Məhkəmə qərarları › İş №2-1(112)-105/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-105/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-105/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməyə müraciət edərək, Vergilər Nazirliyi tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə "xxxx" X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) məbləğində ziyanın İddiaçı MMC-nin hesabına ödənilməsi öhdəliyinin Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iş üzrə müvəqqəti xarakterli tədbirlərin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək, müvvəqəti xarakterli müdafiə tədbiri kimi İddiaçı MMC-nin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmçinin digər şəxslər tərəfindən Aztexnika MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin MXMT(81)-125/2018 saylı 06 dekabr 2018-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, İddiaçı MMC-nin sub-uçot depozit hesabında olan ƏDV məbləğinin sərbəst hərəkətinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması və həmçinin digər şəxslər tərəfindən Aztexnika MMC-nin ƏDV depozit hesabına ödəniş edilən zaman elektron sistemdə qeyd edilən “Bu vergi ödəyicisi “X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 10.06.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 22 noyabr 2018-ci ildə Aztexnika MMC-nin ƏDV depozit hesabından pul köçürülməsinə vergi orqanı tərəfindən heç bir əsas olmadan qadağa qoyulmuşdur. Buna görə də müəssisə fəaliyyət göstərə bilmir və müəssisəyə külli miqdarda ziyan dəymişdir. Həmçinin "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC aldığı mala görə Aztexnika MMC-nin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “ Bu vergi ödəyicisi “X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyini üçün İddiaçı MMC- dən aldığı malları sistemdə Vergilər Nazirliyi tərəfindən qeyd edilən yazıya görə geri qaytarmış və bizim müəssisə ilə işləməkdən imtina etmişdir. Müəssisənin etibar və işgüzar nüfuzuna ciddi şəkildə xələl gəlib, fəaliyyət istiqamətində məhdudiyyətlərlə qarşılaşıb, həmçinin fəaliyyətindən əldə edə biləcəyi gəliri itirmiş olur. Yuxarıda sadalanan müəssisələrə satılmış malların ƏDV-siz məbləği 6 656 160.05 manat (altı milyon altı yüz əlli altı min yüz altımış manat beş qəpik) təşkil edir. Həmin malların satışı nəticəsində müəssisə 3 faiz gəlir əldə edəcəkdi. Lakin qeyd edilən yazıya görə mallar geri qaytarılmış və müəssisə əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Nəticədə müəssisəyə malların qaytarılmasına görə 199 684.81 manat (yüz doxsan doqquz min altı yüz səksən dörd manat səksən bir qəpik) miqdarda ziyan dəymişdir. Həmçinin malların geri qaytarılması zamanı yükləmə və boşaltma prosesində malların 20 faizi zədələnərək yararsız hala düşmüş və nəticədə müəssisəyə əlavə olaraq 1 331 232.01 manat ( bir milyon üç yüz otuz bir min iki yüz otuz iki manat bir qəpik) ziyan dəymişdir. Həmçinin ƏDV hesabından köçürmə etməyə qadağa qoyulması nəticəsində müəssisə gömrük orqanının hesabına həmin ƏDV-ni köçürə bilmir. Nəticədə maşınların gömrük terminallarında qalmaması üçün kredit müqaviləsinə əsasən aldığı vəsaiti gömrük orqanlarının hesabına köçürmək məcburiyyətində qalır. Buna görə də "xxxx" ASC-dən alınan kredit müqaviləsinə əsasən 550 000 (beş yüz əlli min) manat və kredit xətti ilə 600 000 (altı yüz min) manat maliyyə vəsaitini gündəlik olaraq ödəyə bilmədiyi üçün, günlük olaraq, 500 manat məbləğində faiz hesablanır və bu günə qədər də bu məhdudiyyətlər aradan qaldırılmadığı üçün ziyan dəyməkdə davam edir. Halbuki, 1 saylı İnzibati İqtisad məhkəməsinin 6 dekabr 2018-ci il tarixli MXMT barədə qərardadında yaradılmış məhdudiyyətin dərhal aradan qaldırılması qət edilmişdir. Nəticədə bu cür qanunsuz əməllərə görə 22 noyabr 2018-ci il tarixdən etibarən bu günə (04.01.2019) kimi 43 gün ərzində gündəlik 500 manat cərimə hesablanaraq cəmi 21500 manat (iyirmi bir min beş yüz) məbləğində müəssisəyə ziyan dəymişdir. Vergilər Nazirliyi tərəfindən ƏDV Depozit hesabına qoyulmuş məhdudiyyətə və digər müəssisələr tərəfindən İddiaçı MMC-nin ƏDV depozit hesabına ƏDV-ni ödəmək istəyən zaman elektron sistemdə “ Bu vergi ödəyicisi “X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir.” yazısı qeyd edildiyininə görə müəssisəyə cəmi 1552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) ziyan dəymişdir. (1331232.01+199684.81+21500=1552416.82). Aztexnika MMC-nin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxs olması faktının sübuta yetirilmədən bu cür məlumatın qeyd edilməsi qanunvericiliyə tamamilə ziddir və böhtan xarakeri daşıyır. Çünki, əmtəəsiz maliyyə əməliyyatları aparılması AR-nın Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və bu fakt məhkəmə qərarı ilə təsdiq edildikdən sonra qeyd edilə bilər. Lakin bu barədə heç bir qərar və sübut olmadığı halda vergi orqanı tərəfindən bu cür ittihamla təqsirləndirilmək özü məsuliyyətə səbəb olan haldır, qanunvericiliyin tələblərinin pozulmasını və qərəzli yanaşmanı sübut edir. 13.08.2018-ci il tarixdə **********159963 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən 105 gündür ki, yoxlama müddəti 2 dəfə artırılaraq, davam edir. Bundan əvvəldə müəssisəyə qarşı vergi orqanı tərəfindən "xxxx" MMC və ayrı-ayrı əməkdaşlıq etdiyi müəssisələrə məktub göndərməklə” “Aztexnika“ MMC riskli vergi ödəyicisi hesab olunduğundan, bu ödəyici tərəfindən təqdim olunan elektron vergi hesab fakturası üzrə əvəzləşdirmə aparıla bilməz.” yazılır. Bütün bunlar heç bir əsası olmadığı üçün və hüquqlarını pozduğuna görə aradan qaldırdmalıdır. 21.09.2018-ci il tarixdə **********6966 nömrəli qərara əsasən mal material qalığının yoxlanılması, 20.09.2018-ci il tarixində **********6767 saylı qərara əsasən operativ qaydada əmək müqavilələrinin yoxlanılması ilə bağlı yoxlamalar təyin olunmuş, yoxlamanın nəticəsi ilə bağlı 19.10.2018ci il tarixində, akt tərtib olunmuşdur. Tərtib olunmuş aktdan göründüyü kimi müəssisənin fəaliyyətində vergi qanunvericiliyi ilə bağlı heç bir qanun pozuntusu və kənarlaşma aşkar olunmamışdır. Bundan sonra 05.11.2018-ci il tarixində **********8479, 05.11.2018-ci il tarixində **********8449, 05.11.2018-ci il tarixində **********8459, 05.11.2018-ci il tarixində **********8456 saylı operativ nəzarətin həyata keçirilməsi haqqında qərarlarına əsasən yenidən yoxlamaya başlanılmışdır. Halbuki, bir neçə gün əvvəl mal-material qalığını yoxlanması həyata keçirilmişdi. Həmçinin son 2 ay ərzində 2 dəfə mal qalığının yoxlanılması üçün yoxlama təyin edilib. Lakin heç bir qanunsuz fakt ortaya çıxmamışdır. Müəssisədə səyyar vergi yoxlaması aparılır. Hal-hazırda 14.11.2018-ci il **********0476, 14.11.2018-ci il **********0455, 14.11.2018-ci il **********0456, 14.11.2018-ci il **********0457 saylı qərarlara əsasən xronometraj qaydasında aparılan əməliyyatlar vergi əməkdaşları tərəfindən müşahidə edilir və heç bir qanun pozuntusu aşkar edilmir. Lakin xronometraj qaydasında müşahidənin aparıldığı vaxt heç bir qanunsuz hal aşkarlanmadığı halda, müəssisənin əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olduğu qeyd edilir. Təbiiki bütün bunlar tam olaraq qərəzli şəkildə bu hərəkətlərin baş verdiyini göstərir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi xahiş edilmişdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, qüvvədə olan Vergi Məcəlləsinin 13.2.82-cı maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli kimi müəyyən edilmişdir. Həmin Məcəllənin

13. 2.8-ci maddəsinə əsasən əsasən isə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Bu cür əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (VM.109.9 maddə) və həmin əməliyyatların rəsmiləşdirildiyi sənədlər Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir (VM, 178.11 maddə). Belə ki, vergi orqanının 13.08.2018-ci il tarixli ********** 159963 saylı qərarına əsasən “Aztexnika" MMC-də növbəti səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama zamanı vergi ödəyicisinin bəzi xərclərinin təsdiq edici sənədlərinin olmadığı və müvafiq sənədlərin (gəlir və xərclərin təsdiqedici sənədlərin, qaimələrin, vergi hesab fakturaların, bank və kassa sənədlərinin, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlərin və s.) yoxlama təqdim edilməsi 14.08.2018-ci il tarixli **********160097 nömrəli tələbnamə ilə tələb edilmiş, lakin buna baxmayaraq vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Beləliklə, İddiaçı MMC-də (VÖEN: **********) 2015-2018-ci illər üzrə aparılmış SVY zamanı müəyyən olunmuş qara mühasibatlıq məlumatlarına əsasın müəssisədəcəmtəəsiz əməliyyatlar aparılması faktları aşkar olunmuş və Cəmiyyət riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. İddiaçı iddia ərizəsində vergi orqanının qanunazidd hərəkət edərək, vergi ödəyicisi barədə hər hansı qərar və ya sübut olmadığı, cinayət məsuliyyətinə cəlb edilmədiyi halda onun riskli vergi ödəyiciləri siyahısına aid edildiyini bildirmişdir. İddiaçı MMC-də (VÖEN: **********)külli miqdar təşkil edən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi başlanılmış və araşdırma materialları əsasında həmin müəssisənin əmtəəsiz əməliyyat aparmaq məqsədi ilə bir neçə müəssisə ilə bağladığı mülki-hüquqi əqdlər bağladığı müəyyən edilmişdir. Beləliklə, riskli vergi ödəyicisi ilə aparılan əmtəəsiz əməliyyatlar, həmçinin vergi ödəyicisinin özü tərəfindən vergi orqanına dürüst olmayan məlumatların təqdim edilməsi gəlir və xərclərin uçotunun düzgün aparılmamasına, aparılan maliyyə əməliyyatlarının uçotda əks etdirilməməsinə, nəticədə şəffaflığın təmin edilməməsinə və büdcə qarşısındakı vergi öhdəliyinin azaldılmasına dəlalət edir. Göründüyü kimi, vergi orqanı tərəfindən İddiaçı MMC-nin riskli ödəyiciləri qrupuna aid edilməsi əsassız olmamışdır. Dövlət Vergi Xidməti tərəfindən Cəmiyyətin ƏDV sub-hesabı üzrə əməliyyatların aparəlmasında yaradılmış məhdudiyyətin aradan qaldimasına gəldikdə isə, iddiaçı bu halın əsaslandırılması uçün hər hansı bır sübut təqdim etməmişdir. Vergi ödəyicisinin iş qovluğu məlumatları təhlil edilərkən ƏDV sub-uçot hesabının bağlanılması halını təsdiq edən hər hansı məlumat aşkar olunmamış, müəssisə tərəfindən bununla bağlı ünvanlanmış müraciətlərin isə müvafiq qaydada cavablandırıldığı müəyyən edilmişdir. İddiaçı ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətlərin və qadağaların aradan qaldırılmasını tələb etməsinə baxmayaraq, belə bir məhdudiyyətin mövcudluğunu, eləcə də bu məhdudiyyətin cavabdeh qismində seçdiyi vergi orqanı tərəfindən həyata keçirilməsini sübut edə bilməmişdir. Həmçinin, iddiaçının iddia etdiyi məhdudiyyət ilə vergi orqanının hərəkətləri arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edilməmişdir. ƏDVnin depozit hesabı üzrə vəsaitlərin hərəkəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xıdmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi" Qaydaları (bundan sonra – Qaydalar) ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2 3-cü maddəsinə əsasən vergi orqanı vergi ödəyicisinin ƏDV depozit hesabından yalnız ƏDV üzrə büdcəsinə alınmasını təmin edir. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot həsanları üzrə vəsaitlərin hərəkəti, ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili, məxarici və bu hesabda uçotun aparılması isə Qaydalarla tənzimlənir. İstər Vergi Məcəlləsində, istərsə də Qaydalarda ƏDV-nin depozit hesabında hərəkəti üzrə vergi orqanı tərəfindən məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti haqqında Əsasnaməyə müvafıq) olaraq Xidmət Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxdında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. Qeyd olunan Əsasnamə ilə Xidmətin ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər-hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ərizəsində müəssisənin riskli vergi ödəyiciləri siyahısına aid edilməsi səbəbi ilə digər müəssisə və qurumlarla bağladığı müqavilələrin pozulmasına, yüklərin daşınması zamanı mallara dəymiş zərərə görə, bağladığı kredit müqaviləsi üzrə əlavə öhdəliyinin yaranmasına və əldən çıxmış faydaya görə, o cümlədən işgüzar nüfuza dəymiş ziyana görə ümumilikdə 1.552.416,82 manat məbləğində kompensasiyanın ödənilməsini Dövlət Vergi Xidmətinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyə hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin, Mülki Məcəllənin 850-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Göründüyü kimi. Dövlət Vergi Xidməti yuxarıda qeyd olunan müqavilələr üzrə tərəf qismində çıxış etmədiyi halda İddiaçı MMC-nin həmin müqavilələr üzrə digər tərəfin ona vurduğu ziyana və ya öz öhdəliyinin vaxtında yerinə yetirmədiyindən yaranan mülki-hüquqi məsuliyyətinə görə kompensasiyanın Dövlət Vergi Xidmətindən tələb edilməsi Cəmiyyətin iddiasının əssasız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıdığını göstərir. Bundan əlavə iddiaçının dəymiş ziyanın əvəzi olaraq ona pulun ödənilməsi tələbi barədə bildirilir ki, iddiaçıya vergi orqanının hansı hərəkətlər nəticəsində zərərin dəyməsi, bu hərəkətlərlə dəymiş zərər arasında səbəbli əlaqə, habelə zərərin dəyməsini əsaslandıran dəlillər və sübutlar qeyd edilməmişdir. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 inzibati orqanın etirazını müdafiə edərək, həmçinin əlavə izahat verərək bildirdi ki, iddiaçı dəymiş zərərin ödənilməsini tələb etməsinə baxmayaraq, məhkəməyə iddia tələbinin əsaslılığını göstərən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən iş üzrə sübut qismində elektron qaimələrin, Cəmiyyət ilə Bank Respublika ASC arasında bağlanılmış borc müqaviləsi üzrə ödəniş cədvəllərinin surətləri və müxtəlif fotoşəkillər təqdim edilmişdir. Təqdim edilmiş sübutlarla İddiaçı MMC- yə zərər dəydini, dəydiyi halda isə həmin zərərin nədən ibarət olmasını, bunun Dövlət Vergi Xidmətinin hərəkətləri və ya hərəkətsizlikləri həmin zərərin vurulması ilə olan səbəbli əlaqəni göstərmir. Qanunvericilik normalarının tələblərinə görə maddi və mənəvi ziyanın kompensasiya edilməsi o halda mümkün ola bilər ki, maddi və mənəvi ziyan bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş maddi və mənəvi zərər arasında səbəbli əlaqə mövcud olsun və vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilmiş olsun. Yəni, iddiaçının qeyd etdiyi kimi formal və sübuta yetirilməyən mülahizələrə istinad etməklə uydurma maddi və mənəvi zərərinin vurulmasını tələb edə bilməz. İddiaçı MMC tərəfindən isə məhkəməyə maddi və işgüzar nüfuza vurulmuş ziyanın bilavasitə vergj orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini göstərən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iddiaçı elektron sistemdə “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı əks olunduğuna görə bir sıra müəssisələrin alınmış malları geri qaytardığını və bu zamana yükləmə-boşaltma prosesində malların 20% zədələndiyini qeyd edərək müəssisəyə 1.331.232,01 manat məbləğində ziyanın dəydiyini bildirmişdir. Qeyd olunanla bağlı məhkəməyə iddiaçı tərəfindən yalnızca bəzi fotoşəkillər, “Vergi ödəyicilərinin onlayn kargüzarlıq” ünvanından çıxarılmış elektron qaimələrin surətləri təqdim edilmişdir. Həmin subutlar heç bir halda mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən malların qaytarılması barədə elektron qaimə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq verilən elektron qaimə-faktura növlərindən biridir. Həmin elektron qaimə verilməsinin müxtəlif səbəbləri ola bildiyi halda vergi ödəyicisi bunu vergi orqanının hərəkətləri ilə əlaqələndirmiş, lakin buna baxmayaraq məhkəməyə tərəflər arasında bağlanılmış müqavilələri, malların qaytarılması aktlarını, təhvil-təslim aktlarını təqdim etməmişdir. Bundan əlavə, iddiaçı məhkəməyə sübut qismində Bank Respublika ASC ilə bağladığı kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surətini təqdim etmiş, həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirə bilmədiyini bildirmiş və buna görə də Dövlət Vergi Xidmətinin üzərinə kompensasiyanın ödənilməsini qoyulmasını məhkəmədən xahiş etmişdir. Kredit müqaviləsi üzrə əldə edilmiş pul məbləğinin xərclənmə təyinatı tərəflər arasından bağlanmış müqavilədə əks etdirilə bilər. Beləliklə, qanunvericiliyə əsasən Bank Respublika ASC ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış müvafiq pul məbləğinin qaytarılması öhdəliyi məhz iddiaçının üzərinə düşür. İddiaçının həmin müqavilənin bağlanmasına səbəb kimi vurulmuş zərərin ödənilməsini göstərməsi isə tamamilə əsassızdır və təqdim edilmiş kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surəti buna sübut kimi göstərilə bilməz. Müxtəlif növ risklərlə bağlı baş verə biləcək itkilər mülkü hüquq münasibətlərində kredit müqaviləsi deyil, sığorta müqaviləsi ilə tənzimlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Lakın iddiaçı tərəfindən məhkəməyə bağlanmış hər hansı sığorta müqaviləsi və ya siğorta haqqının ödənilməsində imtina barədə sənəd təqdim edilməmişdir. Bu isə o deməkdir ki, İddiaçı MMC-nin bağladığı kredit müqavilələri üzrə öz öhdəliyinin vaxtında yerinə yetirmədiyindən yaranan mülki-hüquqi məsuliyyətinə görə kompensasiyanın Dövlət Vergi Xidmətindən tələb edilməsi Cəmiyyətin iddiasının əssasız olaraq maddi mənfəət əldə etmək məqsədi daşıyır. Beləliklə yuxarıda qeyd olunanlardan da göründüyü üzrə İddiaçı MMC-nin iddia ərizəsi ilə tələb etdiyi 1.552.416,82 manat məbləğində ziyanın dəyməsi, vurulmuş hər hansı bir ziyanın bilavasitə vergi orqanın qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçıya vurulmuş zərər arasında səbəbli əlaqə mövcud olması və ya vergi orqanının təqsirinin mövcudluğu müəyyən edilməsi halı Cəmiyyət tərəfindən sübuta yetirilə bilməmişdir. Bu isə öz növbəsində iddiaçının iddiasının əsassız olduğuna və iddia tələbi üzrə təqdim edilmiş sənədlərin sübut kimi qiymətləndirilməsinin mümkün olmadığına dəlalət edir. Odur ki, qeyd olunanları nəzərə alaraq İddiaçı MMC tərəfindən iş üzrə təqdim edilmiş sənədlərin mötəbir sübut kimi qiymətləndirilməməsini və iddia tələbənin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.

İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.7-ci maddəsinə görə hazırkı iddia növü kompensasiya ödənilməsi tələbi haqqında iddiadır. Həmin maddəyə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.4-ci maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı cavabdeh inzibati orqana dəymiş zərərin ödənilməsinə dair müraciət etmiş, cavabdhe inzibati orqan müraciətdən imtina etmişdir.

İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır:

İş materiallarına əlavə edilmiş sənədlər: - 06.11.2018-ci il tarixli EAAN-391627 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 2363636,99 manat dəyərində mallar təqdim edilmişdir. -06.11.2018-ci il tarixli EAAN-391605 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 2437902,67 manat dəyərində mallar təqdim edilmişdir. - 06.11.2018-ci il tarixli EAAN-391602 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 2418921,36 manat dəyərində mallar təqdim edilmişdir. - 23.11.2018-ci il tarixli EAAN-822273 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 27967,49 manat dəyərində mallar təqdim edilmişdir. - 23.11.2018-ci il tarixli EAAN-820719 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 38265,28 manat dəyərində mallar təqdim edilmişdir. - 17.12.2018-ci il tarixli EAAO-424137 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 82597,05 manat dəyərində mallar təqdim edilmişdir. - 26.12.2018-ci il tarixli EAAO-707642 nömrəli elektron qaimədən görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC -yə ümumilikdə 484978,03 manat dəyərində mallar təqdim edilmişdir. - İddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış 04.01.2019-cu il tarixli (e-qaimə) ərizələrdən görünür ki, MMC seriya EAAN №391627 h.kodu f228af4d2879fea1785e279f50e67e15, seriya EAAN №391605 h.kodu fe554627b5e10baf16d461488e52e4b1, seriya EAAN №391602 h.kodu 674264d84789ea876558962b312db8a5, seriya EAAN №822273 h.kodu 02364380b9c52c64be0e0da80a887050, seriya EAAN №820719 h.kodu 6f9bf54c28877b4b71f9d4538e120781, seriya EAAO №424137 h.kodu 94962e26d729d4e611a3a9e0731dc141, seriya EAAO №707642 h.kodu 2fcc902f205b33c627d518bc1dbfc745 olan elektron qaimə fakturaları ləğv etmək üçün imzalamışdır. Qeyd qismində vergi orqanlarının müəssisə üzərində qoyduğu qanunsuz məhdudiyyətlər səbəbindən mal alan təşkilat malın dəyərini ödəyə bilmədyindən göndərilən qaimə fakturaları ləğv etmək məcburiyyətində olması göstərilmişdir. - “Kreditverən-Qarant” "xxxx" ASC ilə “Borcalan-Prinsipal” İddiaçı MMC arasında bağlanmış 28 fevral 2018-ci il tarixli 016LCAR180590001-L saylı kredit limiti müqaviləsinə əsasən İddiaçı MMC-yə 2 000 000 (iki milyon) AZN məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə kredit limiti ayrılmışdır. - 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə № 1-dən görünür ki, “Borcalan-Prinsipal” 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində götürülmüş illik 16 (on altı) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə 500 000 (beş yüz min manat) AZN məbləğdə borc pul vəsaitinə “Kreditverən-Qarant”a 0.3 (sıfır tam onda üç) faiz məbləğdə xidmət haqqı ödəyir. Bu əlavənin 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19.1 (on doqquz tam onda bir) % dir. - 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsinə əlavə № 2-dən görünür ki, “Borcalan-Prinsipal” 016LCAR180590001-L saylı, 28 fevral 2018-ci il tarixli kredit limiti müqaviləsi çərçivəsində götürülmüş illik 16 (on altı) faiz dərəcəsi ilə 24 (iyirmi dörd) ay müddətə 55 000 (əlli beş min manat) AZN məbləğdə borc pul vəsaitinə görə “Kreditverən-Qarant”a 0.3 (sıfır tam onda üç) faiz məbləğdə xidmət haqqı ödəyir. Bu əlavənin 1-ci bəndinə uyğun olaraq kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 19.1 (on doqquz tam onda bir) % dir. - İddiaçı MMC-nin (vöen: **********) şəxsi hesab vərəqəsindən görünür ki, 18.02.2021-ci il tarixə cəmi ödənməli borcu 5.686.138,31 manat göstərilmişdir. Əhatə etdiyi dövr 01.01.2015-18.02.2021-ci illərdir. - Məhkəmə sorğusu cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən göndərilmiş 13.11.2020-ci il tarixli № **********814500 saylı məktuba əlavə edilmiş İddiaçı MMC-nin (vöen:**********) ƏDV bəyannaməsi üzrə dövriyyə cədvəlindən görünür ki, 2017-ci il üzrə 6 717 476,89 manat, 2018-ci il üzrə 17 531 648,13 manat, 2019-cu il üzrə 12 529 117,41 manat dovriyyəsi olmuşdur. Mənfəət bəyannaməsi üzrə dövriyyə cədvəlinə əsasən 2017- 2019-cu illər üzrə 34 694 328,18 manat məfəət göstərilmişdir. İş materiallarına yararsız hala düşmüş mal-materialların (kafel-metlax) 20 ədəd fotoşəkilləri əlavə edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı hazırki iddia ərizə ilə məhkəməyə müraciət edərək, Dövlət Vergi Xidməti ( əvvəlki Vergilər Nazirliyi) tərəfindən İddiaçı MMCnin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə "xxxx" X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) məbləğində ziyanın İddiaçı MMCnin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sübut qismində isə, üstlərinə əl yazısı ilə ləğv səbəbi: vergi orqanlarının müəssisənin üzərinə qoyduğu qanunsuz məhdudiyyətlər səbəbindən mal alan təşkilat malın dəyərini ödəyə bilmədiyindən satılan mal material geri qaytarılır və göndərilən e-qaiməni ləğv etmək məcburiyyətindəyik yazısı yazılmış, EAAO № 707642 saylı 26.12.2018-ci il tarixli, EAAP № 185350 saylı 15.01.2019-cu il tarixli, EAAN № 820719 saylı 23.11.2018-ci il tarixli, EAAN № 391602 saylı 06.11.2018-ci il tarixli, EAAN № 391605 saylı 06.11.2018-ci il tarixli, EAAN № 391627 saylı 06.11.2018-ci il tarixli, EAAN № 822273 saylı 23.11.2018-ci il tarixli elektron qaimələri, 20 ədəd fotoşəkilləri və “Bank Respublikası ASC ilə kredit müqaviləsinin bağlanmasına dair sənədləri- hesabdan çıxaşın təsdiqlənmiş surətlərini təqdim etmişdir. Cavabdeh inzibati orqanın imtinası onunla bağlıdır ki, təqdim edilmiş sənədlər MMC-yə zərərin dəydiyini, zərər dəydiyi halda həmin zərərin nədən ibarət olmasını, bunun Dövlət Vergi Xidmətinin hərəkət və ya hərəkətsizlikləri ilə səbəbli əlaqəsinin olduğunu sübuta yetirmir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir.

Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: İnzibati İcraat haqqında Qanunun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır (89.1). Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər (89.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı MMC 2017-2018-ci illər üzrə yüksək mənfəət əldə edən subyekt olduğunu, lakin son dövrdə mənfəətinin azaldığını bildirir. Buna sübut qismində MMC-nin 2017-2019-cu illər üzrə ƏDV və Mənfəət vergisi bəyannamələrinə əsasən illik dövriyyə məbləğləri barədə cədvələ istinad edir. Lakin Məhkəmə qeyd edir ki, iddiaçının mənfəətinin azalmasının məhz vergi orqanının sadalanan qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiqləyən sübutlar təqdim edilməmişdir. İddiaçı iddia ərizəsində, onun nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlarında elektron sistemdə “Bu vergi ödəyicisi İddiaçı (VÖEN: **********) əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur” yazısı əks olunduğuna görə bir sıra müəssisələrin alınmış malları geri qaytardığını və bu zamana yükləmə-boşaltma prosesində malların 20% zədələndiyini qeyd edərək müəssisəyə 1.331.232,01 manat məbləğində ziyanın dəydiyini bildirmişdir. Qeyd olunanla bağlı iddiaçı tərəfindən inzibati icraat zamanı inzibati orqana və məhkəmə icraatı zamanı məhkəməyə yalnızca bəzi fotoşəkillər, “Vergi ödəyicilərinin onlayn kargüzarlıq” ünvanından çıxarılmış elektron qaimələrin surətləri təqdim edilmişdir. Həmin sübutlar zərərin dəydiyini, məhz vergi orqanınınhərəkət(hərəkətsizliyi) ilə əlaqədar dəydiyini göstərən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 71-1.5-ci maddəsinə əsasən malların qaytarılması barədə elektron qaimə vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq verilən elektron qaimə-faktura növlərindən biridir. Həmin elektron qaimə verilməsinin müxtəlif səbəbləri ola bildiyi halda vergi ödəyicisi bunu vergi orqanının hərəkətləri ilə əlaqələndirmiş, lakin buna baxmayaraq məhkəməyə tərəflər arasında bağlanılmış müqavilələri, həmin müqavilələrin xitamına dair sənədləri (müqavilələri), malların qaytarılması aktlarını, təhvil-təslim aktlarını təqdim etməmişdir. Həmçinin, iddiaçı MMC sübut qismində Bank Respublika ASC ilə bağlanmış kredit müqaviləsini (Əlavə1 və Əlavə 2), hesabdan çıxarışı, ödəniş cədvəlinin təsdiq edilmiş surətlərini təqdim edərək, vergi orqanın hərəkəti nəticəsində külli miqdarda ziyana düçar olduğundan MMC tərəfindən bank qarşısında da öhdəliklərinin yerinə yetirə bilmədiyini qeyd etmişdir. Lakin Məhkəmə hesab edir ki, azad bazar iqtisadiyyatı şəraitində hər hansı bir sahibkarlıq subyektinin bankdan kredit götürməsi bu heç də həmin sahibkarlıq subyektinin düşdüyü ziyanla əlaqədar deyildir. Kredit limiti müqaviləsində də kredit götürülməsinin məqsədi dövriyyə və əsas vəsaitin artırılması, investisiya layihələrinin maliyyələşdirilməsi və fərdi istehlak məqsədilə olduğu qeyd edilmişdir. Daha sonra isə götürülən kreditin aybaay vaxtında qaytarıla bilməməsinin, faizlərinin qaytarılmasında yaranmış problemlərin məhz vergi orqanın hərəkəti (hərəkətsizlik) nəticəsində yaranması iddiaçı tərəfindən sübuta yetirilmir. Bundan əlavə təqdim edilmiş 20 ədəd fotoşəkillərdə kafel-metlax mallarının yararsız vəziyyətdə olduğu görünür. Məhkəmə qeyd edir ki, bu fotoşəkillərdəki malların məhz iddiaçıya məxsus mallar olması, onların harada çəkilməsi aydın olmadığından, onların yararsız olmasının səbəbinin vergi orqanının hərəkəti nəticəsində baş verməsi sübuta yetirilmir. Beləliklə, Məhkəmə hesab edir ki, hazırkı işdə yuxarıda qeyd olunan maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçı, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı iddianın müdafiəsi üçün mötəbər sübutlar təqdim etməmişdir. Bu səbəbdən də, İddiaçı MMC-nin cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı İddiaçı MMCnin ƏDV depozit hesabına qoyulmuş məhdudiyyətə və elektron sistemdə "xxxx" X3 Cəmiyyəti” VÖEN “**********” əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlarla məşğul olan şəxsdir” yazısı yazıldığına görə dəymiş 1 552 416.82 manat (bir milyon beş yüz əlli iki min dörd yüz on altı manat səksən iki qəpik) məbləğində ziyanın İddiaçı MMCnin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddiaçı MMC-nin iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə)apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən:Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar