Məhkəmə qərarları › İş №2-1(112)-1054/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1054/2022

19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1054/2022 19.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının işlədiyi dövr sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «cavabdejin hərəkətlərinin qanunsuz sayılması və iddiaçının işlədiyi dövrün əmək stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı pensiya yaşı tamam olduqda əmək pensiyası təyinatı ilə bağlı DSMF-yə müraciət etmişdir. Belə ki, o, 4 dekabr 1972-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır və pensiya yaşına çatanadək 25 ildən çox əmək stajına malik olmuşdur. Uzun müddət araşdırmadan sonra cavabdeh DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialından cavab almışdır. Cavabdehin ona ünvanlanmış 16 fevral 2021-ci il tarixli **********8 saylı cavab məktubunun məzmunundan aydın olur ki, yaşa görə pensiya təyin edilməsi ilə bağlı müraciət müsbət həll edilməmişdir. Səbəbi də onunla izah edilmişdir ki, onun 27 nömrəli Mağazada işlədiyi 1992, 1993 və 1994-cü illərə aid əmək haqqlarının hesablaması cədvəli və əmrlər kitabları arxivdə saxlanılmadığından, həmin dövrlər sığorta stajıma əlavə olunmur. Bu səbəbdən də, yəni 25 il əmək stajı tamamlanmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün olmadığı bildirilmişdir. Cavabdehin qeyd edilənlərə görə haqlı olmadığının sübutu olaraq, əmək kitabçanın qeyd edilən illər üzrə çıxarışını əlavə edərək, yol verilmiş anlaşmazlığın aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdehə haqlı olmadığı bəlli olduğu halda, eyni məzmunla çıxış edərək, 13 aprel 2021-ci il tarixli **********8 saylı imtina məktubu onun (iddiaçının) ünvanına göndərilmişdir. Cavabdehin ona ünvanladığı imtinası 3 may 2021-ci il tarixdə ünvanına çatdırılmaqla təqdim edilmişdir. Cavabdehin qeyd etdiyi dəlil müraciətin təmin edilməməsi üçün tələb olunan, onun işlədiyi illərin əmək stajında nəzərə alınmaması üçün qanuni əsas hesab edilə bilməz. Lakin cavabdehin bu yanlış mövqeydə çıxış etməsi, ona (iddiaçıya) yaşa görə əmək pensiyasının təyin edilməsinə maneə yaratmışdır. Belə ki, yaşa görə əmək pensiyası əmək stajına görə təyin edilir və bu stajın müddəti 25 ildən az olmamalıdır. Əmək stajının hesablanması, nəzərə alması səlahiyyəti (vəzifəsi) cavabdehə aid edilmişdir. Cavabdeh də qanuni tələbdən imtina etməklə törətdiyi pozuntunun aradan qaldırılması və onun işlədiyi dövrdə əldə etdiyi əmək stajının nəzərə alınması ilə bağlı hərəkətsizlikdə davam etməsi, qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən nəzərə alınmasından imtina edilən 1992, 1993 və 1994-cü illərə bağlı qeyd olunmalıdır ki, iddiaçı 3 dekabr 1984-cü ildən 25 dekabr 1994-cü il tarixədək 27 saylı mağazada fasiləsiz işləmişdir. Bu təkzibolunmaz fakt olaraq, onun adına qanunla tərtib edilmiş əmək kitabçasında öz əksini tapmışdır. Bu hal cavabdeh tərəfindən də inkar etmir. Lakin cavabdeh 3 dekabr 1984-cü il tarixdən 1992-ci ilədək olan müddəti qəbul edir, qalan 3 ilini isə qəbul etmir və bunun əsası kimi həmin ilin əmək haqqı cədvəllərinin arxivdə tapılmamasına istinad edir. İşçi olaraq iddiaçı öz əmək fəaliyyətinin rəsmiləşdirilməsinə nəzarəti ona verilən əmək kitabçasında aparılan qeydlərlə həyata keçirir. Hansısa sənədin arxivə verilib-verilməməsinə nəzarət etmək vəzifəsi ona aid deyildir. Bundan başqa, arxivdə əmək haqqının hesablanması cədvəlinin və ya əmrlər kitabının tapılmaması qeyd olunan müddətdə onun işləmədiyinə o halda əsas ola bilərdi ki, onun əmək kitabçası olmasan. İddiaçının adına olan və yoxlamaq üçün cavabdehə təqdim etdiyi əmək kitabçasında həmin illər qeyd edilmiş və o zamankı Baş idarənin rəhbərliyi tərəfindən imzalanmış və mövcud möhürlə təsdiqlənmişdir. Bu baxımdan da qeyd olunan 1992 – 1994-cü illərin əmək stajına daxil edilməsi məsələsini mübahisələndirməkdə cavabdeh haqlı olmamışdır. Ona görə də qeyd olunan məsələnin müsbət həll edilməsi cavabdehdən tələb edilməklə üzərinə vəzifə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 33, 45, 46-cı maddələrini rəhbər tutaraq, məhkəmədən cavabdeh DSMF Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının faktiki işlədiyi və rəsmi qeydiyyata alınmış 1992 – 1994-cü illər üçün 3 il əmək stajının nəzərə alınmaması ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi, 1992 – 1994-cü illərdə işlədiyi 3 il müddətin əmək (sığorta) stajına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının 1992 – 1994-cü illərdə 27 nömrəli mağazada iş fəaliyyəti sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək peniyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 31 yanvar 2022-ci il tarixli məktubunda İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia etiraz edilərək bildirilir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin onun ümumi iş stajı 23 il 8 ay olmaqla qanunla tələb olunan müddətdən az olduğundan, eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Həmin maddəyə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri” adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun “Pensiyaların ödənilməsi üçün vəsait” adlanan 10-cu maddəsinə görə isə, bu Qanunla təyin edilmiş dövlət pensiyalarının ödənilməsi Respublika Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına həyata keçirilir. Həmin vəsait aşağıdakılardan əmələ gəlir: mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisə, idarə və təşkilatların sosial sığorta ayırmaları. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun “«Əmək pensiyaları haqqında» Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. 27 nömrəli mağazanın 1992, 1993 və 1994 -cü illərə aid əmək haqlarının hesablanması cədvəlləri və əmrlət kitabları arxivdə saxlanılmadığından, İddiaçı Qurban oğlunun həmin dövrlərdə əmək haqqı alıb-almaması, eyni zamanda məcburi sosial sığorta haqlarının ödəməsi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı 1992 – 1994-cü illərdə 27 nömrəli mağazada işlədiyini iddia etdiyi illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamış, bu halda onun 25 il sosial sığorta stajı mövcud olmamışdur. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Göstərilənlərə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yer (Bakı şəhərinin Nərimanov rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri hazırkı işə münasibətdə tətbiq edilmir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. İş materiallarında olan hazırkı İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, 4 dekabr 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 29 noyabr 2002-ci il tarixədək müxtəif təşkilatlarda işləmiş, o cümlədən 1984 – 1994-cü illərdə 27 nömrəli mağazada çalışmışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının sığorta stajına onun 27 nömrəli mağazadakı əmək fəaliyyətinin 1984 – 1992-ci illərə aid hissəsini daxil etmiş, lakin 1992 – 1994-cü illərə aid hissəsini “əmək haqqı cədvəllərinin tapılmaması” əsası ilə daxil etməmişdir. Sadalanan hal İddiaçı 1992 – 1994-cü illərdəki əmək fəaliyyəti dövrünün sığorta stajına daxil edilməməsi cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının hərəkətlərinin «İnzibati icraat haqqında» Qanunun 12, 13.1, 19-cu maddələrinin tələbləri ilə uzlaşmaması nəticəsini yaradır. İş üzrə məhkəmə icraatında müəyyən edilir ki, iddiaçının 1992 – 1994-cü illərdəki həmin əmək fəaliyyəti nəzərə alınmadan 23 il 8 ay sığorta stajının toplanması və 1 yanvar 2006-cı il tarixdən sonra əmək fəaliyyəti ilə məşğul olmaması işin mübahisə olunmayan hallarına aiddir. Məhkəmə qeyd edir ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1992 – 1994-cü illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Məhkəmə vurğulayır ki, iddiaçının 27 nömrəli mağazadakı fəaliyyətinin 1992 – 1994-cü illərdə olan hissəsi üzrə alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanmasında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının 1992 – 1994-cü illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında 1992 – 1994-cü illərdə göstərilən iş stajının sığorta stajına daxil edilməməsi və bu səbəbdən də yaşa görə əmək pensiyası təyin edilməsindən imtina olunması qanuna zidd və onun sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 65 yaşdan, yəni 6 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və müvafiq pensiya məbləği ödənilməlidir. Nəzərə alınmalıdır ki, İddiaçı 27 nömrəli mağazada işlədiyi 1992 – 1994-cü illərdəki müddət cavabdehin mübahisələndirmədiyi (23 il 8 ay) sosial sığorta stajına əlavə edildikdə onun 25 ildən artıq sığorta stajı toplanmış olur ki, bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 65 yaşdan, yəni 6 mart 2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallaarına əsasən İddiaçı 6 mart 1955cı il tarixdə doğulmuşdur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı (6 mart 2020-ci il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar