Məhkəmə qərarları › İş №2-1(112)-10502/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10502/2022

25.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10502/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı (Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 1 ünvanında qeydiyyatda olan), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının baş mütəxəssisi, Bakı şəhəri, Xırdalan şəhərində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 16 aprel 2021-ci il tarixdən etibarən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X9 15 sentyabr 1976-cı il tarixdə doğulmuşdur. O, doğulduğu vaxtdan səhhətində qüsurlar müəyyən edilmiş, daima həkim nəzarətində olmuş, ambulator şəraitdə müalicə almış və sonradan ona birinci qrup əlillik verilmişdir. Keçmiş həyat yoldaşı X7 ilə iddiaçının nikahı 16 fevral 1990-cı il tarixdə pozulsa da, daima bir evdə yaşamış və əlil övlada birlikdə baxmışdırlar. Son zamanlar Fuadın müalicəsi və saxlanması üçün lazım olan xərclər özünün aldığı müavinət və keçmiş həyat yoldaşının pensiyası hesabına həyata keçirilirdi. Keçmiş həyat yoldaşı X7 16 aprel 2021-ci il tarixdə ölmüş, oğulları Fuadın saxlanması və müalicəsi ilə tək özü məşğul olmaq məcburiyyətində qalmış, bu isə onun üçün cox ciddi çətnlik yaratmışdır. Qeyd edilir ki, Fuad Cavadovun sağlamlıq imkanlarının məhdudluğu 18 yaşına çatmamış müəyyən olunmuşdur. Bu halı onun ambulator şəraitdə müalicəsi ilə məşğul olan həkim tərəfindən verilmiş arayış da təsdiq edir. Ona görə də iddiaçı birinci dərəcəli əlil oğlu X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən oğluna ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməlidir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2 maddəsinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. İddiaya münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əri X7 daxili işlər orqanlarında çalışıb. Əri Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentindənyaşa görə pensiya alırdı. Əvvəllər maddi vəziyyətləri yaxşı olduğuna görə oğlunu tez-tez müalicə etdirməyə imkanları olub. Əri vəfat etdikdən sonra maddi çətinlikləri yaranıb. Oğlunun xəstəliyi ilə bağlı onda olan bütün sənədləri cavabdeh inzibati orqana təqdim edib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, iddiaçının əri X1 Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentindən 2008-2016-cı il tarixlərdə yaşa görə pensiya almışdır. İddiaçının oğlu X5 18 yaşına çatana qədər əlillik dərəcəsi təyin edilməsi barədə məlumat olmadığına görə ailə başçısını itirməyə görə pensiya təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 11 may 2022-ci il tarixli, **********9 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və aşağıdakılar bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatmamış övladları; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşma (hazırda qadınlar üçün 62 il 6 ay) çatmış, yaxud İ və ya İİ dərəcə əlil atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Qeyd edilənləri nəzərə alaraq, X6 ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunması məsələsinə onun 18 yaşına çatanadək əlil olması ilə bağlı əlillik sənədi (notarial qaydada təsdiq olunmuş) və ailə tərkibi haqqında arayışın əsli Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra baxılacaqdır. - iddiaçının oğlu X5 məxsus AZE seriyalı 16349766 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, 15 sentyabr 1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №158186 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X2, anası İddiaçıdır. - Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş mərhum X3 537- 003896 saylı pensiyaçının uçot vərəqindən müəyyən edilir ki, 20 dekabr 1950-ci il təvəllüdlü X4 DSMF Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamenti tərəfindən daxili işlər orqanlarının əməkdaşı kimi 15 may 1996-cı ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Nərimanov rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, İ-ЖГ № 471422 saylı boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında olan nikah 16 fevral 1990-cı il tarixdə ləğv edilmiş, bu barədə akt qeydləri kitabında qeydiyyat aparılmışdır. - Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 166994 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı DOST Mərkəzi tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində olan Dövlət Sosial Müdafiə X14 şəxsindən ümumi səbəblərdən İİ dərəcəli əlilliyə görə aylıq 130 manat məbləğində sosial müavinət almışdır. Təyinatın başlanğıc tarixi xx.xx.2019-cu il, təyinatın bitmə tarixi xx.xx.2021-ci il. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2021ci il tarixli vərəqdən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi olaraq ümumi xəstəlik, diaqnoz şizofreniya, şizofreniya paranoid forma paranoid şizofreniya, şizofreniya paranoid forma, fasiləsiz gedişli dərin psixi qüsur halı göstərilmişdir. - Həkim psixiatr B.Əsədov tərəfindən verilən xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 1976-cı il təvəllüdlü, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 2 ünvanda qeydiyyatda olan X9 həqiqətən həkim tərəfindən 1993-cü ildən ambulator şəraitdə “Şizofreniya paranoid forması, fasiləsiz artan qüsurla, dərin psixi qüsur vəziyyəti” diaqnozu ilə müalicədə olmuş və ona müvafiq dərman preparatları yazılmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra-TSERA) tərəfindən verilən 09 avqust 2022-ci il tarixli məktubundan görünür ki, X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016cı il tarixli, 36 nömrəli qərarına uyğun olaraq təkrar qiymətləndirmə nəticəsində xx.xx.2019cu ildən “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik dərəcəsinin dəyişdirilməsi ilə əlaqədar X11 0120003AAE1X, 0120003AAE5C nömrəli göndərişləri əsasında şəxsin əlillik vəziyyəti Tibbi-Sosial Ekspert Komissiyalarında müvafiq olaraq xx.xx.2020 və xx.xx.2020-ci illərdə elektron qiymətləndirilmiş və hər iki halda göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Fuad Cavadovun əlillik vəziyyəti sonuncu dəfə dövlət tibb müəssisəsinin 0120003AAFTA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2021-ci ildən müddətsiz birinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Məktubda həmçinin, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində vətəndaşın ilkin əlilliyi barədə məlumat aşkar olunmadığı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının oğlu X10 15 sentyabr 1976-cı il təvəllüdlü olmaqla 18 yaşına çatmış şəxsdir və hazırda birinci dərəcəli əlil olmaqla, əlilliyə görə sosial müavinət alır. Hazırkı iddia tələbi üzrə iddiaçı oğlu X5 birinci dərəcəli əlilliyə görə təyin edilmiş sosial müavinətin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2-ci maddəsinin tələblərinə əsasən ailə başçısını itirməyə görə mərhum əri X3 əmək pensiyasına dəyişdirilərək, həmin pensiyanın oğluna təyin edilməsini xahiş edir. İddiaçı tələbinin əsası olaraq oğlunun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs olduğunu, əlilliyin səbəbinin uşaqlıqdan yarandığını, lakin sosial təminatlarının əvvəllər yaxşı olduğuna görə bununla bağlı müvafiq orqanlara müraciət etmədiyini göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulnıuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir. Həmin Qanunun: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 4.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (...) 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. - 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: (...) 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.4.1-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olmuş və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi olmuş kömək alan) Qanunun 14-cü maddəsində göstərilən ailə üzvlərinin Qanunun 17-ci maddəsində nəzərdə tutulan şərtlərlə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxsin 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Bununla belə, işin məhkəmə araşdırması ilə iddiaçının oğlu X5 18 yaşına çatana qədər əlillik dərəcəsinin təyin edilməsi müəyyən edilməmişdir. Belə ki, TSERA-dan alınmış məlumatda müvafiq altsistemdə Fuad Cavadovun ilkin əlilliyi ilə bağlı məlumatın olmadığı, təkrar qiymətləndirmə nəticəsində ona 2019-cu il tarixdə müddətsiz ikinci dərəcə əlillik təyin edildiyi məlum olmuşdur. Beləliklə də, iddiaçının oğluna 18 yaşından sonra əlilliyin təyin edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən isə məhkəməyə bu halın əksini sübut edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ailə başçısını itirməyə görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar