Məhkəmə qərarları › İş №2-1(112)-1056/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1056/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1056/2023 26.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı hərbi xidmətə göndərilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq tibbi müayinə keçməklə həqiqi diaqnozu müəyyən etmək və onun Azərbaycan Ordusu Silahlı Qüvvələrində həbi xidmətə göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, SX seriyalı ******* №-li hərbi biletdə olan 25 yanvar 2017-ci il tarixli qeyd üzrə Bakı şəhəri, Suraxanı hərbi həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 2-ci qrafasının 11 a maddəsinə əsasən həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Hərbi biletdə qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 saylı Qərarının 11 a maddəsinin 2-ci qrafasında qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları üzrə funksiyaların mühüm dərəcədə pozulması və digər bu qəbildən olan xəstəliklər göstərilmişdir. Özünü hərbi xidmətə tam yararlı hesab etdiyindən hərbi bileti aldığı Cavabdehnə müraciət edərək diaqnozunun dəqiqləşdirilməsini və təkrar komissiya keçirilərək hərbi xidmətə göndərilməsini xahiş etmişdir. Cavabdeh 360 saylı 04 mart 2022-ci il tarixli məktubu ilə təkrar tibbi müayinədən keçməyi məqsədəmüvafıq hesab edilməyərək, ərizəsi təmin olunmamışdır. Cavab məktubunda cavabdeh “xx.xx.2017-ci il tarixdə təqdim olunan akta əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli əmrinin 11 maddəsinin “a” bəndi ilə “Həm dinc dövründə, həm də müharibə dövründə yararsızdır” hesab edilmisiniz.” göstərilmişdir. Göstərilən əsasla təkrar tibbi müayinədən keçməyi məqsədəmüvafıq hesab edilməyərək imtina edilmişdir. Cavabda həmçinin Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən “talassemiya minor” diaqnozu ilə X3 və Transfizialogiya İnstitutuna göndərilməyinə əsaslanmışlar. Özündə bu xəstəliyə xas olan simptomlar hiss etmir. Minor talassemiya xəstələr üçün xas olan müalicələr etdirmir və ya müvafiq dietalar saxlamır. Hansı əsaslarla ona bu cür diaqnoz qoyularaq, orduya getməsinə icazə verilməməsini anlamır. Ona qoyulan diaqnoz səhv də ola bilər. Özünü hərbi xidmətə tam yararlı hesab edir. Belə ki, 2021-ci ildə özü tibb müəssisəsinə müraciət edərək hansı xəstəliyinin olmasına aydınlıq gətirmək istəmişdir. O, beta talassemiya gen daşıyıcısıdır. Lakin, inzibati orqanın cavabında göstərilən “talassemiya minor” xəstəliyinin olmaması görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair 877 №-li, xx.xx.2022-ci il tarixli yazılı münasibətində (etiraz) göstərilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsində xx.xx.2014-cü il tarixdən hərbi qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı, Suraxanı rayon idarəsinin Hərbi-həkim komissiyası tərəfindən tibbi müayinədən keçərkən, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna tibbi müayinəyə göndərilmişdir. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən “Talassemiya minor, heteroziqot Btalassemiya” diaqnozu verilmişdir və qərar qəbul edilməsi üçün İddiaçı Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmişdir. Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən "Həm dinc dövründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir." Həmin Qanunun 23.0.2-ci maddəsində qeyd olunan “sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız sayılmış çağırışçılar” müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. İş materiallarında olan: - xx.xx.2015-ci il tarixdə “ASAN 4” tərəfindən verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 360 №-li, xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə Suraxanı rayon İdarəsinin Hərbi-Həkim komissiyası tərəfindən tibbi müayinədən keçərkən, “Talassemiya minor” diaqnozu ilə Elmi- Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müayinəyə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə təqdim olunan akta əsasən AR NK-nin xx.xx.2008-ci il tarixli 59 nömrəli əmrinin 11 maddəsinin “a” bəndi ilə “Həm dinc dövründə, həmdə müharibə dövründə yararsızdır” hesab edilmişdir. Onun təkrar tibbi müayinədən keçirilməsi məqsədə müvafiq hesab edilmir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: - Azərbaycan Respublikaı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik püquqi şəxs Milli Hematologiya və Transfuziologiya Mərkəzinin PHŞ/689-22022-83 №-li 01 avqust 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı Milli Hematologiya və Transfuziologiya Mərkəzinə sonuncu dəfə xx.xx.2021-ci il tarixində ambulator olaraq müraciət etmiş, labarator müayindən keçmişdir. Müayinənin nəticəsi olaraq vətəndaşda “Beta talassemiya gen daşıyıcılığı” aşkar olunmuşdur. - Cavabdeh 1155 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Elmi- Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun sağlamlıq vəziyyətinin müayinə edilməsi aktına əsasən “Talassemiya minor, heteroziqot B-talassemiya” diaqnozu verilmişdir və qərar qəbul edilməsi üçün İddiaçı Xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmişdir. Xidmətin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən “Həm dinc dövvründə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” qərarı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 3300 №-li məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına ünvanlanmış Bakı İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixil iş № 2-1(112)-8165/2022 nömrəli qərardadı MN Baş Klinik Hospitalın Hematologiya bölməsinin rəisi tərəfindən öyrənilmiş və İddiaçı “irsi hemoqlobinopaiya. Heteroziqot Beta talassemiya geninin daşıyıcısı” diaqnozu qoyulmuşdur. İddiaçı “İrsi hemoqlobinopaiya. Heteroziqot Beta talassemiya geninin daşıyıcısı" diaqnozu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəlilkər cədvəli”nin 80 “ç” maddəsinin İ qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin K/36 №-li “Canlı şəxs və iş materialları üzrə ekspertiza” rəyində göstərilmişdir ki, 1998-ci il təvəllüdlü İddiaçı məhkəmə-tibbi ekspertizasına, təqdim edilmiş tibbi sənədlərdə və MN BKH-nın mütəxəssis rəylərində olan məlumatlara əsaslanaraq, ekspert komissiyası qarşıya qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlir: - İddiaçı hazırkı məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2023) onda “İrsi hemaqlobinopatiya. Heteroziqot. Beta talassemiya geninin daşıyıcısı” diaqnozlu xəstəlik aşkar edildi. İddiaçı bu diaqnozla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli"nin 80ç maddəsinin İ qrafasına və ƏTC-yə əsasən “Hərbi xidmətə yararlıdır, A-3” hesab edilir. Qeyd edilən xəstəlikdən başqa, İddiaçı “Visseral abdominal piylənmə" xəstəliyi də vardır, bu xəstəliklə o, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlıdır. Hazırda İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli’ nin 11-ci maddəsində göstərilən xəstəliklər üzrə “a" bəndində qeyd olunan “funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən”, qanaxmalarla, qansızmalarla müşayiət olunan hər hansı bir xəstəlik müəvvən olunmur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının, onun vəklinin və cvabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 8.3-cü bəndində əsasən “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: 8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı “Xəstəliklər cədvəli”nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. “A”-hərbi xidmətə yararlıdır; “B”sıradankənar hərbi xidmətə yararlıdır; “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç”-hərbi xidmətə müvəqqəti yararsızdır; “D”-həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. Həmin Əsasnamənin “Xəstəliklər cədvəli”nin 11-ci bəndində aşağıdakılar qeyd olunmuşdur: Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları: a) funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən; b) b) qanın tərkibinin mühüm dəyişiklikləri və periodik kəskinləşmələrlə, tədricən proqressivləşən; c) qanyaradıcı sistemin funksiyalarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən; ç) qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar. “a” bəndinə qanaxmalarla, qansızmalarla müşayiət olunan, ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş hipoplastik və ya aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, talassemiyalar, koaqulopatiyalar aiddir. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular remissiyaya yalnız qlükokortikoid terapiyası ilə nail olunduqda “c” bəndi, yaxşı nəticə ilə splenektomiya keçirənlər “b” bəndi, aparılmış müalicənin səmərəsi olmadıqda isə “a” bəndi üzrə şəhadətləndirilirlər. Autoimmun trombositopenik purpuranın epizodunu keçirmiş, “Xəstəliklər cədvəli”nin İİİ qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular qlükokortikoid terapiyanın və ya splenektomiyanın yaxşı səmərəsi olduqda “ç” bəndi üzrə şəhadətləndirilirlər. Hemorragik təzahürlər olmadan, xroniki, tədricən proqressivləşən gedişə malik, mülayim dərəcədə ifadə olunmuş trombositopeniya zamanı və əvəzedici hormonal terapiyaya (splenektomiyadan sonra və ya onsuz) ehtiyac olmadıqda, şəhadətləndirilmə “c” bəndi üzrə, splenektomiyanın səmərəsi cüzi olduqda və ya olmadıqda, “a” bəndi üzrə keçirilir. Villebrand xəstəliyi olduqda, şəhadətləndirilmə funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq “a”, “b” və ya “c” bəndi üzrə keçirilir. Hemorragik vaskulitlərin dəri və oynaq formalarını keçirmiş hərbi qulluqçulara məzuniyyət verilir, xəstəliyin təkrar kəskinləşməsi zamanı funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq, şəhadətləndirilmə “b” və ya “c” bəndi üzrə keçirilir. Hemorragik vaskulitlərin digər formaları ilə xəstəliyin gedişindən asılı olmayaraq, funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilmə “b” və ya “c” bəndi üzrə keçirilir. İnfeksion fəsadlaşmaların tez-tez residivləri ilə müşayiət olunan qazanılmış və ya anadangəlmə davamlı immunçatışmazlığı hallarında (insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlikdən başqa) şəhadətləndirilmə “a” bəndi üzrə keçirilir. Digər immunçatışmazlığı hallarında, qanyaradıcı sistemin digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan sarkoidozunda hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcələrindən asılı olaraq, “Xəstəliklər cədvəli”nin müvafiq maddələri üzrə təyin edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Əmək qabiliyyətinin tam bərpa olunması və hematoloji göstəricilərin normallaşması məqsədi ilə hərbi qulluqçulara xəstəliyin orta ağır formalarından sonra 15 gün, ağır formalarından sonra isə 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla Cavabdeh üzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11 “a” maddəsinin əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş İddiaçı təkrar tibbi müayinədən keçirilməklə, sonuncunun müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, Cavabdeh üzərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 11 “a” maddəsinə əsasən “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş İddiaçı təkrar tibbi müayinədən keçirilməklə, müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar