Məhkəmə qərarları › İş №2-1(112)-1057/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1057/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1057/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, buraxılmış məcburi iş günlərinə görə əmək haqqı, məzuniyyət haqqı, mükafat və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR DİN-nin Bakı Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsini, işə bərpa edilmə, buraxılmış məcburi iş günləri xx.xx.2020-ci ildən bu günə kimi 7 ay üçün hər ay 930 manatdan olmaqla, cəmi 8810 AZN əmək haqqı, məzuniyyət haqqı 2500 manat, mükafat 500 manat, habelə 2000 manat mənəvi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən Bakı şəhər Nərimanov RP-nin PPS-də polis nəfəri vəzifəsində çalışmışdır. İddiaçı əsassız olaraq tutduğu vəzifəsindən kənarlaşdırılmışdır. Uzun müddətdir ki, işsizdir. Ailəsinin yeganə qazanc gətirəni iddiaçıdır. İddiaçı bu barədə AR X2 xx.xx.2020-cı il tarixdə rəsmi müraciət etmişdir. Müraciəti ilə əlaqədar iddiaçıya rəhbərlik tərəfindən 2021-ci ilin fevral ayında işə bərpa olunmağı və keçmiş aylar üzrə əmək haqının ödənilməsi şərti ilə vəd verilmişdir. Bir tərəfdən işinə bərpa olunmağı barədə vəd verilsə də, lakin AR DİN- nin Baş Polis idarəsi 28 aprel 2021-ci il tarixli 045-711-3221 məktubunda şikayətinə baxılması qeyd edilmişdir. Bununla bərabər, AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin 03 may 2021-ci il tarixli 045- 5505N-3221 saylı məktubunda bir il müddət keçdikdən sonra işinə baxıla biləcəyi ehtimalı barədə məlumat verilmişdir. Lakin baş idarə tərəfindən verilən vədlərə əməl edilməmişdir. İddiaçı bilavasitə tabe olduğu rəhbərliyin bütün tapşırıq və göstərişlərini layiqincə yerinə yetirmişdır. İşi dəfələrlə qiymətləndirilmişdir. Nümunəvi polis əməkdaşıdır. Öz xidməti borcunu, vəzifəsini AR “Polis haqqında Qanun” və AR Əmək Qanunvericiliyinin tələbinə əsasən sədaqətlə heç bir nöqsana səhvə yol vermədən xidmət etdiyinə görə AR DİN-nin xx.xx.2018-ci il tarixli Ə1925 ş/h-001-18 nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. İşini vicdanla yerinə yetirdiyindən rəhbərlik tərəfindən çoxlu sayda təşəkkürlərlə mükafatlandırılmışdır. 2019-cu ilin oktyabr ayından Bakı şəhər Nərimanov Hərbi Komissarlığında vətəndaşların “həqiqi hərbi xidmətə çağırılması”, son vaxtlar isə Hərbi Səfərbərlik üzrə əməkdaşlara yaxından köməklik göstərməklə ictimai qaydanı müntəzəm yerinə yetirilməsində fəal iştirak etmişdir. Bakı şəhər Baş Polis İdarəsinin tələbi ilə xx.xx.2020-cı il tarixdə Polis İdarəsinə aparılmış, “nə üçün hərbi komissarlıqda fəaliyyət göstərirsən, kim icazə vermişdir sualına iddiaçı bu barədə Nərimanov RPİ-nin rəisinin tapşırığı və komandirinin əmrinə əsasən uzun vaxtdan bəri həmin sahədə xidmət etdiyini göstərmiş, lakin sonradan iddiaçı işindən kənarlaşdırılmaqla, vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Nərimanov Rayon Polis İdarəsindən Bakı Şəhər Baş Polis İdarəsinə daxil olmuş məktubda həmin idarənin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı İddiaçı 2020-ci ilin iyun ayında şifahi göstəriş əsasında Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidmətinə ezam olunması, hərbi çağırışın başa çatmasına baxmayaraq üzrsüz səbəbdən xidmətdən yayınması bildirilərək barəsində ciddi intizam tənbehi tədbirinin görülməsi xahiş edilmişdir. Aparılan araşdırma zamanı, xidmətdə mənfi xarakterizə olunan Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı İddiaçı üzrsüz səbəbdən xidmətdən yayınması, vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə edərək şəxsi maraqları müqabilində hərbi çağırışçıların ünvanlarına gedərək çağırış vərəqələri paylaması, xidməti yoxlama zamanı verilən sualları düzgün cavablandırmamaqla qeyri-səmimiliyə yol verməsi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Nərimanov Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis baş serjantı İddiaçı xidmətdə yol verdiyi nöqsanlara görə Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli Ə451-039-20 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göstərilənlər baxımından, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmasına dair Bakı Şəhər BPl-nin xx.xx.2020-ci il tarixli, Ə451-039-20 nömrəli əmrini qanuni hesab edilərək qüvvədə saxlanılması, onun yenidən xidmətə bərpa olunması, məcburi olaraq buraxdığı xidmət dövrü üçün əmək haqqının ödənilməsinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, Ə451-039-20 nömrəli “Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı İddiaçı intizam məsuliyyətinə cəlb olunması haqqında” əmrinə əsasən DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq üzrsüz səbəbdən xidmətdən yayındığına, vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə etdiyinə, eləcə də xidməti yoxlama prosesində qeyrisəmimiliyə yol verdiyinə görə Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov RPİ-nin xx.xx.2021-ci il tarixli 078- 14087-1221 nömrəli məktubu ilə təqdim edilmiş Nərimanov RPİ-nin 24 oktyabr 2020-ci il tarixli Ə84ş-h-078-20 nömrəli əmrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq 135-ci maddənin 9-cu bəndi ilə Polis baş serjantı İddiaçı, Post-patrul xidməti bölüyünün polis nəfəri, 22 oktyabr 2020-ci il tarixdən xidmətdən xaric edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2021-ci il tarixli 039-12104-1221 nömrəli məktubu ilə təqdim edilmiş icraat materiallarından görünür ki: -Nərimanov RPİ-nin xx.xx.2020-ci il tarixli, 078-26137-1220 nömrəli sənədi əsasında aparılmış xidməti yoxlamanın nəticəsinə dair rəyə əsasən Nərimanov Rayon Polis İdarəsindən Bakı Şəhər Baş Polis İdarəsinə daxil olmuş məktubda Nərimanov RPİ PPXBnin polis nəfəri İddiaçı cari ilin iyun ayında şifahi göstəriş əsasında Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidmətinə ezam olunduğu, hərbi çağırış başa çatmasına baxmayaraq xidmət yerinə qayıtmaması bildirilmiş və sonuncunun barəsində ciddi tədbirlərin görülməsi Bakı Şəhər BPl-nin rəhbərliyindən xahiş olunmuşdur. İzahatı alınan Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı hərbi çağırış başa çatdıqdan sonra xidmət yerinə qayıtmağa təşəbbüs göstərmədiyini, həmin müddət ərzində çağırışçılara zəng edərək ünvanlara gedib çağırış vərəqəsi payladığını bildirmiş, xidmətdən yayınmadığını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışdır. Aparılan xidməti yoxlama zamanı xidmətdə mənfi xarakterizə olunan Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı üzrsüz səbəbdən xidmətdən yayınması, çağırışçılara zəng edərək ünvanlara gedib çağırış vərəqəsi paylamaqla şəxsi maraqları üçün vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə etməsi, verilən sualları düzgün cavablandırmamaqla qeyri-səmimiliyə yol verməsi müəyyən olunmuşdur. Göstərilənlərə əsasən, DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq üzrsüz səbəbdən xidmətdən yayındığına, vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə etdiyinə, eləcə də aparılan xidməti yoxlama prosesində qeyri-səmimiliyə yol verdiyinə görə Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis baş serjantı İddiaçı ciddi intizam tənbehinə layiqdir. -İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli suallara cavab olaraq verdiyi izahatda bildirmişdir ki, RPİ rəisinin müvafiq göstərişi ilə Səfərbərlik və Hərbi Çağırış Xidmətinə qısa müddətdə ezam olunmağına baxmayaraq ezam müddəti başa çatdıqda PPX əməkdaşları ilə birlikdə xidmətə çıxmamışdır. Həmin müddət ərzində çağırış başa çatmasına vaxmayaraq o yenə də Səfərbərlik və Hərbi Xidmətində Nərimanov rayon inzibati ərazisində yerləşən binada xidmətdə olmuşdur. Həmin müddətdə çağırış olmadığına baxmayaraq iddiaçı qapıda durmuş, çağırışçıların valideynləri ilə gəldikdə inzibati binaya kənar şəxslərin daxil olmağa icazə verməmişdir, eyni zamanda növbəti çağırış üçün tibbi komissiyadan keçmək məqsədi ilə çağırışçılarla telefon əlaqəsi saxlayıb səfərbərlik xidmətinin əməkdaşlarına ünvanlarda çağırış vərəqələri paylanmasında köməklik göstərmişdir. İddiaçıya ezam olunması barədə göstəriş keçmiş bölük komandiri tərəfindən deyilib. RPİ-nin rəisi ona tapşırıq vermişdir, bu səbəbdən o həmin qurumda xidmət aparmışdır. Onun qeyri-çağırış vaxtı xidmət yerinə dönməməyinə səbəb RPİ-nin göstərişi olub. Lakin ona bu barədə RPİ rəisinin konkret göstərişi olmayıb. Bu barədə keçmiş bölük komandiri tərəfindən rəisin adından şifahi deyilmişdir. İzahatı iddiaçı özü yazmışdır, əlavəsi yoxdur, düzgünlüyünü imzası ilə təsdiq etmişdir. -Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli xidməti xasiyyətnamədə qeyd edilmişdir ki, 1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, orta təhsilli, xx.xx.2007-ci il tarixdən DİO-da və tutduğu Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsində xidmət edən polis baş serjantı İddiaçı barədə xidməti xasiyyətnaməyə əsasən Polis baş serjantı İddiaçı yuxarıda qeyd olunduğu kimi orta təhsilli, xx.xx.2007-ci ildən DİOda və tutduğu Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü nizam-intizamlı və bacarıqlı əməkdaş kimi göstərə bilməmişdir. Belə ki, o, xidməti vəzifəsinin icrasına məsuliyyət hissi ilə yanaşmağa, qoyulmuş intizam qaydalarına düzgün əməl etmir, verilən tapşırıqları vaxtında yerinə yetirməyə səy göstərmir. O, xidməti fəaliyyətini tənzimləyən əmr, təlimat və digər aktların tələbini bilmədiyindən, gündəlik işində onlardan düzgün istifadə edə bilmir. Xidməti hazırlıq dərslərində yaxından iştirak etmir və qeydiyyatlar aparmır. Nərimanov rayonu ərazisində ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin olunması məqsədi ilə keçirilən tədbirlərdə iştirak etmir. Xidməti vəzifələrinin öhdəsindən gələ bilmir. Əməkdaşlarla və vətədaşlarla münasibətdə qeyri-səmimidir. Xidmətdə ayıq-sayıq deyil. Fiziki hazırlıq məşğələlərində iştirakı qənaətbəxş deyil. Polis baş serjantı İddiaçı hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələri dərk etmir, öz fəaliyyətində həmin vəzifələrin həyata keçirilməsini təmin etməyə çalışmır. Fiziki cəhətdən sağlam, tabel silahından istifadə qaydalarını və onun maddi hissələrini qismən bilir. Geyim formasının daşınması qaydalarına qismən riayət edir. Qüvvədə intizam tənbehi yoxdur. Xidməti xasiyyətnamə Bakı şəhər BPİ-nin İctimai Təhlükəsizlik İdarəsinə təqdim olunması üçün verilir. -xx.xx.2020-ci il tarixli, 078-26135 nömrəli raportda göstərilir ki, Nərimanov RPİ, PPXB-nin polis nəfəri, polis baş serjantı İddiaçı RPİ rəhbərliyinin şifahi göstərişinə əsasən cari ilin iyun ayında Nərimanov rayon Səfərbərlik və Hərbi Xidmətinə çağırış üzrə xidmətinə ezam olunmuş, lakin hərbi çağırış başa çatdıqdan sonra İddiaçı xidməti yerinə qayıtmaqdan imtina etmiş və xidmətini Səfərbərlik xidmətində davam etdirdiyini bildirmişdir. Polis baş serjantı İddiaçı bununla bağlı dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan heç bir nəticə çıxarmamış və xidmətində dönüş yaratmamışdır. Qeyd olunanlar nəzərə alınaraq polis baş serjantı İddiaçı barəsində müvafiq tədbir görülərək xidməti araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 039-2086-1222 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər Baş Polis İdarəsinin 07 fevral 2022-ci il tarixli şəxsi heyət üzrə Ə51-039-22 nömrəli əmri ilə İddiaçı daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilərək, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin növbətçi köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli Ə51ş/h-039-22 nömrəli əmrə əsasən göstərilir ki, İddiaçı, «09» fevral 2022-ci il tarixdən faktiki fasilə nəzərə alınmamaqla daxili işlər orqanlarında xidmətə yenidən qəbul edilərək, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin növbətçi köməkçisi vəzifəsinə təyin edilmiş və «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»yə müvafiq olaraq, «polis baş serjantı» xüsusi rütbəsi verilmişdir. İş materialllarına əlavə edilmiş İddiaçı Bakı Şəhər Baş Polis İdarəsinə ünvanldığı Bakı şəhəri, Qaradağ rayonu, Lök-Batan qəsəbəsi, 28 may küçəsi ünvanında yaşayan xx.xx.2021-ci il tarixli, 039-5505/2N nömrəli ərizədə bildirmişdir ki, xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək daxili işlər orqanlarında siravi və kiçik rəis heyyəti vəzifəsində xidmət etmiş, Nərimanov RPİ-nin Post-Patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyərkən xidmətdə yol verdiyi ciddi nöqsanlara görə Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən xidmətdən xaric edilmişdir. Xaric edilərkən barəsində haqlı qərar qəbul edilmişdir. Xidmətdə yol verdiyi nöqsanı səmimi olaraq etiraf edir, yol verdiyi hərəkətlərdən peşmançılıq çəkir. DİO-da xidmət etmədiyi müddətlə bağlı heç bir maddi və kompensasiya tələbi yoxdur. Ailə vəziyyəti himayəsində 3 az yaşlı uşağın olmasını, hal-hazırda heç bir yerdə işləmədiyi, eyni zamanda DİO-da işləmək həvəsi, səmimi peşmançılıq çəkdiyi nəzərə alınaraq yenidən DİO-da siravi və kiçik rəis heyyəti vəzifələrində xidmətə qəbul olunmağına köməklik göstərilməsini xahiş etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2007-ci ildən DİO-da xidmətə başlamış, Nərimanov RPİ PPXB-nin polis nəfəri vəzifəsinə təyin olunmuşdur. Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı 2020-ci ilin iyun ayında şifahi göstəriş əsasında Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidmətinə ezam olunduğu, hərbi çağırış başa çatmasına baxmayaraq üzrsüz səbəbdən xidmətdən yayındığı əsas götürülərək onun barəsində xidməti araşdırma aparılması üçün raportla işlədiyi Nərimanov RPİ-nin rəhbəliyinə müraciət edilmiş, iddiaçı barəsində xx.xx.2020-ci il tarixdə Nərimanov RPİ tərəfindən mənfi xarakterizə olunan xidməti xasiyyətnamə tərtib edilmişdir. Eyni zamanda iddiaçıdan xidməti araşdırma zamanı müvafiq izahatlar alınmış, iddiaçı xx.xx.2020-ci il tarixli izahatında hər hansı yazılı göstəriş olmadan Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon idarəsinə ezam olunduğunu, həmin müddət ərzində çağırışçılara zəng edərək ünvanlara gedib çağırış vərəqəsi payladığını, ezam müddəti başa çatmasına baxmayaraq Səfərbərlik və hərbi xidmətə çağırış üzrə rayon idarəsinin inzibati binasında olduğunu, xidmət yerinə qayıtmadığını bildirmişdir. Nərimanov Rayon Polis İdarəsi Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı 2020-ci ilin iyun ayında şifahi göstəriş əsasında Nərimanov Rayon Səfərbərlik və Hərbi Xidmətə çağırış Xidmətinə ezam olunduğu, hərbi çağırış başa çatmasına baxmayaraq xidmət yerinə qayıtmadığı bildirilmiş və sonuncu barəsində ciddi tədbirlərin görülməsi Bakı Şəhər BPl-nin rəhbərliyindən xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı barəsində ciddi intizam tənbehinə layiq görülməsinə dair rəy tərtib edimişdir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: -108-ci bəndinə görə daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -109-cu bəndinə əsasən daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. - 114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. - 135-ci bəndinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Beləliklə, xidmətdə mənfi xarakterizə olunan Nərimanov RPİ PPXB-nin polis nəfəri İddiaçı üzrsüz səbəbdən xidmətdən yayınması, çağırışçıların ünvanlarına gedib çağırış vərəqəsi paylaması, şəxsi maraqları üçün vəzifə səlahiyyətlərinə aid olmayan məsələlərə müdaxilə etməsi, eləcə də xidməti araşdırma zamanı verilən sualları düzgün cavablandırmamaqla qeyri-səmimiliyə yol verməsi müəyyən olunaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı xidmətində yol verdiyi qeyd edilən nöqsanları istər cavabdeh orqanda verdiyi xx.xx.2020-ci il tarixli izahatında, istərsə də xidmətə yenidən qəbul edilən zaman verdiyi xx.xx.2021-ci il tarixli izahatında etiraf etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İddiaçı barəsində xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi və onun nəticəsi olaraq işə bərpa barədə iddia təmin edilməməlidir. İddianın “buraxılmış məcburi iş günləri üçün əmək haqqı, məzuniyyət haqqı, mükafat, eləcə də mənəvi ziyanın ödənilməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın bu hissəsi bilavasitə “əmrin ləğv edilməsi” hissəsindən asılı olduğundan iddianın birinci hissəsi təmin edilmədiyindən ondan asılı olan yerdə qalan hissədə də tələb təmin edilə bilməz. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli Ə51ş/h- 039-22 nömrəli əmri ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin növbətçi köməkçisi vəzifəsinə təyin edilmişdir. İddiaçının qeyd edilən polis bölməsinin növbətçi köməkçisi vəzifəsinə təyin edilməsi onun xidmətə bərpası deyil, daxili işlər orqanlarında yenidən xidmətə qəbul edilməsidir. Başqa sözlə, iddiaçı məcburi iş buraxma dövrü üçün müvafiq ödənişləri yalnız DİO-da vəzifəyə bərpa edildiyi halda tələb etməkdə haqlı ola bilərdi. Hazırkı halda isə iddiaçı DİO-da xidmətə yenidən qəbul edildiyindən “faktiki fasilə müddəti” üçün ödəmələrin tələb edilməsinin hüquqi əsası yoxdur. İddiaçı özü də yenidən xidmətə qəbul zamanı cavabdeh quruma verdiyi ərizədə həmin müddət üçün heç bir maddi və kompensasiya tələbinin olmadığını ifadə etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Bakı şəhər Baş Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, Ə451-039-20 nömrəli əmrinin ləğvi, işə bərpa, buraxılmış məcburi iş günlərinə görə əmək haqqı, məzuniyyət haqqı, mükafat və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar