Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10513/2024 21.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Yuryervnanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanda yerləşən yaşayış binası Mətbuat və İnformasiya Nazirliyinin tabeliyindəki 1 saylı Mətbəəyə məxsus olmuşdur. Qeyd edilən bina Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 466 saylı Sərəncamına əsasən Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (bundan sonra – cavabdeh) balansına qəbul edilmişdir. ünvan 2, 6 saylı mənzilin şəxsi hesab vərəqəsi İddiaçı (bundan sonra – iddiaçı) adınadır. İddiaçı xx.xx.1967-ci il tarixdən həmin mənzildə pasport qeydiyyatındadır və həmin mənzildə yaşayır. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinə imtina verilmişdir. İmtina üçün səbəb mənzilə dair hüquqmüəyyənedici sənəd olmaması göstərilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 6 saylı mənzilə dair icarə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda göstərilən yaşayış sahəsində qeydiyyatdadır və yaşayır. Cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd edilən yaşayış binası və orada yerləşən 6 saylı mənzil dövlət mənzil fonduna aid olmaqla 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı tərəfindən dövlət mənzil fonduna aid Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 105 saylı binanın 6 saylı mənzilinə köçməsinə əsas verən hüquqmüəyyənedici sənəd (order, sərəncam, qərar və s.) təqdim edilməmişdir. Mənzilin sənədləşdirilməsi ilə bağlı yaşayış sahəsinin istifadəsinə verilməsinə dair hüquqmüəyyənedici sənədi (order), habelə mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış şəxslərin notariat qaydada təsdiq edilmiş razılıq ərizələrini ərizəsinə əlavə etməklə binanın balanssaxlayan təşkilatı 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçının sözügedən mənzildə qeydiyyatda olması da mənzil üzərində hüquqlarının yaranmasına, onun hüquqi statusuna təsir göstərmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı xx.xx.1967-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu Həzi Aslanov küçəsi, ev 105, 6 saylı mənzidə qeydiyyatdadır və orada yaşayır. İddiaçı hazırda həmin mənzilə dair kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddia əsaslı olmaqla cavabdehin imtinası əsasızdır. Belə ki, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Cavabeh iddiaçının mənzilə dair hər hansı bir hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə bildirirərək iddiaçının müraciətini təmin etməkdən imtina edir. İddiaçı iddia tələbinin predmetinin təşkil edən mənzilə dair 6 № li orderin surətini təqdim edir. Məhkəmə qeyd edir ki, həmin orderin əsli və arxiv nüsxəsi olmasa da, orderin həqiqətən də verilməsi işdə olan digər sübutlarla təsdiq edilir. Belə ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamenti 70 saylı Mənzil Kommunal İstismar Sahəsinin məhkəmə sorğusna cavab olara mənzilin şəxsin hesab vərəqəsi məhkməyə təqdim edilmişdir. Həmin şəxsi hesab vərəqə iddiaçının adınadır və oğlanları X1 və X2 həmin mənzildə yaşayırlar. Daxili İşlər Nazirliyi Baş Pasport və Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, iddiaçı xx.xx.1967-ci il tarixdən həmin mənzildə pasport qeydiyyatındadır. 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Departamenti 70 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli 167 və 168 № li arayışlarında müəyyən edilir ki, iddiaçı həmin mənzildə yaşayır və mənzilin kommunal xərclərini ödəyir. Məhkəmə mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının adına olmasını, xx.xx.1967-ci il tarixdən həmin mənzildə qeydiyyata alınmasını və orada yaşamasını əsas götürərək iddiaçının təqdim etdiyi orderin mötəbərliliyinə şübhə olmaması qənaətinə gəlir. Göründüyü kimi, iddiaçı 57 ildir ki, həmin mənzildə pasport qeydiyyatında olmaqla yaşayır və mənzildən istifadı edir. İddiaçının həmin mənzildə yaşaması işdə olan sənədlərlə öz təsdiqini tapır və işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəf də bu halı inkar etmir. Həmçinin iddiaçının oğlanları notarial qaydada ərizə verərək mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, mənzilin icarə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. - 81.2-ci maddəsinə görə kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla icarə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2, 6 saylı mənzilə dair İddiaçı ilə icarə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departementinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-10513/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10513/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver