Məhkəmə qərarları › İş №2-1(112)-10529/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10529/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10529/2025 19.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Üçünücü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı (3-cü şəxs: X8) “akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Səbail Rayon Qeydiyyat Şöbəsinə xx.xx.2002-ci ildə qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. Cavab məktubunda isə atalığın müəyyən edilməsi aktının yalnız məhkəmə qətnaməsi, qərarı əsasında ləğv olunması bildirilmişdir. İddiaçı xx xxxxxx 1987-ci il tarixdə anası X5, atası isə Anfinoqenov Vasilyeviçin birgə nikahından anadan olmuşdur. Daha sonra isə anası X8 ilə nikaha daxil olmasından sonra ata adı və soyadı dəyişdirilərək İddiaçı dəyişdirilmişdir. Hazırda iddiaçı atalığın müəyyən edilməsi barədə aktın ləğv edilməsi xahiş edir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1987-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 anası X5, atası Vasiliy Anfinoqenovdur. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2002-ci il tarixli akt qeydindən görünür ki, valideynlərin birgə ərizəsinə əsasən xx.xx.1987-ci ildə vətəndaş X1 doğulmuş X4 atası X8 hesab olunmuşdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1987-ci ildə vətəndaş X1 doğulmuş X4 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2002-ci ilin fevral ayının 02 günündə 17 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il təvəllülü İddiaçı atası X8, anası X2. Şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1987-ci il təvəllüdlüdür. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, atalığın müəyyən olunması aktının məhkəmə qətnaməsi əsasında ləğv olunduğunu bildirmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 187.1. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. 187.2. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Qaydaların:

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: -atalığın müəyyən edilməsi ləğv olunduqda; …

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: -atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; -atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; …

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

26. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) tələb edə bilər.

28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən onun qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində müvafiq qeyd aparılır, akt qeydinin digər nüsxəsinin də üzərində müvafiq qeydin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə elektron qaydada bildiriş göndərilir. Ləğv edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən göründüyü kimi qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa və dəyişdirilməsi ilə yanaşı, həmçinin həmin akt qeydlərinin ləğvini nəzərdə tutur. Akt qeydlərin ləğv edilməsinin əsasları və həmin müraciətlərə baxılma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” ilə təsbit olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd onun barəsində tərtib olunmuş atalığın müəyyən edilməsi barədə akt qeydinin ləğv edilməsidir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının doğum anında tərtib olunmuş akt qeydinə görə onun ad, soyad və ata adı X3raq göstərilmiş, ata barədə məlumat qrafasında isə Vasiliy Anfinoqenov adı qeyd olunmuşdur. Daha sonra, 2002-ci ildə tərtib olunmuş atalığın müəyyən edilməsi haqqında akt qeydinə əsasən, valideynlərin birgə razılığı əsasında iddiaçının atasının X8 olduğu müəyyən edilmiş və bunun əsasında atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Nəticədə, iddiaçının doğum haqqında akt qeydində ata qrafasında göstərilən məlumatlar dəyişdirilmişdir. İddiaçı, hazırda atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvini cavabdeh inzibati orqandan tələb etməkdədir, lakin məhkəmə hesab edir ki, bu akt qeydinin ləğvi üçün mövcud mərhələdə hər hansı hüquqi əsas mövcud deyil. Məhkəmə qeyd edir ki, atalığın müəyyən edilməsi yalnız iki halda həyata keçirilə bilər: 1) Valideynlərin birgə ərizəsi əsasında, və ya 2) Məhkəmə qətnaməsi əsasında. İddiaçının atasının müəyyən edilməsi haqqında akt qeydi tərtib olunarkən məhz valideynlərin birgə ərizəsi əsasında bu qərar qəbul edilmiş və atalığın müəyyən olunması prosesi həyata keçirilmişdir. Beləliklə, qeydiyyat orqanı tərəfindən atalığın müəyyən edilməsi barədə akt qeydi tərtib edildikdə heç bir hüquqi səhvə yol verilməmişdir. İndiki halda isə iddiaçı və üçüncü şəxs (X8) atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğvini tələb etsələr də, bu tələbin təmin edilməsi üçün ilk növbədə atalığın müəyyən olunması məsələsi həll olunmalıdır ki, bu məsələnin həlli inzibati orqanın inzibati icraat çərçivəsində deyil, mülki məhkəmə icraatı çərçivəsində həyata keçirilməlidir. Bununla bağlı Məhkəmə aşağıdakiları vurğulamağı zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 305.1 və 305.1.1-ci maddələrinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 305.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.1-ci maddəsinə görə, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Nəticə olaraq, hüquqi əhəmiyyəti olan faktlar - hüquqların əmələ gəlməsi, dəyişdirilməsi və xitam verilməsi ilə əlaqədar məsələlərdir. Qeyd etmək lazımdır ki, atanın sağ olması və ya ölmüş olması hallarında da atalığın müəyyən olunması mülki məhkəmə icraatı çərçivəsində həll edilən məsələlərdir. İndiki halda, iddiaçının atalığının müəyyən edilməsi barədə məsələ mülki məhkəmə icraatı çərçivəsində həll edilməyib və bununla bağlı heç bir məhkəmə qətnaməsi mövcud deyil. Bu zaman nəzərə alınmalıdır ki, atalığın müəyyən edilməsi ilə bağlı məsələnin həllinin inzibati orqandan gözlənilməsi inzibati icraatla bağlı araşdırmanın predmeti hesab edilə bilməz. Buna görə də Məhkəmə hesab edir ki, cavabdeh əsaslı olaraq iddiaçının müraciətinin təminindən imtina etmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar