağlı narahatçılığı yenidən təzahür etdiyinə görə 2017-ci ilin avqust ayında İddiaçı MM-nə köçürülmüş, endokrinoloqun nəzarəti altında müalicə kursu həyata keçirilmiş, lakin qalxanabənzər vəzin funksiyasını tənzimləmək mümkün olmadığından 2017-ci ilin noyabr ayında Səhiyyə Nazirliyi X4 endokrinologiya şöbəsinin rəisi ilə konsultasiya edilmiş və o, İddiaçı müalicə kursu təyin etmişdir. Həmin ilin dekabr ayının ikinci on günlüyündə Səhiyyə Nazirliyinin yüksək ixtisaslı cərrah-endokrinoloq İddiaçı bir daha konsultasiya edilərək müalicənin gedişini və nəticələrini qiymətləndirilmiş və konservativ müalicənin gözlənilən effekt vermədiyi səbəbindən cərrahi müdaxilə məqsədəuyğun saymışdır. Məhkum cərrahi əməliyyat öncəsi ümumi möhkəmləndirici müalicələrə cəlb edilmiş və xx.xx.2018-ci il tarixdə cərrahendokrinoloq tərəfindən “Total tireoidektomiya” (qalxanabənzər vəzin cərrahi əməliyyatla çıxarılması) əməliyyatı icra olunmuşdur. Cərrahi əməliyyat və ondan sonrakı dövr fəsadsız keçmiş, yaralar tam sağalmışdır. Sonrakı müddətlərdə İddiaçı səhhətinə həkim nəzarəti davam etdirilmiş, digər xroniki xəstəlikləri ilə bağlı verilmiş mülaicələrlə yanaşı endokrinoloqun təyinatı icra edilmişdir. 2018-ci ilin dekabr ayından 2019-cu ilin fevral ayının ortalarına qədər MM-də olduğu dövrdə İddiaçı əlilliyi ilə bağlı məsələ qaldırmış və səhhətinin hazırki durumu, müayinələrin nəticələri Tibbi Sosial Ekspertiza X2 (TSERAS) daxil edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası (TSEK) məsələyə baxaraq əlavə müalicəyə ehtiyacın olmasını əsas götürmüş, ətraflı ixtisaslı müalicə və müayinələrin aparılmasını tövsiyə etmiş, əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüququnu pozmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının əsas diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndində nəzərdə tutulmadığından, iddiaçıya 2-ci dərəcə əlillik təyin edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi) İddiaçı 2-ci dərəcəli əlilliyin təyin edilməsi və əlilliyin birinci göndərişdən, xx.xx.2019-cu il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilmir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar