Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10546/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsinə qarşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsinə qarşı "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsinin 23.09.2020-ci il tarixli, 13 saylı protokolu ilə rəsmiləşdirilmiş, tutduğu vəzifənin ixtisara salınmasına razılıq verilməsi barədə qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək müqaviləsi əsasında "xxxx" QSCdə müxtəlif vəzifələrdə işləmiş, sonuncu vəzifəsi Cəmiyyətin Təchizat və təmir-tikinti xidmət departamenti, təchizat anbarının YSM üzrə mütəxəssis vəzifəsi olmuşdur. Həmin müəssisədə 40 ildən çox qüsursuz işləmişdir, işlədiyi müddətdə heç bir intizam tənbehi olmamış, yalnız müxtəlif mükafatlarla mükafatlandırılmışdır. Cəmiyyətin 1/3 nömrəli, 07.01.2021-ci il tarixli əmri ilə ştat vahidinin ləğv edilməsi əsası ilə mənimlə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilmişdir. Əmrdə həmkarlar təşkilatının qərarına istinad edilsə də, həmin qərarın tarixi kimi 23 sentyabr 2020-ci il göstərilmişdir. Həmkarlar təşkilatının qərarından 4 ay sonra onun işdən çıxarılması haqqında qərar qəbul edilmişdir. Həmkarlar təşkilatının üzvü olsa da, həmin qərarın qəbul edilməsi zamanı iclasda iştirak etməmiş, qeyd edilən iclasın keçrilməsi barədə onda məlumat olmamışdır. "xxxx" QŞC işçilərinin "Limançı" həmkarlar ittifaqı komitəsinin 23.09.2020-ci il tarixli, 13 saylı protokoluna əsasən "xxxx" QSC-nin işçisi həmkarlar ittifaqının üzvü olaraq barəsində olan təqdimata baxaraq, "xxxx" QSC işçilərinin "Limançı" həmkarlar ittifaqı komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinə əsasən Cəmiyyətin Təchizat və təmirtikinti xidməti departamentinin, Təchizat anbarında mövcud olmuş 1 ştat vahidi "YSM üzrə mütəxəsis" vəzifəsini tutmuş həmkarlar ittifaqının üzvü olaraq onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ləğv edilməsinə verilmiş razılığın qanuni əsaslarla olmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndində təsbit olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" və "ç" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər-hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80ci maddəsinə əsasən razılıq verdikdə inzibati orqan statusuna malik olur. Həmin norma əsasında cavabdeh orqanın verdiyi razılıq inzibati akt hesab olunur. Qeyd olunan maddəni düzgün tətbiq etmək işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı aşağıda qeyd olunanlara əməl etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi ləğv edilərkən işəgötürən həmkarlar ittifaqı təşkilatına təqdimat göndərməklə əmək müqaviləsinə xitam verilməsini xahiş etməlidir. İşəgötürən işçinin əmək müqaviləsinə xitam verilməsinin əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar, müəssisənin həmkarlar ittifaqı komitəsinin sədri tərəfindən əsaslı öyrənilir və baxılması üçün təşkilatın həmkarlar ittifaqı komitəsinin iclasına çıxarılır. İclasa işəgötürənin nümayəndəsi, əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldiyi halda şahidlər, mütəxəssislər əvvəlcədən rəsmi dəvət olunmalıdır. Həmkarlar İttifaqı təşkilatı məsələnin müzakirəsi zamanı əmək qanunvericiliyinin normalarının pozulmasına yol verməməli, işçilərin əmək hüquqlarını və qanuni mənafelərini müdafiə etməlidir. Həmkarlar ittifaqı təşkilatı işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürənin təqdimatına baxmaqla yeni zamanda, əmək qanunvericiliyinə riayət edilməsi sahəsində nəzarət funksiyasını həyata keçirmiş olur. Belə ki, yuxarıda qeyd etdiyi razılıq barədə cavabdehin qərarı komitənin iclasında qəbul edilməmişdir. Özbaşına olaraq cavabdeh orqanın rəhbəri protokol tərtib etmişdir. Heç bir yetərsaya əməl etməmişdir. Bu barədə bir müddət əvvəl komitənin üzvlərindən məlumat almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə mümkünlük iclası 27.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X4 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə istər inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş iddiaçı, istərsə də, tələbin ona qarşı irəli sürüldüyü cavabdeh "xxxx" QSC işçilərinin “Limançı” Həmkarlar İttifaqı Komitəsi inzibati orqan deyildirlər. Eləcə də, tərəflər arasındakı mübahisənin predmeti xüsusi hüquq sahəsinə aid olmaqla, xüsusi huququn (əmək müqaviləsi əsasında yaranmış əmək münasibətləri) subyektləri olan fiziki və hüquqi şəxs arasında yaranan hüquq münasibətləri təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə tərəflər subyektiv tərkibinə görə inzibati orqan olmadığından, həmçinin mübahisənin predmetini xüsusi hüquq sahəsinə aid olan mübahisə təşkil etdiyindən, hazırki mübahisənin predmeti inzibati məhkəmə icraatına aid deyildir. Odur ki, İddiaçı iddia tələbinə inzibati icraat qaydasında baxılmasının mümkün olmaması (həm subyektiv tərkibinə görə, həm də, mübahisənin predmetinə görə) məhkəmə tərəfindən müəyyən olunduğundan, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərtərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-10546/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10546/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver