Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10539/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 202 saylı sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, torpağa dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Bakı şəhəri Əzizbəyov rayonunun Buzovna Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 202 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m. torpaq sahəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı yolu əldə etmişəmdir. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixdən müvafiq sərəncam əsasında mülkiyyət hüququnu iddiaçıya verir və faktiki olaraq iddiaçının torpaq sahəsi üzərində idarəetmə və istifadə hüququ mövcuddur. Torpağa dair bütün xərclər və məsuliyyətlər iddiaçı tərəfindən qarşılanmışdır və bu günədək bu sahəyə aid olan bütün hüquqlarını qoruyur. Lakin, nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində tam mülkiyyət hüququnu hüquqi olaraq təsdiqləmək üçün ona dövlət reyestrindən çıxarış verilməmişdir. Bu isə, iddiaçının mülkiyyət hüquqlarının faktiki olaraq qorunmaması və məhdudlaşdırılması ilə nəticələnir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmədikdə, mülkiyyətin tam şəkildə idarə edilməsi və ya əmlak üzərində sərbəst şəkildə sərəncam verilməsi mümkün olmur. Bu vəziyyət, qanunla qorunan mülkiyyət hüququnu pozur və əmlakın mülkiyyətçisi olaraq iddiaçının hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. Bundan sonra torpaq sahibi olaraq qanunun verdiyi hüquqdan istifadə etməklə sənədləri müvafiq qaydada hazırlayaraq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu hər dəfə süni bürokratik əngəllər yaratmaqla sadəcə imtina məktubu yazmaqla kifayətlənilmişdir. İddiaçı cavabdeh təşkilatın bu mövqeyini qeyriqanuni hesab edərək və vətəndaşın hüquqlarının pozulmasına yönələn hərəkət kimi qiymətləndirərək məhkəmədə hazırkı iddianı qaldırır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və müvafiq hərəkətlərin edilməsi vəzifəsi onun üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Xəzər Rayon Buzovna Bələdiyyəsi və X5 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə mümkünlük iclası təyin edilərək tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının müvafiq tələbinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Buzovna bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 202 №-li Sərəncamın surətindən görünür ki, Buzovna qəsəbəsində 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi təyinatı ilə, alqı-satqı yolu ilə X2 mülkiyyətinə verilmişdir. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, X2 xx.xx.2005-ci il tarixli torpaq sahəsi almaq barədə müraciətinə bələdiyyə orqanının iclasında baxılmış və ona bələdiyyə ərazisində 1200 kv.m torpaq sahəsi satılmışdır. Bunun müqabilində X5 tərəfindən Buzovna bələdiyyəsinin hesabına haqq ödənilmişdir. -xx.xx.2020-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Buzovna bələdiyyəsinin xx.xx.2005-ci il tarixdə verilmiş, 202 saylı sərəncamına əsasən satıcı X5 fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1200 kv.m torpaq sahəsinin satılması barədə razılığa gələrək, İddiaçı adına keçirilməsi məqsədilə ondan əvvəlcədən 18000 manat məbləğində pul almış, lazımi sənədləri topladıqdan sonra torpaq sahəsini alıcının adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xəzər rayonu Buzovna bələdiyyəsinin xx.xx.2005-ci tarixli, 202 saylı sərəncamı ilə X3 alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üçüncü şəxsin - X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sonradan üçüncü şəxs həmin torpaq sahəsini ilkin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. İddiaçı göstərilən ilkin alqı-satqı müqaviləsinə istinad edərək 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaolunan torpaq sahəsi, iddiaçıya həmin daşınmaz əmlaka sərəncam vermək hüququ olmayan üçüncü şəxs tərəfindən özgəninkiləşdirildiyindən iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncamvermə hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı tarixindən yaranır. Hazırkı işdə isə belə hal müəyyən edilmir. Başqa sözlə, bələdiyyənin qərarı ilə torpaq sahəsi ayrılmış şəxs (X5) həmin torpaq sahəsi üzərində hüquqlarını qanunvericiliyin tələblərinə uyğun qaydada dövlət qeydiyyatına aldırdıqdan sonra notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında sözügedən sahəni sata bilər. Hazırkı halda isə nə üçüncü şəxsin mübahisəli torpaq sahəsini satmaq, nə də iddiaçının həmin torpaq sahəsini almaq üçün subyektiv hüququ olmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ilkin alqı-satqı müqaviləsinə münasibətdə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Əslində, bu müqavilə əmlaklarla, işlərlə və xidmətlərlə bağlı əsas müqavilə bağlanması öhdəliyini öz üzərinə götürmək barədə razılaşmadır. Ona görə, qanunverici belə müqavilələrin dövlət reyestrində qeydə alınmasını nəzərdə tutmamışdır. Analoji hallarda tərəflər razılaşırlar ki, həmin əmlakın sənədləşmələrini həyata keçirdikdən sonra əmlakın alqı-satqısını həyata keçirəcəklər (əsas müqaviləni bağlayacaqlar). Məhz bundan sonra - əsas müqavilənin bağlanmasından sonra onun dövlət reyestrində qeydiyyata alınmasına zərurət yaranır. Lakin əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qədər onun barəsində hər-hansı müqavilə bağlanmasını qanunverici istina etmir. Beləliklə, ilkin müqavilə təşkilati müqavilədir və əsas müqavilənin meydana gəlməsinin təminatçısıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Ali Məhkəmənin istinad olunan Plenum qərarında göstərilmişdir ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3.). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər (3.4.). Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd aydın olduğundan, bu baxımdan ona hüquqi yardımın göstərilməsi belə, işə mahiyyəti üzrə baxılmasının mümkün olması ilə nəticələnməyəcəyindən, eləcə də hazırkı qərardadın əsaslandırma hissəsində müvafiq hüquq təkliflər verilməklə iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan, işin hallarının tərəflərlə müzakirə edilmədən iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün o, mötəbər hüquqmüəyyənedici sənəd, qanunvericiliklə müəyyən edilmiş əsas təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-10539/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10539/2025
03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver