Məhkəmə qərarları › İş №2-1(112)-10562/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10562/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10562/2025 30.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun xidməti barədə h/h-sə komandirinin nizami hissə üzrə əmrdən çıxarışların (h/h-yə daxil olması, çıxması və döyüşə cəlb olunması barədə), ezmiyyət vərəqələrinin surətinin (ezamiyyətə getməyi və qayıtmağı barədə əmrlərdən çıxarışlar), onun haqqında arayış məlumatının Müdafiə Nazirliyinin Aparatının nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”-ya göndərilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulmasına dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin ərazi aidiyyəti ilə bağlı məsələnin müzakirəsi üçün təyin etdiyi iclasın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə tərəflərin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının hüquqi marağı-müharibə veteran adı və vəsiqəsinin verilməsi üçün onun hərbi xidməti barədə məlumatın arayış formasında Müdafiə Nazirliyinin Aparatının nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”-ya göndərilməsi ilə bağlı mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır. Qeyd olunan İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir - 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərazi aidiyyəti məsələsi ikinci qaydada iddiaçının yaşayış yeri üzrə müəyyən edilməlidir. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işə iddiaçının yaşayış yeri üzrə baxılması, həmçinin İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbindən də irəli gəlir. Belə ki, qeyd edilən maddənin tələbinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiaya uyğun olmaqla, cavabdeh Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Elektron məhkəmə sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, xx.xx.1988 təvəllüdlü İddiaçı yaşayış yeri olan ünvan 1i ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə yaşayış yeri müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş daimi qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarının 2-ci bəndinə görə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin ərazi yurisdiksiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci, 30-2-ci, 32-ci, 43-cü, 46-2-ci maddələri ilə müəyyən edildiyi nəzərə alınsın. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin Qərara görə Ağstafa rayonu Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılması, iddia tələbinin dəqiqləşməsinə zərurət görmür. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arayışın göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)- 10562/2025 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar