Məhkəmə qərarları › İş №2-1(112)-1057/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1057/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1057/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X3) “bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının 243 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Görədil Bağ tikinti kooperativinin nəzdində 1971 B nömrəli bağ-torpaq sahəsinə dair çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 243 №li, xx.xx.1994-cü il tarixli sərəncamından çıxarışa əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli bağ sahəsinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair 56 nömrəli protokolunda qeyd olunmuşdur ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li qətnaməsinə və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən iddiaçıya Görədil BTK № 89 bağ 1971 “b” ayrılmışdır. Bağ sahəsinə dair iddiaçıya 89 nömrəli order verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsini səlahiyyətli şəxslərin iştirakı ilə birlikdə hələ o vaxtlardan hasara almış, daimi abadlıq işləri aparmış, həmin ərazini bağ kimi istifadə etmiş və müntəzəm olaraq sanitar ekoloji qaydalara uyğun qulluq edərək istifadə etmişdir. Bu illər ərzində hər hansı hüquqi və ya fiziki şəxslə, habelə dövlət və bələdiyyə orqanları ilə bağ sahəsi ilə bağlı heç bir mübahisə yaranmamışdır. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “1971b” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2023-cü il tarixli, **********53 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş sənədlərin bağ nömrəsində uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilən orderdə bağ nömrəsi “1971V” kimi, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamının arxiv arayışında isə “1971b” kimi qeyd olunmuşdur. Eyni zamanda, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil etmiş, 1973 saylı bağın ərazisinə uyğun gəlmişdir. Həmçinin qeyd olunan bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. İddiaçı əvvəlki müraciətində fərqli ərazi göstərmişdir. Qeyd olunanlarla yanaşı, göstərilmiş torpaq sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1000 kv.m təşkil edir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində **********73 reyestr nömrəsi ilə X2 (fin: 3ASHCEN) adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Cavabdehə və üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Heç bir şəxsin həmin torpaq sahəsinə iddiası və tələbi yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmə sorğusuna 18 iyul 2024-cü il tarixli cavab məktubu ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 243 №li, xx.xx.1994-cü il tarixli sərəncamından çıxarış göndərilmişdir. Həmin çıxarışdan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 243 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il tarixli, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il tarixli, 195 nömrəli qətnaməsinə əsasən iddiaçıya Görədil BTK nəzdində, № 89 bağ 1971 “b” ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən iddiaçıya verilmiş 89 saylı orderin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin 21 fevral 1994-cü il tarixli, 243 nömrəli qərarına əsasən ona Görədil bağlar sahəsində 89 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1971B nömrəli bağ ayrılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 89 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivində yerləşən 1971B saylı bağ sahəsinə dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. Qeyd edilən bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1200 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki olaraq göstərilən 1200 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunmuşdur. Qeyd olunan bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi digər fiziki şəxsə məxsus özəl sahə ilə üstüstə düşür. Digər bağ sahəsinin ərazisidir (1973 saylı bağ sahəsi). Sahə Dövlət əmlakı ilə həmsərhəddir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, 89 nömrəli BTK nəzdində Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ massivində yerləşən 1971B saylı bağ sahəsinin X1 adına dövlət qeydiyyatına alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 0,12 ha 1974 saylı bağ sahəsi üçüncü şəxsin xüsusi mülkiyyətindədir. Cavabdehin 11 dekabr 2024-cü il tarixli məktubla təqdim etdiyi bağ sahəsinin ortofoto görüntüsündən məlum olur ki, iddia olunan bağ sahəsinin 48 kv.metr hissəsi digər bağ sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başçısının 243 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ilə Görədil ərazisində 189 saylı BTK nəzdində, 1971 “b” saylı bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində mükiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. İmtinanın əsasları ondan ibarət olmuşdur ki, təqdim edilən orderdə bağ nömrəsi “1971V” kimi, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 243 nömrəli sərəncamının arxiv arayışında isə “1971b” kimi qeyd olunmuşdur. Eyni zamanda, təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan əlavə göstərilən sahə sxematik xəritə ilə uyğunsuzluq təşkil etmiş, 1973 saylı bağın ərazisinə uyğun gəlmişdir. Həmçinin qeyd olunan bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd edilən məsələlər iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin nömrəsinin sxematik xəritədə qeyd edilməməsi iddiaçın təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Həmçinin torpaqayırma sənədində və orderdə bağın nömrə indeksinin fərliq olması da sənəddə olan texniki səhvdir. Belə ki, inzibati orqanların texniki səhvləri vətəndaşların hüquqlarının pozulması üçün əsas hesab edilə bilməz. Həmçinin imtinanın digər əsası ondan ibarətdir ki, X2 adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Bununla bağlı X4 məhkəmətərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş və əvvəlki məhkəmə iclasında verdiyi izahatında onun mülkiyyətində olan torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan sahəyə hər hansl aidiyyətinin olmadığını bildirmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın imtina əsası kimi göstərilən hallar formal xarakter daşıyır və yaranan hər-hansı ziddiyyətli halların aradan qaldırılması birbaşa cavabdehin vəzifəsidir. Bu hallar isə daşınmaz əmlak üzərində hüquqlarının yarandığını istisna etmir. Eyni zamanda ərazinin ortofoto görüntüsündən görünür ki, torpaq sahsəinin 48 kv.metr hissəsi 1974 saylı bağ sahəsinin ərazisinə düşür. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçının istifadəsində olan 0,12 hektar torpaq sahəsinin 1973 saylı bağ sahəsi ilə üst-üstə düşən 48 kv. m hissəsi istisna olmaqla qalan hissəsinin mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdehə həvalə olunmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Görədil Bağ tikinti kooperativinin nəzdində ümumi sahəsi 1152 kv.metr olan 1971 B nömrəli bağ-torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar