Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10568/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) 4 saylı Bakı “DOST” Mərkəzinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) göndərilmiş, Filial xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, övladı X1 18 yaşınadək əlilliyinin müəyyən edilməsi haqqında tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışın surəti DOST Mərkəzlərinə təqdim edildikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək sağlamlıq imkanları məhdud olan qızı, xx.xx.1987-ci il təvəllüdlü X2 qulluq etdiyi dövr nəzərə alınaraq yaş həddi 5 il azaldılmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci ildə 1087 saylı əmrlə ali təhsilli ibtidai sinif müəllimliyi ixtisası üzrə İ.Nəsimi adına 6 nömrəli orta məktəb müəllimi təyin edilmiş, xx.xx.1985-ci ildə 107 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 934 saylı əmrlə Ağdam rayonu Çəmənli kənd orta məktəbdə ali təhsilli ibtidai sinif müəllimliyi ixtisasına təyin edilmiş, xx.xx.1988-ci il tarixli 93 saylı əmrlə işdən azad edilmişdir. Daha sonra xx.xx.1995-ci ildən 23 saylı əmrlə Nərimanov rayonu T.İ.Həsənov adına 57 saylı orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir, hazıradək həmin məktəbdə çalışır. İddiaçının qızı, xx.xx.1987-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2005-ci il tarixli TSEK müayinəsinə dair verdiyi arayışdan da göründüyü kimi, anadan gəlmə serebral iflic diqanozu ilə 2-ci qrup əlildir. Belə ki, qızı anadanəlmə bu xəstəlikdən əziyyət çəkir və hazırda yetkinlik yaşına çatmasına baxmayaraq onun himayəsindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının Ser TSE- 973220 saylı arayışdan da göründüyü kimi, qızı xx.xx.1987-ci il təvəllüdlü X3 xx.xx.2005-ci il tarixində həyata keçirilən müayinə nəticəsində onun uşaqlıqdan 2-ci qrup əlilliyi müəyyən olunmuşdur. Qızı məhz doğuşdan bəri xəstədir. Doğulduğu vaxtdan sağlamlıq imkanları məhdud olan uşaq himayəsində olduğundan, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bununla əlaqədar olaraq o, cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktub ilə ərizəsinə cavab olaraq bildirmişdir ki, ərizəni təmin etmək mümkün deyildir. İddiaçı uzun illərdir sağlamlıq imkanları məhdud uşağın tərbiyəsi ilə məşğul olduğundan, 34 il sosial sığorta stajı nəzərə alınmaqla onun yaşa görə əmək pensiyası almaq üçün yaş həddi 5 il azaldılmalıdır. O, 1988-ci ildən 1995-ci ilədək məhz qızına baxa bilmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Bu səbəbdən də, cavabdehin imtinası əsassızdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya etirazında iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iş üzrə icraat materiallarından da məlum olduğu kimi N.Əhmədova ilkin müayinədən xx.xx.2005-ci il tarixdə, yəni 18 yaşı tamam olduqdan sonra keçmiş və həmin tarixdən ona ikinci qrup ümumi xəstəliyə görə əlillik təyin edilmişdir. Qanunun müvafiq maddəsindən də müəyyən olunduğu kimi iddiaçıya Qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilə bilməsi üçün iddiaçının qızının 18 yaşına çatanadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması ən vacib şərtdir. Lakin hazırki iş materiallarına əsasən iddiaçı bununla bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-195/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: Nigar Rəsulbəyova) və 2-1(102)-630/2021 nömrəli xx.xx.2021-ci il tarixli (sədrlik edən hakim: İspəndiyar Şəfiyev) oxşar qərarlarında haqlı olaraq müvafiq qanunvericilik normalarına istinad edilməklə ədalətli yekun nəticəyə gəlinmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona əlilliyi müəyyən edilmiş şəxsi səkkiz yaşınadək böyüdüb tərbiyə etmiş şəxs kimi yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququnun yarandığı xx.xx.2016-cı il tarixə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Göründüyü kimi, 2016-cı ilin yanvar ayından etibarən qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddi 60 yaş müəyyən edilmişdir. ƏPQ-nin həmin dövrdə qüvvədə olan 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2-ci bəndinə əsasən Qaydanın 2.1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, əmək pensiyasının təyin edilməsi, Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin bu hüququn yarandığı tarixdən sonra Fondun aidiyyəti struktur bölməsinə və ya Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzlərinə (bundan sonra – “DOST” mərkəzi) bu Qaydanın 1 nömrəli Əlavəsi ilə müəyyən edilmiş formada yazılı, o cümlədən elektron müraciəti əsasında aparılır və bu Qaydanın 2.9-cu bəndi nəzərə alınmaqla aşağıdakı sənədlərin (bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla) təqdim edilməsi tələb olunur: 2.2.1. Qanunun 22-1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilən sığortaolunanlar və Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər istisna olmaqla, əmək pensiyası təyin edilən şəxsin şəxsiyyət vəsiqəsinin surəti (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsinin surəti); 2.2.2. Qanunun 8.2-ci maddəsinin tətbiqi zamanı bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulanlara əlavə olaraq:
1. uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti;
2. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspertiza müayinəsinin nəticəsi barədə çıxarış;
3. ananın sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının müvafiq inzibati ərazi dairəsi üzrə və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışı; Beləliklə, istinad olunan normalardan müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə uşağının əlilliyi müəyyən edilmiş anaya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün:
1. 55 yaşı tamam olmalı (60 yaş – 5 yaş);
2. azı 12 il sığorta stajı olmalı;
3. uşağın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli;
4. sağlamlıq imkanları məhdud uşağı 8 yaşınadək tərbiyə etməlidir. Qanunvericiliyin istinad olunan normalarından görünür ki, bu dörd şərtin hamısı olduqda xx.xx.2016-cı il üzrə uşağının əlilliyi müəyyən edilmiş anaya 55 yaşdan yaşa görə əmək pensiyası təyin edilməsi mümkündür. Məhkəmə qeyd edir ki, işdə olan iddiaçıya aid AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuş, onun 55 yaşı xx.xx.2016-ci ildə tamam olmuşdur. İşdə olan iddiaçıya məxsus 046704 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-ci ildə H.Zərdabi adına X5 İnstitutuna daxil olmuş və 1982-ci ildə ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçının ИТ-İ №1022516 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-xx.xx.1985-ci illərdə İ.Nəsimi adına 6 nömrəli orta məktəbdə müəllim, xx.xx.1985-xx.xx.1988-ci illərdə Ağdam rayonun Çəmənli kənd orta məktəbində müəllim işləmiş, xx.xx.1995-ci ildə Nərimanov rayonu T.İ.Həsənov adına 57 saylı tam orta məktəbə müəllim təyin edilmişdir və hazırda həmin məktəbdə ibtidai sinif müəllimi işləyir. Həmçinin cavabdehin 27 07.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmamışdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən adıçəkilən şəxs xx.xx.2016-cı il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır (ancaq TSEK arayışı təqdim etmədiyi üçün hüquqd yaranmır). H.Hamayanın təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1982-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 16 il 3 ay 16 gün, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Pensiya altsisteminə əsasən (xx.xx.2016-cı il tarixinədək) 9 il 2 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2016-cı il tarixə təhsil müddəti də nəzərə alınmaqla 30 il 2 ay 18 gün sığorta stajı olmuşdur ki, bu da qanunvericiliklə tələb olunan müddətdən çoxdur. Göründüyü kimi, iddiaçı yaş və staj barədə tələbi ödəsə də, üçüncü şərti, yəni uşağının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tələbi ödəmir. Belə ki, yuxarıda istinad olunanlara əsasən müəyyən olunur ki, iddiaçının hüququnun yarandığı vaxt qüvvədə olan ƏPQ-nin 8.2-ci maddəsinin ona tətbiqi, yəni pensiya yaşının 5 il azaldılması üçün o, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməlidir. Burada əsas hal uşağın sağlamlıq imkanları məhdud uşaq olmasının müəyyən edilməsidir. İş materiallarında olan xx.xx.1987-ci il tarixli, Xİİ-ЖГ №347618 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1987-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının TSE-0 ser. AR № 973220 saylı TSEK-də müayinə aktından çıxarışdan görünür ki, 1987-ci il təvəllüdlü X3 xx.xx.2005-ci ildə müayinə olunaraq, ona xx.xx.2005-ci ildən ilkin, müddətsiz uşaqlıqdan ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda işdə olan Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N.Əhmədovanın əlillik vəziyyəti xx.xx.2005-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"yə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. N.Əhmədovanın əlilliyi müəyyən edilən dövrdə qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra — sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs). - 4-1-ci maddəsinə əsasən şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Eyni zamanda iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. - 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir): - 1.5-ci bəndinə əsaəsn tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamə əsasında İ, İİ və İİİ qrup əlillik təyin edilir və Uşaqların sağlamlıq məhdudluğunun müəyyən olunması meyarları”na əsasən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir. - 3.1-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları: (...) həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir; - 5.4-ci bəndinə əsasən müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): - 1.3-cü bəndinə görə TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. - 1.4-ci bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Beləliklə, istinad olunan normalardan görünür ki, şəxsin əlil və ya sağlamlıq imkanın məhdud olması həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında müvafiq icra hakimiyyəti orqanı, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müəyyən edilir və yalnız həmin qərar qəbul edildikdən sonra şəxs üçün müvafiq hüquqi nəticələr yaradır. İşin yuxarıda sadalanan halları ilə müəyyən edilir ki, iddiaçının qızı Növrəstə Əhmədova xx.xx.1987-ci ildə doğulmuş, onun əlilliyi 18 yaşı tamam olduqdan sonra, xx.xx.2005-ci ildə müəyyən edilmişdir. Yəni N.Əhmədovanın 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. İddiaçı iddia ərizəsində və ona əlavədə qızının əlilliyinə dair sənədlərdə onun uşaqlıqdan əlil olmasına istinad etsə də, məhkəmə hesab edir ki, bu hal qanunla tələb olunan zəruri şərtin mövcudluğu nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, əliliyin müəyyən edilməsi ilə bağlı yuxarıda istinad olunan qanunvericilik aktlarına əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Həyat fəaliyyətinin məhdudlaşması halının yaranıb-yaranmadığına isə yalnız klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi aparıldıqdan sonra müvafiq səlahiyyətli orqan tərəfindən qərar verilə bilər. Məhkəmənin buna səlahiyətli orqanın qərarı olmadan şəxsin əlil olması qənaətinə gəlməsi, həm yuxarıda istinad olunan normalara, həm də hakimiyyətin bölünməsi prinsipinə uyğun hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə özü həmin qiymətləndirməni inzibati orqanın əvəzinə apara bilməz. Məhkəmə yalnız həmin qiymətləndirməni aparmış inzibati orqanın gəldiyi nəticənin qanuniliyini və əsaslılığını diskresion səlahiyyətlərin həyata keçirilməsinin yoxlanılması qaydasında qiymətləndirə bilər. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə 3-cü və 4-cü tələb ödənilmir, yəni iddiaçının uşağının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və iddiaçının sağlamlıq imkanı məhdud uşağını 8 yaşınadək tərbiyə edib böyütməsi müəyyən edilmir. Bununla da İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə iddiaçının üzərinə qoyulan ilkin sübutetmə vəzifəsi yerinə yetirilməmiş olur ki, bu da eyni zamanda onun arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova