Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10508/2021 29.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (arvadı) X3 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı 11.07.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması, və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. 16.06.1970-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2006-cı ilə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 25 ildən çox sığorta stajı vardır. Əmək fəaliyyətinin 6 ilə yaxın müddətində Bakı Nəqliyyat-7 ASC-də sürücü işləmişdir. Dövlət Əmlak Komitəsinin 372 saylı 02.03.1998-ci il tarixli sərəncamı ilə Bakı Yük AHİB-nin Bakı təsərrüfatının bazasında Bakı Nəqliyyat-7 ASC yaradılmışdır. İddiaçı Cəmiyyətin 22.03.1999-cu il tarixli 20 nömrəli əmri ilə öz xahişinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məxsus əmək kitabçasında işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisəsinin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda iddiaçı ilə birgə işləmiş X4 və X2 da iddiaçının həmin müəssisədə onlarla eyni vaxtda sürücü işlədiyi faktını təsdiq edə bilər, həmçinin şahidlərin də əmək kitabçasında Bakı Nəqliyyat-7 ASC sürücü işlədikləri barədə müvafiq qeydlər aparılmışdır. İddiaçı 2016-cı ildən səhhəti ilə əlaqədar 2-ci qrup əlilliyə görə pensiya təyin edilmişdir. 2021-ci ildən həmin pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına 11.07.2021-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 03.09.2021-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı kifayət qədər sığorta stajı olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Bakı Nəqliyyat-7 ASC-də işlədiyi müddətə aid sənədlər Cəmiyyət tərəfindən Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi arxivinə təhvil verilmədiyindən bu dövlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisənin həll olunduğunu, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunduğunu bildirdi.
4. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinin cavabdeh tərəfindən təmin olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva