Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10517/2023 18.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində xx.xx.2022ci il tarixdə etibarsız hesab edildiyi xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli Qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Ona müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının diaqnoz və əmək zəmanəti qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə əmək zəmanəti qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər" kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbi dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra əmək zəmanəti qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər" kimi qeyd edilmiş, daha sonra Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarı icra edilərək xx.xx.2022-ci ildə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən əmək zəmanəti qrafasında "Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər" kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli Qərarı nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Əmək zəmanəti qrafasında yazılmış "Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər" sözlərinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışında əmək zəmanəti qrafasında "yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixli müraciətdən sonra cavabdeh əvvəllər olduğu kimi yenə də ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman ona məlum olmuşdur ki, müraciətinə əsasən ona kömək etmək əvəzinə Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları sözlərinin Diaqnoz qrafasında "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayışında Əmək zəmanəti qrafasında "əmək qabiliyyətsiz” sözləri ilə əvəz etmişdir. Hazırda müraciəti ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyi - əlilliyə dair qiymətləndirmənin əlillik altsistemində xx.xx.2022-ci il tarixdə etibarsız hesab edilən xx.xx.2022-ci il tarixli əlilliyə dair qiymətləndirmə əlillik altsistemində bərpa edilsin.
3. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim edərək, bildirmişdir ki, iddiaçının “xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə, Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli qərarı icra edilərək vətəndaş İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (bundan sonra - Əsasnamə) 2.4-cü bəndinin 2.4.1-ci, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-5O arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilməli olduğu qeyd edilmişdir. Qeyd edilən məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra Agentlik tərəfindən Əlillik altsisteminə (bundan sonra - altsistem) işlənmə zamanı texniki yanlışlıq nəticəsində İddiaçı təyin edilmiş əlillik diaqnozu Əsasnamənin 2.2.11-ci, epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9) bəndi qeyd edilmişdir. Daha sonra məhkəmə qərarının düzgün icra edilməsi məqsədilə qərarda qeyd edilən diaqnozlar altsistemə işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 2.6cı bəndinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Əlillik altsisteminə (bundan sonra - altsistem) daxil edilir. Odur ki, xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1918/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «cavabdehin inzibati aktının əsassız hesab edilməsi və iddiaçının əlilliyi ilə bağlı müvafiq məlumatlarda dəyişiklik edilməsi» tələbinə dair iddiası mümkünsüz hesab edilmişdir. Mövcud qanunvericilik normaları şəxsin əlilliyinin qiymətləndirilməsi üzrə müstəqil inzibati icraat aparılması səlahiyyətlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə etmişdir. Əlilliyin qiymətləndirilməsi zamanı mövcud xəstəliklərə verilən diaqnozlar və onlara müvafiq olaraq əmək zəmanətinin müəyyən edilməsi ilə bağlı məsələlər tamamilə inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Qanunvericilikdə bu məsələni tənzimləyən xüsusi normalar qeyd olunmamışdır. Digər hüquq normaları ilə bağlı iddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi Aktların Elektron bazası vasitəsilə məlumat ala bilər. Bu səbəbdən iddiaçının hazırkı tələbi əsassızdır, qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə əlaqədar Agentlik tərəfindən hər-hansı qanun pozuntusuna yol verilməmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi).
5. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
6. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.
8. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı onun əlilliyi qiymətləndirilərkən xx.xx.2022-ci il tarixdə əmək zəmanətinin “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi müəyyən edildiyi halda, xx.xx.2022-ci il tarixdə dəyişdirilərək “əmək qabiliyətsiz" kimi müəyyən edildiyini bildirməklə, sonuncu dəyişikliyin ləğv edilməsini, əvvəlki qiymətləndirmənin, yəni əmək zəmanətinin “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi müəyyən olunmasının bərpa edilməsini xahiş edir.
9. Yəni iddiaçının hazırkı iş üzrə çatmaq istədiyi məqsəd onun əlilliyinin qiymətləndirilməsi ilə bağlı əmək zəmanətinin “əmək qabiliyyətsiz"-dən, “ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər”-ə dəyişdirilməsidir.
10. Məhkəmə qeyd edir ki, işdə olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2023 saylı qərardadından görünür ki, iddiaçı hazırkı iş üzrə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 29 iyul 2022-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının (inzibati aktının) əsassız hesab edilməsi, cavabdehin Ali Məhkəmənin 2-1(102)- 1012/2022 nömrəli qərarını ilk dəfə icra edərək 30 iyun 2022-ci il tarixli tibb müəssisəsisinin 0280003AAFMA göndərişinə əsassən tərtib etdiyi TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışını (inzibati aktını) əsas kimi hesab edərək TSEK-də sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının Diaqnoz qrafasında yazılmış “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar” sözlərinin Diaqnoz qrafasında «Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçrilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik endefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında "Yüngül işlərdə işləyə bilər ’’sözləri ilə əvəz edilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul ediməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia tələbi mümkün sayılmamışdır.
11. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-1765/2023 saylı qərardadından görünür ki, iddiaçının Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1918/2023 saylı qərardadından vediyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-942/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Göründüyü kimi, iddiaçı artıq cavabdeh tərəfindən onun əlilliyi qiymətləndirilərkən müəyyən olunan əmək zəmanətinin “əmək qabiliyyətsiz"dən “yüngül işlərdə işləyə bilər”ə dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, onun bu tələbinə qiymət verilmişdir və iş hazırda kassasiya instansiya məhkəməsinin icraatındadır.
13. İPM-in 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 45.3-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gün məhkəmənin dəftərxanasında qeydiyyata alınmalı və ərizəyə qeydiyyat tarixi göstərilməklə ştamp vurulmalıdır. İddia ərizəsinin poçt rabitəsi vasitəsi ilə göndərildiyi hallarda, iddia ərizəsinin vaxtında göndərildiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İPM-in 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 45.5-ci maddəsinə görə iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır.
14. İstinad olunan normalardan müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır və bununla da, iddiaçı, habelə prosesin digər tərəfləri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməzlər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.4, 15.5 və 15.6-cı bəndlərinə görə İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
16. Göstərilənləri nəzərə alan məhkəmə iddiaçının eyni tələblə eyni tərəfə qarşı daha əvvəl məhkəməyə müraciət etdiyini, həmin işin hazırda məhkəmə icraatında olduğunu nəzərə alaraq hesab edir ki, İPM-in 45.5.1-ci maddəsinə əsasən hazırkı iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
17. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Salahova