Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-105/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) “inzibati aktın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05 sentyabr 2022-ci il tarixli Tİ-85/22 saylı inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 30 ünvanındakı 11 saylı mənzil DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhər İcra Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərancamı ilə “Gündüz-AS" MTK-ya Nizami rayonu, K. Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-ci məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə 12899 saylı inşaat pasportu “Karayev City" MTK-nın adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 05 sentyabr 2022-ci il tarixli Tİ-85/22 saylı icazə ilə Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-ci məhəllədə hündürmərtəbəli binalar tikintisi ilə bağh “Karayev City" MTK icazə vermişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05 sentyabr 2022-ci il tarixli Tİ-85/22 saylı icazəsini qanunsuz və saxta hesab edir. Belə ki, Tikintilərin Dövlət Reyestrin rəsmi internet səhifəsində “Karayev City" MTK tikintiyə icazə verildiyi ünvan Bakı şəhəri, Nizami rayonu, K. Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllə olaraq göstərilmişdir. Tikintisinə icazə verilmiş ünvan və tikinti ərazisinin sahəsi 1.9276 ha olaraq göstərilir və həmin ərazi iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan mənzilinin yerləşdiyi ərazidir. İddiaçıya məxsus mənzil ola ola həmin ərazidə yeni hündürmərtəbəli binanın tikintisinə necə icazə verilə bilər? Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.23-cü maddəsində tikinti ərazisinin anlayışı verilir və göstərilir ki, tikinti ərazisi tikinti üçün ayrılmış və nişanlanmış torpaq sahəsidir. Bu anlayışdan da göründüyü kimi iddiaçıya məxsus mənzil tikinti üçün ayrılmış torpaq sahəsinə düşür və bu o deməkdir ki, Karayev City MTK hər an qanunsuz olaraq iddiaçıya məxsus mənzili sökə bilər.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının dəlili odur ki, o həmin ərazidəki binalardan birinin mülkiyyətçisi olaraq, Bakı şəhəri Nizami rayonu Kamil Balakişiyev ünvanı üzrə ərazidə tikiləcək yeni yaşayış binasında yeni mənzil istəmir ona görə ki, yeni tikiləcək bina, köhnə binaya nisbətdə daha da çoxmənzillidir, bu zaman əhali sayınına artıq olacağı və yarana biləcək sıxlıqdan dolayı yeni vəziyyət onu qane etmir və onu narahat edir. İddiaçı bu hal ilə barışmadığına görə mənzilinin yerləşdiyi binanın sökülməsi ilə razı deyildir. Bu zaman 2-ci sual meydana çıxır ki, sadalanan bu meyar əsasında tikintiyə icazəni mübahisələndirmək olarmı? Cavabdehin bununla mövqeyi odur ki, belə bir dəlil tikintiyə icazəni mübahisələndirmək üçün əsas ola bilməz. Ona görə ki, AR Şəhər Salma və Tikinti Məcəlləsi 75-ci maddəsi tikintiyə icazə verilməsini şərtləndirən 3 əsas meyar müəyyən edib. 1.Tikintiyə Torpaq sahəsinin ayrılmasına dair Sərəncam və həmin sərəncamda Sifarişçi (Karayev City MTK) qarşısında qoyulan tələblərin yerinə yetirilməsi ilə bağlı sənədlər. 2. Sifarişçiyə dair məlumatlar sənədləri (təsis sənədləri və sair) 3. Tikintiyə dair layihə, ekspertiza sənədləri və sair. Beləlikə qeyd olunan üç əsas meyar əsasında tikintiyə icazə verilir. Demək ki, tikintinin legitimliyi qanunvericiliyin imperativ tələbindən irəli gələrək mübahisə predmeti ola bilməz. Bu zaman mübahisə predmeti tikintiyə icazə verilməsin əsas olmuş torpaq ayırma sənədləri və bununla bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı ola bilər. İş materiallarından məlum olduğu kimi sözügedən ərazidə tikinti işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 154 nömrəli Sərəncamına əsasən "xxxx" MTK-ya torpaq sahəsi ayrılmışdır. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-cü il tarixli 104 nömrəli Sərəncamı ilə əvvəlki xx.xx.2014-cü il tarixli 154 nömrəli sərəncam və tərtib edilmiş 12899 nömrəli inşaat pasportu Karayev City MTK-nın adına rəsmiləşmişdir. Mübahisələndirilən tikintiyə icazə sənədi məhz qeyd olunan sərəncam və torpaq ayırma sənədləri əsasında və qanunla müəyyən edilən digər sənədlər əsasında verilmişdir. Odur ki, iddiaçı tikintiyə icazə sənədini yox, həmin sənədin verilməsinə əsas olmuş hüquq müəyyənedici sənədləri mübahisələndirə bilər. Ona görə ki, cavabdeh qurum tərəfindən tikintiyə icazə qanunla müəyyən edilən imperativ tələblər gözlənilməklə verilmişdir. Həmçinin, onu da xüsusi olaraq qeyd edir ki, verilmiş icazə əsasında tikinti və ya söküntü işləri aparılarkən mənzil sakinlərinin müvafiq qaydada məlumatlandırılması, gələcəkdə söküləcək binada mənzil sakinlərinin məzili boşaltmaqla bağlı razılığının alınması, habelə onlara kirayə haqqı verilməklə başqa mənzilə müvəqqəti köçürmə və digər işlər Sifarişçi (Karayev City MTK) tərəfindən həyata keçirilir və bu işlər həmin MTK-nın öhdəliyinə aid məsələlərdir. Həmin məsələlərin Sifarşçi tərəfindən icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi kimi hallar - tikintiyə icazə sənədinin mübahisələndirilməsinə hüquqi əsas vermir. Həmin məsələlərdən dolayı narazı qalan tərəf yalnız Sifarişçiyə (MTK) qarşı irad və tələbini irəli sürə bilər. Odur ki, hesab edilir ki, iddiaçının iddia tələbinin hüquqi və faktiki əsası yoxdur. Qeyd olunanları və Qanunvericiliyin tələblərini rəhbər tutaraq hazırki iddianın tam rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-35/2-526/2023 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 154 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə ayrılmış, sonradan isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
8. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.
9. Hazırda tələb Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 05 sentyabr 2022-ci il tarixli Tİ-85/22 saylı inzibati aktın ləğv edilməsi ilə bağlıdır.
10. İş materiallarından müəyyən olunur: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2012-ci il tarixli çıxarışa əsasən ünvan 4 ünvanındakı 11 saylı mənzil İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhər İcra Başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərancamı ilə “Gündüz- AS" MTK-ya Nizami rayonu, K. Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsindəki 2400-cü məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Kooperativin istifadəsinə verilmişdir. Bakı Şəhər İcra Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli sərəncamı ilə əvvəlki xx.xx.2014-cü il tarixli 154 nömrəli sərəncam və tərtib edilmiş 12899 saylı inşaat pasportu “Karayev City" MTK-nın adına rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 saylı ev Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2014-cü il tarixli 154 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinə ayrılmış, sonradan isə Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2018-ci il tarixli 104 nömrəli Sərəncamına əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.
11. Məhkəmə qeyd edir ki, iş üzrə iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı mübahisə yerli icra hakimiyyətinin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin verilməsi nəticəsində yaranmışdır.
12. Məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib yolla nail ola bilər.
13. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən: 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.
14. Göründüyü kimi, iddianın predmeti iddiaçıya məxsus olan mənzilin yerləşdiyi torpaq sahəsinin üçüncü şəxsin istifadəsinə verilməsi nəticəsində verilmiş tikintiyə icazənin ləğv edilməsi ilə bağlıdır. Mübahisələndirilən tikintiyə icazə sənədi məhz qeyd olunan sərəncam və torpaq ayırma sənədləri əsasında və qanunla müəyyən edilən digər sənədlər əsasında verilmişdir.
15. Məhkəmə hesab edir ki, torpağın icarəyə verilməsi barədə sərəncam qüvvədə olduğu təqdirdə iddiaçının sözügedən tikintiyə icazəni mübahisələndirmək hüququ yoxdur. İddiaçı yerli icra hakimiyyətinin hərəkətlərindən şikayət verməklə hüquqlarının bərpa olunmasına nail ola bilər. Daha sonra sözügedən iddianı qaldırmaqla inzibati aktı mübahisələndirə bilər.
16. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından hazırkı tələb (predmet) və cavabdeh üzrə iddiaya baxılması mümkün deyil.
17. İddiaçıya izah olunsun ki, hüquqi marağına uyğun olaraq – torpaq sahəsinin digər şəxsin istifadəsinə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının ona aid hissədə ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
20. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva