Məhkəmə qərarları › İş №2-1(112)-1057/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1057/2021

04.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1057/2021 04.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X3 (Ünvanı: Bakı şəhəri, Saray qəsəbəsi, Ərazi dairəsi, Təzə məhəllə; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, aparıcı məsləhətçisi) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - Qax Rayon Mərkəzi Xəstəxanası qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasına qarşı (3-cü şəxs Qax Rayon Mərkəzi Xəstəxanası) iddiaçıya xroniki obstruktiv ağciyər xəstəliyi diaqnozu İİ qrup əlillik təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 08.07.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4490/2019 saylı 17.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4490/2019 saylı 17.12.2019-cu il tarixli qərardadından verdiyi apellyasiya şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-539/2020 saylı 19.02.2020-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4490/2019 saylı 17.12.2019-cu il tarixli qərardadı ləğv edilmiş və müvafiq hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. İş məhkəməyə göndərildikdən sonra iş üzrə növbəti məhkəmə iclası 10.09.2020-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında cavabdehin əsl cavabdeh olan “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspert rəyinin verilməsi üçün iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinə göndərilmişdir. Həmçinin, məhkəmənin 10.09.2020-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi X1 İnstitutunun mütəxəssislərinə (həkimlərinə) həvalə edilmiş və bu məqsədlə iş materiallarının surəti həmin quruma təqdim olunmuşdur. İş materiallarından görünür ki, X1 İnstitutu tərəfindən müvafiq ambulator kartasının çıxarışı məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, 27.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin T 57/2021 saylı ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin 01.02.2021-ci il tarixli qərardadı ilə Qax Rayon Mərkəzi Xəstəxanası üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 04.10.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, cavabdehin imtina etməsi tam qanunsuzdur, baxmadan qiyabi imtina etmişdir. Sözügedən diaqnoz 2014-cü ildə Ağciyər institutu xəstəxanasında aşkar edilmişdir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 nömrəli cəza çəkmə müəssisəsində 9 aylıq proqramla müalicə almışdır. Qax Rayon Mərkəzi xəstəxanasının infeksion şöbəsində və terapevt şöbəsində müalicəsini davam etdirmişdir. (2018-ci ildə 2 dəfə) Obstruktiv ağciyər xəstəliyi xronikidir, yəni ömürlükdür. İmtina məlumatında diaqnozda qeyd edilib xronikidir, lakin sağlamlıq imkanlarının müəyyən edilməsi barədə məlumatda əlavə müalicə və müayinəyə ehtiyacı vardır qeyd edilib. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandrımışdır ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0238003AADTA saylı göndərişi əsasında 17.07.2018-cı ıl tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 0238003AADTA saylı göndərişin təhlili göstərdi ki, xəstəlik 17.04.2014-cü il tarixdə başlamışdır. Əsas xəstəlik kimi “Digər xroniki obstruktiv ağciyər xəstəliyi, ACXOX. Tez-tez kəskinləşən xroniki bronxit” diaqnozu göstərilmişdir. Ağırlaşma kimi isə “Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, İİ dərəcə” xəstəliyi qeyd edilmişdir. Yanaşı xəstəlik kimi isə “Aşağı ətrafların səthi damarlarının flebit və tromboflebiti, Xolesistitin digər formaları, xr xolesistit Ağ ciyər vərəmi, bakterioloji və histoloji müayinələrin nəticələri mənfi olmaqla, Ağ ciyərin fibroz kavernoz vərəmi. Stabiləşmə mərhələsi.Dəqiqləşdirilməmiş xroniki hepatit, Aşağı ətrafların digər dərin damarlarının flebit və tromboflebiti” xəstəlikləri qeyd edilmişdir. Əsas xəstəliyinə görə son bir ildə stasionar müalicə almamışdır, 2014-cü ildə 12 gün, 2015-ci ildə isə 19 gün stasionar müalicə almışdır. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü bəndinə müvafiq olaraq “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri” olduğu halda ikinci dərəcə əlilliyin təyini nəzərdə tutulmuşdur. Göndərişdə xəstədə son bir ildə kəkinləşmələrin olması təsdiq edilmir. Buna görə də əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. İddiaçı əlillik vəziyyəti növbəti dəfə səhiyyə müəssisəsinin 0238003AAD0T saylı göndərişi əsasında 18.03.2019-cu il tarixdə və 0238003AAD3Q saylı göndərişi əsasında 29.05.2019-cu il tarixdə qiymətləndirilmiş, hər iki halda əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Hər iki göndərişdə birinci göndərişdə olduğu kimi əsas xəstəliyin ildə dörd dəfə kəskinləşmələri təsdiq edilmir. Həmçinin hər iki göndərişsə ağırlaşma kimi İİ dərəcə tənəffüs çatmamazlığı yazılsa da köməkçi diaqnostik müayinənin - spirometriyanın nəticəsi(mötədil ventilyasiya pozğunluğu) ağırlaşmanı təsdiq etmədiyinə görə əlillik təyinatı aparmaq mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Qiymətləndirmə tarixində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi- Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 4.2.bəndinə görə “Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik. laborator. rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır”. 4.7. bəndinə görə isə “Səhiyyə müəssisələri göndərişin keyfiyyətli, vaxtında verilməsi və əsaslandırılması üçün intizam məsuliyyəti daşıyırlar.” İddiaçıya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamışdır. Buna görə də əlillik təyininin aparılması mümkün olmamış və əsaslı olaraq imtina qərarları verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina səbəbi kimi göstərilmişdir ki, əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: xəstəliyə əlillik dərəcəsi təyin etmək üçün, xəstənin hal hazırdakı vəziyyətini sənədlər üzrə nəzərə alaraq əlavə müalicə və müayinəyə ehtiyacı var. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozmur. Belə ki, iş materiallarından olan X1 İnstitutu 03.11.2020-ci il tarixli 264/1 nömrəli məktubunda bildirmişdir ki ünvan 1 ünvanında yaşayan İddiaçı ilə telefon əlaqəsi saxlanılıb X1 İnstitutuna dəvət olunmuşdur. 27.10.2020-ci il tarixində müvafiq müayinələrin nəticələrinə görə İddiaçı “Xroniki bronxit, subremissiya mərhələsi. Keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq əlaməti - fibroz və bərk ocaqlar şəklində. TDM(-) mənfi” diaqnozu qoyulmuş və 8698 №-li ambulator kartadan çıxarış verilmişdir. Həmin çıxarışın surəti məhkəməyə göndərilmişdir. İş materiallaırndan görünür ki, 8698 №-li ambulator kartadan çıxarışa əsasən İddiaçı diaqnozu: əsas xəstəlik xroniki bronxit , subremissiya mərhələsi, keçirilmiş ağ ciyərlərin vərəmindən sonrakı qalıq əlaməti-fibroz və bərk ocaqlar şəklində TDM (- )mənfi.(XBT-10 üzrə kod J20, B90 9) İş materiallarından olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X4-Təcrübi və Tədris Birliyinin T 57/2021 saylı ekspert rəyində göstərilmişdir: “Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, xroniki bronxit subremissiya mərhələsi, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq əlaməti-fibroz və bərk ocaqlar şəklində, TDM-mənfi xəstəliklərindən əziyyət çəksə də hal-hazırda əsas xəstəlik və onun fəsadları ilə əlaqədar yenidən stasionarda müayinə və müalicə olunmalı, tənəffüs çatmamazlığının dərəcəsi təyin edilməli, 088 saylı forma yenidən doldurulduqdan sonra əlillik dərəcəsi təyin edilə bilər.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9). Göründüyü kimi, İddiaçı diaqnozu (xroniki bronxit, subremissiya mərhələsi, keçirilmiş ağ ciyərlərin vərəmindən sonrakı qalıq əlaməti-fibroz və bərk ocaqlar şəklində TDM (-)mənfi) ona ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas deyildir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq sənədlərə və ekspert rəyinə əsasən iddiaçının xroniki bronxit subremissiya mərhələsi, keçirilmiş ağciyərlərin vərəmindən sonrakı qalıq əlaməti-fibroz və bərk ocaqlar şəklində, TDM-mənfi xəstəliklərindən əziyyət çəksə də hal-hazırda əsas xəstəlik və onun fəsadları ilə əlaqədar yenidən stasionarda müayinə və müalicə olunmalı, tənəffüs çatmamazlığının dərəcəsi təyin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması Göndəriş verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının tənəffüs çatmamazlığının dərəcəsi müəyyən olunmadığından, ona qoyulmuş diaqnoz əlilliyin təyin edilməsinə əsas vermədiyindən, iddiaçının əlavə müalicə və müayinəyə ehtiyacının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (3-cü şəxs Qax Rayon Mərkəzi Xəstəxanası) iddiaçıya xroniki obstruktiv ağciyər xəstəliyi diaqnozu İİ qrup əlillik təyin edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar