Məhkəmə qərarları › İş №2-1(112)-10522/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10522/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10522/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “barəsində hesablanmış 2.922 manat məcburi dövlət sosial sığorta haqqından 2.202 mana faiz və cərimələrin silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qıbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ildə VÖEN açaraq təxminən 3-4 nəfər olan işçi sayı ilə kicik dönərxana fəaliyyəti ilə məşğul olmağa başlamış və işçiləri qeydiyyata aldırmışdır. Vergi uçotunun aparılmasında, bəyamnamələrinin verilməsində və s. bele işlərdə yaxın tanışı olmuş və köməklik etmişdir. Al-ver zəif olduğundan mütəmadi olaraq işçilər dəyişimiş və yeni gələn işçiləri də qeydiyyata aldırmışdır. Bir müddət işlədikdən sonra səhətində yaranan problemlə əlaqədar hemin obyektdən uzaqlaşmalı olmuşdur. Lakin sahibkarlıq fəaliyyətini tam dayandırmamış, xalası oğlu obyektə gedib-gələrək ona köməklik etmişdir. Alver çox zəyif olduğundan obyekti bağlamağı və buna görədə özünün sağalıb təhvil vermeyi düşünmüşdür. 2 ay sonra məlum pandemiya başlamış və iddiaçı obyekti təhvil vermişdir. Təhvil verdiyi zaman vergi uçotunu aparmaqda kömək edən tanışı bildirmişdir ki, 720 manat sosial borcu var, vergiyə isə borcu yoxdur, çünki mütəmadi olaraq vergiyə ödəniş edirdi. Bundan sonra səhhəti ilə əlaqədar (jilber sindiromundan müalicə olunmuş və iki dəfə əməliyyat olmuşdur) heç bir yerdə işləməmiş, gəlir yeri olmamış, ailəsinin himayəsində yaşayır. İmkanı olmadığından yuxarıda qeyd olunan sosial sığorta borcunu ödüyə bilmir, hal hazırda həmin borc faiz və cərimələrə birlikdə 2.922 manat olmuşdur. Bu barədə o, xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsinə müraciət edərək yaranan sosial sığorta borcundan faiz və cərimələrin silinməsi və 720 manat məbləği aylara bölünərək hissə-hissə ödəniş etməsinə köməklik gösdərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə cavab məktubu göndərərək bildirmişdir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri vergi qanunvericliyinə əsasən bəzi hallarda müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər. Lakin iddiaçı vergi orqanında təkcə hissə-hissə ödəniş barədə deyil, faizlərin və cərimələrin silinərək qalan məbləğin hissə-hissə ödəniş olunmasına köməklik edilməsini xahiş etmişdir. Vergi orqanı ümumilikdə hissə-hissə ödənişin mümkün olmadığı cavabını vermişdir. Əlavə olaraq 3 gün sora xx.xx.2022-ci il tarixdə cavabdeh yenidən məktub göndərərək qeyd etmişdir ki, yuxarıda qeyd olunan sosial sığorta borcunu ödəməsə (2.922 manat) ölkədən çıxışının məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu poçt vasitəsilə iddiaçıya təqdim edilmişdir. İş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu xx.xx.2023-cü il tarixdə “Ağayev” tərəfindən imza edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan tərəfindən “iddianın mümkün sayılmaması barədə” vəsatət məhkəməyə təqdim edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, vergi ödəyicisi borcun silinməsini tələb etsə də bu iddia tələbini ümumiyyətlə əsaslandırmamışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin ikinci hissəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının 2.3-cü bəndində Qanunun 18-ci maddəsinin ikinci hissəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi (hazırda Dövlət Vergi Xidməti) nəzərdə tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin məzmunundan da göründüyü kimi, iddia ərizəsinin mümkün sayılması üçün qanunverici hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasını əsaslandırmaq öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Həmçinin Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə tərəfindən iddiaya inzibati icraat qaydasında baxılaraq hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan iddia qeyri-mümkün hesab edilməlidir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçının tələbi barəsində hesablanmış 2.922 manat məcburi dövlət sosial sığorta haqqından 2.202 mana faiz və cərimələrin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır:

1. mümkünlük;

2. əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:

1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;

2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;

3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya edilən hüquqi yardıma və bununla bağlı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı ilə edilmiş müzakirəyə baxmayaraq iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia uyğunlaşdırmamış və dəqiqləşdirilmiş iddia ərizəsini məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli **********560000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı barəsində hesablanmış 2.922 manat məcburi dövlət sosial sığorta haqqından 2.202 mana faiz və cərimələrin silinməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********560000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş sanksiya barəsində xx.xx.2022-ci il tarixdən məlumatlı olmuş və cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh inzibati orqanın imtinasını xx.xx.2022-ci il tarixdən aldıqdan sonra məhkəmədə iddia qaldırmışdır. Lakin, məhkəmə icraatından yayındığına əsasən iddiası məhkəmənin qərardadı ilə geri götürülmüş sayılmışdır. Belə ki, iddiaçı mübahisələndirdiyi tələbin təmin edilməsində maraqlı olmamış və inzibati məhkəmə icraatından yayınmışdır. İddiaçının nail olmaq istədiyi hüquqi marağa uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş və bununla bağlı ona kifayət qədər şərait yaradılaraq vaxt verilməsinə baxmayaraq, o iddia tələbini dəqiqləşdirməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilərdi. Bununla bağlı olaraq qeyd edilir ki, iddia tələbi dəqiq və konkret olmadığından, həmçinin iddia tələbində qeyd edilən vergi borcunun cavabdehin hansı qərarı əsasında yarandığı və iddiaçı tərəfindən cavabdehin hansı qərarının mübahisələndirildiyi dəqiq göstərilmədiyindən iddia mümkün sayıla bilməz. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar