Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10502/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “protokolun etibarsız hesab edilməsi və sair” tələbinə dair inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin hərrac komissiyası tərəfindən Xankəndi şəhərində yerləşən keçmişdə "Kirs" adlanan və qanunun tələbləri pozulmaqla keçirilmiş müsabiqədən sonra "X3" adlanan ictimai iaşə obyekti ilə əlaqədar keçirilmiş müsabiqənin nəticə protokolunun və bu protokol əsasında "X3" kommersiya təşkilatı ilə bağlanmış icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırlıq icraatı çərçivəsində məhkəmə aidiyyəti məsələsinə baxılması üçün məhkəmə iclası 14 avqust 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi işin aidiyyəti üzrə göndərilməsinə etiraz edərək işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Normanın tələbindən göründüyü kimi, qanunverici daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrin aidiyyətini həmin daşınmaz əmlakın olduğu yerə görə müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda Xankəndi şəhərində yerləşən ictimai iaşə obyekti ilə bağlı keçirilmiş müsabiqənin nəticələrini mübahisələndirir, hansı ki, bu iddia həmin daşınmaz əmlakla bağlı yaranmış hüquq münasibətlərindən irəli gəlir. Daşınmaz əmlak isə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxmağa həmin Məhkəmə səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Xankəndi şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Bundan əlavə, İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti isə səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Belə olan halda aydındır ki, hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin, yəni iddiaçının yaşayış yerinin məhkəməsi tərəfindən baxılmalıdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı ünvan 1 ünvanında müvəqqəti olaraq qeydiyyatdadır. Məhkəmə-Hüquq Şurasının yuxarıda istinad edilən 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na əsasən Göranboy rayonu da Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “protokolun etibarsız hesab edilməsi və sair” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10502/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10502/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver