Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10514/2021 16.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına qarşı onun 1975, 1976 və 1977-ci illərdə Bərdə rayonu H.Aslanov adına kolxozda işlədiyi müddətin ona yaşa görə əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsinə və cavabdehin üzərinə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun yaşa görə əmək pensiyası hüququ verən 62 yaşı tamam olduğu üçün, 23.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialının 04.08.2021-ci il tarixli **********0 nömrəli məktubu ilə ona bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından aslı olmayaraq, bu pensiya təminatına vermədikdə isə azı 25 il sığrta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş səxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş ....qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılir. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyi 02.10.2013-cü il tarixli, 2(076)-1982/2013 saylı Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin və diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajı 24 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hssəsində qeydə alınmış pensiya kapitalı 18924.73 manat olmaqla qanunvericilikdə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbəğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirir ki, Bərdə rayon Dövlət Arxivinin 05.02.2020-ci il tarixli 38 nömrəli arayışında əks olunan H.Aslanov adına kolxozda 1975-1977-ci illərə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsəasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Hesab edir ki, H.Aslanov adına kolxozda 1975-1977-ci illərə aid əmək fəaliyyətinin əmək kitabçasında qeyd olunmadığı əsası ilə həmin dövrlərin sığorta stajına daxil edilməməsi qanunsuz və əsasızdır. Belə ki, bu fakt Bərdə rayon Dövlət Arxivinin 05.02.2020-ci il tarixli 38 nömrəli arayışında öz təsdiqini tapmışdır. Həmin arayış Arxivdə saxlanılan H.Aslanov adına kolxozun sənədləri əsasında tərtib edilmiş və səlahiyyətli şəxsin imzası və idarənin möhrü ilə təsdiq edilmişdir. Eləcə də, onun 62 yaşı yeni Qanunun tətbiq olunduğu 2017-ci ilin iyulun 1-dən əvvəl tamam olduğundan, əvvəlki qaydalara görə pensiya yaşı 62 yaş götürülməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Onun 1975-1977-ci illərə aid iş stajı Arxiv Arayışı ilə öz təsdiqini tapdığından iddianın aidiyyatı mülki məhkəməyə deyil, inzibati məhkəməyədir. Odur ki, ona əsasız olaraq pensiya təyin edilməsindən imtina edildiyi üçün inzibati məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirmişdir ki, İddiaçı 10.02.2021-ci il tarixində pensiya hüququ yaranmış, 23 fevral 2021-ci il tarixində Fondun Sosial ödənişlərin X7 filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialı tərəfindən “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq vətəndaşın tələb olunan 25 illik sosial sığorta stajı mövcud olmadığı üçün əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “X4” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, “X4” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X4” Azərbaycan Respublikası Qaıınuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Nəzərinizə çatdırırlar ki, Azərbaycan SSR-nin 1971-ci il 10 dekabr tarixli qanunu ilə təsdiq edilmiş Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir. Bərdə rayon Dövlət Arxivinin 05.02.2020-ci il tarixli, 38 nömrəli arayışında əks olunan “H.Aslanov adına kolxoz”da 1975- 1977-ci illərə aid iddiaçının əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından, həmin dövrlər cavabdeh inzibati orqan tərəfindən iddiaçının sosial sığorta stajına daxil edilməmişdir. Azərbaycan Respublikasının “X4” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən yaş tələbi 62 yaş olduğundan və iddiaçı 10.02.2021-ci il tarixində 62 yaşa çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. 2. İddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədikdə vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 24 il 10 aydır. Bu səbəbdən də, iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “X4" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1982/2013-cü il tarixli, 02.10.2013cü il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1982-ci ildən 1987-ci il tarixədək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə, 07.04.1987-ci il tarixdən 1991-ci ilin axırlarınadək Şəmkir rayonu “Şamxor” üzümçülük sovxozunda fəhlə və 1991-ci ilin axırlarından 2004-cü ilin noyabr ayınadək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1982-ci ildən 1987-ci il tarixədək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə, 07.04.1987-ci il tarixdən 1991-ci ilin axırlarınadək Şəmkir rayonu “Şamxor” üzümçülük sovxozunda fəhlə və 1991-ci ilin axırlarından 2004-cü ilin noyabr ayınadək Şəmkir rayonu Yun-Dəri İdarəsində fəhlə işləməsi faktı müəyyən edilmişdir. İşdə olan Bərdə rayon Dövlət Arxivi İdarəsi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarixli, 38 nömrəli arxiv arayışından görünür ki, Bərdə rayon Dövlət Arxivi iddiaçının sorğusuna cavab olaraq bildirmişdir ki, Bərdə rayon Dövlət Arxivində mühafizə edilən sabiq H.Aslanov kolxozunda (AİM) 1975-1977-ci illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda AİM işləyərək qazandığı əmək haqqı müvafiq illər üzrə aşağıdakı qaydada qeyd olunmuşdur: 1975-ci il üzrə – adam günü 71, əmək günü 83, minimum əmək günü norması 150; 1976-cı il üzrə - adam günü 59, əmək günü 36, minimum norma əmək günü 150, 1977-ci il üzrə - adam günü 123, əmək günü 177, minimum norma əmək günü 150 gün təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 avqust 2021-ci il tarixli, **********0 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılaraq bildirilmişdir ki, “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim etdiyi 02.10.2013-cü il tarixli, 2(076)-1982/2013 saylı Şəmkir Rayon Məhkəməsinin qətnaməsinin və diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajı 24 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18924,73 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqularının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 X5 Sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məlumat üçün bildirilmişdir ki, Bərdə rayon Dövlət Arxivinin 05.02.2020-ci il tarixli 38 nömrəli arayışında əks olunan H.Aslanov adına kolxozda 1975-1977-ci illərə aid əmək fəaliyyəti əmək kitabçasında qeyd olunmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq ona 01.05.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Şəmkir filialına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina haqqında” 04 avqust 2021-ci il tarixli, **********0 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və cavabdehin imtinasının məzmunundan göründüyü kimi, iddiaçının cavabdehə təqdim etdiyi diplom və Şəmkir Rayon Məhkəməsinin 02.10.2013-cü il tarixli, 2(076)-1982/2013 saylı qətnaməsinə əsasən onun əmək stajı 4 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) az təşkil etmişdir. Hazırki məhkəmə mübahisəsinin predmetini iddiaçının Bərdə rayonu H.Aslanov adına kolxozda işlədiyi 1975, 1976 və 1977-ci illərin onun sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də, hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının 1975-1977-ci illərdə kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. Ona görə də, həmin dövrə aid iş stajı Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon Dövlət Arxivinin 05.02.2020-ci il tarixli, 38 nömrəli arxiv arayışı ilə təsdiqlənə bilər və müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1975-1977-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşlaırn pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırki iş üzrə X6 Rayon Dövlət Arxivi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarilxi 38 nömrəli arayışda göstərilən məlumatları nəzərə aldıqda müəyyən edilir ki, 1975-1977-ci illərdə H.Aslanov adına kolxozda illik adam (əmək) günü norması qadınlar üçün 150 adam günü olmuşdur. Buna qarşılıq iddiaçı 1975-ci il üzrə 71 adam günü, 1976-cı il üzrə 59 adam günü, 1977-ci il üzrə isə 123 adam günü işləmişdir. Beləliklə, iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajın yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama isə faktiki işləmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş gününə bölünməsi yolu ilə aparılmalıdır. Məsələn, iddiaçının 1975-ci ildə 71 gün, 1976-cı ildə 59 gün, 1977-ci ildə isə 123 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 1975-ci il üzrə - 71×12/150 = 5 ay ... 1976-ci il üzrə - 59×12/150= 4 ay... 1977-ci il üzrə - 123×12/150 = 9 ay. Beləliklə, bu qaydada hesablama nəticəsində iddiaçının 1975-1977-ci illərdə kolxozda işləyərkən faktiki müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq 18 aydan artıq iş stajına malik olduğu müəyyən edilir. Bu isə iddiaçının 25 il iş stajının yaranması üçün əlavə tələb olunan sığorta stajını ödəyir. “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “X4” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 10.02.2021-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. Məhkəmə eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə də, qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının 01.01.2006-cı il tarixədək artıq 25 ildən çox sığorta stajına malik olması öz təsdiqini tapdığından, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halı da, əhəmiyyət daşımır. Belə ki, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə istinadən məhkəmə bir daha qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olması zəruridir. İddiaçının isə 25 il sığorta stajına malik olması məhkəmə araşdırması zamanı kifayət qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1975, 1976 və 1977-ci illərdə Bərdə rayonu H.Aslanov adına kolxozda işlədiyi müddət onun sığorta stajına daxil edilməklə, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X7 Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10514/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10514/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver