Məhkəmə qərarları › İş №2-1(112)-1055/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1055/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1055/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə X1rşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının dörd misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğlərin hesablanmasını və hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2000-ci ilin sentyabr ayından hazırki vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və keçən dövr üçün hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1055/2022 №-li qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ilin yanvar ayından 2000-ci ilin sentyabr ayınadək Ağdam Hərbi Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ədliyyə polkovnik-leytenantı rütbəsinə malik olmuşdur və müharibə veteranıdır. 2000-ci ilin sentyabr ayından ona pensiya təyin edilmişdir. 29 iyul 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” 250 saylı Qanunu qəbul edilmişdir. Qeyd olunan Qanuna əsasən Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün 6 - ali, İ, İİ, İİİ, İV və V ixtisas dərəcələri müəyyən edilmiş və həmin Qanunla “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında" Əsasnamə təsdiq edilmişdir. Əsasnamədə hakimlərə ixtisas dərəcələrinin ömürlük verilməsi, ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq verilməsi müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 04 noyabr 1992-ci il tarixdə “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" 364 saylı Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən ixtisas dərəcələri üzrə müvafiq haqlar, o cümlədən İV ixtisas dərəcəli hakimlərə minumum əmək haqqının iki misli məbləğində əlavə haqq verilməsi və qərarın 01 yanvar 1993-cü il tarixdən tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli, 844 saylı qərarına əsasən ona V ixtisas dərəcəsi verilmiş və “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməsinin 5-ci bəndinə əsasən beşinci ixtisas dərəcəsində qalma müddətinin 3 il olması nəzərə alınaraq onun ixtisas dərəcəsi İV dərəcə olmuşdur. Qeyd olunanları nəzərə alaraq 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanması və hesablanmış məbləğin ona ödənilməsi, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması barədə 02 aprel 2021-ci il tarixli ərizə ilə aidiyyəti üzrə iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. İşə əlavə edilmiş xəbərnamədən də göründüyü kimi həmin ərizə iş üzrə cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə 06 aprel 2021-ci il tarixdə təqdim edilmişdir. Sözügedən ərizənin təqdim edildiyi vaxtdan bir aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən ərizə ilə əlaqədar heç bir cavab göndərilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaçının ixtisas dərəcəsinə uyğun ödəmələrini almasını təsdiq edən sənədlərin olmamasını əsas gətirərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. - Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçıya aid pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən polkovnik-leytnant rütbəsi ilə Ağdam qarnizon tribunal hakimi vəzifəsinə uyğun olaraq 28 il 06 ay 14 gün xidmət müddətinə görə hərbi qulluqçu kimi yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqanın qərarlarına əsasən İddiaçı təyin edilmiş əmək pensiyası bir neçə dəfə hesablanmış, xx.xx.2020-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2019-cu il tarixdən müddətsiz 1783,17 manat məbləğində pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10/203 №-li məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, “Azərbaycan Respublikası Bakı şəhər məhkəmələrinin rayon (şəhər) məhkəmələrinin və hərbi tribunallarının hakimlərinə ixtisas dərəcələrinin verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 844 №-li, 01 iyul 1994-cü il tarixli qərarından çıxarışa əsasən Azərbaycan Respublikasının Milli Məclisinin “Azərbaycan Respublikasının Məhkəmə Quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 93cü maddəsinə, “Azəraycan Respublikası Məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnaməyə uyğun olaraq Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 8/1073 №-li məktubdan görünür ki, hərbi tribunalların hakimlərinin əmək haqları 2000-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Ali Məhkəməsi və Müdafiə Nazirliyi tərəfindən ödənilmişdir. 2000-ci ilin sentyabr ayından hərbi məhkəmələrin (əvvəlki hərbi tribunallar) maliyyə təminatı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. İddiaçı Ağdam qarnizonu hərbi tribunalının hakimi vəzifəsində işlədiyi müddət ərzində (1993-2000-ci il sentyabr ayınadək) onun əmək haqqı Ədliyyə Nazirliyi tərəfindən hesablanmadığından ixtisas dərəcəsinə görə əlavənin ödənilib-ödənilməməsi barədə məlumatları yoxdur. - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2-1190 №-li məktubdan görünür ki, Ağdam qarnizonu hərbi tribunalının sabiq hakimi İddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə görə əlavənin ödənilibödənilməməsi barədə məlumat Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının əmrlər kitabında aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 178/21 №-li məktubdan görünür ki, hərbi tribunalların hakimlərinə və onların aparatında xidmət etmiş və oradan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara aid Ali Məhkəmədə mövcud olan arxiv sənədlərindən tələb olunan dövr üzrə İddiaçı aid tapılan sənədlərin təsdiqlənmiş surtələri təqdim edilir. Təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi X7 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür. - Həmin məktuba əlavə edilmiş Ağdam qarnizonu hərbi tribunalının 1993-cü ilin dekabr ayı üzrə 15 və 16 №-li pul paylama cədvəllərindən görünür ki, İddiaçı əmək haqqı ödənişləri edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-25 №-li məktubdan görünür ki, müraciətinə cavab olaraq bildirilir ki, N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin siyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilrnişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) dekabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlinin qovluğunda (əsas: sıra 2, məlumatda adı və atasının adı tam yazılmamışdır) 1993-cü il tarixi üçün maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsi heyətinin sıyahısında hakim, leytenant N.Ə.Əİiyevin adı qeyd edilmışdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh. 14) 1993-cü ilin bir aylıq əmək haqqı dəyərində maddi yardım ödənilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının şəxsı heyətinin siyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin şəxsı heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 160) 1993-cü ildə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə və hərbi intizamı qoruduqlarına görə birdəfəlik olaraq iki aylıq əmək haqqı məbləğində mükafatlandırılmış şəxsi heyətin sıyahısında hakim, leytenant İddiaçı adı qeyd edilmişdir. Qeyd edilir ki, N №-li hərbi hissənin 1994-1995-ci il tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluqlarında İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 48/22 №-li məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin arxivində hərbi tribunalların hakimlərinin, hərbi kollegiyaya daxil olan Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvlərinin əmək haqqı cədvəlləri, şəxsi vərəqələri yoxdur. Tərəflərindən təqdim edilən sənədlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi X7 Məhkəmənin 2020-ci ildə müraciəti əsasında əldə edilmiş Hərbi Tribunalların şəxsi heyətinə aid pul paylama cədvəllərinin təsdiq olunmuş kserosurətlərinin qovluğundan götürülmüşdür. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-2516 №-li məktubdan görünür ki, sorğuya cavab olaraq Ağdam Qarnizonu Hərbi Tribunalının hakimi İddiaçı barədə N №-li hərbi hissənin noyabr, dekabr 1993-cü il tarixli pul paylama cədvəllərindən, N №-li hərbi hissənin pul paylama cədvəlində olan birdəfəlik pul mükafatı və maddi yardım cədvəlində və N №-li hərbi hissənin 1993-cü il tarixli pul paylama cədvəlində olan xx.xx.1993-cü il tarixli, 6 №-li, xx.xx.1993-cü il tarixli 7 №-li əmrlərindən arxiv çıxarışları ünvana göndərilir. Qeyd edilir ki, N №-li hərbi hissənin 1994-1998-ci il tarixli pul paylama cədvəllərində İddiaçı pul təminatı ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. Həmçinin bildirilir ki, N №-li hərbi hissənin 1999- 2000-ci il tarixli pul paylama cədvəlləri və mühasibatlıq sənədləri Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. - Həmin məktuba əlavə edilmiş N saylı hərbi hissənin pul paylama cədvəllərindən görünür ki, İddiaçı 1993-cü ildə pul təminatları ödənilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən və poçt qəbzindən görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minumum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanmasını və hesablanmış məbləğin ona ödənilməsini, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunmasını xahiş etmişdir. Həmin ərizə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2000-ci il tarixdən Ağdam qarnizonu hərbi tribunalının hakimi kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 844 №-li, 01 iyul 1994-cü il tarixli qərarına əsasən Ağdam qarnizonu hərbi tribunalının hakimi İddiaçı beşinci ixtisas dərəcəsi verilmişdir. İddiaçı 2000-ci ilin sentyabr ayından hazırkı vaxtadək olan dövr üzrə ixtisas dərəcəsi ilə bağlı minumum əmək haqqının iki misli həcmində indeksasiya nəzərə alınmaqla ödənilməli olan məbləğin hesablanmasını və hesablanmış məbləğin ona ödənilməsini, eləcə də ixtisas dərəcəsi ilə bağlı sonrakı aylar üzrə ödənişlərin təmin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2001-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələrinin müəyyən edilməsi haqqında” Qanunla Azərbaycan Respublikası məhkəmələrinin hakimləri üçün ixtisas dərəcələri müəyyən edilmiş, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında” Əsasnamənin 7-8-ci bəndlərinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir və ixtisas dərəcəsi olan hakimlərə vəzifə maaşından əlavə haqq müəyyən edilmişdir. xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, xx.xx.2007-ci il tarixədək qüvvədə olan “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində əlavə haqq verilməsi qərara alınmışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı ”Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu, “Konstitusiya məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2008-ci il tarixli qərarına əsasən "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005-ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə — həmin günədək qüvvədə olmuş "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə — həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya–hüquq xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olunur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir.” “Hakimlərin Statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırıncı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. - 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır. Məhkəmə qeyd edir ki, İddiaçı 1994-2000-ci illərdə Ağdam qarnizonu hərbi tribunalının hakimi işləməsi və ona Milli Məclisin 01 iyul 1994-ci il tarixli qərarı ilə hakim kimi beşinci ixtisas dərəcəsi verilməsi işin mübahisəsiz haldır. İddiaçının müraciəti ilə bağlı cavabdehin imtinasını əsaslandırdığı dəlil isə iddiaçının 1994-2000-cı illər ərzində aldığı əmək haqqı cədvəllərinin və ixtisas dərəcəsinə görə əlavələrin ödənilməsi ilə bağlı sənədlərin aşkar olunmamasıdır. Məhkəmə araşdırılması zamanı da İddiaçı 1994-2000-ci illər işlədiyi dövr ərzində aldığı əmək haqqları barədə müvafiq sorğular göndərilsə də həmin məlumatların əldə edilməsi mümkün olmamışdır. Lakin bu xüsusatlar iddiaçının hakim kimi fəaliyyət göstərdiyi müvafiq dövrdə əmək haqqı, o cümlədən ixtisas dərəcəsinə görə əlavələri almaması qənaətinə gəlinməsinə əsas ola bilməz. Belə ki, iddiaçının həmin dövrdə vəzifə maaşını alması təkzib olunmaz haldır. Məhkəmə eyni zamanda qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi ilə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqanın imtina üzrə dəlilləri ehtimallara əsaslanır və formal mülahizələr üzərindədir. Qeyd olunanlara və sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın imtina üçün hər hansı tutarlı dəlil gətirməməsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla pensiyasının yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) ilə bağlı tələbi əsaslıdır və bununla bağlı cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Məhkəmə iddia tələbinin “keçən dövr üçün hesablanmış məbləğin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin iş üzrə cavabdehə həvalə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır. Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə iclası Ali Məhkəmənin işə baxan məhkəmə tərkibinin əsaslandırılmış təqdimatı əsasında Ali Məhkəmənin sədri tərəfindən təyin edilir. Mübahisəli hüquqi məsələyə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılarkən iclasa Ali Məhkəmənin müvafiq kollegiyasının sədri sədrlik edir. Ali Məhkəmənin inzibati kollegiyasının iclası həmin kollegiyanın hakimlərinin azı üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduğu hallarda sədrlik edənin səsi həlledici sayılır. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir. Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar. Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 №-li, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan "müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İşin hallarından müəyyən olunur ki, İddiaçı hazırki tələblə xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının ixtisas dərəcəsi nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması zamanı yaranmış fərq məbləği «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2000-ci il tarixdən təyin edilmiş əmək pensiyasının beşinci ixtisas dərəcəsi ilə bağlı minimum əmək haqqının bir misli həcmində əlavə haqq nəzərə alınmaqla yenidən hesablanması (indeksasiya nəzərə alınmaqla) və yaranmış fərq məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat X6 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar