Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10565/2021 03.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı təzminatın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı təzminatın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin məzmunundan göründüyü kimi iddia tələbi onunla əsaslandırılmışdır ki, hərbi xidmət münasibətlərini tənzimləyən qanunvericiliyin müddəalarının tələbləri baxımından iddiaçı öz nəvəsinin təxris edilməsi ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, onun müraciəti təmin edilməmiş və İddiaçı yalnız altı aydan sonra təxris edilmişdir. Göründüyü cavabdeh tərəfindən İddiaçı hüquqları pozulmuş və ona təzminatın ödənilməsində zərurət yaranmışdır. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Belə ki, işin faktiki hallarından görünür ki, iş üzrə iddiaçı qismində çıxış edən Nümayəndə Məmməd oğlu hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, İddiaçı hüquqlarının pozulması ilə əlaqədar kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, eləcə də tədbirlərin görülməsi barədə təqdimat verilməsini tələb edir. Halbuki, iş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçı qismində çıxış edən N.X2 Xidməti tərəfindən təzminatın ödənilməsini tələb edir ki, həmin təzminat məhz onun nəvəsi İddiaçı hərbi xidmətən gec müddətdə təxris olunmasından irəli gəlmişdir. Eləcə də təqdimatın verilməsi ilə bağlı tələb də bununla ələqədardır. Məhkəmə tərəfindən aparılmış müvafiq araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı xx xxxxxx 1997ci il tarixdə anadan olmuş və onun hazırda 24 yaşı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə nəzər yetirdikdə məlum olur ki, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Qanunun mənasına görə, tam fəaliyyət qabiliyyəti 18 yaşa çatmaqla əldə olunur. Məhz 18 yaşa çatdıqdan sonra şəxs müstəqil surətdə mülki hüquq müqavilələri bağlaya bilər, əmlakı üzərində sərəncam verə bilər, hüquqi əhəmiyyətli başqa hərəkətlər edə bilər və bu hərəkətlərin nəticələrinə görə müstəqil surətdə əmlak məsuliyyəti daşıya bilər. Beləliklə, məhkəmə qanunvericiliyinin müddəalarını, eləcə də işin hallarını nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsi ilə müraciət etmə hüququ iddiaçı Nümayəndə deyil, onun nəvəsi İddiaçı aiddir. Başqa sözlə desək, hazırki mübahisə üzrə Nümayəndə hər hansı bir subyektiv hüququ yaranmamışdır. Bundan başqa, məhkəmə bildirir ki, hətta iddiaçı qismində İddiaçı çıxış etsəydi belə, iddia kompensasiyanın ödənilməsinə münasibətdə digər mümkünlük şərtlərini də ödəməmişdir. Göründüyü kimi qeyd olunan iddia iddia növ etibarı ilə AR İPM-nin 2.2.7-ci maddəsində inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar (kompensasiya) tələbinə dair hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. İş materiallarında olan sənədlərdən məlum olur ki, iddiaçi iddia ərizəsinin qoşmasında Dövlət Sərhəd Xidmətinə edilmiş müraciətin və müraciətə cavab məktubunun olmasını göstərsə də, həmin sənədləri iş materiallarına əlavə etməmişdir. Həmçinin, sənədlərin iddia ərizəsinə əlavə edilməməsi Bakı İnzibati Məhkəməsinin dəftərxanası tərəfindən tərtib edilmiş akt ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi kompensasiya ilə əlaqədar iddia ilə bağlı tələb olunan mümkünlük şərtinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda, ciddi tədbirlərin görülməsi barədə təqdimatın verilməsinə münasibətdə də hesab edir ki, iddia həmin hissədə də mümkünlük şərtlərini ödəmir. Belə ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının:
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Göründüyü kimi inzibati məhkəmə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə qərar qəbul etmək səlahiyyətinə malikdir. Eyni zamanda, AR İPM-nin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların konkret siyahısı sadalanmışdır ki, tədbirlərin görülməsi barədə təqdimat verilməsi məhkəmənin səlahiyyətində olan baxıla bilən iddia hesab edilmir. Qeyd olunan tələb müvafiq pozuntu törətmiş inzibati orqanların əməkdaşları barəsində xüsusi qərarın qəbul edilərək müvafiq araşdırmanın aparılması üçün aidiyyəti üzrə göndərilməsi ilə bağlı olsa da belə iddia həmin hissədə mümkün hesab edilə bilməz. Belə ki, AR İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. AR MPM-nin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi müvafiq əsaslar yarandığı təqdirdə inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardadın qəbul edilməsi mümkündür. Lakin, həmin maddənin tətbiqi prosessual şərtdən asılı edilmişdir ki, qeyd olunan şərt müvafiq inzibati mübahisəyə dair tələblə bağlı iddia ərizəsinə dair işin məhkəmənin icraatında mövcud olması ilə bağlıdır. Beləliklə xüsusi qərarın çıxarılması tələblə bağlı olmalıdır. Lakin özü-özlüyündə həmin tədbirin həyata keçirilməsi iddia tələbi kimi çıxış edə bilməz. Belə ki, iddia tələbi ilə bağlı olma və iddia tələbi olma fərqli anlayışlar olub, prosessual baxımından fərqləndiri əlamətlərə malikdir. Həmin əlamətin mövcudluğu ilə bağlıdır ki, məhkəmə iddialara baxarkən xüsusi qərarın qəbulu üçün əsas müəyyən etdiyi təqdirdə AR MPM-nin 265.4-cü maddəsində nəzərdə tutulmuş səlahiyyətdən istifadə edir. Lakin qeyd olunan tədbirin həyata keçirilməsi ayrıca iddia predmeti qismində çıxış edə bilməz. İddia predmeti qismində çıxış edə bilmədiyindən, deməli həmin iddia inzibati məhkəmə icraatı qaydasında baxılan iddia hesab edilə bilməz, edilə bilmədiyindən də mümkün sayılmamalıdır. Beləliklə istər dövlət qurumunda təxirə salınmadan ciddi tədbirlərin görülməsi ilə barədə ölkə rəhbərliyinə təqdimatın verilməsi formasında, istərsə də dövlət qurumunun əməkdaşlarında cinayət xarakterli hüquq pozuntusunun müəyyən edilməsi əsası ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi formasında olmasından asılı olmayaraq tələbin həmin hissəsi inzibati məhkəmə icraatı qaydasında baxılan iddia hesab edilmir. Bu səbəbdən də iddia qeyd olunan hissədə yuxarıda göstərilən əsasla da mümkün sayılmamalıdır. Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Hazırkı iş üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilərək inzibati məhkəmə icraatı qaydasında iş üzrə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi, müzakirənin yazılı müraciət təqdim edilməklə və ya məhkəmə iclasında bilavasitə iştirak etməklə aparılmasının təmin edilməsi, iddiayanın mümkünlüyünə qiymət verilməsi baxımından iddiaçının X1 əvəz edilməsi, iddianın onun tərəfindən imzalanmasına münasibət bildirilməsi təklif olunmuşdur. Sözügedən hüquqi yardım məktubu iddiaçının iddia ərizəsində göstərildiyi ünvana göndərilmişdir. Buna baxmayaraq, iddiaçı məhkəmə iclasında mümkün iclasına baxılacağını bildiyi təqdirdə məhkəmə iclasında iştirak etməmiş, iddianın mümkünlüyü şərtlərinin ödənilib-ödənilməməsinə münasibət bildirməmişdir. Məhkəmə hesab edir ki, İPM-nin tələbləri baxımından iddiaçıya zəruri olan hüquqi yardım göstərilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim:Orxan Həsənov