Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1054/2020 19.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsitələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 iyun 2009-cu il tarixdən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, son 24 ayın əmək haqqına əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinin və həmin vaxtdan hal-hazıra kimi hesablanaraq ona ödənilməmiş pensiya məbləği fərqinin ödənilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin tanınmasını xahiş etmişdir. İddiaçı ərizə verərək cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1405/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə 2-1(85)-1405/2019 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 18 iyun 2009-cu il tarixindən, 56 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə əsasən, aldığı əmək haqqına görə pensiyasının yenidən təyin edilməsinin və o vaxtdan hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ona ödənilməsi məsələsində mübahisə yaranmışdır. 27 mart 1998-ci il tarixinə kimi 25 il ümumi, 22 il 3 ay 26 gün güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensia təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə sonradan edilmiş hüquqi tənzimləmə nəticəsində “Vətəndaşların pensya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13cü maddəsində nəzərədə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırıldığı və o, ümumi və xüsusi stajı 27 mart 1998-ci il tarixində toplaya bildiyi üçün 56 yaşında əmək haqqına əsasən pensiya hüququ olmuşdur. Bu səbəblə də, hüququnun yarandığı tarixdən, 18 iyun 2009-cu ildən, 56 yaşdan ona güzəştli şərtlərlə əmək haqqına əsasən əmək pensiyası təyin edilməsi və hal-hazıra kimi ona ödəilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə məktubla müraciət etmişdir. Lakin, cavabdeh 02 iyul 2019-cu il tarixli, **********6 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və onun 01 avqust 1997-ci ilə qədər 25 il ümumi iş stajı olmamasını dəlil gətirərək, müraciətini rədd etmişdir. Xahişi cavabdeh tərəfindən təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, xx xxxx 1953-cü ildə Siyəzən rayonunda anadan olmuş, hal-hazırda Siyəzən şəhərində yaşayır. Hərbi xidmətdə olmamışdır. Onun 27 mart 1973-24 avqust 2018-ci illər də olmaqla 40 ildən çox əmək stajı vardır. Həmin əmək stajının 01 dekabr 1975-ci ildən 16 iyun 1996-cı ilə (20 il 06 ay 15 gün) və 02 dekabr 2002-01 yanvar 2006-cı il tarixə qədər dövründə (03 il 30 gün) “əmtəə operatoru” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölümü - üzrə şifrəsi 2130301a-16085) vəzifəsində üst-üstə 23 il 07 ay 14 gün güzəştli əmək stajı təşkil edir. İşlədiyi bu vəzifə cavabdeh tərəfindən güzəştli əmək stajı qəbul edilərək, 01 avqust 2010-cu il tarixindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin, pensiya təyinatı aparılarkən cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən əmək pensiyasının təyin edilməsi qaydası 01 yanvar 2010-cu il tarixinə kimi qüvvədə olmuşdur. Onun 01 avqust 1997-cii l tarixində 24 il 04 ay 05 gün ümumi iş stajı olmuşdur. 25 il ümumi əmək stajı bu tarixdən sonra, 27 mart 1998-ci il tarixində tamamlanmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Bu Qaydanın tətbiqindən sonra aydın olur ki, onun ümumi əmək stajı 01 avqust 2000-ci il tarixindən əvvəl tamamlanmışdır və bu səbəblə də, ona 56 yaşdan əmək haqqına əsasən pensiya təyinatı aparılması labüd olub. Onun 56 yaşı, 01 yanvar 2010-cu il tarixindən əvvəl olub, yəni əmək haqqına əsasən pensiya təyin edilməsinin qüvvədə olduğu dövrdə tamam olub və qaydalara əsasən, hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaya qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmamışdır. İşdə olan iddiaçıya məxsus 18 aprel 1973-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2018-ci il tarixədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində “əmtəə operatoru” peşəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 02 iyul 2019-cu il tarixli, **********6 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ona xx.xx.1990-cı il tarixdən İİİ qrup əlil kimi əmək pensiyası, xx.xx.2010-cu il tarixdən isə ərizəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində (yaş həddinin artırılması haqqında) dəyişiklik 01 avqust 1997-ci ildə edilib. Həmin vaxta qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahı”na əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajı olmasına baxmayaraq 25 il ümumi iş stajı yoxdur. Beləliklə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa 01 avqust 1997-ci ildə dəyişiklik edilərkən onun tələb olunan 25 il ümumi iş stajı (xx.xx.1997-ci il tarixə 24 il 04 ay 04 gün stajı var) və 55 yaşı (qeyd olunan ildə onun 44 yaşı olub) olmadığına görə onun güzəştli şərtlərlə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən tənzimlənə bilməz. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. O, əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə əmək fəaliyyətinə başlamış, fasiləsiz olaraq xx.xx.2018-ci il tarixədək “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru vəzifəsində çalışmışdır. Onun xx.xx.1998-ci il tarixdə 25 il ümumi iş stajı tamam olmuşdur. İddiaçı, 56 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yarandığı dövrün qanunvericiliyinə uyğun olaraq peniyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh (Siyəzən rayon Şöbəsi) tərəfindən **********6 saylı, 02 iyul 2019-cu il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, ona xx.xx.2010-cu il tarixdən 57 yaşından yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa 1 avqust 1997-ci ildə dəyişiklik edilərkən onun tələb olunan 25 il ümumi iş stajı (xx.xx.1997-ci il tarixə 24 il 04 ay 04 gün stajı var) və 55 yaşı (qeyd olunan ildə sizin 44 yaşı olub) olmadığına görə onun xahişi qeyri-qanuni olduğu üçün yerinə yetirilməsi mümkün deyildir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, 56 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2009-cu il tarixdən, yəni 56 yaşdan əvvələr qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 5-ci bəndinə əsasən pensiya təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya 55 yaş 6 aydan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli, iddia – təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17.5-ci maddəsinə yenidən hesablanması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin materiallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2018-ci il tarixədək fasiləsiz olaraq “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsində “əmtəə operatoru” peşəsində işləmişdir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2 saylı Siyahı, Xİİ bölmə, şifr 2130301a – 16085 əsasən güzəştli sayılır. Eyni zamanda işin materiallarından və cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçının 1973-2018 illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş, 2 saylı siyahıda nəzərdə tutulmuş vəzifədə 12 il, 6 aydan artıq müddətə işləməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir və iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə xx.xx.2010-cu ildə 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı hesab edir ki, ona «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən 56 yaşdan pensiya təyin edilməli və pensiya məbləği pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan pensiya qanunvericiliyinin tələblərinə müvafiq olaraq hesablanmalıdır. Cavabdeh hesab edir ki, iddiaçının 01 avqust 1997-ci ilədək 25 il ümumi stajı yaranmamışdır. Məhkəmə əmək kitabçasında qeyd olunan iş dövrlərini nəzərə alaraq, hesab edir ki, 01 avqust 1998-ci il tarixədək 25 ildən artıq ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun 25 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 saylı Siyahı üzrə 12 il, 6 aydan çox güzəştli şərtlərlə əmək stajı 01 avqust 1998-ci ilədək yarandığından, ona pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun 01 avqust 1998-ci ilədək olan redaksiyası əsas götürülməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 55,6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək belə nəticəyə gəlir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən İddiaçı 55.6 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1, 32, 37.7-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçının 55.6 yaşdan yaranmış pensiya fərqinin ödənilməsi tələbini də əsaslı hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilədək olan redaksiyası) əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci maddəsinə əsasən təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması hissəsində iddianı əsaslı hesab etməyərək qeyd edir ki, 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17ci maddəsinə əsasən yaşa görə pensiyaların əsas məbləği, habelə minimum məbləğdə hesablanmış pensiyalar tələb olunan iş stajından artıq hər tam il üçün minimum pensiyanın iki faizindən az olmamaq şərti ilə, orta aylıq əmək haqqının iki faizi qədər artırılır. Həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin «a» bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, «b» bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. Göründüyü kimi, qüvvədən düşmüş norma əmək pensiyasının orta aylıq əmək haqqı əsas götürülməklə hesablanmasını müəyyən edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun mətni yuxarıda qeyd olunan 9.8-ci maddəsinin tələbinə əsasən 01 yanvar 2006-cı ilədək 25 il ümumi iş stajı, o cümlədən 12 il 6 ay xüsusi əmək stajı olan şəxslərə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri əsas götürülməklə təyin edilir. Başqa sözlə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsi təyin olunan pensiyanın hesablanması qaydasını deyil, məhz yaş və stajın xx.xx.2006cı ilədək qüvvədə olan qanunvericilik normaları əsası götürülməklə hesablanmasını müəyyən edir. Qeyd olunan hissədə cavabdehin etirazı ondan ibarətdir ki, əmək pensiyanın əmək haqqı əsasında hesablanması 01 yanvar 2010-cu il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklə qüvvədən düşmüşdür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun (xx.xx.2010-cü ilədək qüvvədə olmuş redaksiyası) 27.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təyin olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (bu qanunun 20-ci maddəsində göstərilən vəzifələr üzrə əmək haqqı istisna olmaqla) məhdudiyyət tətbiq edilmir. Həmin maddənin 01 iyul 2017-ci ilədək olan redaksiyasına əsasən Qanun qüvvəyə mindiyi günənədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu qanun qüvvəyə mindiyi tarixə (2006-cı il yanvarın 1-dək) qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki işin faktiki hallarına tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya 18 dekabr 2008-ci ildən təyin edilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə, o cümlədən 17-ci maddəsinin 5-ci bəndinin tələbinə əsasən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə zidd hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı 55.6 yaşdan, yəni xx.xx.2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1054/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1054/2020
19.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver