Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10542/2025 04.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi) “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 2140 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 2140 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006cı il tarixli, 10 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 3450 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-kadastr cizgisinin verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən Bülbülə qəsəbəsi İlqar Məmmədov küçəsində 2140 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun mülkiyyətinə verilmişdir. Bu barədə Bələdiyyə ilə arasında "Torpaqların alqı-satqısına dair" Akt da bağlanmış və torpaq sahəsinin dəyərini təşkil edən 3.760 manat məbləğində pul tərəfindən bələdiyyənin hesabına keçirilmişdir. O 2006-cı ildən bu günə kimi həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir və ona ayrılmış torpaq sahəsində sərəncama uyğun olaraq abadlaşdırma işlərini də həyata keçirmişdir. İstifadəsində olan torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlərlə birlikdə müxtəlif tarixlərdə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin müraciətlərə heç bir cavab verilməmiş, torpaq sahəsinə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Hesab edir ki, cavabdehin onun mülkiyyət hüquqlarını qeydə almamaqdan imtina etməsinə dair öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən imtina etməsi onun mülkiyyət hüquqlarını pozur.
5. Dəqiqləşdirilmiş iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd edilən ünvanda digər torpaq sahəsi vardır (torpaq sahələri bitişikdir və qonşuluqdadırlar) və həmin torpaq sahəsi üzrə də cavabdehə müraciət edilmiş və imtina məktubu alınmışdır.
6. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, (hər iki torpaq sahəsinə münasibətdə) elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə torpaq sahələrinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahələrində mərzçəkmə işlərinin aparılmadığı və sərhədlərinin şərti olduğu məlum olmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir.
7. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri sakini İddiaçı 2140 kv.m torpaq sahəsinin satılması barədə Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınmış, Bakı şəhər sakini İddiaçı 2140 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.
8. İddiaçı tərəfindən təqdim edilmiş Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli qərarına əsasən İddiaçı 3.760 manata haqq ödəmişdir. Qəbz 149605. xx.xx.2006.
9. İddiaçı tərəfindən təqdim edilmiş Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem və xəritə çıxarışına əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin sxem və xəritə çıxarışı tərtib edilmişdir.
10. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri sakini İddiaçı 3450 kv.m torpaq sahəsinin satılması barədə Dövlət torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınmış, Bakı şəhər sakini İddiaçı 3450 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır.
11. İddiaçı tərəfindən təqdim edilmiş Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarına əsasən İddiaçı 6070 manata haqq ödəmişdir. Qəbz 149638. xx.xx.2006.
12. İddiaçı tərəfindən təqdim edilmiş Bülbülə Bələdiyyəsi tərəfindən tərtib edilmiş sxem və xəritə çıxarışına əsasən, İddiaçı ayrılmış torpaq sahəsinin sxem və xəritə çıxarışı tərtib edilmişdir.
13. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi İ.Məmmədov küçəsində yerləşən göstərilən hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi sənədin ölçüsü 2140 kv.m təşkil edir. Sərhədlər acıq-şərti olduğundan və təqdim edilən sxemdə heç bir istinad göstərilmədiyindən döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Boş sahənin mərkəz koordinatı X- 414385.384;y-4477059.671 əlavə edildi. İdarənin elektron baza məlumatlarında araşdırılması məqsədə uyğundur.
14. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi İ.Məmmədov küçəsində yerləşən göstərilən hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi sənədin ölçüsü 3450 kv.m təşkil edir. Sərhədlər acıq-şərti olduğundan və təqdim edilən sxemdə heç bir istinad göstərilmədiyindən döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmamışdır. Boş sahənin mərkəz koordinatı X- 414371.95;y-4477041.35 əlavə edildi. İdarənin elektron baza məlumatlarında araşdırılması məqsədə uyğundur.
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
19. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayonг Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli və xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarlarına əsasən İddiaçı 2140 kv.m və 3450 kv.m torpaq sahələrinin satılması qərara alınmışdır. Həmin ayrılmış torpaq sahələri bitişikdir və sahələrinin yerləşdiyi yerin cizgisi müəyyən edilmişdir. İddiaçı adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş edir.
24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.
28. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
29. Məhkəmə hesab edir ki, İddiaçı 2140 kv.m və 3450 kv.m torpaq sahələrinin ayrılmasına dair Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 nömrəli və xx.xx.2006-cı il tarixli 10 nömrəli qərarları iddiaçının qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktlardır. Həmin qərarlar ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.
30. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsində mərzçəkmə işlərinin aparılmadığı və sərhədlərinin şərti olduğu məlum olmuşdur.
31. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
32. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir.
33. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.
34. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
35. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilmişdir.
36. Belə ki, torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahələrə dair digər şəxslərin adına çıxarışlar verilmişdir.
37. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
38. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
39. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən imtinasının dəlili olaraq torpaq sahəsində mərzçəkmə işlərinin aparılmadığı və sərhədlərinin şərti olduğu məlum olmasını bildirilməsi (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas deyil. Belə ki, torpaq sahələrinin cizgilərində dəqiq istinad və məsafələr qeyd olunaraq torpaq sahələrinin sənəd üzrə yerləşmə mövqeyini müəyyən etməyə imkan verir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahələri üzərində hüquqlarının qeydiyyatını tələb edir. Hazırda da faktiki olaraq iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
41. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 06 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 2140 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarına əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İlqar Məmmədov küçəsində 3450 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva