Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10521/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əvvəlki dövrlər üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il 11 ayın təqaüdünün, yəni 23092 manat vəsaitin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Rusiya Federasiyasında hərbçi olmuş və 2008-ci il tarixdə elə orada hərbçi kimi pensiyaya çıxmışdır. Sonradan Rusiya vətəndaşlığından imtina etmiş və Azərbaycan Respublikası vətəndaşlığını qəbul etmişdir. Həmin vaxtdan da şəxsi işi Azərbaycan Respublikası Müdafiə Nazilriyinə göndərilmişdir. Həmçinin təqaüdü də bura keçirilmişdir. İlk əvvəl Azərbaycan manatı ilə 1004 manat təqaüd almış, hazırda isə 1281 manat alır. Lakin onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixə kimi, 1 il 11 ayın təqaüdü, yəni 23092 manat təqüdü verilməmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Məktubda bildirilmişdir ki, müraciətində göstərildiyi dövr ərzində Azərbaycan Respublikası vətəndaşı və ya ölkə ərazisində daimi yaşayan əcnəbi olmadığından ona 02 yanvar 2022-ci il tarixdən əvvəlki müddətə pensiyanın hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı qeyd etmişdir ki, o, 2019-cu il tarixdən Azərbaycanda yaşayır və 2021-ci ilin dekabr ayında Rusiya vətəndaşlığından çıxaraq Azərbaycan vətəndaşlığını almışdır. xx.xx.2022-ci il tarixdə ona şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasında mütəmadi olaraq yaşayıb və 2021-ci il tarixdən də vətəndaşlığı təsdiq olunub. Qeyd olunanlara əsasən tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı Rusiya Federasiyasında hərbçi olmuş və 2008-ci ill tarixdə hərbi qulluqçu kimi ona pensiya təyin edilmişdir. Daha sonra o, Rusiya vətəndaşlığından imtina edərək, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası vətəndaşlığını almışdır. Qeyd olunan tarixdən ona 1004,50 manat məbləğində pensiya təyin olunmuş, hazırkı tarixə həmin məbləğ 1281 manata çatdırılmışdır. İddiaçı Mərkəzi Filiala müraciət edərək ona xx.xx.2020-ci il tarixdən pensiya təyin olunaraq ödənilməli olduğunu bildirmişdir. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda onun xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası vətəndaşı olduğundan pensiya məbləğinin ona münasibətdə həmin tarixdən hesablanmalı olduğu qeyd olunmuşdur. Cavabdeh hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İşin faktiki hallarına əsasən iddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində vəsiqənin verilmə tarixini xx.xx.2020-ci il tarixdən etibarlı olması və son etibarlılıq müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi qeyd olunmuşdur. İddiaçının iddia ərizəsində tələb etdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr ərzində onun Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi olması faktını təsdiqləyən heç bir sənəd təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmiş sorğuya cavab olaraq, sözügedən qurum tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 08/9569/di nömrəli məktuba əsasən iddiaçı xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə almışdır. Göstərilən hallar belə iddiaçının ölkə ərazisində daimi yaşamaq üçün icazə almasını istisna edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğuna görə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə (tələbi ilə bağlı inzibati orqana ilkin müraciətinin olması) cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etiraza uyğun məzmunda cavab verilərək təmin edilməsindən imtina edilmişdir. -DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1ci maddəsinə əsəsən iddiaçıya xx.xx.2022-ci il tarixdən 1004,50 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. -Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş MYİ ******* nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. - Аzərbаycаn Rеspublikаsı Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq məsələləri baş idarəsinin DSMF-in Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış cavab məktubundan bildirilmişdir ki, “xx.xx.1957-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olmuş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2021ci il tarixli 3085 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir. Həmçinin qeyd edirik ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşı kimi Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) ilə bağlı müraciəti Dövlət Miqrasiya Xidmətində qeydə alınmamışdır. İddiaçı Rusiya Federasiyasının vətəndaşı kimi xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri ilə təmin edilmişdir.” Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçıya 2008-ci ildə Rusiya Federasiyasında hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci ildə Azərbaycan Respublikası vətəndaşlığını almış və qeyd olunan tarixdən ona cavabdeh inzibati orqan tərəfindən hərbi qulluqçu kimi yaşa görə pensiya təyin edilmişdir. İddiaçı 2019-cu ildən Azərbaycan Respublikasında yaşadığına istinad edərək pensiya qurumunun qərarı ilə razılaşmır və hesab edir ki, ona xx.xx.2020-ci ildən pensiya təyin olunmalı və həmin tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 1 il 11 ayın pensiyasının ödənilməyən pensiya məbləği hesablanaraq ödənilməlidir. Məhkəmə əvvəlcə qeyd edir ki, iddiaçı tələbində “təqaüd” kimi qeyd etsə də, işin hallarından göründüyü kimi, onun məqsədi hərbi qulluqçu kimi təyin edilmiş yaşa görə əmək pensiyası üzrə ödənilməyən məbləğin əldə edilməsidir. Odur ki, məhkəmə həmin məsələni iddiaçının hüquqi marağını əks etdirməyən və işin hallarına uyğun olmayan formal xəta kimi qəbul edir və tələbin dəqiqləşdirilməsinə zərurət görmür. İddianın mahiyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin: -3.0.1-ci maddəsinə əsasən əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. -3.0.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. -3.0.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. -44.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. -52.2-ci maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. -52.3-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2013-cü il tarixli, 938 nömrəli Fərmanının 5.4-cü bəndinə əsasən, həmin Məcəllənin 52.2-ci, 52.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Məhkəmə göstərilən normaları hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 3.2-ci maddəsindən göründüyü kimi, yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin qanunla nəzərdə tutulmuş şərtlər altında Azərbaycan Respublikası vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası almaq hüququ nəzərdə tutulmuşdur. Həmin daimi yaşamaq üçün icazə sənədinin verilməsi isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlərinə aid edilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildiyi 27 dekabr 2021-ci il tarixədək Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə sənədi verildiyindən və ona mübahisəli dövr üzrə (xx.xx.2020-xx.xx.2021-ci illər) səlahiyyətli qurum tərəfindən Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə sənədinin verilməsi müəyyən edilmədiyindən o, istinad olunan Qanunun 3.2-ci maddəsinin təsirinə düşmür. Belə olan halda cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10521/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10521/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver