Məhkəmə qərarları › İş №2-1(112)-10528/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10528/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10528/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair müvafiq texniki pasport da tərtib edilmişdir. Həmin əmlak mənzil kimi qeydiyyata alınsa da, hazırkı vəziyyətdə əmlak faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Nəzərə alınmalıdır ki, əmlakın qeyri-yaşayış sahəsi kimi istifadəsi hər hansı hüquqi və ya fiziki şəxsin hüquqlarını pozmur və ümumiyyətlə maneə yaratmır. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində göstərilən sənədlərlə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şifahi tapşırığa əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinasının hər hansı hüquqi əsası olmamış və imtina iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinə müdaxilə kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 iddiaçının xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 binanın 1-ci mərtəbəsində yerləşir, otaqların sayı - 2, ümumi sahəsi 52,2 kv. metr, yaşayış sahəsi 30,2 kv.metr təşkil edir. Müstəqil ekspert olan "xxxx" MMC-nin 09 avqust 2024-cü il tarixli, 077/KS/24 saylı mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, 38 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi texniki cəhətdən mümkündür. Belə ki, mənzil hal-hazırda üç otaqdan və sanitar qovşaqdan ibarət olmaqla qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Daxili konstruksiya və daşıyıcı divarlara heç bir zərər yetirilməmişdir. Sözügedən mənzildən qeyri-yaşayış sahəsi qismində istifadə edildikdə, digər şəxslərin, o cümlədən qonşuluqda yaşayan şəxslərin hüquq və mənafelərinə heç bir halda toxunulmur. Qeyd olunan mənzildə aparılmış yenidənqurma işləri yaşayış sahələri üçün qanunvericilikdə müəyyən olunmuş sanitariya, texniki norma və qaydalara uyğundur. Mənzil daxilində sanitar qovşağın yeri dəyişdirilməmiş, pilləkən qəfəsindən giriş bağlanmamış və pəncərə yuvalarına toxunulmamışdır. Sözügedən mənzilin qeyri-yaşayış sahəsi təyinatlı sahəyə dəyişdirilməsi zamanı aparılmış təmir-bərpa işləri binanın xarici görünüşünə, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərinə uyğunlaşdırılmışdır. Mənzilin ön və arxa divarları boyu binanın ümumi texniki parametrlərindən kənaraçıxmalar mövcud deyil. Mənzildə aparılmış yenidənqurma işləri qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmur, həmçinin həyat və sağlamlığına təhlükə yaratmır. Belə ki, mənzilin qeyri-yaşayış sahəsi təyinatlı təmiri və aparılmış yenidənqurma işləri zamanı binanın arxasındakı piyada gediş-gəliş yolundan yeni pilləkən quraşdırılmışdır. Bu da, bina sakinləri üçün nəzərdə tutulmuş ümumi girişdən (blokun) qeyri-yaşayış sahəsinə daxil olmaq istəyən insanların istifadəsini minimuma endirir. Qeyd olunan mənzil birinci mərtəbədə yerləşir. İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, yuxarı dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırığına əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırıldığından, hal-hazırda mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi mümkün deyil. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir (20.1). Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir (20.2). Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir (20.3). Qeyd edilən normaların məzmunundan göründüyü kimi yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi üçün həmin qeyri-yaşayış sahəsinin ayrıca (yaşayış sahələrinə aid olmayan) gediş-gəliş imkanı olmalı, həmin sahə mənzilin tərkib hissəsi kimi qalmamalı, həmin sahənin mülkiyyətçisi tərəfindən yaşayış yeri kimi istifadə olunmamalı, başqa şəxslərin hüquqları ilə yüklü edilməməli, çoxmənzilli binanın tərkib hissəsi olduqda binanın birinci mərtəbəsində yerləşməli, yuxarı mərtəbələrdə yerləşdikdə isə həmin sahənin altında yaşayış sahəsi olmamalıdır. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və başqa şəxslərin hüququları ilə yüklü deyildir. Həmin mənzil binanın birinci mərtəbəsində yerləşir. Yaşayış sahəsi olsa da faktiki olaraq qeyri-yaşayış sahəsi (mağaza) kimi istifadə olunur. Müstəqil ekspert olan "xxxx" MMC tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli, 077/KS/24 saylı mütəxəssis rəyində mənzilin qeyri-yaşayış sahəsi təyinatlı təmiri və aparılmış yenidənqurma işləri zamanı binanın arxasındakı piyada gediş-gəliş yolundan yeni pilləkən quraşdırıldığı, bunun isə bina sakinləri üçün nəzərdə tutulmuş ümumi girişdən (blok) qeyri-yaşayış sahəsinə daxil olmaq istəyən insanların istifadəsini minimuma endirdiyi göstərilmişdir. Göründüyü kimi həmin sahənin ayrıca giriş-çıxışı da mövcuddur. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (21.1). Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı (21.2). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir (21.3). Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir (21.4). Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır (21.5). İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh iddiaçının müraciəti əsasında hər hansı araşdırma aparmayaraq ona formal cavab verilmişdir. Mənzil Məcəlləsində göstərilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda (22.1). Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır (22.2). Sahənin keçirilməsindən imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər (22.3). Göründüyü kimi cavabdeh iddiaçının müraciətinə imtina cavabı verərkən qanunvericiliyin yuxarıda qeyd edilən heç bir müddəasına əsaslanmamışdır. İddiaçının tələbinin təmin edilməməsi üçün isə qanunda nəzərdə tutulmuş halların hər hansı biri mövcud deyildir. Eyni zamanda iş üzrə mütəxəssis rəyində göstərilmişdir ki, mənzilin qeyri-yaşayış sahəsi təyinatlı sahəyə dəyişdirilməsi zamanı aparılmış təmir-bərpa işləri binanın xarici görünüşünə, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərinə uyğunlaşdırılmışdır. Mənzilin ön və arxa divarları boyu binanın ümumi texniki parametrlərindən kənaraçıxmalar mövcud deyil. Göründüyü kimi iddiaçı mülkiyyətində olan mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, həmin sənədlərin mötəbərliyi və ya qanunsuzluğu mübahisələndirilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 2, mənzil 38 ünvanında yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə barədə inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar