Məhkəmə qərarları › İş №2-1(112)-10556/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10556/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10556/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızınınsədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********7 nömrəli məktubunu qanunsuz və əsassız hesab edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1957-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş, hazırda 65 yaşı var. 1973-cü ildə Qusar şəhər 1 saylı Orta Məktəbi bitirmişdir. 1975-ci ilin noyabr ayından, 1977-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. M.F.Axundov adında Rus Dili və Ədəbiyyatı institunun “Rus dili və ədəbiyyatı” fakültəsini bitirmiş, ali təhsillidir. xx.xx.1973 tarixindən Qusar rayon Köhnə Xudat kənd Sovetliyində yunun tədarükü vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1974-cü ildə Bakı şəhəri Leytenant Şmit adına zavodun alət sexinə 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur. xx.xx.1974-cü ildə zavodun təchizat şöbəsinə fəhlə kimi köçürülüb. xx.xx.1975-ci il tarixində hərbi xidmətə çağırılmasına görə işdən azad olunmuşdur. xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1978-ci il tarixində Leytenant Şmit adına zavodun poladəritmə sexinə fəhlə qəbul olunmuşdur. xx.xx.1983-cü ildə Zavodun təchizat şöbəsində bölmə rəisi (vəzifəni icra edən) təyin olunmuşdur.xx.xx.1988-ci ildə təchizat şöbəsində bölmə rəisi təyin olunmuşdur. xx.xx.1988-ci ildə zavodun 1 №-li sexinə (poladəritmə) sex rəisinin təchizat üzrə müavini təyin olunmuşdur. xx.xx.2000-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. 2022-ci ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, “Yaşa görə əmək pensiyası təyin olunmasını” xahiş etmişdir. Ərizəsi baxılması üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Ərizəsinə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli (№ **********7) məktubla cavab vermişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanaqlı və Operativ Sosial Təminat Agentliyinin 3 Saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyatı üzrə baxılmışdır. “Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kartları əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə sğorta stajında asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sğorta stajı əmək pensiyası hüququnun müəyyən edilməzi zamanı nəzərə alınır və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sğorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd edilən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sğorta hissəsində 2018-ci ilin 1 iyun tarixinə qeydə alınmış pensiya kapitalı olduqda Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sğortaolunana yaşa görə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək sğorta stajı 25 il hesablanır. Təqdim edilmiş əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sğorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 24 il 7 ay təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sğorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 7 ay sğorta stajına uyğun olaraq 17550.05 manat, xx.xx.2018-ci il tarixindən 01.04 2022-ci il tarixinədək 2523.57 manat olmaqla, ümumilikdə 20073.62 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının təmin olunduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirirlər ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sğorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli № DA-01014-2022 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək Səttərxan adına Maşınqayırma Zavodundakı əmək fəaliyyəti zamanı 1997-ci il tarixində 9 ay adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda sözügedən müəssisənin 1 №-li sexin poladtökmə sahəsinin 1994,1996, 1998-2000-ci illərə aid olan əmək haqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq bir daha bildirilmişdir ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək qensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirir ki, əlavə sənədlər təqdim ediləcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrünə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adında aktiv əmək müqaviləsi (COURRİER SERİCE MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də, qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. " İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qanunla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəməyə şikayət vermək hüququ var. Hesab edir ki, cavabdehin 04 iyul 2022-ci il tarixli məktubu qanunsuz və əsassızdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 65 yaşdan, yəni xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək, iddianın əsassız hesab edilərək təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial Ödənişlərin X3 ərizə ilə müraciət etmiş, lakin tələb olunan 25 il sığorta stajı və pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: 1. şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2. fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1 -ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 31.1-1. Bu Qanunun 31.1 -ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2- ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Belə ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Səttarxan adına maşınqayırma zavodu”nda işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da, göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, DA-01014-2022 saylı arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Səttarxan adına Maşınqayırma Zavodu”-ndakı əmək fəaliyyəti zamanı 1997-ci il tarixdə 9 ay adına əmək haqqı hesablanmamışdır. Əlavə olaraq, sözügedən müəssisənin 1 №-li sexin poladtökmə sahəsinin 1994, 1996, 1998-2000-ci illərə aid olan əmək haqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilməmişdir. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab olunmur. Beləliklə, İddiaçı yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və idia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 04 iyul 2022-ci il tarixli, **********7 nömrəli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta tajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixindək hərbi xidmətdə olduğu dövr) 24 il 7 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 7 ay sığorta stajına uyğun olaraq 17550,05 manat, xx.xx.2018-ci il tarixindən 01,04.2022-ci il tarixinədək 2523,57 manat olmaqla, ümumilikdə 20073,62 manat təşkil edir ki, bu məbləğ pensiya yaşı tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirmişlər ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildirmişlət ki, əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli № DA-01014-2022 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Səttərxan adına Maşınqayırma Zavodu”-ndakı əmək fəaliyyəti zamanı 1997-ci il tarixində 9 ay adına əmək haqqı hesablanmamışdır. Eyni zamanda sözügedən müəssisənin 1 №-li sexin poladtökmə sahəsinin 1994, 1996, 1998-2000-ci illərə aid olan əmək haqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilməyib. Qeyd olunanları nəzərə alaraq bir daha bildirmişlər ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirmişlər ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən, adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də, qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçının adına xx.xx.1973-cü il tarixdə açılmış əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, iddiaçının əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 15.0.1973-cü il tarixdən - xx.xx.1973-cü il tarixədək; xx.xx.1973-cü il tarixdən -xx.xx.1974-cü il tarixədək; xx.xx.1974-cü il tarixdən - xx.xx.1975-ci il tarixədək; xx.xx.1978-ci il tarixdən - xx.xx.2000ci il tarixədək. İşdə olan “Courrier Service2 MMC tərəfindən verilmiş 1 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən bugünə (xx.xx.2022ci il) kimi "xxxx" MMC-də surətli poçt daşıma şirkətində kuryer vəzifəsində işləyir və onun aylıq əmək haqqı 300 manatdır. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş SM-10/95 nömrəli, 01 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" MMC-yə göndərdiyi sorğusuna cavab olaraq bildirilmişdir ki, zavodda olan xx.xx.2010-cu ilədək arxiv sənədləri Azərbaycan Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Bununla əlaqədar olaraq bütün sorğular üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli, DA-01787-2022 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Leytenant Şmidt adına maşınqayırma zavodunun şəxsi kartoçkalarında İddiaçı 16 yanvar 1978-ci il tarixli 11/k nörməli işə təyin edildiyi əmrin və 09 avqust 2000-ci il tarixli 198//k nörməli işdən azad olunma barədə əmrinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən cavabdehə təqdim edilmiş arxiv arayışına əsasən müəyyən edilmişdir ki, “Səttarxan adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən əmək haqqı cədvəllərində İddiaçı 1988-1993, mart, aprel, dekabr 1995-ci illərə dair aşağıdaı göstərilən aylıq maaşı qeyd olunmuşdur. 1997-ci il üzrə 9 ay maaş yazılmamışdır. Arxiv Fondunun 1994, 1996, 1998-2000-ci illərə dair qismən qəbul olunmuş 1 nömrəli sexin poladtökmə sahəsinin əmək haqqı verilmək üçün şəxsi hesabları arxivə dövlət mühafizəsinə verilməyib. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” 04 iyul 2022-ci il tarixli, **********7 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hazırki mübahisənin predmetini iddiaçının hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya hüququna malik olub-olmaması təşkil edir. Həmin maddənin tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində göstərilmişdir ki, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yaşı bu Qanunda göstərilən yaş həddinə çatmalı; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, yaxud azı 25 il sığorta stajı olmalıdır. İş materiallarında olan iddiaçıya məxsus Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. Onun yaşa görə əmək pensiyası hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə yaranmışdır. Göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmışdır. Bununla da, iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi şərti ödənilir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan digər şərt isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud azı 25 il sığorta stajına malik olmasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən artıq təşkil edir. Belə ki, işin hallarından müəyyən edilir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən ümumi iş stajı 24 il 7 ay təşkil edir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı müddəti isə onun “X2”ndakı 1992 – 2000-ci illərdəki əmək faəliyyəti olan müddətdir. Cavabdehin dəlili isə ondan ibarətdir ki, “X2”nda olan dövrə aid 1997-ci il üzrə 9 ay iddiaçıya əmək haqqı hesablanmamışdır, 1994,1996, 1998-2000-ci illərə aid olan əmək haqqı cədvəlləri mühafizə olunması üçün arxivə təhvil verilməmişdir. Bu səbəbdən də, sözügedən dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulan (25 il) az təşkil edir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının 1992-2000-ci illərdə “X2”nda iş stajının əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, iddiaçıya əmək haqqı ödənilməsi ilə bağlı sənədlərin arxivə təhvil verilməməsi iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməli və həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının 1992-2000-ci illərdə “X2”ndakı əmək fəaliyyətinin qanuniliyi işdə olan məhkəmə sorğularına əsasən müvafiq dövlət qurumları tərəfindən daxil olmuş cavab məktublarına əsasən bir daha öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 ildən çox iş stajına malik olması və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatması iş materialları ilə müəyyən edildiyindən iddiaçının tələbi əsaslı hesab edilərək, təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşından, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar