Məhkəmə qərarları › İş №2-1(112)-10549/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10549/2025

10.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10549/2025 10.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “əlilliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikası ərazi bütövlüyünün Müdafiəsi ilə əlaqədar əlilliklə bağlı qərarlarda dəyişdirilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbinin məzmunundan görünür ki, iddiaçı təyin edilmiş əlilliyin səbəbli əlaqəsindən narazıdır, hesab edir ki, əlilliyin səbəbli əlaqəsi Azərbaycan Respublikası müdafiəsi ilə əlaqədar olmalıdır. Belə ki, hərbi xidmət keçərkən döyüşlərdə travma almış, bununla əlaqədar çoxsaylı müalicələr almışdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki,hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən psixi pozuntunun xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Digər tərəfdən işə mahiyyəti üzrə iddiaçının qeydiyyat yeri Şəki şəhəri olsa da, Bakı İnzibati Məhkəməsində baxılmalı olmasına dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, iddiaçı Bakı şəhərində 09 oktyabr 2025ci il tarixədək aidiyyəti polis orqanı tərəfindən müvəqqəti qeydiyyata alınmışdır, Bakı şəhərində yaşayır. İstər müvəqqəti qeydiyyat vəsiqəsi, istər, Bakı şəhərində faktiki yaşama, eləcə də iddiaçının əziyyət çəkdiyi xəstəliyin xüsusiyyəti də nəzərə alınmaqla məhkəmə hesab edir ki, hazırkı məhkəmə hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmədir. Xüsusi olaraq da, qeyd olunmalıdır ki, müvəqqəti qeydiyyat vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatı həyata keçirən, orqan tərəfindən tərtib edilir və şəxsin müvəqqəti yaşayış yerini müəyyən edir ki, 09 oktyabr 2025-ci il tarixədək iddiaçının Bakı şəhəri üzrə müvəqqəti qeydiyyatının olması, onun həmin şəhərdə faktiki yaşaması deməkdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya “Odlu silah mərmi partlayışından sonrakı başın alın nahiyyəsinin sağ yarısında bir ədəd, boyunun sol yarısında bir ədəd, sol bazunun orta 1/3-nin ön-içəri səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu əsasında hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı alınmışdır əsası ilə barəsində qərar qəbul edilmişdir. 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, iddiaçıya ümumi xəstəlik ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması əsası ilə əlillik təyin edilmiş, xüsusi səbəbdən diaqnozun əlillik təyin etmədiyi qərara alınmışdır. Əlillik altsistemindən çıxarışdan görünür ki, 22 oktyabr 2019-cu il tarixli müayinə əsasında iddiaçıya “Kəllədaxili travmanın davamlı qalıq əlamətləri. Odlu silah mərmi partlayışından sonra başın alın nahiyyəsinin sol və sağ tərəfli qəlpə yarısı (1994-cü il) Kontuziya. Postkontuzion sindrom. Postkontuzion şəxsiyyət dəyişikliyi. Generalizə olunmuş idiopatik epilepsiya qıcolmalarla (ayda 8-10 dəfə), sol tərəfli hemiparez, dayaq hərəkət funksiyasının kəskin pozulması, qabarıq asteno nevrotik sindrom, pozttravmatik ensefalopatiya” diaqnozu əsasında ikinci dərəcəli əlillik təyin edilmiş, səbəbli əlaqə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuş, əlillik 5 il müddətə təyin edilmişdir. Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli müayinə nəticəsində iddiaçıya 2 il müddətinə ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 70 faizi pozulması səbəbindən “Üzvi (İ QM zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi. Xoşxassəli kəllədaxili hipertenziya. Spastik hemiplegiya” tdiaqnozu ilə əlillik təyinatı aparılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya əvvəlki əlillik təyinatında olduğu kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə əlillik təyinatının növbəti dəfə aparılmalı olub-olmaması ilə əlaqədardır Belə ki, 2019-cu ildə təyin edilən əlillik, iddiaçının 1994-cü ildə baş vermiş odlu silah mərmi partlayışından sonra aldığı kəllədaxili travmanın ağırlaşması nəticəsində müəyyən edilmiş və diaqnozda "Kəllədaxili travmanın davamlı qalıq əlamətləri", "Kontuziya", "Postkontuzion sindrom", "Generalizə olunmuş idiopatik epilepsiya", "Sol tərəfli hemiparez", "Posttravmatik ensefalopatiya" və s. müəyyən olunmuşdur. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh orqan iddiaçıya əlillik təyinatını ümumi əsaslarla müəyyən etsə də, mövcud əlilliyin yaranmasına səbəb olan xəsarətin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə birbaşa əlaqədar olması faktını nəzərə almamışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarda iddiaçının orqanizmin funksiyalarının 70% pozulması barədə nəticəyə gəlinərkən Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 418 nömrəli tibbi rəyinə istinad olunmuşdur. Həmin tibbi rəy açıq şəkildə göstərir ki, iddiaçıda müşahidə olunan “üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların pozulması” patologiyası məhz İ Qarabağ müharibəsi dövründə aldığı kəllədaxili travmanın ağırlaşmasının nəticəsidir. Bu mülahizələrə əsaslanaraq, məhkəmə hesab edir ki, iddiaçının əlillik təyinatına səbəb olan xəstəliyin mənbəyi və etiologiyası birbaşa olaraq İ Qarabağ müharibəsi zamanı aldığı travma ilə bağlıdır. Beləliklə, iddiaçının əlilliyinin səbəbləri qiymətləndirilərkən, onun travmanın ağırlaşması nəticəsində formalaşmış patoloji vəziyyət kimi əlilliyin də bu səbəbdən irəli gəldiyi nəzərə alınmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, təkcə Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 418 nömrəli tibbi rəyi deyil, həmçinin iddiaçıya 2019-cu ildə ikinci dərəcəli əlilliyin təyin olunmasına əsas olmuş diaqnoz da səbəbli əlaqənin dəyişdirilməsi üçün yetərli əsas təşkil edir. Belə ki, iddiaçıya hazırda təyin olunan əlillik “üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların pozulması” diaqnozu ilə müəyyən edilmişdir. Eyni zamanda, 2019-cu ildə təyin olunmuş əlillik “Kəllədaxili travmanın davamlı qalıq əlamətləri. Odlu silah mərmisi partlayışından sonra başın alın nahiyyəsinin sol və sağ tərəfli qəlpə yarası (1994-cü il). Kontuziya. Postkontuzion sindrom. Postkontuzion şəxsiyyət dəyişikliyi. Generalizə olunmuş idiopatik epilepsiya (ayda 8–10 qıcolma ilə). Sol tərəfli hemiparez. Dayaq-hərəkət funksiyasının kəskin pozulması. Qabarıq asteno-nevrotik sindrom. Posttravmatik ensefalopatiya.” diaqnozu əsasında müəyyən edilmişdir. Bu diaqnozlar göstərir ki, iddiaçının həm 2019-cu ildə, həm də hazırda mövcud əlilliyinə səbəb olan əsas patologiya — odlu silah mərmisi partlayışı nəticəsində yaranmış travmanın davamlı qalıq əlamətləridir. Bundan başqa qeyd olunmalıdır ki, həmin travma ilə əlaqədar postkontuzion şəxsiyyət dəyişikliyi və psixonevroloji pozuntuların davamlı xarakter daşıması tibbi sənədlərlə təsdiq olunduğundan, bu hissədə əlavə ekspertiza tədqiqatının aparılmasına da hər hansı zərurət yoxdur. Beləliklə,iddiaçının əlillik təyinatı ümumi səbəblərlə deyil, məhz müharibə dövründə aldığı xəsarətin nəticəsi olaraq meydana gələn xəstəliklə bağlıdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 418 nömrəli tibbi rəyində göstərilən məlumatlar da bu qənaəti təsdiqləyir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı təyin olunmuş əlilliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikası ərazi bütövlüyünün Müdafiəsi ilə əlaqədar əlilliklə bağlı qərarlarda dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar