Məhkəmə qərarları › İş №2-1(112)-10572/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10572/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10572/2023 28.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “məlumatın verilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İTM) cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra mətndə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) üzərinə 14 mart 2023-cü il tarixli informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi barəsində onun informasiya sorğusuna tam və hərtərəfli cavab verilmədiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 374-cü maddəsinə (İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması) uyğun olaraq xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İTM 1999-cu ildə X7 kimi qeydiyyatdan keçib və müstəqil iqtisadiyyatçı mütəxəssislər tərəfindən yaradılmış siyasi və iqtisadi təqdiqatlar sahəsində ixtisalaşmış analitik fikir mərkəzidir. İTM-in əsas məqsədi dayanıqlı iqtisadi inkişafa və yaxşı-idarə etməyə yardım etməkdir. İTM-in məqsədi dövlətin sosialiqtisadi siyasətinin aktual istiqamətləri üzrə təqdiqatlar aparmaq və onu daha da təkminləşdirmək üçün tövsiyələr hazırlamaq, ictimai idarəyə əhalinin bir hissəsinin effektiv və daimi cəlbinə və hökümət və vətəndaş cəmiyyəti arasında dialoqa nail olmaqdır. Bu səbəbdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğusu göndərilmişdir. 03/23 saylı 14 mart 2023-cü il tarixli İnformasiya sorğusunu iddiaçı 14 mart 2023-cü ildə cavabdehə göndərib. Bu sorğuda tələb olunan məlumatlar: “1 mart 2023-cü il tarixinədək Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində inzibati rayonlar üzrə hansı qəsəbə və kəndlərin şəhərsalma əsaslandırmasının hazırlanması hansı özəl şirkətlər tərəfindən həyata keçirilib və xidmətin həyata keçirilməsi üçün özəl şirkətlərə nə qədər vəsait ayrılıb? Xahiş olunmuşdur ki, hər bir qəsəbə və kənd üzrə şirkətlərə ayrılan məbləğ ayrıca sətirdə göstərilsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində qəsəbə və kəndlərin şəhərsalma əsaslandırmasının hazırlanmasına cəlb edilmiş şirkətlər hansı meyarlar (prinsiplər) əsasında seçilir? Hansı səbəblərdən qeyd olunan xidməti göstərən şirkətlərin seçimi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq şəkildə aparılmır? Lakin cavabdeh informasiya sorğusuna cavab verməkdən imtina edib, cavab verməməsinin səbəbini izah etməyib və iddiaçının informasiya əldə etmək hüququnu məhdudlaşdırıb. Cavabdehin 19 aprel 2023-cü il tarixli 3-35/2-2027/2023 saylı imtina məktubu 26 aprel 2023-cü ildə iddaçı tərəfindən poçt vasitəsi ilə qəbul edilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, sonuncu məhkəmə iclası 28 noyabr 2023-cü il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İTM Komitəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 03/23 nömrəli informasiya sorğusuna Komitə tərəfindən tam və hərtərəfli cavab verilməmişdir. İddiaçının iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı İTM xx.xx.2023-cü il tarixinədək işğaldan azad olunmuş ərazilərdə inzibati rayonlar üzrə hansı qəsəbə və kəndlərin şəhərsalma əsaslandırılmasının hazırlanması ilə bağlı müvafiq məlumatların verilməsinə dair xx.xx.2023-cü il tarixli 03/23 nömrəli informasiya sorğusu ilə Komitəyə müraciət etmişdir. Həmin müraciətə Komitə tərəfindən baxılmış və Komitənin xx.xx.2023-cü il tarixli 3-35/2- 2047/2023 nömrəli məktubu ilə münasibət bildirilmişdir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən satınalma müqavilələrinin vahid reyestri dövlət satınalmalarının vahid internet portalında aparılır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 2.0.1-ci yarımbəndinə əsasən portal şəffaflıq prinsipi əsasında fəaliyyət göstərir, bu da portalın fəaliyyətində aşkarlığın və hesabatlılığının təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğunu özündə ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, bağlanmış satınalma müqavilələrinə dair məlumatların sözügedən portal vasitəsilə əldə edilməsi mümkündür. Komitə tərəfindən şəhərsalma əsaslandırılmalarının hazırlanmasına dair müqavilələrin bağlanması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun bütün müvafiq tələblərinə riayət edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsi, habelə bu tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsinin aparılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3587 nömrəli Sərəncamının 3.1- ci və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından müəyyən olunur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən İTM-nin İdarə heyətinin sədri Qabil Bayramova ünvanlanmış 3-35/2-2047/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixinədək işğaldan azad olunmuş ərazilərdə inzibati rayonlar üzrə hansı qəsəbə və kəndlərin şəhərsalma əsaslandırılmalarının hazırlanması ilə bağlı müvafiq məlumatların verilməsinə dair xx.xx.2023-cü il tarixli 03/23 nömrəli müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən satınalma müqavilələrinin vahid reyestri dövlət satınalmalarının vahid internet portalında aparılır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 2.0.1-ci yarımbəndinə əsasən portal şəffaflıq prinsipi əsasında fəaliyyət göstərir, bu da portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğunu özündə ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, bağlanmış satınalma müqavilələrinə dair məlumatların sözügedən portal vasitəsilə əldə edilməsi mümkündür. Komitə tərəfindən şəhərsalma əsaslandırılmalarının hazırlanmasına dair müqavilələrin bağlanması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun bütün müvafiq tələblərinə riayət edilmişdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarət və hesabatlılığın həyata keçirilməsi, habelə bu tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsinin aparılması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli 3587 nömrəli Sərəncamının 3.1-ci və 4-cü bəndlərinə uyğun olaraq həyata keçirilir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən dövlət satınalmalarının vahid internet portalı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalıdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin 1.2.1-ci yarımbəndində göstərilmişdir ki, portal keçiriləcək satınalma barədə elanın dərc edilməsini təmin edir. 2.0.1-ci yarımbəndinə əsasən portal şəffaflıq prinsipi əsasında fəaliyyət göstərir. Hazırki iddia ərizəsi məhkəməyə 25 may 2023-cü il tarixdə daxil olmuşdur. İddia ərizəsinə əlavə olunmuş cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 3-35/2-2047/2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan göründüyü kimi, cavabdeh inzibati orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaçının müraciəti hazırki iddia məhkəməyə daxil olanadək cavablandırılmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının hər hansı bir hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə əlaqədar nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırki məhkəmə araşdırılması ilə öz əksini tapmır. Qeyd olunanların nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və İPM-nin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “məlumatın verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar