Məhkəmə qərarları › İş №2-1(112)-1056/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1056/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1056/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qaraja mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Masazır küçəsi ərazisində yerləşən qeyri-yaşayış sahəsinə (qaraja) texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş 1989-cu il tarixli notariat alqı-satqı müqaviləsində istinad olunan Bakı şəhəri Kirov (indiki Binəqədi) rayonu XDS İK-nin xx.xx.1968-ci il tarixli 03-19/195 №-li qərarı təqdim edilməmişdir. Həmçinin sənədlər toplusuna əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3165/613-Q-116/24 №-li xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 27 saylı dövlət notariat ofisində 1989cu ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Masazır küçəsi ərazisində yerləşən qaraja texniki pasportun tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Masazır küçəsi ərazisində yerləşən qarajı vaxtilə xx.xx.1989-cu ildə notarial qaydada bağlanmış alqı-satqı Müqaviləsi əsasında SSRİ vətəndaşı erməni əsilli X3 pul müqabilində almışdır. xx.xx.1989-cu il tarixli Müqavilə 27 saylı notariat ofisində 1-d-2 reyestr nömrəsi ilə təsdiq edilmiş, müqavilənin bir nüsxəsi notariat kontorunda saxlanılmışdır. Qaraj əvvəlki sahibi S.A.Mıkrtıçevin adına Kirov rayonu XDS-nin İcraiyyə Komitəsinin 03-19/195 nömrəli xx.xx.1968-ci il tarixli qərarı əsasında verilmişdir. Həmin vaxtdan qaraj iddiaçının faktiki sahibliyində və istifadəsində olmuşdur. Hal-hazırda da həmin qeyri-yaşayış sahəsi iddiaçının sahibliyindədir. İddiaçı Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət edərək Bakı şəhəri 27 saylı notariat ofisində xx.xx.1989-cu il tarixdə 1-d-2 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin arxivdə yoxlanılmasını xahiş etmiş, lakin Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda Bakı şəhəri 27 saylı dövlət notariat ofisində 1989-cu ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyini göstərilmişdir. xx.xx.1989-cu il tarixli alqı-satqı Müqaviləsinin, qarajın əvvəlki sahibi S.A.Mıkrtıçevin adına Kirov rayonu XDS-nin İcraiyyə Komitəsinin 03-19/195 nömrəli xx.xx.1968-ci il tarixli qərarının əsli iddiaçıda var. Bakı şəhəri, Binəqədi rayonu, Masazır küçəsi ərazisində yerləşən qeyri-yaşayış sahəsi - qaraj üzərində hüquqlarınn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş, həmin orqan tərəfindən ərizə icra olunmayaraq xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş 1989-cu il tarixli notarial alqı-satqı müqaviləsində istinad olunan Bakı şəhəri Kirov (indiki Binəqədi) rayonu XDS İK-nin xx.xx.1968-ci il tarixli 03-19/195 №-li qərarı təqdim edilməmişdir. Həmçinin sənədlər toplusuna əlavə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3165/613-Q-116/24 №-li xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 27 saylı dövlət notariat ofisində 1989-cu ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı məlum olmuşdur ki, qarajın faktiki ölçüsü 23.6 kv.m-dır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia qaraja dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə (iddiaçı ölmüş şəxsin adına texniki pasport verilməsini xahiş etmiş, həmin tələblə hazırkı tələbin hüquqi və faktiki əsasları eyni olmuşdur) bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, işdə olan Kirov rayon ZDS İK-nın xx.xx.1968-ci il tarixli 03-19/195 saylı qərarının surətindən görünür ki, S.A.Mikritçıyevə Bakı şəhər İK-nın aydırdığı sahədə motoskilet üçün 6×4 metr ölçüdə qaraj inşa edilməsinə icazə verilmişdir. İşdə olan xx.xx.1989-cu il tarixli müqavilədən görünür ki, X1 Bakı şəhəri Kirov rayonu ZDS İK-nın 20 mart 1968-ci il tarixli 03-19/195 nömrəli icazəsinə əsasən ona məxsus olan 6×4 metr ölçüdə Bakı şəhəri, Masazır küçəsində yerləşən qarajı İddiaçı satmışdır. Müqavilə 27 saylı Bakı şəhəri Dövlət notariat kontorunda 1-d-2 nömrəli reyestrdə qeyd edimişdir. xx.xx.2024-cü il tarixli daşınmz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) akından görünür ki, Binəqədi rayonu, Masazır küçəsində yerləşən qarajın faktiki sahəsi 23.6 kv.metrdir. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsinə istinad edərək müvafiq qaraja dair adına texniki pasport tərtib edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. - Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:ə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı - Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı. İstinad olunan normalardan görünür ki, mülkiyyət hüququ əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək elementlərini özündə ehtiva edən hüquqdur və mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış həmin hüququ olan şəxsə verilir. Qanunverici daşınmaz əmlak üzərində hüquqların, o cümlədən mülkiyyət hüququnun əmələ gəlməsi əsaslarını konkret olaraq müəyyən etmiş, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan birinə aid olunmuşdur. Qanunvericiliyə əsasən əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə notariat qaydasında təsdiq edildikdən sonra şəxsin daşınmaz əmlaka sahiblik və istifadə hüququ, müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı tarixindən isə sərəncam hüququ əmələ gəlir. İşdən görünür ki, mübahisəli qaraj 1989-cu ildə iddiaçıya satılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 3165/613-Q-116/24 №-li xx.xx.2024-cü il tarixli məktubunda 27 saylı dövlət notariat ofisində 1989-cu ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən iddiaçının adına rəsmiləşdirilmiş müqavilə aşkar edilmədiyinin göstərilməsinə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məsələnin araşdırılması məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müvafiq sorğu verilmiş, Arxiv xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri 27 saylı dövlət notariat ofisində 1989-cu ildə rəsmiləşdirilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Arxivə təhvil verilmiş 1-d-2 reyestr nömrəsi ilə müqavilənin deyil, digər şəxslərə dair ərizədə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə qeydiyyatın aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən də aidiyyəti sorğu verilmiş və iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi müqavilə Dövlət Notariat Arxivində aşkar edilməmişdir. Lakin iddiaçı 27 saylı dövlət notariat kontorunun möhrü ilə təsdiq edilmiş müqavilənin əslini məhkəməyə təqdim etmiş, cavabdeh həmin müqavilənin qeyri-mötəbər olmasını təsdiq edən hər hansı bir sübut göstərməmişdir. Arxivə təhvil verilmiş 1-d-2 reyestr nömrəsi ilə digər şəxslərə dair ərizədə imzanın həqiqiliyinin təsdiq edilməsi barədə qeydiyyata gəldikdə, işdə olan həmin qeyddən görünür ki, iş № 1-D-2 kimi qeyd edilsə də, içərisində həmin qeydin nömrəsinə düzəliş edilərək sıra nömrəsi “2-D-2” kimi göstərilmişdir. O da qeyd edilməlidir ki, sənədlərin saxlanması üçün arxivə təhvil verilməsi iddiaçının deyil, müvafiq dövlət orqanlarının vəzifəsidir və həmin vəzifənin icra edilməmə məsuliyyəti iddiaçının üzərinə qoyula bilməz, bir halda ki, iddiaçı səlahiyyətli qurumun möhrü ilə təsdiq edilmiş sənədin əslini inzibati orqana təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı mübahisəli qərarın əlavə dəyər vergisi və ona tətbiq edilən maliyyə sanksiyası hissəsində ləğv edilməsini xahiş etmişdir). İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Masazır küçəsi ərazisində yerləşən 23.6 kv.metr sahəsi olan qaraja dair texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar