Məhkəmə qərarları › İş №2-1(112)-1055/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1055/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1055/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin bölgüsü aparılmaqla yaşayış sahələrinə dair ayrılıqda reyestrdən çıxarışların və texniki psportların verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin bölgüsü aparılmaqla yaşayış sahələrinə dair ayrılıqda reyestrdən çıxarışların və texniki psportların verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin 927 nömrəli 19 oktyabr 2000-ci il tarixli sərəncamına əsasən Səbail Rayon Mənzil məsələlərinə dair Komissiyasının 20 sentyabr 2000-ci il tarixli rəyi nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzilin ümumi dəhlizindəki 9 nömrəli MKİS-in mühəndisi tərəfindən tərtib edilmiş cizgi planında göstərilən mətbəx həmin sıxlaşdırılmış mənzilin sahibi kimi hazırkı İddiaçı istifadəsinə verilmişdir. Mənzilin bölgü sxemi səlahiyyətli orqan kimi Səbail Rayon İcra Hakimiyyəti MKTB-nin 9 saylı MKİS tərəfindən tərtib edilmişdir. İddiaçı mənzilə dair bölgü sxemin tərtib edilməsi ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh müraciətdə qaldırılan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən mənzil bir yaşayış otağından ibarət olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, naturada ayrı-ayrı bölünmüş əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq reyestrdən çıxarışın və texniki pasportun verilməməsi üçün heç bir əsas yoxdur. Sözügedən əmlaklar faktiki olaraq ayrı-ayrı əmlaklardır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.3-cü maddəsinə, İPM-in 33-cü maddəsinə əsaslanaraq, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, ev 9 ünvanında olan naturada bölünmüş iki əmlaka İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı münasibətində bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçının müvafiq iddia tələbi ilə bağlı İdarəyə müraciəti olmamışdır. O, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi, ev 9 ünvanında yerləşən 37 saylı mənzilə dair bölgü sxeminin tərtib edilməsi barədə ərizə ilə 3 noyabr 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bölünməsi nəzərdə tutulan mənzil İdarənin arxivində mövcud olan sənədlərə əsasən bir yaşayış otağından ibarət olduğundan bölgü sxeminin tərtib edilməsi İdarə tərəfindən mümkün olmamışdır. Bununla bağlı iddiaçıya 29 noyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, texniki pasportda öz əksini tapmış 2 saylı sahəyə bitişik əlavə sahə inşa edilmiş, nəticədə texniki pasportda göstərilən 1 və 2 saylı sahələr yaşayış otağına çevrilmişdir. Əlavə sahəyə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Göstərlənlərə əsaslanaraq və İPM-in 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirdi ki, ona məxsus mənzil iki hissəyə ayrılmışdır. O, cavabdehə müraciət etsə də, həmin rumum bölgü sxemini verməmişdir. 34 nömrəli mənziln 37 nömrəli mənzildən ayrılmasını istəyir. İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1-ci və 33.2-ci maddələri tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı iddiası mahiyyətcə daşınmaz əmlakın dövlət reyestrində onun adına müvafiq mənzilə dair iki ayrı-ayrı yaşayış sahəsi qeydiyyat aparılması barədədir və bu qəbildən olan iddialar “öhdəliyin icrası haqqında” iddialara aiddir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qaldırılmasından əvvəl iddiaçının inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsində göstərilən məsələ barədə ərizəsi ilə müraciət etməsi nə iddia ərizəsində bildirilmiş, nə də həmin müraciəti təsdiq edən hər hansı sənəd və cavabdeh inzibati orqanın imtinası iddia ərizəsinə əlavə olunmamışdır. Onun cavabdeh inzibati orqana müraciəti isə, başqa məzmunda, yəni bölgü sxeminin verilməsi ilə bağlı olmuşdur. Bu hal isə belə nəticə yaradır ki, iddiaçı və cavabdeh arasında iddia tələbi üzrə inzibati mübahisə yaranmamışdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı cavabdehə müraciətində “bölgü sxeminin tərtib edilməsi”ni arzulasa da, qaldırılan həmin məsələ iddiaçının son nəticədə çatmaq istədiyi məqsəddən fərqlidir və cavabdehin səlahiyyətlərinə aid deyil. Odur ki, məhkəmə iddianın dəyişdirilməsinin iddiaçıya tövsiyə olunmasını da məğbul saymır. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar