Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10538/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixindən başlayaraq yaşa görə təyin edilən sosial müavinət ödənişinin bərpa olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2024-cü il tarixdən iddiaçıya yaşa görə təyin edilmiş sosial müavinət ödənişinin dayandırılması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə təyin edilmiş sosial müavinətin dayandırılması əsaslarını öyrənmək məqsədi ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST mərkəzinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. xx.xx.2024-cü il tarixində 1 saylı Bakı DOST mərkəzindən təhvil-təslim aktı ilə alınan xx.xx.2024 il tarixli 3-17-1/2-M-114152/2024 nömrəli məktubunda sosial müavinətin bərpa edilməsinin mümkün olmaması haqqında və bununla aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğuna görə müavinət ödənişin xx.xx.2024-cü il tarixindən dayandırılması bildirilmişdir. Lakin sosial müavinətlər haqqında Azərbaycan Respublikası qanunun 11-ci maddənin 1.2ci bəndinə əsasən yaşa görə təyin edilən müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır. Əslində iddiaçıya təyin edilən müavinətin ödənişi əmək məcəlləsinin 3-cü maddənin 9-cu bəndində göstərilən əmək funksiyası nəzərə alınmadan risklərlə bağlı fərdi sahibkarlıq fəaliyyətin əmək haqqına zəmanət verən əmək fəaliyyəti ilə əvəzedilməsi nəticəsində dayandırılmışdır.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. xx.xx.2021-ci il tarixindən sizə yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2012-ci il tarixindən aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğunuz üçün ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır.Bu səbəbdən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək müavinət ödənişinizdə artıqödəmə müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırda aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün sosial müavinətinizin ödənişinin bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək vergi ödəyicisi kimi fəaliyyətiniz barədə (VÖEN-in aktiv və ya dondurulmuş olması), aktiv olduğu dövr üzrə təqdim olunmuş vergi bəyannamələrinə (hesabatlara) əsasən dövriyyə məbləğinizin olmaması haqqında arayış təqdim etdikdən sonra həmin dövr üzrə müavinət hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, lakin iddiaçının xx.xx.2012-ci il tarixdən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-114152/2024 nömrəli məktubla müavinətin bərpa edilməsindən imtina edilmişdir. İmtina məktubunda qeyd edilənlərlə razılaşmayan İddiaçı dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 11.1.2-ci maddəsinə əsasən şəxs əmək fəaliyyətinə başladıqda müavinətin ödənişi dayandırılır. Belə ki, xidməti yoxlama zamanı xx.xx.2012-ci il tarixdən İddiaçı aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu halda Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi məlum olmuşdur. Bu səbəbdən Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-100930/2024 nömrəli qərarına əsasən yaşa görə sosial müavinətin ödənişi dayandırılmış və iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müavinətin artıq ödənildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.26-cı bəndinə əsasən, Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasın ı və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Həmin Nizamnamənin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Fondun Nizamnaməsinin 4.2-ci bəndinə əsasən, Fondun idarəetmə orqanı idarə Heyətidir. Həmin Nizamnamənin 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X3 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1 -ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Mərkəzi Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Sosial ödənişlərin təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və haqqədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır.
6. İş materiallarına əlavə olunmuş Fiziki şəxsin uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN: **********).
7. Cavabdeh məhkəməyə ünvanlanan yazılı vəsatətdə qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, lakin iddiaçının aktiv vergi ödəyicisi kimi (VÖEN: **********) qeydiyyatda olduğu aşkar edildiyi üçün yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Cavabdeh tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanan iddiaçıların gəlirləri barədə sorğulara həmin məlumatların vergi sirri təşkil etməsi səbəbindən (Vergi Məcəlləsinin 30.2ci maddəsi) müsbət cavab verilmir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, eyni zamanda müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, İddiaçı adına olan VÖEN-nin aktiv olduğu dövrlər və həmin dövrlər ərzində əldə etdiyi gəlirlər barədə ətraflı məlumatların mümkün qədər qısa müddət ərzində təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilməsi xahiş edilmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminin xx.xx.2021-ci il tarixli, 40914 nömrəli Qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir.
9. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Sosial müavinətlər üzrə xx.xx.2024-cü il tarixli, 3-17-1/1-M-100930/2024 nömrəli Qərara əsasən aktiv VÖEN aşkarlandığı üçün İddiaçı yaşa görə müavinət təyin edilməsindən imtina edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aktiv VÖEN-i aşkarlandığı üçün artıqvermə müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün vergi orqanına bəyannamə təqdim etdiyi halda dövriyyə məbləğinin olmaması (0-a bərabər olması) barədə müvafiq arayış təqdim etdikdən sonra həmin dövr üzrə müavinət hüququna yenidən baxıla bilər.
10. X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdə ləğv olunması, xx.xx.2024-cü il tarixdən “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası” ərizəsinə əsasən bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.
11. İddiaçı (VÖEN **********) tərəfindən təqdim olunmuş “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlər iş materiallarına əlavə olunmuşdur.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın və vəsatətin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi və bildirdi ki, İddiaçı vergiyə cəlb olunmayan və bu səbəbdən bəyannamədə qeyd olunmayan gəlirləri ola bilər.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
15. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
17. İddia tələbi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17- 1/1-M-100930/2024 nömrəli Qərarının ləğv edilməsi ilə bağlıdır.
18. Mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir.
19. Hazırki iddia mübahisələndirmə növündə iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsisteminin xx.xx.2021-ci il tarixli, 40914 nömrəli Qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-100930/2024 nömrəli Qərarına əsasən aktiv VÖEN aşkarlandığı üçün İddiaçı təyon olunmuş yaşa görə sosial müavinət dayandırılmış və xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək artıqvermə müəyyən edilmişdir.
21. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: ...4.0.1.2. yaşa görə müavinət; 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: ...7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: ...11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda;
22. Məhkəmə ilk növbədə nəzərə alır ki, X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Vergi ödəyicilərinin uçot baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılması, xx.xx.2020-ci il tarixdə ləğv olunması, xx.xx.2024-cü il tarixdən “Fəaliyyətinə xitam verilmiş fiziki şəxsin bərpası” ərizəsinə əsasən bərpa olunması barədə məlumat müəyyən edilmişdir. Hazırda vergi ödəyicisinin fəaliyyəti aktiv vəziyyətdədir.
23. Digər tərəfdən məhkəmə müəyyən edir ki, İddiaçı (VÖEN **********) tərəfindən təqdim olunmuş “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlərdə vergi ödəyicisinin gəliri 0 AZN təşkil edir.
24. Məhkəmə hesab edir ki, aktiv VÖEN-in aşkar edilməsi özlüyündə şəxsə təyin edilmiş yaşa görə sosial müavinətin dayandırlması üçün yetərli əsas deyil. Belə ki, hazırki iş üzrə “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” Bildirişlərdən görünür ki, İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınsa (aktiv VÖEN olsa) da, faktiki olaraq fərdi sahibkarlıq fəaliyyəti məşğul olduğu və ya sahibkarlıq (əmək) fəaliyyəti ilə əlaqədar hər hansı gəlir əldə etdiyi müəyyən edilmir - Vergi ödəyicisinin gəliri 0 AZN təşkil edir. Bu hal mübahisələndilən qərarın ləğvi üçün kifayətdir.
25. Digər tərəfdən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında İddiaçı vergiyə cəlb olunmayan və bu səbəbdən bəyannamədə qeyd olunmayan gəlirləri ola biləcəyini qeyd etmiş və məhkəməyə yazılı vəsatət təqdim olunaraq iddiaçının adına olan VÖEN-nin aktiv olduğu dövrlər və həmin dövrlər ərzində əldə etdiyi gəlirlər barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı sorğular verilməsini xahiş etmişdir.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
27. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qeyd olunan hallar (aktiv VÖEN olması, əldə edilmiş gəlirlər, vergiyə cəlb olunmayan gəlirlər) inzibati akt qəbul edilmədən əvvəl inzibati icraat çərçivəsində araşdırılmalı idi. Lakin cavabdeh orqan fiziki şəxsə (iddiaçıya) münasibətdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli araşdırmadan mübahisələndirilən inzibati aktı qəbul etmişdir.
28. Məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
29. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin hazırki iş üzrə cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı münasibətdə qəbul edilmiş sosial müavinətlər üzrə (sosial müavinətin dayandırılması ilə bağlı) xx.xx.2024-cü il tarixli 3-17-1/1-M-100930/2024 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva